tün
dünyada olduğu kimi, Azərbaycanda da psixoloji fikrin yaranması və
inkişafını iki mərhələyə ayırmaq olar: elməqədərki və elmi
psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə, onların arasında kəskin
sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdı. Onlar bir-birinin
daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır.
Elməqədərki
psixoloji fikirlərin yaranması tarixi çox qədimdən, eramızdan əvvəldən
başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq
yaradıcılığından bəhrələnmişdir. O bir tərəfdən həyatın özündən,
ictimai-tarixi proseslərdən asılı olaraq inkişaf etmiş, digər tərəfdən
baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir.
Azərbaycanda
psixoloji fikrin, psixologiya elminin tarixinin araşdırılmasını dünya
psixologiya elminin inkişafı kontekstindən ayırmamağı lazım bildik.
Professorlar
Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiyanı eyni zamanda
«güzəran psixologiyası» adlandırırlar. Onlar yazırlar: «Güzəran
psixologiyasına aid biliklərin mənbəyini ictimai və şəxsi təcrübə
təşkil edir. Hələ qədim zamanlardan başlayaraq bu biliklər
nəsildən-nəslə verilmiş müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində,
bayatılarda, nağıllarda, dastanlarda və s.-də özünün əksini tapmışdır.
Bizim hər birimiz bu bilikləri ətraf adamlardan, eləcə də şifahi xalq
ədəbiyyatı vasitəsilə mənimsəyirik. İnsanın şəxsi təcrübəsində həmin
biliklər daha da dəqiqləşir, yeni məna çalarları kəsb edir».
Onlar
daha sonra yazırlar: «Güzəran psixologiyasına aid olan biliklərdə biz
hətta müasir psixologiya üçün maraqlı olan müəyyən faktlara rast
gəlirik. Lakin onların hamısı üçün bir cəhət səciyyəvidir – güzəran
psixologiyasında faktlar ardıcıl şəkildə izah edilmir, sübut olunmur».
İnsanlar
lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduqları, ünsiyyətə
girdikləri insanları öyrənməyə, anlamağa, dərk etməyə çalışmış, bunun
üçün müşahidələr aparmışlar. Tədricən toplanan biliklər
ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza keçərək ümuminin, hamının
qəbul etdiyi fikirlər olmuşdur. Bunlar bayatılar, nağıllar, atalar
sözləri, nəğmələr, laylalar, miflər, əfsanələr və s. şəklində, lakonik
dillə çatdırılmışdır. Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi
sahələr içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında da
ondan bəhs olunmasın, münasibət bildirilməsin.
Xalq
yaradıcılığında xalqın düşüncə və davranış tərzi, ayrı-ayrı dövrlərdə
baş verən hadisələrə münasibəti öz əksini bariz şəkildə tapır. Yəni
hadisələrə münasibət, onun təhlili, ümid və istəklər bu yaradıcılığın
əsasını təşkil edir.
Psixoloji
fikrin yaranması və inşasının digər bir istiqaməti isə yazılı
ədəbiyyat, filosof və yazıçıların, şairlərin yaradıcılığıdır. Bu
mənada «Kitabi-Dədə Qorqud» dastanı, S.Şirazi, Nizami, N.Tusi, Nəsimi,
Füzuli, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə və digər mütəfəkkirlərin
yaradıcılığı Azərbaycan psixoloji fikrinin yaranması, inkişafı və
formalaşmasında əhəmiyyətli rol oynamışdır. Onların yaradıcılıığı bir
tərəfdən xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər
tərəfdən bu əsərlərin özündə həyat reallıqları əksini tapmışdır. Yəni
Azərbaycan xalqının keçdiyi inkişaf yolunun mərhələlərini
müəyyənləşdirməkdə bu əsərlər gözəl bir mənbədir.
Professor
Ə.S.Bayramov yazır: «Hər bir xalq və ya etnos özünü düzgün dərk edib
qiymətləndirmək və tərəqqiyə nail olmaq üçün yalnız özünün
sosial-iqtisadi tarixi keçmişinə deyil, həm də öz psixoloji keçmişinə
dərindən bələd olmalıdır».
Azərbaycan
xalqının islam dininin Azərbaycana gəlişinə qədərki həyat, məişət və
təfəkkür tərzi şifahi xalq ədəbiyyatında və «Kitabi-Dədə Qorqud»
dastanında çox bariz şəkildə öz əksini tapmışdır.
Dastanda
totemizmin, şamanizmin, çoxallahlığın xeyli açıq və gizli əlamətləri
vardır. Əsərdə Basatı aslan bəsləyir və eyni zamanda Basat deyir: «Anam
adın sorar olsan Qaba Ağac, atam adın deyirsən Qocan Aslan, mənim adım
sorarsan Aruz oğlu Basat».
Dastan belə başlayır: «Xanım hey!»
Belə
bir başlanğıc, «hey» nidadır, niskildir, çağırışdır. Əl çatmayan, ötüb
keçmiş, yanğı yaradan bir hissdir. Daxilin, genin, idrakın uyuşmadığı
bir mühitə düşərək xiffəti, fəryadıdır.
Tarixçi
Gizo yazırdı: «Elə ki, xalqların arxasında uzun və şərəfli tarix durdu,
onlar nə qədər çalışsalar da, bu keçmişdən ayrıla bilməyəcəklər. Onlar
hətta bu keçmişi məhv etməyə çalışdıqları zaman belə onun təsiri altında
olacaqlar».
Qədim
türklər islamdan qabaq çoxallahlı idilər. Onlar öz qılınclarına and
içir, suyla xəbərləşir, qurd üzü mübarəkdir deyirdilər.
Deməli,
xalqın etnogeni ilə mühiti arasında uyğunluq olduqda xalq inkişaf edir.
Onların arasında ziddiyyət olduqda isə mənəviyyatda, əxlaqda
deformasiya baş verir. Bəzən xalqın etnogeninə, düşüncə tərzinə yad,
yabançı olanı ona doğru, düzgün kimi təqdim edir, inandırmağa
çalışırlar.
Psixoloji
fikrin inkişaf mərhələlərinin müəyyənləşdirilməsində şifahi xalq
ədəbiyyatının, klassiklərimizin yaratdıqları əvəzsiz xəzinədir.
«Kitabi-Dədə
Qorqud»da başlıca ideyalardan biri əsarətdən, mütilikdən, kökünə,
soyuna dönük çıxmaqdan ölümün üstün tutulmasıdır. Etibar, inam,
sədaqət, ləyaqət aparıcı xətlərdən birini təşkil edir. Beyrəyin
nişanlısı yalnız onun dirisinə yox, ölüsünə də sadiq qalacağını
bildirir: «Erkək sinəyi (milçəyi) üzərimə qondurmam», - deyir.
Dastanda
ən çox diqqəti cəlb edən azadlıq, azad fikir, qadın və kişi
bərabərliyi, qadının uca, yüksək tutulmasıdır. Qanlı Qoca oğlu Qanturalı
evləndirmək istəyir və ondan nə sayaq qız itsədiyini soruşur. Qantural
deyir: «Baba, mən yerimdən durmadan ol durmuş ola, mən qanlı kafər
əlinə varmadan ol varmış, mənə baş gətirmiş ola».
Mərdlik,
məğrurluq, qeyrət eynilə qıza, qadına da xas olub. Ərləriylə,
sevgililəriylə bir meydanda döyüşən qadınlar eyni zamanda onların
qürurunu sındırmamağa, kişilərin yanında qürrələnməməyə çalışıblar:
«Öyünərsə ər öyünsün – aslandı. Öyünməklik övrətlərə böhtandır.
Öyünməklə övrət ər olmaz», - deyiblər.
Dədə
Qorqud dünyasının əxlaq qaydaları, mərdlik, ləyaqət, şərəf, nəciblik
anlayışları azərbaycanlı psixologiyasının, xarakterinin təməlidir.
Zaman-zaman dəyişən, zənginləşən, bəziləri itib-batan, bir çox
keyfiyyətləri deformasiyaya uğrayan azərbaycanlı psixologiyasının
etnogeni, nüvəsi Dədə Qorqud dövründə təşəkkül tapmış, formalaşmışdır.
Dədə
Qorqud fəlsəfəsi bəşəridir, ölməzdir, insanı saflaşdırandır. «Hanı
dediyim bəy ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani
dünya kimə qaldı? Gəlimli, gedimli dünya. Son ucu ölümlü dünya».
Azərbaycanda
psixoloji fikrin birinci mərhələsi eramızdan əvvəl başlayıb, islam
dininin Azərbaycana gəlişiylə başa çatır. Lakin ikinci dövr asanlıqla,
birdən-birə yaranmadı. Neçə əsrlər boyu paralel yaşadı. Elə bugünkü
günümüzdə də bu paralelliyin bir çox cəhətləri davam edir, yaşayır:
adət-ənənələrimizdə, andımızda, xarakterimizdə.
«İslamiyyətdə
milli mənsubiyyət yoxdur» şüarı ilə Azəbaycan dünyasına daxil olan
islam dini millətlərin, xalqların müxtəlifliyini, özünəməxsusluğunu,
milli simasını dini biliklərlə əvəz etməyə çalışdı. Bu isə təfəkkürdə,
düşüncədə inam və əqidədə yeniləşmə demək idi.
İslam
dini təkcə qılıncla yox, siyasətlə, ideologiya ilə, şüurlara təsirlə,
inandırma yolu ilə yayıldı. Bu yayılma müəyyən müddət türk dilinin
sıxışdırılması, fars və ərəb dilinin yayılması idi. Yalnız XV-XVI
əsrlərdən başlayaraq yenidən türk dili ədəbiyyata, mədəniyyətə qayıtmağa
başladı. Xətai, Füzuli kimi böyük şairlər yetişdi. Aşıq şeri inkişaf
etdi. Bu, xalqın təfəkkürünün, oyanışının, şüurunun yeni dövrü idi. Xalq
fars, ərəb təsirindən qurtulub, kökünə qayıtmaq istəyirdi. Bu, yeni
qayıdış idi. Artıq bu dövrdə qədim türklərdəki adət-ənənələr, qadın
sərbəstliyi, inamlar dəyişmişdi. Əgər islam dini ərəblərə inkişaf, qadın
hüququ, cəhalətdən qurtarmaq imkanı vermişdisə, qədim türklərin bir çox
sərbəstliyi, azadlığı buxovlanmışdı.
İslam
dininin Azərbaycana gəlişi ilə burada ərəb, fars, türk və digər etnos
və xalqların dünyagörüşü, mədəniyyəti, adət-ənənələrinin sintezindən
yeni mədəniyyət, yeni təfəkkür yaranmağa başladı. Farsların ədəbiyyatı,
ərəblərin fəlsəfəsi, türklərin ictimai-siyasi, sosial-iqtisadi
təfəkküründən, adət-ənənələrindən yeni dünyagörüşü yarandı.
Şəxsiyyətin
formalaşmasında orta əsrlərdən başlayaraq tərbiyə ön plana keçdi. Şair,
filosof, mütəfəkkirlərin əsərlərində nəsihətçilik əsas yer tutdu.
Mənəviyyat məsələləri önə keçdi. Yalnız mənəviyyat, maddidən imtina
çağırışları öz təsirini göstərdi. Maddiliyin ikinci olması maddiyə maraq
və tələbatı artırdı. Lakin bu, aşkar deyil, gizli mahiyyət daşıdı. Ona
görə də deyilirdi: «Vaiz özü lüm-lüm udur batində, ancaq zahirdə dediyi
mənaya bir bax».
Bu
mənada məşhur hind filosofu Vivekananda gözəl deyib: «Şərqin
heyrətamiz ruhi nailiyyətlərini Qərbin eyni dərəcədə heyrətamiz maddi
nailiyyətləri ilə bölüşdürmək lazımdır».
Müxtəlif
dövrləri, ictimai tarixi şəraiti öyrənən əksər tədqiqatçılar konkret
tarixi şəraitdə yaşayan insanların dünyagörüşü, şəxsiyyəti və
mənəviyyatını tədqiq edərkən həmin dövrün insanlarının psixologiyasının
öyrənilməsini vacib şərt kimi irəli sürmüşlər. Belə yanaşmanın
səmərəliliyi bir də ondadır ki, hər bir konkret dövr həyat tərzi,
mənəvi dəyərləri baxımından bənzərsiz, təkrarolunmazdır. Bütün bunlar
isə insana özünün təsirini göstərir, ictimai-tarixi şəraitə uyğun
şəxsiyyətlər formalaşdırır.
Məlumdur
ki, qədim dövrün insanlarının daxili dünyası, xarakteri, maraqları,
tələbatı orta əsrlərin və müasir dövrün adamlarından fərqli olmuşdur.
Əlbəttə,
biz bu fərqləri heç də bütləşdirmək istəmirik. Bu fikri qəbul edirik
ki, adət-ənənə, tarixi və mədəni nailiyyətlər nəsildən-nəslə keçərək
eyni millətə, xalqa, coğrafi məkana məxsus insanlarda əsrlər boyu davam
edən oxşar xarakterli, dünyagörüşlü, uyğun psixoloji tipli
şəxsiyyətlər də formalaşdırır.
Nizami,
Xəqani, Nəsimi, Füzuli və digər mütəfəkkirlərin yaradıcılığında həm
qədim türk, həm də islam dəyərləri bir tərəfdən qovuşmuş, vəhdətdə
götürülmüş, digər tərəfdən ziddiyət təşkil etmişdir.
Nizami
şeyxdir, islamın tədqiqatçısıdır. Əsərlərini fars dilində yazıb. Amma
mənşəcə, xaraktercə türkdür. O, əsərlərində 350-dən artıq türk adı
işlədib. Türkə xas olan keyfiyyətləri onun kimi dəqiq heç kim göstərə
bilməyib. O, türkçülüyün əsl təbliğatçısı olub, bütün yaxşı keyfiyətləri
onun adı ilə bağlayıb. Lakin onun özü də etiraf edir ki, bir çox
hallarda nə qədər axtarsa da, müəyyən qənaətə gəlməkdə çətinlik çəkib:
Nə qədər oraya at çapsam da mən,
Bir xəbər gətirmək gəlmir əlimdən.
deyir.
Professor
Ə.S.Bayramov yazır: «Nəsiminin təbliğ etdiyi fikir və mülahizələr,
görüşlər isə o dövrün hakim islam dini ideyalarının tamamilə əksinə
olmuşdur. Buna görə də onun şerlərini oxuyanlar belə ölüm təhlükəsinə
məruz qalmışlar».
Orta
əsrlərdə, o cümlədən 1613-cü ildə Şah Abbasın (1587-1629) Osmanlılara
qalib gəlməsindən sonra Qafqazdan İrana xeyli əhali köçürüldü. Təbrizdən
xeyli əhali İsfahana gətirildi. Belə yerdəyişmələr, təbii ki, o dövrün
adamlarının dünyagörüşünə təsir edir, adət-ənənələri dəyişdirirdi.
Orta
əsrləri Şərqin intibah dövrü də adlandırırlar. Bu dövrdə Bağdadda,
Dəməşqdə, Qahirədə və digər şəhərlərdə yeni-yeni elm ocaqları yaradıldı.
Elmin müxtəlif sahələrində nailiyyətlər qazanıldı, görkəmli
şəxsiyyətlər yetişdi.
Bu
dövrdə ərəb və fars dili, adət-ənənəsi yuxarı dairələrdə, ədəbiyyatda
geniş yayılsa da, sadə xalq arasında türk dili, türk ənənəsi qorunub
saxlanılırdı. Azərbaycan xalqının psixologiyası da məhz bu zəmində
formalaşırdı.
XVIII
əsrin sonları – XIX əsrin əvvəllərində belə mürəkkəblik, ziddiyyət,
dolaşıqlıq azmış kimi, dini, düşüncəsi, həyat tərzi tamamilə fərqli olan
ruslar Azərbaycana daxil olur. Psixoloji fikrin ikinci mərhələsi başa
çatır, üçüncü mərhələ başlayır. Formalaşmış bir çox keyfiyyətlər,
xüsusiyyətlər dəyişir. Yeni tip məktəblər açılır. Bir çox mütəfəkkirlər
yeni mühitin yaratdığı adamlar oldu. Formalaşmış xüsusiyyətlərlə yeni
arasındakı ziddiyyət tədricən yeninin yayılması, güclənməsi ilə
nəticələndi.
XIX
əsrin sonlarına doğru Azərbaycanda maarif, mədəniyyət inkişaf edir,
ziyalılar nəsli yetişirdi. Çar Rusiyasından Azərbaycana sürgünlər
edilir, vəzifə borcu ilə bağlı çinovniklər gəlir, digər tərəfdən
Rusiyada təhsil alanlar, qulluq edənlərin sayı artırdı. A.Bakıxanov,
M.F.Axundov, N.Vəzirov, H.Zərdabi və başqaları elmə, mədəniyyətə,
dövrə, zamana uyğun, əvvəlkilərdən fərqli, həm də köhnəliyi, fanatizmi
tənqid edən əsərlər yaratmaqla bərabər milli, bəşəri hisslərin
formalaşması üçün əllərindən gələni edirdilər.
M.F.Axundovun
1850-1855-ci illər arasında yazdığı pyeslər nəinki Azərbaycanda,
bütövlükdə Şərqdə yeni bir hadisə idi. Orta əsrlərdə qəzəl janrı necə
məşhur idisə, geniş yayılmışdısa, Axundovdan sonra dram janrları da XIX
əsrin ikinci yarısında eləcə geniş yayılmışdı, xalqın maariflənməsində
əvəzsiz rol oynamışdı.
XIX
əsrin ikinci yarısında - 1875-ci ildə «Əkinçi» qəzetinin nəşrinə
başlanması böyük, əhəmiyyətli hadisə idi. Bu qəzet Azərbaycanda
maarifin, mədəniyyətin, elmin inkişafında önəmli yer tutur. Qəzetin
yaradıcısı Həsən bəy Zərdabi nəinki həmin dövrün, eləcə də sonrakı
dövrlərin, bundan sonrakı zamanın ən böyük maarifçisi, ziyalısı olaraq
qalacaq.
Bu
dövrdə diqqəti cəlb edən digər bir məsələ isə teatr tamaşalarının
göstərilməsi ilə bağlıdır. Oxumağı, yazmağı bacarmayan xalq məhz bu
tamaşalar vasitəsilə öz hüquq və azadlıqlarını başa düşür, tədricən
onun uğrunda mubarizəyə hazırlaşırdılar.
Azərbaycanda
neft sənayesinin sürətli inkişafı da psixoloji fikrin inkişafına öz
təsirini göstərirdi. Bakı Şərqlə Qərbin, şərq mədəniyyəti ilə qərb
mədəniyyətinin qovuşduğu mərkəzə çevrilirdi. Bura həm Şərqdən, həm
Rusiyadan, həm də Avropadan insanlar gəlir, iş qurur, işləyir, yaşayır,
şəhəri zənginləşdirirdilər.
Bir
tərəfdən sənayenin tələbatını ödəyən işçilərin hazırlanması üçün
məktəblər açılır, təhsil almaq üçün başqa ölkələrə tələbələr göndərilir,
mətbuat yaranır, digər tərəfdən qadın hüquqları, şəxsiyyət azadlıqları
tapdanırdı. Ona görə də Azərbaycanda maarifçilik hərəkatı genişlənməyə
başladı. Bir tərəfdə xalqın inkişafını həyat tərzinin kəskin şəkildə
dəyişməsində görənlər, cəhaləti, avamlığı tənqid edənlər, digər tərəfdə
isə təkamülü, tədrici inkişafı, maariflənməni çıxış yolu kimi görənlər,
bu yolda çalışanlar meydana gəldi.
Elə
buna görə də XX əsrin əvvəllərini Azərbaycanın yeni bir intibah dövrü
hesab edirlər. Məhz bu dövrdə çoxsaylı mətbuat orqanı, Şərqdə ilk teatr,
opera sənəti yarandı. Xalqın həyat tərzi, düşüncə və təfəkküründə,
adət-ənənələrində böyük dəyişiklik baş verdi.
XIX
əsrin sonuna yaxın köhnəlik tədricən özünün süqutuna yaxınlaşdı.
Məişətdən tutmuş həyat və fəaliyyətin bütün sahələrində əvvəlki davranış
formaları nadanlıq hesab edilməyə, tifaqlar dağılmağa, münasibətlər
başqa şəkil almağa başladı, adət-ənənələr dəyişdi. Hacı həsən ağalar,
şeyx nəsrullahlar, xudayar bəylər, məşədi ibadlar sırasından
fəxrəddinlər, kefli isgəndərlər, şamxallar ayrılmağa başladılar.
İsmayıl Şıxlının «Dəli Kür» əsərində bu dövrün bütün çalarları,
ziddiyyətləri əks olunub. Məhz bu dövrdən başlayaraq özündə qədim
türklərin qanını, mərdliyini, kişiliyini daşıyan cahandar ağaların da
məhvi başladı.
Böyük
Oktyabrın qələbəsindən sonra SSRİ adlanan məkanda bir sistem yarandı.
«Öyünərsə, ər öyünsün, aslandı, öyünmək qadınlara böhtandı» deyən
qədim türk qadınlarını sevillər, almazlar, həyatlar əvəz etdi. Bu,
Azərbaycanda psixoloji fikrin dördüncü mərhələsi idi. Doğrudur,
beyrəklər, qaraca çobanlar da balaşlarla, məmmədəlilərlə əvəz olunmuşdu.
Elə
buradaca qeyd etmək istərdik ki, görkəmli dramaturq Cəfər Cabbarlı bu
dəyişikliyi dahiyanə bir şəkildə təsvir etmişdi. Baş verən dəyişiklikdə
nəyin yaxşı, nəyin pis olduğunu söyləmək də çətindir. Banıçiçək də,
Burla xatun da, Selcan xatun da azaddır, sərbəstdir. Almaz da, Həyat da,
Şərəbanı da azaddır, sərbəstdir. Lakin bu, tamamilə bir-birinə yad,
fərqli azadlıqlardır.
Beləliklə,
yeni insanlar, yeni həyat, yeni düşüncə tərzi yarandı. Yeniləşə
bilməyənlər məhv oldu, həbs edildi. Elə bu səbəbdən də 50-ci illərdən
sonra həyatın bütün sahələrində öz sözü olmayan, laqeyd insanların sayı
artdı. Hətta elçi gedəndə də, qız istəyəndə də, işə götürəndə də belə
dedilər: «Üzüyola, sakit, quzu kimidir».
Əlbəttə,
sovet sistemi yalnız mənfiliklərdən ibarət deyil. Ölkədə savadsızlıq
kütləvi şəkildə ləğv edildi, savadsız insan qalmadı. Məktəblər,
xəstəxanalar, klublar, kitabxanalar açıldı. Elm və təhsil sürətlə
inkişaf etməyə başladı.
Milli
Konservatoriya fəaliyyətə başladı. Q.Qarayev, C.Hacıyev, F.Əmirov,
S.Hacıbəyov, A.Məlikov, T.Quliyev və digər dünya şöhrətli
bəstəkarlarımız yetişdi. Niyazi kimi dünyanın ən tanınmış
dirijorlarından biri yaşadı, yaratdı. M.Abdullayev, S.Bəhlulzadə,
T.Nərimanbəyov və digər rəssamlarımız fəaliyyət göstərdi. Kino sənəti
yarandı və inkişaf etdi. Üzeyir Hacıbəyov-, Müslüm Moqamayev dünya
şöhrətli əsərləri yaratmaqda davam etdilər. Yeni şair və yazaçılar,
dramaturqlar: S.Vurğun, S.Rüstəm, M.İbrahimov, S.Rəhimov, İ.Əfəndiyev,
S.Rəhman, R.Rza, M.Hüseyn və onlarla digərləri yazıb yaratdılar.
Onlarla teatr fəaliyyət göstərdi. Elmlər Akademiyası yaradıldı. Ölkə başdanbaşa elektrikləşdirildi və s.
Bütün bunlar məhz sovet hakimiyyəti illərində Azərbaycanın, Azərbaycan xalqının böyük, tarixi uğurları idi.
XX
əsrin sonlarında – 1991-ci ildə SSRİ dağıldı. Yeni müstəqil
dövlətlər yarandı. Azərbaycan xalqı da əsrlər boyu arzuladığı,
uğrunda mübarizə apardığı müstəqilliyi 1991-ci il oktyabr ayının 18-də
elan etdi. Bununla da ölkəmizin, xalqımızın həyatında yeni bir mərhələ
– müstəqillik, suverenlik mərhələsi başladı.
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq! Yaşa ey sevgili millət, yaşa, var ol!