Doğuş və sizin həyat yoldaşınız

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 436
Səs ver:
(səs: 0)
Belə fikir var ki, doğuş haqqında yalnız qadın düşünməlidir, çünki ana təbiət bu prosesi müstəsna olaraq, ona həvalə edib. Lakin bugün müasir cəmiyyətdə kişilərdə doğuş ərəfəsində və bilavasitə uşağın dünyaya gəlməsi anında ərin qadına dəstək ola biləcəkləri fikri formalaşıb. Bu çox vacib bir məsələdir.

Doğuşun təşkili
Doqquz ay nə qədər uzun görünsə də, çox tez ötüb keçəcək. Buna görə də doğuşa sancılar başlayanda deyil, xeyli əvvəldən hazırlaşmaq lazımdır. Doğuşun təşkili olduqca incə bir məsələdir və burada imkan daxilində həm ər, həm də arvad iştirak etməlidir.

Qadın öz həkimi ilə doğuşun hansı klinikada keçəcəyi barədə məsləhətləşdikdən sonra, həyat yoldaşını həmin klinikaya göndərə bilər ki, o, yerində doğuşun təxmini tarixi (qeysər kəsiyi ilə doğuş zamanı isə dəqiq tarixi) barədə danışsın və sevdiyi xanımın tələblərinə uyğun palata seçsin. Bu işdə qadın özü də iştirak edə bilər. Unutmayın ki, ananın doğuş günü və doğuşdan sonra öz körpəsi ilə və bəlkə də sizinlə qalacağı palatanın komfortlu və rahat olması vacib məsələdir. Bu gün valideynlərin əksəriyyəti məhz ailəvi palatalara üstünlük verir. Siz bu barədə aşağıda oxuya biləcəksiniz.

Doğuşdan sonra həyat yoldaşınıza nələrin lazım olacağı sizin seçdiyiniz klinikadan və ya doğum evindən asılı olacaq. Müasir klinikaların əksəriyyəti qadını və körpəni xəstəxanada qaldıqları müddətdə lazım olan hər şeylə təmin edir. Odur ki, gələcək ana təxmin edilən doğuş vaxtından bir neçə gün əvvəl, ən azı evə yazıldıqları gün ona və gələcək körpəsinə lazım olacaq şeylərin siyahısını hazırlamalı və onu həyat yoldaşına verməlidir.

Ərin doğuşda iştirak etməsi
Son illər kişilərin doğuşda iştirak etməsi insanlara əvvəlki kimi təəccüblü gəlmir. Kommunikasiya texnologiyaları əsrində belə doğuşlar haqqında kifayət qədər məlumat var. Onların nə dərəcədə lazım olması, ər-arvada rahatlıq gətirib-gətirməyəcəyi haqqında hər bir cütlük özü qərar verməlidir.

Ərin doğuşda iştirak etməsinə qərar vermək üçün bir neçə səbəb var. Biri odur ki, ər tibbi heyətə, onun səliqəliliyinə, zahıya, onun istəklərinə və əlbəttə ki, dünyaya gəlmiş körpəyə münasibətinə müəyyən mənada nəzarət etmək imkanı qazanır. Əlbəttə ki, həyat yoldaşını dəstəkləmək, onun yanında olmaq, bu mürəkkəb prosesdə mümkün qədər iştirak etmək arzusu da əhəmiyyətli amillərdən biridir. Çox vaxt valideynlər doğuş zamanı özlərini necə aparacaqları barədə gənc valideynlər üçün keçirilən hazırlıq kurslarında çox şey öyrənirlər və bu da, şübhəsiz ki, doğuş zamanı lazım gəlir. Axı doğuşda passiv tamaşaçı kimi iştirak etmək nə zahının, nə də mamaların xoşuna gəlmir. Bəzi kişilər də deyirlər ki, öz uşağının dünyaya gəlişini görmək onlar üçün çox əhəmiyyətli andır. Lakin qeyd etmək lazımdır ki, bir çox kişi müxtəlif qorxular səbəbindən birgə doğuşdan imtina edirlər. Qadın bunu ərinin onu sevməməsi, onun yanında olmaq, onu dəstəkləmək istəməməsi kimi başa düşməməlidir. Kişilər nə qədər səy göstərsələr də, heç də həmişə bu prosesdə iştirak etməyə hazır olmurlar. Razılığa gəlmək olar ki, doğuşdan qabaqki sancılar və doğuşun başlanması anına qədər kişi arvadının yanında olsun, lakin bilavasitə doğuş zamanı otaqdan çıxsın. Kişi qəti surətdə doğuşda iştirak etməkdən imtina etsə belə, qadın əsəbiləşməməli, ərində hər hansı bir pis cəhət axtarmamalı, xüsusilə də onu güclə doğuşda iştirak etməyə məcbur etməməlidir. Axı sizin doğuşa getdiyiniz zaman keçirdiyiniz hisslər, ərinizlə sizin aranızda olan abu-hava pozitiv olmalıdır.

Doğuşdan sonra
Əgər doğuşa hazırlıq mərhələsi və doğuş prosesinin özü, sizin üçün artıq geridə qalıbsa, indi siz növbəti mərhələ --doğuşdan sonraki mərhələ barədə fikirləşməlisiniz, və bu heç də əvvəlkindən sadə və az məsuliyyətli bir iş deyil. Ər bilməlidir ki, əgər o, doğuşda iştirak edirsə, uşağının yuyulması, çəkisinin ölçülməsi və reflekslərinin yoxlanılması prosesləri ilə maraqlanmalıdır. Bundan əlavə, o, hətta həkimlərin icazəsi və öz istəyi ilə uşağının göbəyini kəsə də bilər.

Yuxarıda haqqında danışdığımız ailəvi palatalar kişilərə körpənin dünyaya gəldiyi ilk gündən həyat yoldaşına kömək etməyə başlamaq üçün ən gözəl imkan verir. Çünki indi qadın üçün ayağa durmaq və uşağı qucağına götürmək çətindir. Siz bir qayğıkeş ata kimi körpəyə lazımi peyvəndlərin edilməsi, evə yazılma, tibbi heyət ilə danışmaq məsələlərini öz üzərinizə götürməlisiniz.

Sonda onu deməliyik ki, qadın sizin sevginizin bəhrəsini ürəyinin altında daşıdığı 9 ay boyu

sizin səmimi, mehriban, diqqətli münasibətinizə ehtiyac duyur. Sizin dəstəyiniz, köməyiniz, ürəkləndirici sözləriniz ona doğuş ərəfəsində çox lazım olacaq. Yeri gəlmişkən, bunu heç vaxt unutmamalısınız.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 436
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri