Övlad sahibi olmaq istəyən cütlüklərin qarşısına çıxan ən böyük
problemlərdən biri sonsuzluqdur. Aparılan araşdırmalar göstərir ki, bu
gün təxminən 15 faiz insan sonsuzluqdan əziyyət çəkir. Əksər hallarda
isə kişilərin bu xəstəliyə tutulması cütlüklərin övlad sahibi olmasına
maneçilik törədir. Amma təəssüflər olsun ki, bu gün çox az insan
sonsuzluq yaradan səbəblər haqqında məlumatlıdır. İnsanlar bu barədə
məlumatsız olduqları üçün ondan qorunmaq yollarını da bilmirlər.
Budəfəki məqaləmizdə çalışacağıq ki, sizə məhz bu barədə məlumat verək.
Mütəxəssislər belə hesab edirlər ki, kişilərdə sonsuzluq yaradan əsas
səbəb bir çox hallarda onların səhhətlərinə qarşı biganə
davranmalarıdır. Ümumilikdə isə sonsuzluğa səbəb olan amillər aşağıdakı
kimi qruplaşdırılır:
1. Cinsi orqanların zədələnməsi və ya onlarda anadangəlmə müşahidə edilən hansısa problem
2. Kisəcikdə yerləşən və xüsusi olaraq spermanın xaricə ötürülməsi üçün
nəzərdə tutulan damarın və toxum kanalcığının böyüməsi. Belə olduqda
xayada hərarət artır, iş prinsipi pozulur və spermatozoidlər
zədələnirlər.
3. Cinsi əlaqə yolu ilə ötürülən infeksion xəstəliklər: qonoreya, sifilis, xlamidioz, trixomoniaz və s.
4. Sidik-cins üzvlərinin, məsələn, prostat vəzi və ya sidik kanalının iltihabı.
5. Ereksiyanın pozulması, vaxtından qabaq toxumaxıtma və s.
6. İmmun pozulmaları: immunitetin işinin pozulması ilə orqanizmdə
spermatozoidləri zədələməyə qadir olan xüsusi maddələr əmələ gəlir.
7. Kişi cinsi hormonunun – testosteronun çatışmazlığı. Bunun isə əsas
səbəbi qanda testosteron hormonunun səviyyəsinin azalmasıdır. Buna səbəb
isə xayalarda testosteron hormonu istehsal edən Leydinq hüceyrələrinin
zədələnməsi ola bilər. Leydinq hüceyrələri isə xayalıq orqanlarının
travmatik zədələnmələri, cinsi sistem orqanlarının vaxtında müalicə
edilməmiş yoluxucu-iltihabi xəstəlikləri, xayaların anadangəlmə
patologiyaları və s. səbəblərə görə zədələnə bilər.
8. Qanda prolaktin hormonu səviyyəsinin artması. Bu hal kişi
orqanizmində testosteron hormonunun səviyyəsinin azalmasına səbəb ola
bilər. Bu isə öz növbəsində kişi sonsuzluğunun inkişafına şərait
yaradır. Kişi orqanizmində qanda prolaktinin səviyyəsinin artmasının
səbəbi isə hipofizin şiş xəstəliyi, həmçinin davamlı stresslər ola
bilər
Kişi orqanizmində olan hormonal pozğunluqlar qadın orqanizminə nisbətən
daha gec müalicə olunur. Buna görə də həm özünüzün, həm də ailənizin
gələcəyi üçün hansısa cinsi narahatlığınız olduğu zaman həkimə müraciət
etməkdən çəkinməyin.