Biz niyə heç kəsi bəyənmirik...

Müəllif: Son Bahar
Şərhlər: 0
Baxılıb: 1 777
Səs ver:
(səs: 1)
Biz niyə heç kəsi bəyənmirik...
Psixologiyada eqoizmə meylli olan insanların adətən, özlərini cəmiyyətdə təsdiq edə bilməyən kəsim olduğunu bildirirlər. Belə ki, arzuladığı, varmaq istədiyi iddiasının yanında ola bilməyən insan reallıqla barışmaq əvəzinə, özünü birbaşa çata bilmədiyi iddianın yanında - xəyali mərhələdə hiss edir. Bu, artıq psixoloji asılılıqdır. Özünü böyük görmək xəstəliyi sayılan meqalomaniya da buradan meydana çıxır. Doğrudur, həyatda öz yerini tutmuş, kifayət qədər zirvələr fəth etmiş və nüfuzlu mövqe sahibi olan insanlarda da eqoizm və başqasını bəyənməmək halları var. Bu cür insanlar bəzən, ətrafa yuxarıdan aşağı baxır, insanları bəyənməmək kompleksindən çıxa bilmirlər.
Sadaladığımız hər iki situasiya təbii ki, doğru deyil. Hər iki halda fərdin mənəvi aşınması sürətlə baş verir. Təəssüflər olsun ki, bu gün cəmiyyətdə eqoizm meylləri və insanları bir-birilərini bəyənməmək kultu getdikcə güclənməkdədir. Bəs meylləri inkişaf etdirən səbəblər hansılardı? Ailem.az modern.az-a istinadən bu haqda yazını təqdim edir.

Sosioloq alim Əhməd Qəşəmoğlu açıqlamasında bunu insanların cəmiyyətdə üstünlük verdiyi dəyərlər sistemində görür. Sosioloqun fikrincə, maddi dəyərlər bir insanı başqa insandan fərqləndirir. Məhz bu səbəbdən fərd maddi mənada üstün olduğu şəxsi dəyərləndirmir, onun insani keyfiyyətini qiymətləndirmir: “Buna 3 amil çox ciddi təsir edir: birincisi, mühit. Yəni insanın ətrafındakılar, yaşadığı cəmiyyət onda bu kimi halları formalaşdıra bilir. Cəmiyyətdə gedən proseslər davranışa birbaşa təsir edir. İkinci əsas amil şəxsin, hər bir fərdin aldığı informasiyalardı. Üçüncüsü isə, fərdin üstünlük verdiyi dəyərlərdi. Biz hər hansı xoşagəlməz davranışların səbəblərini bu üç amildə görməliyik. Səbəbləri bu üç amildə axtaranda konkret nəticələr əldə edə bilirik. Təəssüf ki, mühitin, cəmiyyətin özündə hazırda bir gərginlik, insanlarda aşırı əsəbilik var. Cəmiyyətlə insanların ahəngi pozulub. Yəni hər kəs özünütəsdiq üçün, öz potensialını üzə çıxarmaq üçün vacib olan dəstəkləri tapa bilmir. Gəncin formalaşdığı mühitdə insanların bir-birinə qarşı belə qaba, kobud münasibətləri müşahidə olunur. Bu da təbii ki, həmin cəmiyyətdə yetişən gənclərə təsir edir.

Bu gün televiziya, sosial şəbəkə və başqa mənbələrdən aldığımız informasiyalar, əsasən, bizə psixoloji cəhətdən mənfi təsir edən bilgilərdi.
Ən ciddi səbəb isə bu gün üstünlük verdiyimiz dəyərlərdi. Hər hansı cəmiyyətdə maddi dəyərlər üstün olanda və mənəvi dəyərlərdən üstünlüyü aşkar sezildikdə, maddi dəyərlər mənəvi dəyərlərə təzyiq etdikdə o cəmiyyətdə gərginlik yaranır, mənəvi xaos meydana gəlir.
İşin başında mənəvi dəyərlərin korlanması gəlir. Çünki mənəvi dəyərlərin korlanması mühiti də, həmin mühitdə dövr edən informasiyaları da məhv edir. Bu gün hər şeyin kökündə cəmiyyətdə üstünlük verilən dəyərlərdi. İnsanlar mənəvi dəyərlərə üstünlük verdikcə, özləri də bilmədən davranışlarında müsbət hallar get-gedə artır. Bir-birilərinə heç zaman yuxarıdan aşağı baxmır, kimisə aşağılamır, yalnız özlərini təsdiq etmək üçün yarışırlar. Lakin maddi dəyərlərə üstünlük verildikdə isə bunun tam əksi olan hallar baş verir. Maddiyyat mənəviyyata qalib gələndə cəmiyyət çirklənir. Ekoloji çirklənmə baş verəndə fikir vermisinizsə, meyvələrin, çiçəklərin üstü ləkələnir, məhsul çox qıt olur. Çünki qurd meyvələri içindən daha çox yeməyə başlayır. Eynən cəmiyyətdəki maddi kirlənmə də buna oxşayır. İnsanları içindəki qurd yeməyə başlayır. Eqoizm kompleksi, başqasını bəyənməmək zərurəti də buradan meydana çıxır.
Bunun əsas çıxış yolu cəmiyyətimiz üçün xüsusi davranış kodeksləri, dəyərlər meyarı hazırlamaqdır. Şəxsən mən bu sahənin mütəxəssisi kimi məmnuniyyətlə öz təkliflərimi verə bilərəm”.

Pedaqoq və şairə Kamalə Abıyeva məsələyə həm pedaqoji, həm də yaradıcı müstəvidən yanaşıb. Onun fikrincə, uşaq vaxtı özgüvəni zədələnən fərdlər getdikcə daha da eqoistləşir və onlarda heç kəsi bəyənməmək kompleksi yaranır: “Ümumiyyətlə, hər neqativin kökündə, yəni bünövrəsində cahilliyin yaratdığı düşüncə korluğudur. Konkret olaraq, eqodan danışsaq, burda əsas yanlışa kiçik yaşlarda yol verilir. Özgüvənin tərbiyəsi çox vacibdir. Uşaq rəsm çəkməyə meyllidir, amma istedadı yoxdu. Ona "bu nədi çəkirsən, bacarmırsan" demək yerinə, rəngli qələm, albom almaq lazımdır. Əgər "sən edə bilməzsən" dedinsə, özünəinamı zədələdin. Böyüdükcə o da bəyənməyəcək, nöqsan axtaracaq. Yəni özgüvəni zədəli olan uşaqlar eqoist olur. Ata-ananın qarşılıqlı münasibəti də buna təsir edir. İllərdi müşahidələrimdən, pedaqoji təcrübəmdən bu nəticəyə gəlmişəm. Belə özünə arxayın olmayan, inanmayan uşaqların ətrafa eqoist münasibəti olur və onlarla böyüyür, cəmiyyətə ötürülür. Uşaq müəlliminə də, ailəsinə də, yaşadığı cəmiyyətə, dövlətə də güvənməlidir. Bu yoxdursa, o həmişə narazıdır. Gərəksiz, yerli-yersiz təriflər nisbətən böyük yaşlarda - 13-15 yaşlardan eqoizmi gücləndirir. İndi özündən əvvəlki nəslin nümayəndələrini tənqid, əslində, təhqir edən cavan yazarlarımız var. Düşünürəm ki, öz istedadına güvənən biri belə etməz. Həm də özgüvən ayrı duyğudur, böyük duyğudur”.

Rejissor Mirsahib Ağazadə isə məsələyə sırf yaradıcı müstəvidən yanaşıb: “Mənə elə gəlir ki, bu, ilk növbədə, ümumi aqressiv mühitin təsiridi. Heç kim güzəştə getmək istəmir. Cəmiyyətdə özünütəsdiq eyforiyası var. Hamı tez bir zamanda nəyəsə nail olmaq istəyir. Bir anın içində karyera qurmaq, daha doğrusu heç karyera qurmaq da deyil, necə olur-olsun cəmiyyət tərəfindən tanınmaq, təsdiqlənmək istəyir. Təbii ki, bu da aşırı dərəcədə eqoizmə və özündən başqa hər kəsi ikinci planda görməyə səbəb olur. Bir də mən bunu həmişə deyirəm, biz millət olaraq başqa mədəniyyətlərə yarınmaqdan, özümüz kimi olmaq qorxusu, kompleksindən qurtulmasaq, bu eqoizm, aqressivlik və qeyri-müəyyənlik daha betər olacaq.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 1 777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri