Kişisi o qadından imtina edə bilər...

Müəllif: Qlamurr
Şərhlər: 4
Baxılıb: 2 238
Səs ver:
(səs: 0)
Gözəl sinə qadınlığın simvolu sayılır. Cazibədar sinə xanımları həmişə diqqət mərkəzində saxlayan gözəllik atributu hesab olunub. Odur ki, cazibədar görünmək istəyi qadınları sinələrinə "əl gəzdirməkdən” belə çəkindirmir. Kimisi bunun üçün sinəsinə silikon qoydurur, kimisi də süd vəzisinin ölçüsünü dəyişdirmək üçün cərrah masasına uzanır. Amma bu istək heç də bütün qadınlara asan başa gəlmir. Həkimlər özləri də sinəsinə silikon qoyduran, süd vəzisinin ölçüsünü istəyinə uyğun olaraq kiçildib-böyüdən qadınların xərçəng kimi təhlükəli xəstəliklə üz-üzə qalma riskinin yüksək olduğunu söyləyirlər. Amma həkimlərin bu çağırışını qulaqardına vuraraq süd vəzisində estetik əməliyyat etdirən qadınlar da az deyil.

Milli Onkologiya Mərkəzinin şöbə müdiri Samir Qurbanov açıqlamasında söyləyib ki, gözəllik, cazibədarlıq üçün sinəsinə silikon qoyduran, süd vəzilərinin ölçülərinə dəyişiklik etdirən qadınlar bu əməliyyatlara müraciət etməzdən öncə mütləq mamoloq müayinəsindən keçməlidirlər: "Çox təəssüf ki, bu gün qadınların süd vəzlərində keçirilən əməliyyatlar estetik cərrahlar tərəfindən müayinə aparılmadan, kortəbii şəkildə həyata keçirilir. Sinəsini böyütmək istəyən qadınlar elə hesab edir ki, bu əməliyyatda silikonun düzgün seçilməsi əsas amildir. Bəzən estetik cərrahlar da qadının öz razılığı əsasında seçdiyi, təhlükəsizliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənən implantları qoymaqla öz üzərlərinə düşən işi bitmiş hesab edirlər. Amma bəzən süd vəzisində aparılan əməliyyatı üzdə, bədənin başqa nahiyələrində aparılan estetik əməliyyatla səhv salırlar. Unutmaq olmaz ki, əməliyyat qadın üçün ən həssas yer olan sinədə, süd vəzisində aparılır. Qadın bu əməliyyata girməzdən öncə mütləq USM müayinəsindən keçməlidir. Əgər qadının süd vəzisində hər hansı problem üzə çıxarsa, həmin qadın mütləq mamoloq tərəfindən yoxlanılmalı, mamoqrafik müayinəyə cəlb olunmalıdır. Çox təəssüf ki, qadınlar bəzən estetik cərrahların telekanallarda verilən cəlbedici reklamlarının toruna düşürlər. Peşəkarlığına əmin olmadıqları, xaricdən gələn hansısa estetik cərraha öz sağlamlıqlarını etibar edirlər. Xaricdən gələn estetik cərrahlar özəl klinikalarla müqavilə əsasında işlədiklərindən, burada pasiyentlərin sayı çox olduğu təqdirdə bir neçə günlük gələrək, əməliyyatlarını edir, yenidən öz vətənlərinə geri dönürlər. Vaxt az olduğundan əməliyyat edəcəkləri qadını demək olar ki, heç bir zəruri müayinədən keçirtmirlər. Bəzən adi USM müayinəsi belə edilmir. Bunun nəticəsində də süd vəzisində estetik əməliyyat aparılan qadın az keçməmiş fəsadla yenidən cərrah masasına uzanmalı olur”.

S. Qurbanov deyir ki, bəzi qadınların adi qəbul etdikləri süd vəzi əməliyyatları onları vaxtsız olaraq həyatla vidalaşdıra da bilər: "Süd vəzinə silikon yerləşdirən zaman həkim bir o qədər də məsuliyyət daşımır. Çünki silikonun hansı firmanın istehsalı olmasını pasiyent özü seçir. Həkimə qalan o silikonu qadının sinəsinə yerləşdirməkdir. Gələcəkdə silikonla bağlı hər hansı problem yaranarsa, qadın əməliyyatı edən həkimi yox, silikonu istehsal edən şirkəti məhkəməyə verir. Amma bununla belə süd vəzində əməliyyat öncəsi müayinə mütləq şərtdir”.

Onkoloq son vaxtlar Azərbaycanda da qadınlar arasında çox müraciət edilən bu cür əməliyyatların təhlükəli olduğunu qeyd edib. Onun sözlərinə görə, süd vəzisinin ölçüsündən razı qalmayıb estetik cərraha müraciət edən qadınlar təəssüf ki, ölkəmizdə kortəbii şəkildə əməliyyata cəlb olunur: "Süd vəzinin ölçüsünün böyüdülüb, yaxud kiçildilməsi qadının istəyi ilə yox, tibbi göstəriş əsasında olmalıdır. Mən çox təəssüf edirəm ki, bu cür istəklə estetik cərraha müraciət edən qadınları özəl klinikalarda tibbi göstəriş olmadan əməliyyata cəlb edirlər. Həmin həkimi də qadının sağlamlığı yox, ondan alacağı pul maraqlandırır”.

Həkim ailə qurmayan qadınların süd vəzisinin görünüşündə dəyişiklik etməsinin düzgün olmadığını vurğulayaraq, xüsusilə gənc xanımları bu cür estetik əməliyyatlardan çəkinməyə çağırır: "Bu əməliyyatı istəyən qadın subaydırsa, hələ ana olmayıbsa, onun süd vəzisinin ölçüsünün dəyişdirilməsi, ümumiyyətlə, düzgün deyil. Ona izah edilməlidir ki, bununla ana olarkən uşağına süd vermək haqqından məhrum olacaq. Süd vəzisinin ölçüsü dəyişdirilən qadın heç vaxt öz körpəsinə süd verə bilməz. Çünki bu əməliyyat zamanı döş giləsi öz yerindən miqrasiya edir. Süd vəzi bir neçə santimetr yuxarı çəkildiyindən süd axarlarının da yeri dəyişir. Belə halda ana uşağını gələcəkdə həmin döşlə əmizdirə bilməz. Ona görə də bu əməliyyat gənc və subay qızlarda yox, 35 yaşdan yuxarı, artıq ana olan və daha uşaq istəməyən qadınlarda aparıla bilər. Üstəlik, dediyim kimi, bu əməliyyat zamanı da qadının süd vəzisi müayinə edilməlidir. Əgər süd vəzi xərçəngə risklidirsə, orada fibroz, kistoz düyünlər varsa, mütləq o düyünlər yoxlanılmalıdır. Əks təqdirdə, qadınlar çox ağır nəticələrlə üz-üzə qala bilərlər”
 
Xarici ölkələrdə estetik əməliyyatdan öncə qadınlar psixoloqa müraciət edirlər. Hətta bəzi estetik klinikalarda pasiyentin əməliyyatdan öncə psixoloji testdən keçməsi şərt kimi qoyulur. Azərbaycanda isə estetik əməliyyatdan öncə psixoloq rəyinin öyrənilməsindən söhbət belə gedə bilməz.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı bildirib ki, pasiyentlərin psixoloq yanına getməsi Azərbaycanda fəaliyyət göstərən estetik klinikalara heç sərf etmir. Çünki həmin klinikalar, estetik cərrahlar psixoloqla söhbətdən sonra pasiyentin fikrindən daşınacağından, əməliyyatdan imtina etməsindən ehtiyatlanırlar. Ona görə də pasiyent müraciət edərkən onun təklifini qəbul edib, əməliyyat üçün vaxt təyin edirlər. O ki qaldı estetik əməliyyatlar etdirən qadınların psixoloji durumuna: "Bu qərarı verərkən qadınlar düşünürlər ki, əməliyyatdan sonrakı dəyişikliklə diqqət cəlb edə və diqqət mərkəzində ola bilərlər. Tutaq ki, hər hansı qadın süd vəzisində əməliyyat etdirmək fikrinə düşür. Bu an o, elə hesab edir ki, bu əməliyyatı keçirsə, süd vəzisinin yeni görkəmi ilə əks cinsin, həyat yoldaşının daim diqqət mərkəzində olacaq, onun diqqətini daha çox özünə cəlb edəcək. Bir qismi bu cür dəyişikliklərdən zövq aldığı üçün bu addımı atır. Bu an o qadınlar həmin əməliyyatın fəsadları ilə bağlı ağıllarına heç nə gətirmirlər. Gözlərinin önündə bir klip canlandırır, özlərini həmin klipin qəhrəmanı hesab edirlər. Amma düşünmürlər ki, bu cür əməliyyatlar kişilər tərəfindən birmənalı qarşılanmır. Çünki kişilər bədənində çapıq, əməliyyat izi olan qadınlara öz nəvazişlərini göstərə bilmirlər. Elə hesab edirlər ki, bu an qadına hansısa xəsarət yetirə bilərlər. Bu da bəzən kişinin qadından uzaqlaşmasına da səbəb olur”.

Odur ki, E. Rüstəmov bu cür əməliyyatlardan öncə qadınların psixoloq məsləhəti almasını vacib sayır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 238
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri