Qış mövsümündə nələri və necə yeməli? - ARAŞDIRMA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 7 749
Səs ver:
(səs: 0)

Qış ayları orqanizmin müqavimətinin ən çox zəiflədiyi bir dövrdür. Qış soyuğu özü ilə bərabər müxtəlif xəstəlikləri də gətirir. Xüsusilə qış mövsümündə, bəzi təbii qidaların az olduğu dövrdə sağlam və vitaminli qidalara üstünlük vermək şərtdir.

Hər zaman olduğu kimi, soyuq aylarda da orqanizmimizin köməyinə meyvə və tərəvəzlər çatır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, sağlam bir həyat üçün gün ərzində 400 qram meyvə və tərəvəz istehlak edilməlidir.

Meyvə və tərəvəz istehlakının çox olması insanı müxtəlif xroniki xəstəliklərdən, ürək-damar, diabet, xərçəngdən qoruyur. Bu baxımdan vitamin (xüsusilə C vitamini), mineral, antioksidant və lif anbarı olan meyvələrin daha çox qəbul edilməsi orqanizmin qoruyucu təsirini daha da artırır. Tərkibində bol C vitamini olan və immun sistemini gücləndirən qidalara üstünlük verməklə qışın gətirdiyi bəlalardan orqanizmi nisbətən qorumaq mümkündür.

Qışın "qızıl" qidaları

Amerika Səhiyyə Təşkilatı qış aylarında ən çox istifadə edilməsi vacib olan qidaların siyahısını hazırlayıb. Cədvələ əsasən, kələm, gülkələmi, kəvər, turp, balqabaq, şirin kartof, brüssel kələmi, sarımsaq və şabalıd qışda hazırlanan yeməklərdə daha çox istifadə edilməlidir.

Zəngin lif qaynağı olan kələm orqanizmi ürək xəstəlikləri və xərçəngdən qorumaqla yanaşı, maddələr mübadiləsini sürətləndirir. Vitamin anbarı sayılan gülkələmi immunitet sistemini gücləndirməklə bərabər, gözə də müsbət təsir göstərir. Kəvər tərkibində olan kükürdlü komponentlər sayəsində həm güclü bir antioksidantdır, həm də qan hüceyrələri üçün əhəmiyyətli rol oynayır. Turp qaraciyər və mədə-bağırsaq sistemi üçün ən faydalı olan tərəvəzlərdən biridir. Kartof tərkibində olan vitamin və minerallarla ürək xəstəliklərinə müsbət təsir göstərir. Ümumiyyətlə, meyvə və tərəvəzlərin bol istehlak edilməsi insan səhhəti üçün qalxan rolunu oynayır.

Həkim məsləhəti: Qışda necə qidalanmalı?

Həkim-terapevt Təfəkkür Abbaslı qış mövsümündə xüsusilə bol vitaminli və zülallı qidalara üstünlük verməyi tövsiyyə edir. İnfeksion xəstəliklərin daha çox müşahidə edildiyi soyuq aylarda mütləq balanslı bəslənməyə diqqət etmək gərəkdir. Bu, bütün yaş qrupları üçün keçərlidir. Əsasən uşaqlar, hamilələr, körpəyə ana südü verən qadınlar, yaşlılar və müxtəlif xəstəliklərdən əziyyət çəkən xəstələr zülal, karbohidrat, vitamin və minerallarla zəngin olan müxtəlif çeşidli qidalarla bəslənməlidirlər.

Kompot və mürəbbələrin zamanıdır

Tərkibi C vitamini ilə zəngin olan qidalara üstünlük verilməlidir, çünki bu vitamin orqanizmi soyuqdəymədən və infeksiyalardan qoruyur. Ona görə də yaydan qış mövsümü üçün hazırlanmış kompot (xüsusilə gilənar, şaftalı, ərik və qarışıq şirələr) və mürəbbələrdən (xüsusilə gilənar, zoğal, gilas, qarağat, çiyələk, böyürtkən, moruq) mütəmadi istifadə etmək məsləhətdir.

Nələrə diqqət etməli?

Qış mövsümündə də yeməyi paylar şəklində qəbul etmək məsləhətdir. Ağır və yüngül yeməklər arasındakı balans mütləq qorunmalıdır. Günü tam olaraq yağlı yeməklərlə başa vurmaq olmaz. Duzlu yeməklərdən həmişə uzaq olmaq lazımdır. Sulu yeməklərə daha çox üstünlük verilməli və lifli qidalardan (lobya, maş, mərci və s.) daha çox istifadə edilməlidir. Gün ərzində pay arası meyvə qurusu və çərəzlərdən də istifadə etmək qan dövranına müsbət təsir göstərər.

Gündəlik bəslənmədə zülal qəbuluna da ciddi fikir vermək vacibdir. Zülallar orqanizmi enerji ilə təmin edir, immun sistemini gücləndirməkdə xüsusi rol oynayır. Süd, qatıq, pendir, yumurta, toyuq əti, mal əti, balıq kimi qidalar ən güclü protein qaynaqlarıdır. Yeməklərin və salatların hazırlanmasında bitki mənşəli yağlardan - zeytun, fındıq, günəbaxan, qarğıdalı yağlarından istifadə etmək məsləhətdir. Güclü zülal qaynağı olan Omega-3 yağ turşuları ilə zəngin qidalar isə bitki mənşəli yağlar və dəniz mənşəli məhsullarda vardır.

Fiziki hərəkətlər unudulmamalıdır!

Həkim-terapevtin fikrincə, soyuq havaların mənfi təsirindən qorunmağın bir yolu da havaya görə geyim seçməkdir. Orqanizm temperaturu tənzimləməyi bacarmalıdır. Ümumilikdə, qan dövranının normal olması güclü immunitet sisteminə sahib olmaq deməkdir. Yay fəslində insan daha çox hərəkətdə olur. Qışda havaların soyuq olması ilə əlaqədar insanlar az hərəkət etməyə üstünlük verirlər.

Bu, yanlışdır. Orqanizmin hərəkətdə olması qəbizliyin, baş və oynaq ağrılarının qarşısını alır. Fiziki fəaliyyətlə məşğul olmaq hava şəraitindən asılı olmayan bir məşğələdir. İdmana o qədər də həvəsli olmayanlar heç olmasa 30-45 dəqiqə açıq havada piyada gəzməlidirlər.

Ədviyyatlardan imtina etməyin

Qış mövsümündə immuniteti gücləndirmək və qan dövranını tənzimləmək üçün ədviyyatlardan da bol-bol istifadə etmək lazımdır. Darçın, kəklikotu, sarıkök, qırmızı və qara istiot, sumax, zəncəfil, mixək, qaraçörəkotu, göyərti qurusu qidalara xüsusi dad verməklə yanaşı, orqanizmi qüvvətləndirir. Çayda kəklikotu, zəncəfil, darçın, nanə-cövhər, mixəkdən istifadə etmək ağrıların qarşısını alır.

Tərəvəzlərdən hansını daha çox yeməli?

Qışda yeməklərin hazırlanmasında daha çox istifadə edəcəyimiz tərəvəzlər bunlardır: soğan, sarımsaq, yaşıl bibər, kök, çuğundur, göyərti (keşniş, şüyüd, cəfəri, ispanaq, kahı, kəvər), kələm növləri və s.

Yaşıl bibər - tərəvəz və ədviyyat kimi istifadə edilir. C vitamini ilə zəngin olan bibərdə tərəvəzlərin hamısında olmayan P və K vitaminləri də vardır. P vitamini damar sağlamlığı üçün önəmlidir. K vitamini isə qanın laxtalanma qabiliyyətini artırır. Yaşıl bibər A, B və D vitaminlərini özündə birləşdirən nadir tərəvəzlərdən biridir.

Kələm - Ən yaxşı toksin çıxarıcı kimi tanınan kələm olduqca aşağı kalorilidir. A, B və C vitaminləri baxımından zəngindir. Tərəvəzlər içərisində keyfiyyətini uzun müddət saxlayan tərəvəzlərdəndir. İstər bişmiş, istərsə də turşu halında vitaminini uzun müddət saxlayır. Sidikqovucu xüsusiyyətə sahibdir. Pəhriz saxlayanların daha çox istifadə etdiyi kələm qandakı şəkər miqdarını aşağı salır, orqanizmi zəhərli maddələrdən təmizləyir, həzmə kömək edir.

Cəfəri - C vitamini və dəmirlə zəngin olan cəfəri böyrək təmizləyici, qan şəkərini tarazlayıcı və xərçəngə qarşı qoruyucu təsirə malikdir, qan üçün ən yaxşı dəmir qaynağıdır.

Bol vitamin qaynağı olan qış meyvələri hansılardır?

Qış meyvələrindən portağal, limon, qreypfrut, kivi, naringi, feyxoa, heyva, alma, nar, əzgil, xurma bol-bol istehlak edilməlidir. Bu meyvələrin hər biri müxtəlif xəstəliklər üçün faydalıdır.

Portağal - C, B vitamini, kalium, kalsium və maqneziumla zəngindir. İmmuniteti gücləndirməklə yanaşı, damarları da qoruyur. Yüksək təzyiqi və xolesterolu aşağı salır, orqanizmi zərərli maddələrdən qoruyur, piylənmənin qarşısını alır.

Alma - Tərkibində olan E və C vitaminləri sayəsində immunitet sistemini gücləndirir, müqaviməti artırır. Kalium baxımından zəngin olan alma bağırsaqların fəaliyyətini nizama salır.

Kivi - A və C vitaminləri ilə kalium, kalsium, dəmir və maqnezium baxımından zəngindir, bağırsaqları işlədərək, həzmi asanlaşdırır. Kivi bədənin immunitet sistemini gücləndirərək orqanizmi soyuqdəymədən qoruyur. Nəfəs darlığından əziyyət çəkən astma xəstələri üçün də xeyirli bir meyvədir.

Nar - Bir narda 10 stəkan yaşıl çaya və 4 stəkan mərcanı qüşüzümü suyuna bərabər olan antioksidant vardır. Qışda orqanizmi qripdən qoruyan nar min bir dərdin dərmanıdır. 100 ml nar suyu yetkin bir insanın gündəlik C vitamini ehtiyacını yüzdə 16 hissə ödəyir. Bundan əlavə, narın tərkibində B qrupu vitaminləri, dəmir, fosfor, natrium, kalium, sink və maqnezium mineralları və pektin deyilən diet lifi vardır. Nar orqanizmi xərçəngdən qoruyur, ürək və qan-damar sisteminin sağlamlığına xüsusi faydası vardır, həzmə kömək edir, piylənmənin qarşısını alır və dərinin cavanlaşmasına kömək edir.

Xurma - Azərbaycanda yetişdirilən şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır. Şərq xurmasını zəiflik, qanazlığı, vitamin azlığı, xroniki mədə-bağırsaq xəstəlikləri zamanı yedikdə çox faydalıdır. Həzm prosesinin sürətləndirir, maddələr mübadiləsini nizama salır, beyni gücləndirir, göz və ürək-damar sistemi xəstəliklərinin müalicəsinə yaxşı təsir göstərir.

Naringi - Güclü C vitamini anbarı olan naringi, immuniteti gücləndirməklə bərabər, qanı tənzimləyir. Xolesterol və yüksək təzyiqə müsbət təsir göstərir, yuxusuzluğu aradan qaldırır.

Heyva - Xalq təbabətində yarpaqlarından da geniş istifadə edilən heyva soyuqdəymə, bronxit, astma, mədə-bağırsaq xəstəliklərinə müsbət təsir göstərir. Heyva həm də ürəyi gücləndirmək qabiliyyətinə malikdir.

Hal-hazırda mövsümdən asılı olmayaraq müxtəlif meyvələri tapmaq mümkündür. Xarici ölkələrdən gətirilmiş meyvə və tərəvəzlər piştaxtaları hər fəsildə bəzəyir. Ümumiyyətlə, bütün dünyada mütəxəssislər meyvə və tərəvəzlərdən mövsümündə istifadə etməyi məsləhət görürlər. Yay meyvələrini qışda yemək orqanizm üçün o qədər də xeyirli deyil. Hər bir ölkənin özünə uyğun coğrafi şəraiti var və bunu nəzərə alaraq qidalanmaq lazımdır.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 7 749
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri