Uşaqlıqdaxili inseminasiya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 338
Səs ver:
(səs: 0)
Cütlük üzvlərindən qadın tam sağlam və onun uşaqlıq borularının keçiriciliyi də normal olduğu halda, kişinin spermasında isə kifayət qədər canlı spermatozoidlər olmadıqda və ya onlar azhərəkətli olduqda, mayalanmanın baş verməsi üçün uşaqlıqdaxili inseminasiya (UDİ) aparılır.

Bundan başqa, sonsuzluğun immunoloji forması olduğu halda da UDİ üsulu tətbiq edilir.

İmmunoloji sonsuzluq zamanı uşaqlıq boynu seliyinin spermatozoidləri məhv etdiyini nəzərə alaraq, sperma bilavasitə uşaqlıq daxilinə yeridilir.

Bəs uşaqlıqdaxili inseminasiya necə aparılır?

1-ci mərhələ - follikulların yetişməsi və ovulyasiya. Əgər qadın sağlamdırsa, yumurta hüceyrəsinin yetişməsi üçün stimulyasiya tətbiq edilməyə bilər. Ancaq, əksər hallarda, aparılan üsulun effektivliyini artırmaq üçün qadına xüsusi hormonal preparatlar təyin edilir. Bu isə qadın orqanizmində eyni zamanda bir neçə yumurta hüceyrəsinin yetişdirilməsini və onların ovulyasiyasını stimullaşdırmağa imkan verir. Stimulyasiyanın sxemi, qəbul edilən hormonal preparatların dozası (miqdarı) və digər qaydalar müalicə həkimi tərəfindən müəyyən edilir. Follikulların inkişafı və endometriyanın vəziyyətinə USM vasitəsi ilə nəzarət edilir.

2-ci mərhələ - spermatozoidlərin uşaqlıq boşluğuna daxil edilməsi. Aybaşı tsiklinin hamiləlik üçün əlverişli hesab edilən günündə (bilavasitə ovulyasiyadan qabaqkı gün və ya ovulyasiyadan dərhal sonra) qadının uşaqlığına, qabaqcadan xüsusi olaraq hazırlanmış sperma daxil edilir. Spermanın tam həcmi içərisindən bütün hərəkətli spermatozoidlər seçilir. Xüsusi kateter vasitəsi ilə az miqdarda qidalı mühitlə birlikdə bu spermatozoidlər uşaqlıq boşluğuna daxil edilir. Spermatozoidlərin belə seçilməsi və hazırlanması onların mayalandırma qabiliyyətini artırır. Spermatozoidlərin uşaqlıq boşluğuna bu şəkildə daxil edilməsi mayalanma üçün onların hamısının qorunub saxlanmasına imkan verir. Belə ki, normal təbii mayalanma zamanı spermatozoidlərin bir çoxu uşaqlıq yolu və uşaqlıq boynunda məhv olur. Bu yolla qadın orqanizmində mayalanmanın sonrakı dövrünün təbii yolla baş verməsi ehtimalı xeyli dərəcədə artmış olur.

Kişinin spermasının bioloji xüsusiyyətləri çox pis və yararsız olduğu halda və ya cütlük arasında uyğunsuzluq həddini müxtəlif yollarla aradan qaldırmaq mümkün olmadıqda, yalnız cütlük üzvlərinin hər birinin razılığının alınması şərti ilə, mayalanma üçün donorun spermasından istifadə edilə bilər. Süni mayalanma sahəsində ixtisaslaşmış klinikaların, adətən, öz sperma bankı da olur. Sperma donorları - cavan (36-39 yaşından artıq olmayan), tam sağlam, yaxşı xarici görünüşə malik, əla spermoqramma göstəriciləri olan şəxslər arasından seçilir. Belə donorlar mütəmadi olaraq aşağıdakı tibbi müayinələrdən keçirilir: cinsi yolla keçən bütün infeksiyalara görə 3 ayda bir dəfədən az olmamaqla; ildə bir dəfədən az olmayaraq uroloqun baxışı; ildə bir dəfədən az olmayaraq terapevtin baxışı; genetik müayinə; psixoloji testləşdirmə və digər müayinələr.

Ailə cütlüyü donorun seçilməsi zamanı onun barəsində olan məlumatlarla da (yaşı, gözlərinin və saçlarının rəngi, boyu, çəkisi, təhsili, qan qrupu və s.) tanış ola bilərlər. Hər bir halda donorun adı klinika tərəfindən gizli saxlanılır.

İnseminasiyadan 14 gün sonra hamiləlik testi, testin nəticəsi müsbət olduğu halda isə iki həftədən sonra USM aparılır. Hamiləlik baş vermədiyi halda isə, kliniki göstəricilərdən asılı olaraq, ya təkrarən uşaqlıqdaxili inseminasiya (UDİ) və ya digər süni mayalanma üsulu tətbiq edilə bilər.
Sağlam olun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 338
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri