Orqanizmdə doğuşdan sonrakı dəyişikliklər

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 2 562
Səs ver:
(səs: 0)
Orqanizminiz çox böyük vəzifənin öhdəsindən gəlib – o, körpənizin bu dünyaya gəlişinə kömək edib. Bundan sonra sizin özünüzü çox yorğun hiss etməyiniz, hər şeydən tez təsirlənən və bir qədər ağlağan olmağınız heç də təəccüblü deyil. Bundan əlavə – sonrakı bir neçə həftə ərzində orqanizminizdə ciddi dəyişikliklər baş verəcək. Doğuşun necə keçməsindən və körpənizi yedirməyi necə planlaşdırmağınızdan asılı olmayaraq, bu dəyişikliklər qaçılmazdır. Doğuşdan sonra adətən qanlı ifrazatlar – loxiyalar yaranır. İlk bir neçə gün ərzində onlar adi aybaşını xatırladır.

Doğuşdan altı həftə sonra isə loxiyalar tədricən yox olur. Güclü ifrazatlar zamanı siz qanı özünə çəkən bezlərdən istifadə etməli olacaqsınız.

Bir çox qadınlar doğuşdan sonra qəbizlikdən əziyyət çəkirlər. Çalışın daha çox bitki mənşəli məhsullar yeyin və çoxlu su için. Vəziyyət düzəlməsə, həkimdən işlətmə dərmanı haqqında məsləhət ala bilərsiniz.

Orqanizminiz hormonal dəyişkənlikdən və ciddi yuxu azlığından əziyyət çəkir, şüurunuz isə tədricən yeni həyat tərzinə uyğunlaşır. Bütün bu çətinliklər sizi sıxmamalı və əhvalınızı pozmamalıdır. Siz doqquz ay ərzində mürəkkəb bir yolu uğurla başa vurmusunuz və özünüzə gəlmək üçün indi sizə bir qədər vaxt lazımdır.

Təbii doğuşdan sonra orqanizmin vəziyyəti
Əgər siz təbii yolla doğmusunuzsa, yəqin ki, özünüzü çox yorğun hiss edirsiniz. Aralığın cırılması və ya kəsilməsindən sonrakı vəziyyət xüsusilə ağrılıdır. Şişkinliyi aradan qaldırmaq üçün parçaya bükülmüş buzlu qrelkanı cırılan və ya kəsilən nahiyəyə qoyun. Balaca yastığın və ya hava ilə doldurulan dairənin üstündə oturmağa çalışın – bu, bəzən ağrını azaldır. Sidiyə getdikdən sonra tualet kağızından istifadə etməyin, ilıq su ilə yuyunun, çünki hər bir toxunuş ağrılı ola bilər.

Sidiyə qeyri-ixtiyari getdikdə və ya sidiyə getmə çağırışını hiss etmədikdə, əhvalınızı pozmayın. Bu, müvəqqəti haldır. Bu, çanaq dibi əzələlərini qıcıqlandıran sinirlərin doğuş prosesində dartılması ilə əlaqədardır.

Çanaq dibi əzələlərini xüsusi hərəkətlərin köməyi ilə möhkəmləndirə bilərsiniz. Hərəkətlərin yerinə yetirilməsinin ilk günlərində siz, demək olar ki, heç nə hiss etməyəcəksiniz. Daha çox nail ola biləcəyiniz şey əzələlərinizi gərməyiniz olacaq. Doğrudur, uşağa qulluq etmək vaxtınızın çoxunu alacaq, lakin buna baxmayaraq bu hərəkətləri hər gün yerinə yetirməyi unutmamalısınız.

Qeysər kəsiyindən sonra orqanizmin vəziyyəti
Qeysər kəsiyi qarın boşluğunda aparılan böyük əməliyyatdır. Bu əməliyyatdan sonra ən azı bir həftə ərzində sizin hər şeydə köməyə ehtiyacınız olacaq, qaldıracağınız ən böyük ağırlıq isə sizin körpəniz olacaq. Lakin buna baxmayaraq, həkim sizə təkidlə ayağa qalxmağı və yavaş-yavaş gəzməyi tövsiyyə edəcək. Bu, sizin bərpa olunmağınızı sürətləndirəcək.

Hər hansı bir əməliyyatdan sonra olduğu kimi, hərəkət etmək trombların əmələ gəlməsinin qarşısını almağa kömək edir. Bundan əlavə, siz uzun müddət ərzində yataqda qalsanız, ayağa qalxanda özünüzü, şübhəsiz ki, daha pis hiss edəcəksiniz.

Qeysər kəsiyindən sonra ertəsi gün sarğınız açılacaq. Əməliyyatdan sonra yaranın vəziyyətinə nəzarət edin ki, infeksiya əlamətlərini gözdən qaçırmayasınız. Kəsik nahiyəsində qan və ya irin, xoşagəlməz iy əmələ gəldikdə, həkimə xəbər verin. Bu, infeksiyanın və ya trombun əlaməti ola bilər.

Nə üçün mən özümü bədbəxt və əsəbi hiss edirəm?
Uşağın doğulması sizin bütün həyatınızı dəyişəcək və odur ki, evin kandarından keçdiyiniz andan yeni həyat tərzinə dərhal uyğunlaşacağınıza ümid etməyin. Əslində adaptasiya bir neçə gündən tutmuş bir neçə aya qədər çəkə bilər. Həyatınızın bu keçid dövründə hamıya yaxşı tanış olan təsəvvürləri bir kənara qoyun və nə varsa ona da sevinin.

Bütün bu dəyişikliklər prosesində sizin orqanizminizdə hormonlar coşub-daşır. Doğuşdan sonrakı ilk günlərdə sizdə doğuş sonrası depressiya yarana bilər. Bu yeni doğmuş hər 10 anadan 5-8-də baş verir. Xoşbəxtlikdən, doğuş sonrası depressiya qısa müddət davam edir və adətən iki həftə ərzində keçib gedir.

Çəkinməyin, xahiş edin sizə kömək etsinlər, ya da sadəcə sizi dinləsinlər. Evdəki çətin işləri (alış-veriş, yemək hazırlanmaq və paltarları yumaq) həyat yoldaşınıza, ailə üzvlərinizə və dostlarınıza tapşırın.

Əgər siz əvvəlki kimi özünüzü sarsılmış hiss edirsinizsə, sizdə doğuş sonrası depressiyanın olub-olmadığını yoxlayın və, lazım gələrsə, kömək üçün müraciət edin. Vəziyyətinizi həkimlə və yaxınlarınızla müzakirə edin. Onlar yəqin ki, sizə kömək edə biləcəklər.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri