Aqressiya

Müəllif: Svetoklana
Şərhlər: 6
Baxılıb: 2098
Səs ver:
(səs: 4)
Aqressiya həyatı çətinləşdirən bir hiss olsa da, insan hər zaman onu öz iradəsi altına almağı bacarmır. Nəticədə haqlı olduğu məqamlarda haqsız vəziyyətə düşmək, digər insanlar arasında qaraqabaq və hirsli biri kimi tanınmaq, insanların ünsiyyət çevrəsindən uzaqda qalmaq qaçılmaz olur.  Aqressiv insanlar bəzən başqaları tərəfindən "partlayan bomba" təəssüratı yaradır və onlarla söhbət etmək istəyənlər demək olar ki, çəkinir. Söhbətə meyl etmir. Bu cür insanlar bir müddət sonra aqressiyaları ilə baş-başa qalır, partlamağa adam tapmadıqları üçün artıq normal hərəkət və hadisələrə qarşı aqressiv çıxışa başlayırlar. Zaman keçdikcə tamamilə dözülməz insan olan aqressivlərin tənha qalması, depresiyaya düşməsi isə an məsələsi olur.
Aqressiya sadəcə insanın özünə ziyan vermir. Eyni zamanda, qarşındakı insanın qırılmasına, münasibətlərin korlanmasına, kütlə arasında seçilib barmaqla göstərilməyə də səbəb olur. İnsan sağlamlığını, bununla yanaşı iş qabiliyyətini zəiflədən aqressiya əslində idarə olunandır. Lakin bunun üçün insan bir növ çalışmalı, özü bunu istəməlidir.
Aqressiya kənardan adi bir əsəb kimi görünsə də, əslində insanın sağlamlığına ciddi ziyan vurur. İlbəil daha da şiddətlənən və davam edən bu hissin nəticəsi olaraq insanda yuxusuzluq, unutqanlıq, normadan artıq qida qəbul etmək və ya tamamilə qidadan kəsilmək, diqqət pozğunluğu, iş və dərs performansının zəifləməsi yaranır. Zehni zərbələrlə yanaşı fizioloji zərbələr də var ki, bunlar da təzyiqin qalxması, nəbzin sürətli vurması, ağır nəfəs ala bilmək, əzələ ağrıları, baş və boyun ağrılarıdır. Aqressiya eyni zamanda davranış pozğunluqları da meydana gətirir. Siqaret çəkən insanların siqareti daha da artırması, içkiyə qurşanması, hirsini soyutmaq üçün müxtəlif dərmanların istifadəsi, ətrafındakı insanlara qarşı qeyri-ixtiyari kobud və qırıcı olmaq da aqressiyanın verdiyi nəticələrdəndir.
Psixoloq Emil Behrudinin sözlərinə görə, insan aqressiyasını özü idarə edə bilər. Yetər ki, o, aqressiv olduğunun fərqində olsun və onunla mübarizə aparmaq istəsin. Əgər insan öz aqressivliyini hiss etmirsə, ona "çox aqressivsən" demək heç bir işə yaramayacaq: "Aqressiv insanların əksəriyyəti qərarsızdır. Onlar hadisəyəmi, yoxsa hadisənin nəticəsinəmi aqressivdirlər, bunu aydınlaşdıra bilmirlər. Bəlkə də aqressiv davrandıqları, fikir yürütdükləri hər hansı bir məsələ heç də onları qıcıqlandırmır. Səbəb tamamilə başqadır və bunu özləri belə bilmirlər. Aqressiyanı idarə edə bilməməyin səbəblərindən biri də günahı özündə görə bilməməkdir. Demək olar ki, bütün kəskin aqressiv olan insanlar səbəbi başqalarında, ikiüzlü dostlarında, yalan deyən qohumlarında, səhv hərəkət edən çevrəsində görür. Lakin unutmayaq ki, heç kim insana sən əsəbləş, aqressiv ol deyə təzyiq göstərmir. Hər hansı bir hadisəyə normadan artıq reaksiya veririksə, əsib-coşuruqsa, bu, bizim seçimimizdir və biz özümüzə təlqin edə bilərik ki, sakit olmaq, bu məsələyə başqa prizmadan yanaşmaq olar. Əksər insanlar aqressiyanı boğmağı susmaq, haqqının tapdalanmasına izin vermək, göz görə-görə haqqı nahaqqın ayağına verilməsinə izn vermək kimi başa düşür, halbuki aqressiyanı boğmaq bu deyil. Fikrini və sözünü demək, lakin deyərkən seçilən sözlərə, səs tonuna diqqət yetirməkdir. Belə olan halda insanın dediyi daha çox diqqətə alınır, insan özü dediyi kəlmələrin ağırlığını və mənasını dərk edir, qarşı tərəfə sakit bir tonla müracət etmək daha effektli olur".
Psixoloq deyir ki, aqressiv insanların ən çox yaxınlarını incitdikləri də bir faktdir. Belə insanlar iş mühitində sakit olduqları halda o günün bütün aqressiyasını evə gətirib ən yaxınlarına qarşı silah kimi istifadə etmək aqressivlərin çoxunda görülən bir haldır: "Çox belə insanla qarşılaşmışam, hansı ki, valideyni övladının dikbaşlığından, yersiz aqressiyasından əsəbləşir, amma uşaq mühiti dəyişən kimi tamamilə yenilənir, sakitləşir. Bu, yaşından asılı olmayaraq bütün insanlara aiddir" deyən həmsöhbətimizin sözlərinə görə, buna görə, aqressiv insanlarla münasibət qurmaq da olduqca çətinləşir. Onların hansı mühitdə necə davranacaqlarını bilmək çox çətin olur. İnsan əsəbi olduğu zaman orqanizmin işləmə mexanizmi tamamilə dəyişir. Düşünmə, qərar vermə, mühakimə etmə qabiliyyəti tamamilə dəyişir. "Buna görə, aqressiv insanlar sakitləşdiyi zaman aqresiyasından geriyə utanc və peşmanlıq duyğuları qalır. Əsəbi insanın əsəbinə əsəblə cavab vermək vəziyyəti daha da gərginləşdirir. Belə olan halda aqressiv insanın sonradan utanc və ya peşmanlıq keçirməsi üçün heç bir səbəb qalmır. Halbuki insanın özünü idarə edə bilməsi, aqresiyasını idarə altına ala bilməsi üçün onun aqresiyasının boşa olduğunu göstərmək lazımdır. Əsəbləşdiyində qarşısında susaraq, dediyi bütün acı kəlmələrə cavab qaytarmayaraq, hərəkətlərindən asılı olmayaraq yenə də ona hər zamanki kimi davranaraq o insanlarda utanc yaratmaq ən doğru yoldur".
Aqressiv insanlar əsəbləri yerində olanlara nisbətən hadisəni ikiqat gec və çətin qavrayırlar. Belə olan halda, onların da hadisənin məğzini düzgün başa düşməsi üçün zaman vermək lazımdır. Haqlı olduğunuz halda bu haqlılığı davamlı ona göstərmək problemi çözsə də bir müddət sonra mübahisə yenidən baş qaldıracaq. Vacib olan aqressiv insanlarla ünsiyyət zamanı haqlı çıxmaq deyil, onları da haqlı olduğunuza sakit bir formada inandırmaqdır.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 2098
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri