Qadınların kabusu pəhriz haqqında gerçəklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 386
Səs ver:
(səs: 1)
Pəhriz... Bu kəlmə hər bir qadına yaxşı tanışdır. Hamımız heç olmasa ömrümüzdə bir dəfə də olsa arıqlamaq arzusuna düşmüşük. Sonra da "qoy bunu da yeyim, bir də yeməyəcəyimə söz verirəm" deyib, bu minvalla illəri illərə calayırıq. Sonra da gözəl bədən quruluşlu xanımlara baxıb həsəd aparırıq. Hətta incə belli manikenləri, sənət adamlarını gördükdən sonra 1-2 gün ac da qalırıq ki, qısa müddətdə bədən fiquramızı ideala yaxınlaşdıraq. Amma çox vaxt qadınlar unudurlar ki, yeməkdən tamamilə imtina orqanizm üçün təhlükəli sınaqdır.
 
Arıqlamaq istəyənlər yaddan çıxartmamalıdırlar ki, pəhriz az kalorili olsa da, yüksək effektli, vitaminli qidalara əsaslanmalıdır. Diyetoloqların fikrincə, arıqlamaq istəyən şəxs gün ərzində 1000-1200 kalori qəbul etməlidir. İstənilən nəticəni əldə etdikdən sonra isə 1500-1700 kalori ilə kifayətlənmək olar.
 
Bəzən bizlər yediyimiz qidayla bərabər göyərti, salatlar, zeytun və turşulardan istifadə edirik.
 
Amma sonradan onların kalorisini saymırıq. Qidaların kaloriləri barədə təsəvvürünüz yaransın deyə, bir sıra məhsulların kalorilərini diqqətinizə çatdırırıq. Məsələn 100 qram kartofda 83, kökdə 33, pomidorda 10, xiyarda 15, kələmdə 28, badımcanda 24, keşnişdə 19, ispanaqda 30 kalori var.
 
Yüksək kalorili məhsullar isə qoz, badam və digər çərəzlərdir. Məsələn, qozun 100 qramında 612, yer fındığında 631, badamda 640, fındıqda 705 kalori var. Deməli, bir kiloqram pomidor yeyəndə biz cəmi 100 kalori, 200 qram qoz yeyəndə isə 1200 kalori toplayırıq.
 
Qidanın seçimi zamanı əsas məqamlardan biri də sellülozdur. Məhsulların tərkibində olan sellüloz maddəsi yeməyin qida orqanlarında qalma müddətini azaldır. Sellüloz qidanın hərəkətini tezləşdirir, orqanizmdən zəhərlərin və şlakların çıxmasına təkan verir. Orqanizmdə sellüloz nə qədər çoxdursa, qida bədəndə bir o qədər ləngiyir. Sellülozla ən zəngin olan meyvə və tərəvəzlərdir. Odur ki, istənilən növ pəhriz meyvə və tərəvəzlə bol olmalıdır.
 
Bu, orqanizmin vitaminlərlə təhcizatını təmin etmək baxımından da vacibdir.
 
Orqanizm üçün ən təhlükəli pəhrizlər isə monopəhrizlərdir. Yəni yalnız bir məhsuldan ibarət olanlardır. Unutmayın ki, əsl pəhrizin ilk iki həftəsində arıqlama qeydə alınmamalıdır. Yalnız orqanizmdə maye itirilməsindən çəki xeyli azala bilər. Orqanizm pəhrizə iki həftə öyrəşir və yalnız bundan sonra əlavə qida almayan bədən piy toxumalarını "xərcləməyə" başlayır.
 
Ümumiyyətlə, pəhriz qidadan tamamilə imtinanı deyil, məhdudiyyəti nəzərdə tutur. Onu da deyək ki, adətən dietoloqların idmanla məşğul olarkən pəhriz tutulması tövsiyəsinin arxasında sadəcə qida rasionunda dəyişiklik etmək fikri dayanır. Yəni yarımfabrikatlar, xəngəl, kotlet, bilincik və.s-dən imtina edilməsi nəzərdə tutulur. Amma bu o demək deyil ki, ət yeməklərindən imtina edilməlidir. Sadəcə ət yarımfabrikat şəklində qəbul edilməməlidir. Habelə ağ çörəkdən imtina etmək yaxşı nəticə verə bilər. Düzdür, bəzən bu, ömrü boyu uzanan pəhrizə çevrilə bilər. Lakin o da məlumdur ki, sağlamlıq və gözəlliyi əldə etmək asan deyil. Hər halda pəhriz tutmağa qərar vermisinizsə, ən azı yağlı tort tikəsindən, ağır yağlı yeməklərdən, un məmulatlarından və şirniyyatdan imtina etməli olacaqsınız.
 
Fransızların yemək barədə belə bir ağıllı kəlməsi var: "İki dəqiqə dildə, iki saat mədədə və iki il böyrü üstə". Deməli iki dəqiqə ağzınızda dad hiss etmək üçün gözəlliyinizi qurban verməyin.
 
Qadınlar istədikləri nəticəni tək pəhriz saxlamaqla əldə edə bilmirlər. Əksinə, qəfildən arıqlayan bədəndə boşalma, əzələlərin sallanması baş verir, dəridə defektlər, çapıqlar əmələ gəlir. Nəticədə dünən kök görünən budlar sallanmış dəri parçasına bənzəyir. Artıq sirr deyil ki, arıqlamağın ən yaxşı üsulu pəhrizlə yanaşı idmanla məşğul olmaqdır. Çünki idmanla məşğuliyyət orqanizmdə gümrahlıq hissi yaratmaqla yanaşı qol və digər nahiyələrdə ətin sallanması, dəridə çapıqların yaranmasının da qarşısını alır. Pəhrizlər zamanı dəridə müxtəlif qüsurların qalması halları ilə demək olar ki, bütün xanımlar üzləşirlər.
 
Sellülit çimərlik mövsümündə portağal qabığına oxşar dəri qadınları lap pərt edir. Qafqaz və ümumilikdə bütün Şərq qadınlarının spesifik problemi isə bədənin aşağı nahiyələrində çoxlu miqdarda piy yığılmasıdır. Çünki bədəndə ən az hərəkət edən hissələr də məhz aşağılardır. Odur ki, maniken kimi gözəl bədən quruluşuna malik olmaq istəyənlər mütləq pəhrizlə yanaşı müxtəlif problemli hissələrin, əzələlərinin bərkiməsi üçün xüsusi idman hərəkətləri etməlidirlər.
 
İdman məşğələləri adətən hərəkətsiz qalan hissələri işlədib piy qatının əzələylə əvəzlənməsini təmin edir. Bunun üçün ən yaxşı variant idman zalına getməkdir. Lakin buna imkanı olmayanlar  evdə də məşq edə bilərlər. Hazırda evdə idman etməyi asanlaşdırmaq üçün maniken və idmançınların iştirakı ilə onlarla disklər satılır. Sindi Kroufordun diski onların içərisində satışına görə liderdir. Diskə baxmaqla idman hərəkətlərini mütəmadi olaraq evinizdə edin və 20 gündən sonra siz ayaqlarınızın necə bərkidiyini hiss edəcəksiniz. Unutmayın ki, birinci dəfədən bütün hərəkətlər təklif ediliyindən iki dəfə az edilməlidir. Əks halda kəskin ağrılar sizi bir neçə gün incidə bilər. Bütün bu məsələlər disklərin instruksiyasında da qeyd olunur.
 
Son vaxtlar qadınların arıqlamaq üçün saunaların xidmətindən istifadə etməsi də məlumdur. Lakin məşqçilər idmandan qabaq saunaya daxil olmağı məsləhət görmürlər. Əgər buna baxmayaraq, siz saunaya daxil olmaq istəyirsinizsə, onda idman paltarını geyindikdən sonra bunu edin. Ancaq bu zaman da içəridə 3 dəqiqədən artıq qalmayın. Əzələləriniz qızışdıqdan sonra idmanla məşğul olmağa başlayın.
 
Onu da qeyd edək ki, idmanla məşğul olduqdan sonra da saunada çox qalmaq məsləhət görülmür. Saunada 5-7 dəqiqə istirahət kifayətdir. Unutmayın ki, idmandan sonra saunada çox qalmaq orqanizm üçün əlavə ağırlıqdır. Ona görə də, saunada saatlarla vaxt keçirmək istəyən xanımlar həmin günün aerobika ilə eyni vaxta düşməməsinə diqqət yetirməlidirlər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 386
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri