Həkimlərin ümumi fikirinə görə, kolbasa və sosiska məhsullarını insan
sağlamlığı üçün xeyirli hesab etmək olmaz.
Bunun səbəbləri çoxdur. Hal hazırda bu məhsulların istehsalı zamanı
onlarla müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu maddələrin bir
hissəsi məhsulun dadını, digərləri rəngini və iyini insan üçün daha xoş
edir. Bundan əlavə məhsula lazım olan qatı konsistensiya vermək, onun
həcmini və saxlama müddətini artırmaq və s. məqsədlərlə müxtəlif kimyəvi
maddələr istifadə olunur. Bu kimyəvi maddələrin bir hissəsi orqanizm
üçün çox ziyanlıdır.
Belə ki, bütün kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium
nitriti) orqanizmdə güclü kanserogen təsirinə malik olan birləşmələr
(nitrozaminlər) əmələ gətirir. Nitratların kolbasada əsas "vəzifəsi"
məhsula xoşagəlimli xarici görünüş vermək və onun saxlanma müddətini
artırmaqdır. Beləliklə, tez-tez kolbasa məhsulları qəbul edən insanın
orqanizmində xərçəng hüceyrələrin əmələ gəlməsi prosesi sürətlənir.
Təbii ki, immun sistemimiz bu hüceyrələri daim zərərləşdirir. Lakin
immun sistemimiz müxtəlif səbəblərə (xəstəlik, stress və s.) görə
zəifləyə bilər ki, bunun nəticəsində "sağ qalmış" xərçəng hüceyrələri
çoxalaraq xərçəng şişini əmələ gətirə bilər.
Digər ziyanlı maddə fosfatlardır. Bu maddəni də bütün kolbasa-sosiska
məhsullarına əlavə edirlər. Fosfatlar kolbasaya "ətə" uyğun olan rəng və
lazım olan sıx konsistensiya verir. Kolbasanın rəngi lazım olandan daha
parlaq olduqda, bu o deməkdir ki, məhsulda fosfatların miqdarı olduca
çoxdur. Daim böyük dozalarda orqanizmə daxil olan fosfatlar orqanizmdə
kalsium və fosforun balansını pozur ki, nəticədə insanda osteoporoz
(sümüklərin kövrək olması) inkişaf edir.
Mütəxəssislərin rəyinə görə, hal hazırda ucuz kolbasa-sosiska növlərində
ət, demək olar, yoxdur. Belə məhsulların əsas hissəsini soya (paxlalı
bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz
təşkil edir. Bu kütləyə onu "ətə" bənzətmək üçün külli miqdarda kimyəvi
maddələr əlavə olunur. Nəticədə bizim sevimli kolbasamız alınır.
Soya genetik səviyyəsində modifikasiya olunmuş məhsuldur. Belə
məhsulların insan orqanizminə olan təsiri hələ ki tam öyrənilməyib və
çox ciddi müzakirə olunur. Alimlərin bir çox hissəsi belə məhsulları
insan orqanizmi üçün çox ziyanlı hesab edir.
Beləliklə, kolbasa və sosiska məhsulları sağlam qidaya aid etmək mümkün
deyil. Bu səbəbdən bu məhsulları rasiondan tam çıxartmaq və ya minimuma
çatdırmaq lazımdır.