Dərinin dəhşətli xəstəliyi: onun qarşısını necə almalı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 883
Səs ver:
(səs: 1)
Ala xəstəliyinin müalicəsi mümkündürmü?
Dəri insana Allah tərəfindən bəxş edilmiş gözəlliyin ilkidir. Amma bu gözəllik dərinin hamarlığı və sağlamlığı gedənə kimi olur. Bəzən orqanizmdəki hər hansı problemdən dəridə xəstəliklər yaranır və qısa müalicə ilə həll olunur. Yaranması və inkişafının səbəbi bəlli olmayan xəstəliklər də var ki, bu cür xəstəliklərin müalicəsi mübahisələrə səbəb olur. Belə xəstəliklərdən biri də vitiliqodur.

Azərbaycanda da geniş yayılan bu xəstəlik el arasında "ala xəstəliyi" adı ilə tanınır. Əldə, üzdə, boyunda dərinin normal rəngindən bir ton açıq olması və ala-bəzək görünməsi, təbii ki, insanları narahat edir. Yaranmasının səbəbi bəlli olmayan və müalicəsinin də tam tanınmadığı bir xəstəlik insanlara ən az xərçəng qədər ürküdücü olur.

Dermatoloq həkim Sahib Rəhimovun sözlərinə görə, vitiliqo xəstəliyinin müalicəsi yoxdur: "Bu elə bir xəstəlikdir ki, nə yaranma səbəbi bəllidir, nə də çarəsi. İnsanlar birdəfəlik başa düşməlidirlər ki, bu xəstəliyin çarəsi yoxdur. Düzdür, buna qarşı müalicə mərkəzləri var, amma bu o demək deyil ki, vitiliqo tamamilə sağalır".

S.Rəhimov bildirir ki, müəyyən metodlarla xəstəliyi bir müddət gecikdirmək mümkündür: "Başa düşürük ki, bu, böyük estetik problemdir, insanların buna görə necə narahat olduğunu da bilirik. Lakin unutmayaq ki, elə Azərbaycanın özündə vitiliqodan əziyyət çəkən məşhurlar da var. Belə insanlar daha çox estetikaya fikir verirlər. Çünki xalq onları gözəl görmək istəyir. Vitiliqo zamanla müalicələrlə az-çox düzələ bilər, amma birdəfəlik sağalmır".

Vitiliqo xəstəliyində yaşın əhəmiyyəti yoxdur. Uşaqlarda da, böyüklərdə də ola bilir. Lakin 50 faiz hallarda 10-30 yaş arasında şəxslərdə rast gəlinir. Yaşlı adamlarda nadir hallarda olur. Əhalinin 1 faizində bu dəri xəstəliyinə rast gəlinir. Xəstəliyin əmələ gəlməsində genetik, nəsil faktorunun rolu var. Yəni validaynlərdə bu problem varsa, onların uşaqlarında vitiliqoya tutulma ehtimalı 30 faiz artır. Stress və həyəcan da bu xəstəliyə səbəb ola bilər.

Paytaxtda fəaliyyət göstərən özəl klinikalardan birinin dermatonevroloqu Hikmət Abbasov isə vitiliqo ilə mübarizənin Azərbaycanda mümkün olduğunu bildirərək, qeyd etdi ki, bu xəstəlik çətin də olsa, müalicə olunandır: "Vitiliqo zamanı dəriyə rəng verən piqmentlər itir. Səbəbləri stres, mübadilə pozğunluğu, immun sisteminin nasazlığı göstərilir. Dəqiq etimologiyası məlum deyil. Müalicəsi bir az çətin məsələdir, problemlidir. Hazırda vitiliqonun da ən yaxşı müalicəsi məhz PUVA terapiyadır. Azərbaycanda çox insan bu üsulla müalicə olunmaq üçün müraciət edir. Müalicə olunan hissədə yenidən dəriyə alanın qayıtması mümkün deyil".

Həkim bildirir ki, bu xəstəliyin qaraciyər çatışmazlığı ilə heç bir əlaqəsi yoxdur və xəstəliyə səbəb kimi bunu göstərmək düzgün deyil: "Vitiliqoya tutulmamaq üçün hər hansı bir tədbir görmək lazım deyil. Zob xəstəliyi də vitiliqonu stimullaşdırır. Belə xəstələr çalışmalıdırlar ki, dərini gün şüasından qorusunlar".

Vitiliginoz ləkələr və ocaqlar dəri örtüyünün istənilən sahələrində - əllərin arxasında, biləklərdə, bazu, üz, boyun, cinsiyyət orqanları nahiyəsində - yerləşir. Praktik olaraq birtərəfli və bütün dəri örtüyünün yoluxması hadisələrinə rast gəlir.

Psixoloq Nailə Axundovanın sözlərinə görə, bu xəstəlik insanlarda xof yaradır: "Bu xəstəlik keçici deyil. Amma insanlarda qəribə bir xof var. "Əl vursam, mənə də keçər" düşüncəsi ilə belə ala xəstəliyi olan insanlara qarşı ehtiyatlı davranırlar. Gənclərdə bu hal psixoloji sarsıntıya səbəb olur. Dəfələrlə müşahidə etmişəm ki, metroda vitiliqo ləkəsi olan bir insanın tutduğu qapıdan, ya tutacaqdan digər şəxslər tutmağa ehtiyat edirlər".
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 8 883
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri