Keysəriyyə əməliyyatı: əməliyyata hazırlıqdan evə yazılana qədər

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 884
Səs ver:
(səs: 0)
Doğuş prosesinə qadın orqanizmi tam uyğunlaşıb. Amma hərdən bu və ya digər səbəblərdən təbii doğuş uşağın və ananın sağlamlığı, hətta həyatı üçün təhlükə törədə bilər. Belə hallarda doğuş operativ yolla - keysəriyyə əməliyyatı ilə aparılır.
Keysəriyyə əməliyyatı planlı və təcili ola bilər. Planlı əməliyyat adətən hamiləlik vaxtı təyin olunur: göstərişə görə və ya ananın arzusuyla. Təcili keysəriyyə əməliyyatı haqda qərar təbii doğuş ağırlaşdıqda və ya təcili tədbirlər tələb edən hallar (dölün kəskin hipoksiyası, ciftin ayrılması) yarandıqda qəbul edilir.
Keysəriyyə əməliyyatına göstərişlər mütləq və nisbi olur. Mütləq ona deyilir ki, həkim bu zaman şübhəsiz əməliyyat təyin edir, təbii doğuş barədə isə heç bir söhbət ola bilməz. Belə göstərişlər aşağıdakılardır:

Hamilədə dar çanaq. Belə anatomik xüsusiyyərlə qadın özü sərbəst doğa bilməz, belə ki, uşağın doğuş yollarından keçməsində problemlər yaranacaq. Bu xüsusiyyət artıq hamilə qeydiyyata götürülən zaman bəlli olur və qadın lap əvvəldən cərrahi yolla doğuşa hazırlaşır.

Dölün doğuş yollarından keçməsini əngəllədən digər mexaniki maneələr. Bu ola bilər:
çanaq sümüklərinin deformasiyası;
yumurtalıqların şişləri;
cift gəlişi (cift yerində deyil, uşaqlıq boynunda yerləşib dölün keçməsinə maneə yaradır);
uşaqlıq miomasının bəzi formalarında.
Uşaqlığın cırılma təhlükəsi. Keysəriyyə əməliyyatına bu göstəriş uşaqlıqda əvvəl keçirilən əməliyyatlardan sonra hansısa tikiş və çapıqlar olduqda yaranır.

Ciftin vaxtından qabaq ayrılması. Patologiya ondan ibarətdir ki, cift hələ doğuş fəaliyyəti başlamamışdan uşaqlıqdan qoparaq uşağı qidadan və oksigendən məhrum edir.

Keysəriyyə əməliyyattına nisbi göstərişlər təbii doğuşun mümkünlüyünü nəzərdə tutur, lakin uşaq və ana üçün risklər qalır. Belə hallarda bütün fərdi amillər dəqiq qiymətləndirilir və nəzərə alınır. Nisbi göstərişlərə aiddir:

anada görmənin pozulması (bu gücənmə zamanı gözə düşən artıq yüklə əlaqədardır);
böyrəklərin fəaliyyətinin pozulması;
ürək-damar xəstəlikləri;
sinir sistemi patologiyaları;
onkoloji xəstəliklər və s.
Göründüyü kimi bu xəstəliklərin hamiləliyə aidiyyatı yoxdur, ancaq doğuş vaxtı ana orqanizminə olan intensiv yük müxtəlif ağırlaşmalar verə bilər.

Bundan başqa keysəriyyə əməliyyatına göstəriş ananın qandövraninda olan pozğunluq - hestozdur. Hestoz haqqında daha ətraflı bu məqalədə oxuya bilərsiniz.

Uşağın sağlamlığına təhlükə yaradan göstərişlərə ananın müxtəlif cinsi infeksiyaları aiddir, beləki, uşaq doğuş yollarından keçərkən yoluxa bilər.

Təcili keysəriyyə əməliyyatına gəldikdə, onu doğuş fəaliyyəti çox zəif olduqda və ya tam dayandıqda təyin olunur

Keysəriyyə əməliyyatı necə keçir, ondan əvvəl və sonra nə baş verir
1. Planlı keysəriyyə əməliyyatını hansı müddətdə edirik? Əməliyyatın aparılma tarixi fərdi şəkildə təyin olunur və ana və uşağin vəziyyətindən asılıdır. Əgər hər hansı xüsusi göstəriş yoxdursa, əməliyyat təxmini doğuş tarixinə ən yaxın tarixə təyin olunur. Hərdən elə olur ki, əməliyyat sancıların başlanması ilə həyata keçirilir.

2. Hazırlıq. Adətən planlı keysəriyyə əməliyyatı keçirəcək gələcək ananı əvvəlcədən doğum evinə yerləşdirirlər ki, müayinələr aparılsın, ana və dölün vəziyyəti qiymətləndirilsin. Bir qayda olaraq keysəriyyə əməliyyatı səhərə təyin olunur, qida və su qəbulu isə bir gün qabaq axşam 18-ə qədər olar. Əməliyyat olunasının mədəsi möhtəviyyatın tənəffüs yollarına düşməməsi üçün boş olmalıdır. Əməliyyat gününün səhəri gigiyenik proseduralar aparılır: imalə edilir, qasıq tüklərdən təmizlənir. Sonra qadına köynək geyindirilib xərəkdə əməliyyatxanaya aparılır.

Əməliyyatdan bilavasitə qabaq anesteziya aparılır, sidik kisəsinə kateter qoyulur (əməliyyatdan bir neçə saat sonra çıxarılır), qarın antiseptik məhlulla işlənilir. Sonra qadının döş qəfəsi üzərində kiçik şirma qurulur ki, o, əməliyyatın gedişini görə bilməsin.

3. Anesteziya Bu gün anesteziyanın 2 növü istifadə olunur: epidural və ümumi narkoz. Epidural anesteziyada onurğa beyninin sinir kökləri çıxan yerə iynədən keçirilən nazik boru ilə anestetik məhlulu yeridilir. Bu bir qədər qorxulu səslənsə də, əslində qadın xoşagəlməz hissləri yalnız iynə dərini deşəndə keçirir. Sonra o, bədənin aşağı hissəsində ağrı və taktil hisslərini duya bilmir.

Ümumi narkoz. Anesteziyanın bu növü təcili hallarda, epidural anesteziyanın təsirini gözləmək imkanı olmaynda istifadə edilir. Əvvəlcə venadaxili giriş narkozu verilir, sonra boru ilə tənəffüs yoluna narkoz qazı ilə oksigen qarışığı daxil olur və sonda əzələ boşaldan preparatlar yeridilir.

Keysəriyyə əməliyyatında anesteziyanın növləri barədə "Keysəriyyə əməliyyatında anesteziya: ümumi narkoz, spinal və epidural" adlı məqaləmizdə geniş məlumat ala bilərsiniz.

4. Əməliyyat. Anesteziya təsir edəndən sonra əməliyyat başlayır. Keysəriyyə əməliyyatını necə edirlər? Əvvəlcə qarnın ön divarında kəsik aparılır. Kəsiyin 2 növü ola bilər: boylama (göbəkdən qasığa qədər vertikal kəsik, təcili hallarda edilir, çünki uşağı tez çıxarmaq olur) və köndələn (qasığın üstündə). Sonra cərrah əzələləri aralayır, qarına daxil olur, uşaqlıqda kəsik aparır və döl kisəsini açır. Uşaq çıxarıldıqdan sonra cift xaric edilir. Sonra həkim əvvəlcə uşaqlığı sovrulan sapla, daha sonra qarın divarını tikir. Yaraya steril sarğı, qarına buz qoyulur ki, uşaqlıq tez yığılsın və qanaxma dayansın.

Adətən əməliyyat 20-40 dəqiqə davam edir, uşaq isə 10-cu dəqiqədə, hətta bir az da tez çıxarılır.

5. Əməliyyatdan sonrakı dövr. Bir sutkaya qədər qadın reanimasiya və intensiv terapiya palatasında həkimlərin nəzarətində qalır. Sonra adi palataya keçirilir. Ağrıları azaltmaq üçün ona ağrıkəsicilər, uşaqlığı yığdıran və mədə-bağırsaq traktının vəziyyətini normallaşdıran preparatlar təyin olunur. Hərdən antibiotiklər yazılır, lakin bu fərdi qaydada həll olunur. Tədricən dərmanların dozası azaldilir və tam dayandırılır.

Əgər əməliyyat ağırlaşmalarsız keçərsə, qadına ilk dəfə 6 saatdan tez olmayaraq durmağa icazə verilir. Əvvəlcə o, çarpayıda oturmalı, başgicəllənmə keçdikdən sonra qalxmalıdır. Heç bir halda gərginləşmək olmaz, beləki, tikişlərin açılma təhlükəsi ola bilər.

Çox yaxşı olar ki, əvvəlcədən postoperasion kəmər - bandaj alınsın, onun daşınması əməliyyatdan sonrakı ilk günlər hərəkəti və xoşagəlməz hissləri çox yüngülləşdirir, əsasən də çarpayıya uzananda və qalxanda.

6. Əməliyyatdan sonrakı dövrdə qulluq, pəhriz və defekasiya. Qadın doğum evində olan müddətdə tikişləri tibb-bacıları işləyir. Tikişlərə qulluq barədə, hansı ağirlaşmalar ola bilər və çapıqların fotoları ilə "Keysəriyyə əməliyyatından sonrakı çapıqlar" adlı məqaləmizdə tanış ola bilərsiniz.

Birinci sutka yalnız su içmək məsləhət görülür, özü də maye itgisini bərpa etmək üçün çox içilməlidir. Həmçinin sidik kisəsi vaxtında boşaldılmalıdır. Məlumdur ki, dolu sidik kisəsi uşaqlığın yığılmasına maneçilik edir.

İkinci gün duru qidaya (bulyon, kaşa) icazə verilir. Əgər hər şey qaydasındadırsa, üçüncü gündən əmizdirən qadına məsləhət bilinən qidaya keçmək olar, ancaq qadınların çoxsu qəbizlikdən əziyyət çəkdikləri üçün yaxşı olar ki, bir neçə gün quru yemək istifadə etməsinlər.

Həmçinin bu problem (qəbizlik) imalələrlə, şamlarla (qliserin) və işlədici təsiri olan qidalar (kefir, meyvə qurusu) yeməklə həll olunur.

7. Doğum evindən yazıldıqdan sonra. Keysəriyyə əməliyyatından sonra ilk ay yarımda sizə vanna qəbul eləmək, hovuzda çimmək olmaz, yalnız duşda yuyunmaq olar.

Aktiv fiziki yükü iki aydan az olmayaraq təxirə salmaq lazımdır. Bu vaxtlar qohumların köməyinə ehtiyac var. Amma fiziki aktivlikdən tam imtina eləmək də olmaz. Yaxşı olar ki, həkim əməliyyatdan sonra sizə orqanizmin bərpasını sürətləndirən üsullar barədə danışsın, hər halda siz özünüz də bu haqda soruşa bilərsiniz.

Cinsi həyata ay yarımdan tez başlamaq olmaq məsləhət görülmür. Mütləq hamiləlikdən qorunmalısınız. Mütəxəssislər məsləhət görürlər ki, növbəti hamiləlik yalnız 2 ildən sonraya planlaşdırılmalıdır, bu vaxt ərzində orqanizm tam bərpa olunacaq və gələcək uşağı tam inkişaf etdirəcək.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 884
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri