Qıcolmalar zamanı ilk yardım

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 4 022
Səs ver:
(səs: 1)
 
Qıcolmalar – bədən əzələlərinin nəzarətsiz tutma şəklində yığılmasıdır. Bəs, qıcolma tutması hansı şəkildə baş verir?

Belə ki, bu zaman insan birdən-birə bir neçə saniyə ərzində sanki donub qalır, sonra göz qapaqları bağlanır və o yıxılır, daha sonra isə ətraf əzələləri yığılmağa başlayır. Bəzi hallarda isə əksinə olaraq insanın bədəni mil kimi dartılaraq gərginləşir. Adətən xəstənin ağzından xeyli köpük xaric olur, bəzən isə qusma da baş verir. Qıcolma tutmasının sonunda qeyri-ixtiyari sidik ifrazı da ola bilər. Qıcolma tutması xəstənin yuxuya getməsi ilə başa çatır. Yuxu bir neçə dəqiqədən bir günə qədər davam edə bilir. Bəzən xəstə özünə gəldikdən sonra özünü qeyri-adi aparır – buna da hazır olmaq lazımdır!

Kiçik uşaqlarda qıcolma tutmasının formalarından biri — huşun itirilməsi, bayılma, kəskin şəkildə əzginlik kimi əlamətlərlə meydana çıxır ki, bu zaman uşaq birdən-birə yumşalır və ətrafdakı hadisələrə heç bir reaksiya vermir.

Qıcolmaların ən böyük təhlükəsi ondan ibarətdir ki, bu zaman dilin qatlanması və ya qusuntu kütləsinin tənəffüs yoluna düşməsi tənəffüsün dayanmasına səbəb ola bilər. Tənəffüsün dayanmasının profilaktikası üçün, xəstəni sadəcə olaraq böyür üstə uzatmaq lazımdır. Zərərçəkənin ağzından onun dilini zorla çıxarmağa cəht etməyin! 

Qıcolmalar həm böyüklərdə həm də uşaqlarda təsadüf edilə bilər. 

Qıcolmalar aşağıdakı səbəblərdən baş verə bilər:
— bədən temperaturunun yüksək olması (febril qıcolmalar adlandırılır). Yüksək temperaturun fonunda olan qıcolmalara adətən uşaqlarda tez-tez rast gəlinir. Belə qıcolmaların qarşısını almaq üçün, uşaqlarda yüksək hərarəti vaxtında aşağı salmaq lazımdır;

— epilepsiya;

— meningit, ensefalit, beyin absesi, beyin şişi;

— başın travması;

— maddələr mübadiləsinin pozğunluqları – qanda kalsium, kalium, maqnezium elementlərinin azalması;

— tez-tez və uzun müddət ərzində baş verən ishal və qusmalar;

— bədənin həddindən artıq qızması;

— əsəbi uşaqlarda 6 aylığından 3 yaşınadək olan müddət ərzində istənilən güclü emosiya (qorxu, qəzəb, sevinc) qıcolmalara səbəb ola bilər.

Qıcolma zamanı yaranma səbəbindən asılı olmayaraq hər bir halda dərhal "təcili yardım” çağırmaq lazımdır. "Təcili yardım” həkimi gələnə qədər isə xəstəyə aşağıdakı ilk tibbi yardımları etmək olar:

— xəstəni böyür üstə düz səthə (döşəməyə) uzadaraq başının altına yastıq və ya mütəkkə qoyun və ya onun başını dizinizin üstünə qoyun;

— otağa təmiz hava daxil olmasına şərait yaradın (pəncərəni və ya nəfəsliyi açın), xəstəni sıxan paltarları (paltarın yaxasını, kəməri və s.) boşaldın;

— əllərinizlə və ya əlinizin altında olan vasitələrlə qıcolmaların qarşısını almağa, xəstənin ətraflarını düzləndirməyə cəht etməyin – bu ona zərər gətirə bilər;

— xəstəni mümkün qədər, ətrafında təhlükəli əşyalar az olan yerdə yerləşdirmək lazımdır. Tutma zamanı hər hansı bir əşyaya toxunaraq zədələnməməsi üçün xəstəyə diqqətlə nəzarət edin;

— qıcolmanın səbəbi yüksək temperatur olarsa, qıcolmalar qurtardıqdan sonra onu fiziki üsullarla və ya şam şəklində (uşaqlarda) olan dərmanla və ya iynə vurulması ilə endirməyə çalışın. Əgər xəstə huşsuz vəziyyətdə olarsa, onun ağzına sirop tökməyə və ya dərman içirtməyə cəhd etməyin – onlar tənəffüs yoluna düşə bilərlər ki, bu da çox qorxulu hal hesab olunur! 

— zərərçəkənin ağzı açıq olarsa, o istənilən an çənələrini birləşdirməklə dilini dişləyə bilər. Bunun baş verməməsi üçün onun dişləri arasına bükülmüş parça (burun dəsmalı, əl-üz dəsmalının bir ucu) qoymaq lazımdır. Əgər çənə artıq sıx bağlanmış olarsa, qəti şəkildə onu zorla açmaq olmaz – bu zaman xəstənin dişləri sına bilər və ya xəstə sizin barmağınızı dişləyə bilər.

Qıcolma tutması zamanı xəstə uşağı heç bir halda bir dəqiqə də olsa nəzarətsiz qoymaq olmaz!

Qıcolma tutmasından sonra həmin şəxs həkimlər tərəfindən diqqətlə müayinə olunmalıdır. Bəzi hallarda onun xəstəxanaya yerləşdirilməsi də tələb oluna bilər.

Qıcolma tutması olmuş uşaqların valideyinləri, bəzən belə hesab edirlər ki, bundan sonra uşaqda epilepsiya xəstəliyi inkişaf edəcək. Bir sıra tibbi statistik məlumatlara əsasən, qıcolma tutması keçirən uşaqların yalnız 2%-ində epilepsiya xəstəliyi inkişaf edir. Lakin qıcolma tutmasından sonra uşaq mütləq nevropatoloq tərəfindən müayinə olunmalıdır!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri