Psixoloq: "Gözəl olmaq çətin deyil"

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 4 837
Səs ver:
(səs: 0)
Kişilər gözləri ilə sevir. Bu, məşhur deyimi, yəqin ki, eşitmisiniz. Bəs bu, niyə baş verir?
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, qadınlar rənglərə, kişilər isə bədən və üz cizgilərinin quruluşuna fikir verirlər: "Lakin rənglər onların yadında qalmır. Nisbətən əlvan rəngləri yadda saxlaya bilərlər. Xanımların isə rəng ahəngi yaddaşlarına həkk olur. Nə qədər qəribə olsa da, əksər qadınlar ilk görüşdən sonra kişinin üz cizgilərini xatırlaya bilmirlər. Səs, danışıq tərzi, dediyi ifadələr, davranış isə yadda qalır".

Kişi qəlblərinin sahibəsi
A.Qurbanova izah edir ki, kişilər gözəl qadınları sevir və onların nazı ilə oynayır: "Gözəlliyə isə gümrah, şən, sağlam, çalışqan qadınlar nail ola bilirlər. Tənbəl, bədbin qadınların gözəl görünməyə, özlərini səliqəyə salmağa həvəsləri olmur. Demək, belə qadınlar həyat yoldaşına, uşaqlara, qayınana və kişinin digər qohumlarına da pis baxacaq, evin səliqəsinə fikir verməyəcəklər. Ağıllı kişi anlayır ki, baxımlı qadınla yaşadıqda onun evi səliqəli, üst-başı təmiz, yeməyi dadlı, həyatı xoşbəxt olacaq. Tənbəl və pinti qadınla əksinə. Belə qadınlar evdə cırıq xalatla gəzir, süfrəni bəzəmir, yeməyi dadlı alınsa belə, görünüşü iştah gətirmir. Çox tənbəl olanları isə yağlı, pırtlaşıq saçlar, ləkəli, əzik paltar, soğan iyi verən əllərlə həyat yoldaşlarına qulluq edirlər. Bayram günlərində belə, süfrəni güclə bəzəyir, özlərini qaydaya salırlar".

Psixoloqun dediyinə görə, gözəl qadınlar tərəfindən kişi arzuladığı kimi sevilir: "Belə ki, qadın məhz kişinin sevgisinə, diqqətinə nail olmaq üçün gözəl görsənməyə can atır. Gözəl qadın kişini sevməyə, onun qayğısına qalmağa, onun arzularını yerinə yetirməyə qadirdir. O, sevgiyə biganə yanaşmır".
Alimlər müəyyən edib ki, qəzəb, kin, paxıllıq kimi hisslər qadını eybəcərləşdirir, tez yaşlanmasına səbəb olur. Şən, mehriban insanlar isə daha yaraşıqlı olurlar. Bu səbəbdən də gözəllərin xasiyyəti də yaxşıdır. Gözəllər həyat sevərliyi, şən olması ilə də kişiləri cəlb edirlər. Belə qadınlar kişilərə maraqlı gəlir. Adətən gözəl qadınlar hər bir işlərini gözəl və yaxşı yerinə yetirməyə çalışırlar. Nəyisə pis edə biləcəkləri, nəyinsə gözəl olmaması onlar üçün kompleksə çevrilir".

Qadından qorxan kişilər
Psixoloq bildirir ki, əslində kişilər qadınlardan... qorxurlar: "Bu qorxu uşaqlıqdan yaranıb. Qadın obrazı kişilərin yaddaşında onları hansısa hərəkətlərinə görə danlayan və ya tərifləyən ana kimi qalıb. Bu səbəbdən də kişilər qadın onları tərifləyəndə xoşlarına gəlir. Gözəl qadınlar kişiləri cəlb etsə də, onlara qarşı qorxu hiss edir, gözəl qadına uyğun gəlməyəcəyini düşünür, öz güclərinə inanmırlar. Həm də qadınların cəzbedici geyinməsi onun temperamentli olmasına işarədir. Kişilər belə qadın tərəfindən rədd cavabını almaqdan, təhqir olunmaqdan, hətta onlara gülünc görsənməkdən ehtiyat edirlər. Ona görə də bir qrup kişilərin nəzərə çarpan makiyaj edən, dar geyinən, sərbəst tərzdə davranan xanımlardan xoşları gəlmir".
Müsahibim deyir ki, kişinin qadından çox xoşu gəldiyi üçün onunla münasibət qurmağa çətinlik çəkir: "Bəzən kişilər bunun mümkün olmadığını düşünürlər. Çox vaxt rədd cavabı almaqdan, tərk edilməkdən qorxaraq kişilər sadə qadınlara üstünlük verirlər. Bu səbəbdən də gözəl, sərbəst, güclü, həyatda özünü təsdiq edən xanımlar arasında tənha qalanlar az deyil".

Gözəl, yoxsa ağıllı?
Elə çirkin və ya sadəcə özünə baxmayan sadə qadınlar var ki, yoldaşları yaraşıqlı və yaxşı qazanandır. Xüsusilə də belə hallar tənha, işində də istədiyi uğura nail olmayan gözəlləri düşündürür. Axı o gözəldir və istənilən kişini dəli edə bilər. O, təpədən dırnağa qədər səliqəli, zövqlü geyinib, gözəlliyinə Ancelina Coli də paxıllıq edər. Amma onun Bred Pitti və milyonları yoxdur. Artıq yaşı da keçir. Niyə axı belə olur?
Psixoloq A.Qurbanova hesab edir ki, gözəl olmaq təsirsiz ötüşmür: "Bəziləri öz gözəlliyinə o qədər aludə olur ki, ağlını itirir. Onlar əmindirlər ki, istənilən kişi onlar ilə ailə quracaq, nazı ilə oynayacaq. Tanışları ilə kobud da rəftar edə bilər, işə gecikə, tapşırıqları yerinə yetirməyə də bilər. Axı o, gözəldir. Hamı onun ayağının altına düşməli, hamı ona yalvarmalıdır. Belələri düşünür ki, çox varlı, məşhur və cazibədar adamla ailə həyatı quracaq. Onun nişan üzüyünün qaşı digərlərinkindən böyük olmalıdır. Sirkonium və ya başqa şüşələrdən söz belə gedə bilməz. O, tələblərinə cavab verməyənlərə amansızcasına rədd cavabı verir. Nəticədə yaş keçir. Gözəllik və təravət də. Artıq əks cinsin nümayəndələri onunla maraqlanmır, nə ailəsi, nə də normal işi var. Plastik əməliyyat etmək arzusunda olsa da, bunun üçün maddi imkanı da olmur".

Həmsöhbətim deyir ki, müəyyən kişilər gözləri ilə sevsələr də, həyat yoldaşını ağlı ilə seçirlər. "Onlar düşünürlər ki, gözəl xanımları nəsə qane etmədikdə asanlıqla ailəni dağıda bilərlər. Onlar özləri ilə maraqlanır, həyat yodaşlarına, uşaqlarına vaxt ayırmırlar. Gözəllər müvəqqəti münasibətə daha uyğundurlar. Yaxşı həyat yoldaşı onlardan alınmaz", - deyən psixoloq gözəllərin çox nazlı olduğunu bildirir: "Onlar gözəl olduqları üçün daha yaxşı həyata layiq olduqlarını düşünürlər. Bu hiss də onları bədbəxt edir. Kişiyə qarşı çox tələbkar olurlar. Gözəl qadınlarla başqa kişilər daha çox maraqlanır. Bu da həyat yoldaşını qısqandırır".
Psixoloq diqqətə çatdırır ki, gözəllər daha çox pul xərcləyirlər. "Gözəllik müvəqqəti xoşbəxtlikdir. Onu qorumaq üçün xanımlar bahalı salonlara gedir, kosmetik vasitələr, selikon, kollagen inyeksiyaları, bəzi hallarda plastik əməliyyatlara da üz tuturlar".

Gözəl olmaq çətin deyil

Vizajist Samirə Ələkbərli nin sözlərinə görə, gözəl olmaq üçün düzgün həyat tərzi sürmək lazımdır. "Təmiz havada olmaq, düzgün qidalanmaq, vaxtında və 8 saata yaxın yatmaq, idmanla məşğul olmaq, çoxlu maye qəbul etmək gözəl görsənmək üçün əsas amillərdəndir. Bundan başqa, üz, bədən və saçlara qulluq üçün kosmetik vasitələr satılır. Onlar da köməyinizə gələ bilər. Eləcə də baxımlı və gözəl görsənmək üçün makiyajdan da istifadə etmək olar", - deyən vizajist əlavə edir ki, makiyaja başlamazdan əvvəl üzün dərisi təmizlənməlidir: "Tonal krem dərinizi hamarlaşdıracaq. Dəridəki qüsurları isə korrektor qələmlə gizlədə bilərsiz. Parıltılı dodaq boyası dodaqları həcmli, kipriklər üçün tuş baxışı mənalı, ənlik üzü təravətli göstərəcək. Lakin makiyajdan ifrat dərəcədə istifadə etməyin".
Psixoloq A.Qurbanova isə məsləhət görür ki, müsbət fikirlərlə yaşayın: "Gözəl olmaq çətin deyil. Bunun üçün xırda gözəlliklərdən belə zövq almağa çalışın. Misal üçün, quşların oxumasına sevinin, gecə ulduzları seyr edin. Ətrafdakılara mehriban yanaşın. Sizin müsbət auranız, enerjiniz zahirən gözəl olmasanız belə, başqalarını özünə çəkəcək. Həm də xarici gözəllik heç vaxt daxili, həqiqi gözəlliyi əvəz edə bilməz. Bunu dəyərləndirməyən adam üçün heç gözəl görsənməyə də dəyməz"
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 837
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri