Sonsuzluq bəla olmamalıdır...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 838
Səs ver:
(səs: 0)
Ovulyasiya problemləri.

Sonsuzluqların 5-25%-ni ovulyasiya pozğunluqları təşkil edir. Normal qadınlarda hər ay yetişmiş yumurta hüceyrənin partlaması, yəni- ovulyasiya baş verir.
Sonsuzluğun ən vacib səbəbi anovulyasiyadır (ovulyasiyanın olmaması). Hər ay menstruasiya olduğu halda ovulyasiya olmaya bilər. Əgər qadında ovulyasiyanın olmaması aşkarlanarsa, dərman müalicəsi ilə ovulyasiya bərpa oluna bilər. Müalicə alnan qadınların 80%-dən çoxunda müntəzəm ovulyasiya müşahidə olunur.

Fallop boruları ilə əlaqədar olan problemlər.
Hamiləliyin baş tutması üçün ən vacib şərtlərdən biri də, uşaqlıq borularının açıq olmasıdır. Sonsuzluğun səbəblərinin 35%-ni boruların keçiriciliyinin normal olmaması təşkil edir. Borular bir sıra infeksion və digər xəstəliklər nəticəsində tutula bilər. Uşaqlıq borularının açıq olub olmadığını müəyyənləşdirmək üçün xəstələrə histeroskopiya və diaqnostik məqsədlə laparoskopiya aparıla bilər. Əgər boruların bağlı olması müəyyən olunarsa, bu cərrahi yolla düzəldilə bilər. Lakin cərrahi üsulla nəticə alınmayacağı düşünülürsə, xəstəyə süni mayalanma (İVF) məsləhət görülür.

Sonsuzluq bəla olmamalıdır...(Səbəbləri)
Endometrioz və endometrioma (şokolad kistləri)

Güclü menstruasiya ağrıları, qasıq nahiyyəsində və cinsi əlaqə zamanı ağrıları olan xəstələrin 50-70 %-də endometrioz deyilən xəstəlik vardır. Normada uşaqlığın daxili səthini təşkil edən hüceyrələrin (endometrium) uşaqlığın xaricində yerləşməsi endometrioz adlanır. Yumurtalıqların endometriozu isə endometrioma deyilən şokolad kistlərinə yol açır. Klinikamızda laporoskopik metodların köməyi ilə endometriozun diaqnistika və müalicəsində xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərilir. Endometriozun erkən mərhələlərində ( I, II mərhələ) xəstələrə İUİ (Uşaqlıqdaxili İnseminasiya) uyğun görüldüyü halda, III-IV mərhələlərdə Süni Mayalanmanın həyata keçirilməsi daha məqsədəuyğundur.

Uşaqlıq boynu problemləri.

Sonsuzluq zamanı uşaqlıq boynu problemləri nadir hallarda tək səbəb kimi rast gəlinir. Bu zaman əvvəlcədən xüsusi metodlarla hazırlanmış sürətli hərəkətli sprmatozoidlər uşaqlığın daxilinə inseminasiya olunur (İUİ).

Yaş faktoru.

40 yaşından sonra qadınlarda hamilə qalmaq ehtimalı son dərəcədə azalır. 40 və ondan yuxarı yaşlarda menstrual tsikl normal olsa belə, hamilə qalma ehtimalı yalnız 10% təşkil edir. Yumurtanın inkişafı və ovulyasiya olsa da, yetişmiş yumurta hüceyrənin mayalanması çox çətindir. Hamiləlik baş tutduqda belə 40 yaşından yuxarı qadınlarda düşük riski artmış olur.

Səbəbi aşkar olunmayan sonsuzluqlar

Sonsuzluqların təxminən 5-10%-də bütün müayinələrin nəticəsi normal olur. Aparılan bütün müayinələrə baxmayaraq sonsuzluğun səbəbi aşkarlanmır. Bu, səbəbi məlum olmayan sonsuzluqlardır. Bu zaman xəstələrə İUİ məsləhət görülür. İUİ 5-10% hallarda effekt verir. 3-4 cəhtdən sonra effekt alınmazsa, xəstələrə İCSİ uyğun görülür.

Kişi sonsuzluğunun aşağıdakı səbəbləri vardır:

- Hormonal səbəblər

- Sperm əmələ gəlmə pozğunluqları ilə əlaqədar olan səbəblər (kriptorxizm, varikosele, xayaların iltihabi xəstəlikləri və s.)
- Genetik səbəblər
- Toxumdaşıyıcı orqanların patologiyaları ilə əlaqədar olan səbəblər

Hormonal səbəblər.

Daxili sekresiya vəzisi olan hipofiz FSH və LH kimi hormonları ifraz edir. Bu hormonlar sperm əmələ gəlməni və kişi cinsi hormonu testosteronun sintezini stimulyasiya edir. Bu hormonların sintezinin və ya ifrazının pozulması kişi sonsuzluğuna gətirib çıxara bilər.

Sperm əmələ gəlmənin pozulmasının aşağıdakı səbəbləri vardır:

Kriptorxizm xayaların anadangəlmə normal yerinə enməməsidir. Bu zaman xayaların qasıq kanalı və ya qarın boşluğunda qalması nəticəsində sperm əmələ gəlməsi pozulur.
Varikosele xaya damarlarının patoloji genişlənməsidir. Sonsuz kişilərin təxminən 38%-də bu problem müşahidə olunur. Varikosele sperm hərəkətliliyinin və sayının azalmasına səbəb olur. Varkosele cərrahi yolla müalicə olunur. Klinikamızda bu əməliyyat böyük müvəffəqiyyətlə həyata keçirilir.
Bəzi dərman maddələrinin və radiasiyanın təsiri. Toxum əmələ gətirən, həmçinin testosteron sintez edən hüceyrələr radiasiyaya qarşı çox həssasdır. Radiasiyanın təsirindən sperm əmələ gəlmə pozula bilər. Həmçinin bir sıra dərman maddələri testosteronun sintezini azaldır.Bunlara aşağıdakılar aiddir: simetidin, ketokanazol, spironolakton və s. Bununla yanaşı alkoqol, marixuana, heroin, xərçəng xəstəliyinin müalicəsində istifadə olunan bəzi preparatlar testosteronun sintezini azaltmaqla yanaşı, sperm əmələ gətirən hüceyrələrə təsir edərək, sperm əmələ gəlməni azaldır.
Xayaların iltihabi xəstəlikləri. Kişilərdə keçirilmiş parotit infeksiyasından sonra 10% hallarda xayaların iltihablaşması baş verir. Bu da, xaya toxumasının zədələn məsinə və sperm əmələ gəlmənin azalmasına səbəb olur.

Genetik səbəblər

Sonsuz kişilərin təxminən 10-15%-də genetik pozğunluqlar müşahidə olunur. Genetik pozğunluqlar əsasən azoospermiyası olan kişilərdə aşkarlanır. Normada kişilərdə 46 XY , qadınlarda 46 XX xromosom dəsti vardır. Genetik müayinələr zamanı sonsuzluqdan əziyyət çəkən pasientlərdə Klaynfelter sindromu (47 XXY xromosom dəsti), 47 XYY-sidromu və s. kimi anomaliyalar müşahidə olunur.Sonsuz kişilərin təxminən 20%-də Y xromosomunun uzun qolunda AZF(Azoospermia Factor) kimi tanınan nahiyələrdə DNT zəncirinin bir hissəsinin olmaması aşkarlanır. Bu patologiya eyni şəkildə atadan oğlan uşağına verildiyi üçün, onun araşdırılmasının mühüm əhəmiyyəti vardır. Bu patologiya PZR analizləri vasitəsilə aşkarlanır.

Toxumdaşıyıcı yolların patologiyaları.

Xayalarda sprmatogenez nəticəsində əmələ gələn toxum toxumdaşıyıcı axacaqla (ductus deferens) penisə daşınır. Bəzi kişilərdə toxumdaşıyıcı axacaqların anadangəlmə inkişaf etməməsi və ya olmaması müşahidə olunur. Belə şəxslərdə spermatogenez pozulmur, yalnız onun daşınmasında problem yaranır. İynə ilə xayadan toxum əldə edib (TESA), yumurta hüceyrə ilə mikroinyeksiya (İCSİ) vasitəsilə mayalandırmaqla, belə kişilərin uşaq sahibi olmaları təmin olunur. Bununla yanaşı infeksiya, travma, keçirilmiş cərrahi müdaxilələr nəticəsində, prostat kistləri və ya daşlar olduqda kanal tamlığı pozulduğu üçün toxum əmələ gəlməsinə baxmayaraq, onun xaricə çıxması pozulur. Bu pozğunluq cərrahi əməliyyatla aradan qaldırıla bilər.
Sonsuzluq zamanı stndart müalicə üsulları effekt vermədikdə, pasientlərə ən son metod kimi süni mayalanma məsləhət görülür. Probleminiz nə olursa olsun, Azər-Türk Med Tibb Mərkəzinin yüksəkixtisaslı mütəxəssisləri daim şikayətlərinizi dinləməyə, sonsuzluğun əsl səbəbini aşkara çıxartmağa və sizə lazımi tibbi yardım göstərməyə hazırdırlar.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 838
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri