Epilepsiya zamanı xalq təbabəti vasitələri - reseptlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 445
Səs ver:
(səs: 0)
Epilepsiya qədim tarixə malik və indiyədək tam müalicəsi tapılmayan xəstəliklərdən biridir.
Rəvayətlərə və tarixi mənbələrə görə, həmin xəstəlikdən bir çox məşhur şəxsiyyətlər, o cümlədən sərkərdə, siyasət və ədəbiyyat xadimləri əziyyət çəkmişlər. Onların sırasında Makedoniyalı İsgəndər, Yuli Sezar, görkəmli rus yazıçısı Fyodor Dostoyevski və başqaları da var. Bəlkə də elə buna görə də epilepsiyanı "müqəddəs" və ya "ilahi xəstəlik" adlandırırlar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hazırda dünyada epilepsiyanın yüngül və ağır formalarda 7 milyona yaxın daşıyıcısı var. Xəstəliyin meydana çıxmasında irsi amillər də böyük rol oynayır.
Epilepsiya beynin xronik xəstəliyidir, yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır. Xəstəlik zamanı beyin qabığının müəyyən bir sahəsində - epileptogen ocaqda neyronlar sinxron şəkildə oyanır.
Xəstəliyin səbəbləri sırasında kəllə-beyin travmaları, meningit, ensefalit, insult, dağınıq skleroz, alkoqolizm, narkomaniya, toksiki zob, qaraciyər xəstəlikləri, revmatizm, artıq miqdarda insulin qəbulu və kalsium çatışmazlığı daxil edilir.
Epileptik tutma xəstəliyin ən təhlükəli məqamı sayılır və xəstələrin 2/3-si 18 yaşına qədər ən azı bir dəfə onu keçirir. Yüngül hallarda xəstə ətraf mühitlə əlaqəni itirir, onun yanında olanlar bunu hiss etməyə bilir, xəstənin özü isə keçirdiyi halı xatırlamır. Ağır hallarda huşun itirilməsi ilə əzələlərın qıcolması başlayır, hətta dil qatlanması xəstənin ölümünə səbəb ola bilir. Bəzi xəstələrdə tutmadan əvvəl aura adlanan hal baş verir. Aura zamanı epileptik ocağın beynin hansı hissəsində yerləşməsindən asılı olaraq hərarətin yüksəlməsi, oyanıqlıq, narahatlıq, bəzən qəribə qoxuların duyulması və ya göz önüdə sayrışan işıqların gəlməsi kimi hallar yaranır. Xəstə çox vaxt arxası üstə yıxılır, başı arxaya əyilir, tənəffüs və qırtlaq əzələləri qıc olur, qıcolma tədricən üz, gövdə və ətrafların əzələlərinə yayılır. Bir müddət sonra tənəffüs dayanır, üzdə göyərmə və şişkinlik əmələ gəlir, göz bəbəkləri genəlir.
Belə hallarda xəstəyə mümkün qədər tez həkim yardımı göstərilməlidir. Epileptik tutma başlayanda xəstəni yıxılıb əzilməkdən qorumaq üçün bir qədər yumşaq yerdə uzatmaq, dilinin dişləri arasında qalıb kəsilməməsi üçün qaşığı dəsmala büküb çənəsinin arasında saxlamaq lazımdır.
Qıcolma keçəndən sonra xəstənin tənəffüsü yavaş-yavaş bərpa olunur. Əvvəlcə tənəffüs fasiləli və səthi olur, bir qədər sonra dərinləşir, nəhayət, öz ritmini bərpa edir, göyərmə və üzdə şişkinlik azalır. Spazmadan sonra xəstənin huşu müəyyən qədər pozulur, ətrafda olanlara reaksiya vermir, əzələləri süstləşir. Həmin vəziyyət 15-20 dəqiqə davam edəndən sonra xəstə yuxuya gedir. Oyanandan sonra xəstə ümumi əzginlik və zəiflik hiss edir, başağrısı olur.
SOS!
 
Epilepsiya xəstələrinə qadağandır:
- Çoxlu sərnişin olan ictimai nəqliyyata minmək;
- Əhalinin sıxlıq təşkil etdiyi qapalı məkanlarda qalmaq;
- Kompyüter və televizor qarşısında çox oturmaq, mobil telefonla çox danışmaq;
- Bəzi dərman preparatlarından – antihistaminlər, antidepressantlar, yod tərkibli dərmanlar və anestetiklərdən istifadə etmək.
 
Bəzi xalq təbabəti vasitələri epilepsiya zamanı istifadə oluna bilər:
 
- Pion kökü dəmləməsi
2 xörək qaşığı xırdalanmış pion kökü 3 stəkan qaynar suda 30 dəqiqə dəmlənir, gündə 3-4 dəfə yeməkdən bir neçə dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir.
 
- Yovşan kökünün kvasda dəmləməsi
2 xörək qaşığı xırdalanmış yovşan kökləri üzərinə 500 ml kvas əlavə edilərək 5 dəqiqə qaynadılır. Süzüləndən sonra gecə yatmazdan əvvəl isti halda içilir.
 
- Lavanda çiçəkləri
1 çay qaşığı quru lavanda çiçəkləri 1 stəkan suda 1-2 dəqiqə qaynadılır, ocaqdan götürülərək yarım saat dəmlənir. Dəmləmə 2 ay gecə yatmazdan əvvəl 1-2 xörək qaşığı qəbul edilir. Lavanda çiçəkləri ilə müalicəni 2 həftə fasilə verməklə ilboyu aparmaq olar.
 
- Qıcolma əleyhinə bitki qarışığı
Bərabər miqdarda damotu, adi yovşan, acı yovşan, qaraqınıq, yağıotu (kiprey), quşqonmaz, bulaqotu, bozaqgülü, meşə lərgəsi, dalamaz, xardal kökü, cəbrayılotu kökü və pion kökü qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı termosa tökülür, üzərinə 2 stəkan qaynar su əlavə edilərək gecə səhərədək dəmlənir, səhər süzülür. Gün ərzində hər dəfə yeməkdən əvvəl 3-4  dəfəyə içilir. Hər gün təzə dəmləmə hazırlanır.
 
- Qaraqınıq bişirməsi
1 xörək qaşığı quru ot 300 ml qaynar suda 15 dəqiqə dəmlənir, süzüləndən sonra gündə 3 dəfə yeməkdən əvvəl yarım stəkan qəbul edilir.
 
- Ağ öksəotu
Öksəotunun xırdalanmış budaq və meyvələrindən 1 xörək qaşığı 1 stəkan suda dəmlənir və gündə 3 dəfə 1 xörək qaşığı qəbul olunur.
25 qram xırdalanmış öskəotu 100 ml spirtdə 10 gün saxlanır və süzüləndən sonra gündə 3 dəfə 30 damcı qəbul edilir.
- Qatıqotu (dilqanadan) ilə müalicə
2 xörək qaşığı ot 2 stəkan qaynar suda 1 saat dəmlənərək süzülür, gündə 4 dəfə yarım stəkan qəbul edilir.
 
- Qaraqınıq otu ilə qarışıq
10 hissə qaraqınıq otuna 1 hissə pişikotu kökü, hərəsindən 3 hissə ladankolu və çobandüdüyü otu, hərəsindən 2 hissə cökə çiçəkləri, öksəotu, dağtərxunu çiçəkləri, bənövşə otu və dəmrovotu əlavə olunur. Qarışıqdan 2 xörək qaşığı 1 litr suda 10 dəqiqə vam ocaqda qaynadılır, süzüləndən sonra gündə 3 dəfə yarım stəkan qəbul edilir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri