Ovulyasiya niyə baş vermir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 9 067
Səs ver:
(səs: 1)
Çox vaxt qadında sonsuzluğun səbəbi məhz ovulyasiyanın baş verməməsi olur. Bunun səbəbi nədir? Ovulyasiya qadında bir çox səbəblərə görə baş verməyə bilər.

Bəzi qadınlarda bunun səbəbini araşdırmaq hətta mümkün olmur. Ovulyasiya çox incə bir mexanizmdir və bu mexanizmə bir çox amillər təsir edə bilər.

Beləliklə, ovulyasiyanın baş verməməsinin səbəbləri:

1. Fizioloji səbəblər

- hamiləlik (bütün hamiləlik dövrü follikul yetişmir və ovulyasiya baş vermir);

- laktasiya (uşaq əmizdirilməsi) - uşaq yalnız ana südü ilə saatla deyil uşaq tələb etdiyi vaxtı (gecə əmizdirmələr mütləqdir) qidalandırıldıqda ovulyasiya baş vermir;

- doğuş, süni (abort) və təbii uşaqsalma (ovulyasiya bir neçə ay ərzində baş verməyə bilər);

- bəzən bütün bu yuxarıda sadaladığımız səbəblər olmadan tam sağlam qadında 1 il ərzində bir neçə menstrual dövrdə ovulyasiya baş verməyə bilər. Buna "anovulyator menstrual dövr" deyilir və bu heç bir patologiya sayılmır. Qadının yaşı artdıqdca anovulyator menstrual dövrlərin sayı da artır. Belə ki, 30 yaşına qədər olan cavan qadınlarda 1 il ərzində 2-3, 40 yaşından sonra isə - 4-5 hətta 8 anovulyator menstrual dövr ola bilər.

- menopauza (klimaks). Menopauzadan sonra (təxminən qadının 50 yaşından sonra) menstruasiyalar tam kəsilir, qadının orqanizmində follikullar yetişmir və ovulyasiya baş vermir.

2. Güclü fiziki gərginliklər və emosional streslər səbəbindən ovulyasiyanın vaxtı uzana bilər və ya ovulyasiya baş verməyə bilər.

3. Bədən çəkisinin normadan az və ya artıq olması da ovulyasiyanın baş verməməsinə səbəb ola bilər.

4. Səyahətlər, iqlimin kəskin dəyişilməsi.

5. Ağır infeksion və somatik xəstəliklər.

6. Hormonal fonun pozulmaları. Orqanizmdə hazırlanan bir çox hormonların tarazlığının pozulması ovulyasiyanın baş verməməsinə səbəb ola bilər. Bunların arasında - LH, FSH, proqesteron, estrogenlər, androgenlər (kişi hormonları), qalxanvari vəzi hormonları, prolaktin və s. Bu hormonal pozulmaların səbəbləri müxtəlifdir - polikistoz yumurtalıqlar sindromu, qalxanvari vəzi xəstəlikləri, hipofizin və böyrəküstü vəzilərin xəstəlikləri və s.

7. Qadın cinsiyyət sistemi patologiyaları, xəstəlikləri və iltihabları.

Hər bir halda ovulyasiyanın baş verməməsinin səbəbini və ya səbəblərini dəqiq təyin etmək lazımdır ki, daha təsirli müalicə təyin olunsun. Bunun üçün qadın bütün hormonal analizlərindən (LH, FSH, proqesteron, estrogenlər, qalxanvari vəzi hormonları, androgenlər (kişi hormonları), prolaktin və s.) və USM-dən keçməlidir.

USM bir neçə menstrual dövr ərzində aparılmalıdır. Bu çox vacibdir! Dediyimiz kimi, bəzən hətta tam sağlam qadınlarda anovulyator menstrual dövrlər mümkündür. Menstrual dövr 28 gün təşkil etdikdə USM dövrün təxminən 8-ci-10-cu günündən (daha uzun menstrual dövrlərdə daha gec) başlayaraq 2-3 gündən bir (bunu həkim təyin edir) ovulyasiya gününə kimi (və ya menstruasiyaya kimi) aparılmalıdır.

Adətən qadında ovulyasiya baş vermədikdə ona ovulyasiyanı stimullaşdıran xüsusi müalicə təyin olunur. Bunun üçün müxtəlif preparatlar (klostibeqit, menaqon, pureqon və s.) istifadə olunur. Eyni zamanda həkim USM vasitəsilə follikulun yetişməsi prosesinə nəzarət edir. Follikul lazım olan ölçülərə (20-25 mm) çatdıqda qadına xorinik honadotropinin inyeksiyası təyin olunur (dərmanın dozasını həkim təyin edir, adətən bu 5000-10000 vahid təşkil edir). Ovulyasiya adətən inyeksiyadan 24-36 saat sonra baş verir və USM köməyi ilə bu fakt təsdiq olunur. Daha sonra hamiləlik baş verdiyi halda qadına hamiləliyin saxlanması və inkişafı üçün hormonal preparatlar təyin olunur (utrojestan, düfaston və s.).

Ovulyasiya baş vermədikdə, qadının növbəti menstrual dövründə stimulyasiya yenidən tətbiq edilə bilər. Bu halda həkim dərmanların dozalarını artıra bilər.

Nəzərinizə çatdıraq ki, ovulyasiyanın stimulyasiyası qadının həyatı boyu 5-6 dəfədən artıq tətbiq olunmamalıdır. Əks halda qadında erkən klimaks başlaya bilər. Bundan əlavə stimulyasiyalar 3 dəfədən artıq bir birinin ardınca tətbiq olunduqda və effekt vermədikdə, qadına əlavə müayinələr təyin olunmalıdır.

Ovulyasiyanın stimulyasiyası yalnız boruların keçiriciliyi yoxlandıqda, qadının həyat yoldaşının spermoqramması müsbət olduqda və kişi və qadın arasında bioloji uyğunluq təsdiq olunduqda tətbiq olunmalıdır.

Bundan əlavə qadında qalxanvari vəzi hormonları, prolaktin və kişi hormonları normada olmadıqda stimulyasiya lazım olan effekt verməyə bilər. Bu səbəbdən ilk növbədə bu hormonların fonu tənzimlənməlidir. Bir çox hallarda bundan sonra qadın heç bir müalicə olunmadan hamilə qalır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 9 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri