İtdirsəyi
Göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.
Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən
uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı,
dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s.
xəstəliklər fonunda baş verir.
Xəstəlik ilkin olaraq göz qapağı kənarında ağrılı nöqtənin əmələ gəlməsi
ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və
göz qapağı şişir. 2-3 gündən sonra göz qapağı kənarındakı şişkinlik
sahəsində sarı rəngli irinli "başcıq” əmələ gəlir və o deşildikdən sonra
içərisindən irin xaric olur. Əgər göz qapağında eyni zamanda əmələ
gəlmiş bir neçə itdirsəyinin birləşməsi baş verərsə, xəstənin ümumi
vəziyyəti ağırlaşır. Bu zaman xəstədə temperaturun yüksəlməsi, çənəaltı
və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər də yarana bilər.
Bu halda mütləq həkim-oftalmoloqa müraciət etmək lazımdır. Müalicə
antibiotiklərin köməyilə aparılır. İtdirsəyi tez-tez əmələ gəldiqdə
mütləq həkim-immunoloqa müraciət etmək lazımdır.
Formalaşmaqda olan irinciyin səthinə nöqtəvi şəkildə brilliyant yaşılı
("zelyonka”), yod və ya spirt vurmaq olar. Diqqətli olun ki, antiseptik
gözə düşməsin!
İrin əmələ qəldiqdə göz nahiyyəsinə isti bir şeyin (qrelka, içərisi isti
qum və ya duz ilə doldurulmuş kisəcik) qoyulması yaxşı effekt verir.
Dərman məhlulu ilə isladılmış pampıq və ya tənzif qoyulması məslət
görülmür! Heç bir halda irinciyi sıxmaq və ya deşmək olmaz! Bu halda
infeksiya gözə yayıla bilər!
İtdirsəyi müalicəsi zamanı adətən tetrasiklin və ya eritromisin
məlhəmindən, 20%-li sulfasil-natrium (albusid) və ya digər müasir göz
damcılarından istifadə olunur.
Bir neçə gündən sonra itdirsəyi adətən keçib gedir.
Bəzən də elə olur ki, itdirsəyi keçib getməyin əvəzinə göz qapağının
içərisində kiçik şiş kimi qalır. Buna xalyazion deyilir. Xalyazion
ağrımır, lakin kosmetik qüsura gətirib çıxarır. Xalyazion çətinliklə
müalicə olunur. Buna görə də o əmələ gələn kimi dərhal həkim-oftalmoloqa
(göz həkimi) müraciət etmək lazımdır.
İlkin olaraq xalyazionu quru istilik, göz damcıları və xüsusi
məlhəmlərlə müalicə etmək olar. Fizioterapiya üsullarından da istifadə
oluna bilər. Bu üsullar nəticə vermədiyi halda xüsusı iltihab əleyhinə
olan preparatlar istifadə olunur. Bu preparatlar xalyazionun içərisinə
nazik iynə ilə yeridilir və xalyazion tədricən çəkilir.
Bu üsul da hər zaman xalyazionun tam çəkilməsi ilə nəticələnmir. Bu
halda cərrahi əməliyyat aparılır. Əməliyyat bir neçə dəqiqə davam edir.
Hal-hazırda bu əməliyyat lazerin köməyilə də aparılır. Lazerin
vasitəsilə aparılan əməliyyat daha az travmatik olur və bu zaman tikiş
qoyulmur.
Xalyazion yenidən əmələ gələ bilər. Onun əmələ gəlməsinə bir çox
faktorlar təkan verir – soyuqlama, immunitetin zəifləməsi, kontakt
linzaların taxılması, şəkərli diabet, yağlı dəri, qiqiyenik qaydalarına
tam riayət edilməməsi və s.
Xalyazion tez-tez əmələ gəlirsə mütləq immun sisteminizi möhkəmləndirin.
Bunun üçün vitamin-mineral kopleksləri qəbul etmək, açıq havada gəzmək,
yaxşı qıdalanmaq lazımdır.