Yeniyetməlik dövrünə qədər bu kəlmənin yalnız və yalnız öz
valideynlərimə məxsus olduğunu və ancaq onların işlətdiyini düşünürdüm.
Sonralar dostlarımın da, çevrəmdəki həmyaşıdlarımın da öz ailələrində
həmin sözlərin təzyiqinə məruz qaldıqlarını gördüm. Ona görə də bu
"filankəsin balası” deyiminə "filankəsin balası” sindromu adını versək
lap yerinə düşər. Daha sonralar isə valideynlərim bu sindromun tarixi
haqqında mənə açıqlama verdilər. Özlərinin də "filankəsin balası”
sindromunun təsiri altında altında böyüdüklərini etiraf etdilər.
Belə nəticəyə gəldim ki valideynlərimiz babalarımızdan,
babalarımız ulu babalarımızdan, ulu babalarımız azıx babalarımızdan,
azıx babalarımız da başıbatmış babalarımızdan bu sözləri eşidə-eşidə
gəlmişlər. Bu cəhətdən ancaq Habil ilə Qabilin bəxti gətirmişdi. Çünki,
zavvalı Adəm və Həvvanın gözlərinə öz ailələrindən savayı, başqa bir
ailə dəymirdi ki, onlar da həmin ailənin övladlarını "filankəsin balası”
sözləri altında Habil ilə Qabilə nümuna göstərsinlər.
Bu "filankəsin balası” sindromu müxtəlif ailələrdə özünü müxtəlif
cürə biruzə verə bilər. Məsələn, bunlar "camaatın uşağı”, "xalqın
balası”, "bəxtəvərin balası” və bu kimi bir neçə sindromlardan ibarət
ola bilər.
Bu söz işlənilərkən sənin və sənə misal çəkilən həmin "filankəsin
balası” ilə potensial imkanlarınız, perspektivləriniz, qarşınıza çıxan
maneələr, qarşınıza qoyduğunuz məqsədlər və hədəflər ayrı - ayrılıqda
nəzərə alınmır. Məhz problemin də kökü bu məsələyə dirənir. İstənilən
ailədə "filankəsin balası” sindromundan əziyyət çəkən insanlar bu
məsələdə məni asanlıqla başa düşəcəkələr.
Bəs bu "filankəsin balası” kimlərdir? Bu "filankəsin balası”
siyahısında yaşca səndən kiçik olmasına baxmayaraq Olimpiada oyunlardan
qızıl medal gətirən güləşçiləri, Muğam müsabiqələrində zilə qalxaraq
ruhu bədəndən vəhşicəsinə ayıran kiçikyaşlı xanəndələri, xarici ölkələrə
yalnız gəzməyə, isirahətə və alış – verişə gedən milli
futbolçularımızı, öz doğma əmioğlunu, dayıoğlunu, xalanın rəfiqəsinin
qapı qonşusunun baldızı oğlunu, atanın iş yoldaşının əsgərlik dostunun
kirvəsinin nəvəsini, ananın bibisi qızınınqudasının kənddən şəhərə
oxumağa gələn ortancıl oğlunu və hətta bacarıqlı əks cinsin
nümayəndələrini də görə bilərsən. Bu siyahını istədiyimiz qədər uzada
bilərik.
İndi oğul axtarıram bu qədər sadalanan "filankəslərin
balalarından” özləri üçün nümunəvi insan obrazını seçsin və yaxud həmin
şəxlərin ayrı-ayrılıqda hərəsinin ən gözəl xüsusiyyətlərini özündə
cəmləyərək ideal bir insan kimi formalaşsın. Dərd burasındadır ki, bu
"filankəsin balası” sözü elə pafosla, elə həvəslə, elə istəklə işlənilir
ki, onlar avtomatik olaraq sənin kumirinə çevrilir. Hətta öz doğma
xalaoğlun da, bibin nəvəsi də, hətta dayın qızı da... Təsəvvür
eləyirsiniz?
Necə olur ki illərboyu hər kəs bu sindromdan əziyyət çəksə də bir nəfər də olsa bu bəlanın əlacını tapmamışdır?
Heç kimin bu sindroma yoluxmayacağından sığortalanmadığını nəzərə
alsaq təsəvvür edirəm mən də günlərin bir günündə özüm də şəxsən bu
sindromun qurbanına çevriləcəyəm...