Necə? Məni unutmusan?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 419
Səs ver:
(səs: 2)
Bəzən olur ki, kiminsə adını unudur, nə qədər çalışsaq da, xatırlaya bilmirik. Bunu yorğunluq, informasiyanın bolluğu, stress, problemlərin çoxluğu ilə bağlayanlar kifayət qədər olsa da, psixoloqların fikrincə, bu cür unutqanlığın kökü başqadır və daha ciddidir.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, elə adamlar var ki, hətta yaxşı tanıdığı insanların belə adlarını unudurlar. Uzun müddət keçəndən sonra hansısa adamı görməyəndə onun kim olduğunu, adını, soyadını da xatırlamayanlar var. Həmsöhbətimizə görə, bu cür yaddaş pozuntusu olan adamlar kiminləsə yeni tanış olanda var gücləri ilə onun adını yadda saxlamağa çalışırlar:

"Bunun üçün müxtəlif üsullara əl atır və özləri ilə mübarizə aparırlar. Məsələn, biri ilə yeni tanış olanda onun adını dəfələrlə təkrarlayır, həmin adama tez-tez adı ilə müraciət etməyə çalışırlar. Bu üsul adları yadda saxlamağa kömək edir. Belə ki, şəxs fikrini məhz həmin insanın adına yönəldir. Amma təəssüf olsun ki, müəyyən qədər vaxt keçəndən sonra yaddaş pozuntusu olan bu adamlar adları yenidən unudurlar. Bəziləri adını xatırlaya bilmədikləri şəxsin dəqiq kim olduğunu, nə ilə məşğul olduğunu, harada tanış olduqlarını yaxşı bilirlər, amma adlarını heç cür xartırlaya bilmirlər. Bu, böyük bir problem olmasa da, insan belə bir vəziyyətlə üzləşdikdə utanır".Psixoloqun dediyinə görə, insanların çoxunda bu cür yaddaş pozuntusu özünü göstərir. İnsanlar unutqanlığını müxtəlif bəhanələrlə izah edirlər. Əslində isə bunun kökü başqadır. Belə ki, uşaqlıqda alınan travmalar ömür boyu iz buraxır: "Bəzən bu izləri, ümumiyyətlə, silmək olmur. Onları yüngülləşdirmək, fəsadlarını aradan qaldırmaq olur. Fikir vermisinizsə, unutqanlıqdan əziyyət çəkən uşaqlara valideynləri adətən "Sən həmişə hər şeyi unudursan", "Sən heç vaxt heç nəyə diqqətlə qulaq asmırsan"", "Sən heç vaxt yadda saxlamırsan" deyirlər. Valideynlər uşaqları diqqətli omadığı və onlara yaxşı qulaq asmadığı üçün danlayanda uşaq məhz unutqan və diqqətsiz olduğuna əmin olur. Bu, uşaqların özləri haqqında ilk düşüncələridir. Nəzərə alsaq ki, valideynləri uşaq üçün çox önəmlidir, onlar valideynlərin dediklərinə inanırlar. Uşaq bu cür danlananda həqiqətən unutqan olduğuna inanmağa başlayır. Əksər hallarda uşaqlar valideynlərin belə dediyini unudur və böyüdükdən sonra nəyə görə unutqan olduqlarını anlaya bilmirlər. Çox vaxt insanlar düşünürlər ki, "görəsən, mənimlə niyə bu baş verir?" Bunun səbəbi isə uşaqlıqda bizə unutqan olmağımızın şüuraltı olaraq yeridilməsidir".

Unutqanlığın başqa bir səbəbi isə şəxsi əhatə dairəsinin mühafizəsidir. Psixoloq qeyd edib ki, ad şəxsiyyəti simvolizə edir. Başqasının adını yadda saxlamaq, ona adı ilə müraciət etmək onunla əlaqə yaratmaq deməkdir. Daxilində yüksək aqressiyası olan insanlara isə bunu etmək çox çətindir. Belə adamlar münasibət qurmağa deyil, onları pozmağa meyllidirlər. Eləcə də özü haqqında dəqiq təəssüratı olmayan insanlara da bunu etmək çətindir. Ona görə ki, onlara başqa adamı da şəxsiyyət kimi qəbul etmək çətin gəlir.Qurbanovanın sözlərinə görə, həm daxilində yüksək aqressiyası, həm də özü haqqında dəqiq təəssüratı olmayan insanlar öz şəxsi əhatə dairəsinə kimisə buraxmağa qorxurlar. Onlar adları yadda saxlamamaqla və ya unutmaqla öz əhatə dairələrini mühafizə edirlər. Belə ki, insanı yadda saxlamamışıqsa, o, bizim daxili dünyamızda yoxdur.

Həmsöhbətimiz bildirib ki, mənfi assosiasiyaların olması da adları unutmağın bir səbəbi ola bilər: "Bəzən insanlar hansısa adı pis xatirələrinə görə yadda saxlaya bilmirlər. Bu xatirələr insanda qorxu, utanc, ağrı və başqa mənfi emosiyalar yaradır. Bəzən hansısa adın sahibi özü bizə kimisə xatırladır. Həmin adam uşaqlıqda bizimlə pis rəftar etdiyi üçün adını yadda saxlamaq istəmirik. Kiminləsə tanışlıq zamanı yaranan şəraitdə uşaqlıqda aldığımız travmanı xatırlatdığı üçün həmin adamın və ya adamların adını unuda bilərik".

A.Qurbanova məsləhət görür ki, adları daha yaxşı yadda saxlamaq üçün daha diqqətli olmaq lazımdır: "Əgər tanışlıq zamanı fikrinizin yayındığını və qarşınızdakı şəxsə diqqətlə qulaq asmadığınızı hiss edirsizsə, bütün fikrinizi cəmləyib diqqətli olmağa çalışın. Bunun üçün təcrübə ilə qazanılan daxili intizam olmalıdır. Yadda saxlamağın digər bir üsulu isə özünə unuda bilməyi icazə verməkdir. Kiminsə adını unudacağınıza görə çox həyəcanlandıqca adı daha tez unudacaqsız".
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 419
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri