Varikosel xəstəliyi haqqında

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 3 007
Səs ver:
(səs: 1)
Varikosele xaya və toxum ciyəsi venalarının genişlənməsinə deyilir (latın sözü olan varix-venoz düyün və kele – şişkinlik deməkdir) və əsasən soltərəfli olur. Varikosele daha çox gənc insanlarda rast gəlinir.Varikosele daha çox gənc insanlarda rast gəlinir. Varikosele bir çox hallarda narahatçılıq yaratmır və təsadüfi baxış zamanı tapılır. Buna baxmayaraq, varikosele cinsi əlaqə zamanı ağrılar, cinsi fəaliyyətin və reproduktiv funksiyaların azalması kimi ciddi narahatçılıqlar törədir. Varikosele cərrahi yolla aradan qaldırılır və şikayətlərin uğurla aradan qalxmasını təmin edir

Səbəblər
Varikosele onunla izah edilir ki, venalarda qanın geriyə hərəkətinə mane olan klapanlarda bu və ya digər səbəbdən çatmazlıq olur. - Bu səbəblərindən biri vena divarlarının və klapanlarının anadangəlmə zəifliyidir. Adətən belə insanların nəslində bu tipli patologiyalara (ətraf venalarının varikoz genişlənməsi, yastıdabanlıq, ürək klapanlarının qüsurları və s.) genetik meylilik qeyd olunur. - Digər bir səbəb kimi xayalıq və kiçik çanaq venalarında təzyiqin yüksək olması göstərilir. Müxtəlif səbəblər üzündən venaların daralması baş verə bilir ki, bu da onların daxilində təzyiqin artmasına gətirib çıxarır. - Varikoselenin əsas səbəblərindən biri də vena testicularis-in  gedişində olan anatomik xüsusiyyətlədir. Varikoselenin sol tərəfdə çox rast gəlinməsi səbəbi məhz vena testicularis-in  sağ və sol tərəfdə fərqli gedişi ilə əlaqəlidir. Belə ki vena testicularis sol tərəfdə bir başa böyrək venasına və bu da təzyiqin artmasına səbəb olur. Sağ tərəfdə isə vena testicularis bir başa aşağı boş venaya açılır. Bundan əlavə xroniki qəbzlik, ishal, ağırlıq qaldırma kimi hallar da varikoselenin inkişafına səbəb ola bilər. - Amma "simptomatik varikosele” adlanan hallarda mövcuddur ki, bu zaman peritonarxası sahənin şişlərindən, məsələn, böyrək şişlərindən şübhələnmək olar. Bu nöqteyi-nəzərdən varkoselenin sağ tərəfdə rast gəlinməsi, eləcə də  kiçik yaşlı uşaqlarda və ya yaşlı insanlarda qeyd olunması hallarında diqqətli olmaq tələb olunur.

Təsnifatı
Varikoselenin aşağıdakı dərəcələri təsnif edilir: - Subklinik varikosele venaların yalnız ultrasəs müayinəsi ilə təyin edilə biləcək səviyyədə genişlənməsidir - I dərəcəli varikosele zamanı toxum ciyəsi venaları yalnız qarını gərginləşdirən zaman üzə çıxır - II  dərəcəli varikosele zamanı ayaqüstə duran zamanı toxum ciyəsi venaları əllənir, amma görünmür - III dərəcəli varikosele zamanı toxum ciyəsi venaları istənilən vəziyyətdə üzüm salxımı kimi aydın görünür

Şikayətlər
Bir çox hallarda varikosele heç bir narahatçılıq törətmir. Amma venaların nəzərəçarpacaq dərəcədə genişlənməsi (məsələn, III dərəcəli varikosele) hallarında xəstələrdə prosesə cəlb olunmuş sahədə küt və ya dartıcı ağrılar, eləcə də ağırlıq hissi qeyd olunur.

Varikosele xayaların qan təchizatını pozur və endokrin sistemdə hormonal dəyişikliklər əmələ gətirir. Bununla yanaşı,  varikosele xayaların inkişafını məhdudlaşdıra bilər. Belə hallarda xaya inkişafdan qalmış olur və hətta yeniyetmələrdə əks tərəfdəki xayanın da inkişafdan qalması mümkündür.

Varikosele spermanın yaranması prosesində pozğunluğa və beləliklə sonsuzluğa gətirib çıxara bilər.  Tədqiqatlar müəyyən edib ki, qərb ölkələrində sonsuzluğa düçar olmuş kişilərin 25-40%-də varikoselenin olması üzə çıxır.   

Aparılan tədqiatlar zamanı varikoselesi olan kişilərdə xayaların ölçülərinin sağlamlarla müqayisədə kiçik olması müəyyən edilmişdir. Xayaların ölçülərinin kiçik olması spermanın say azlığı ilə düz mütənasib olmsı da tədqiatlar əsasında təsdiq edilmişdir. Varikosele zamanı eyakulatda spermanın sayı az olur, onların çox az hissəsi normal morfologiyaya malik olur və əksəriyyəti çox zəif hərəkət edir (OAT sindromu). Amma, OAT sindromu yalnız varikosele üzündən deyil, digər səbəblərdən də qaynaqlana bilər.  

Varikoselenin zamanında müalicə edilməsi xaya həcminin normallaşması və sperma sayi və keyfiyyətinin artması ilə nəticələnir. Amma müalicənin hamiləlik faizini artırmasını aparılan tədqiatlar təsdiq edə bilmir.

Varikoseleni necə təyin etməli – diaqnoz
Xaya və toxum ciyəsi venaları həddən ziyadə genişlənmiş olarsa asanlıqla görünür və əllənir. Varikolsele diaqnozunun qoyulmasında ultrasəs müayinəsinin də əhəmiyyətli rolu var. Ultrasəs müayinəsi zamanı xayanın vəziyyəti və ölçüsü təyin edilə bilər. Bununla yanaşı, Doppler vasitəsilə Valsava sınağı etməklə xaya və toxum ciyəsi venalarında axın və axın sürəti, eləcə də venalarda reflüksun (geriyə axının) olub olmaması daha dəqiq təyin edilə bilər.

Digər diaqnostik tədbir skrotal hərarətin ölçülməsidir. Varikosele zamanı xayalıq üzərində hərarət yüksəlmiş olur. Fleboqrafiyanın (venaların təsvirinin alınması) aparılması da diaqnostik vasitələrdən biri ola billər.

Vacib!!! "simptomatik varikosele” inkar edilməlidir.   Varkoselenin sağ tərəfdə rast gəlinməsi, eləcə də  kiçik yaşlı uşaqlarda və ya yaşlı insanlarda qeyd olunması hallarında diqqətli olmaq tələb olunur. Bu hallarda əlavə olaraq periton arxası sahənin və böyrəklərin ultrasəs müayinəsini aparmaq differensial diaqnostik əhəmiyyətə malik olardı.

Varikoselenin müalicəsi
Varikosele nə zaman müalicə olunmalıdır sualına cavab vermək çox çətindir.Xayaların ölçüsündə kiçilmə yoxdursa, xəstə uşaqdırsa varikoselenin dərhal cərrahi əməliyyat edilməsinə ehtiyac yoxdur. Bu hallarda gözləmə və xəstələrin 6 aydan bir ultrasonoqrafik müayinədən keçməsi tövsiyyə oluna bilər. İnkişafının ilkin mərhələsində olan varikosele spontan geriyə qayıda bilər.  

Varikoselenin müalicəsi o zaman vacibdir ki, o artıq narahatçılıq törədir. Bununla yanaşı, uşaq və yeniyetmələrdə varikosele xayanın inkişafını tomamozlayarsa onun müalicə edilməsi qərarı verilə bilər. Varikoselenin müalicəsi uşaq və yeniyetmələrdə bir qayda olaraq xayanın həcminin artmasına gətirib çıxarır.

Varikoselenin müalicəsi sonsuzluq hallarında da seçim ola bilər. Bu hallarda spermanın keyfiyyətində yaxşılaşma baş verə bilər. Amma aparılan tədqiqatlar belə bir müalicənin hamiləlik şansnı artıra bilməsini təsdiq edə bilmir. Eyakularda spermanın təyin olunmadığı hallarda varikoselnin müalicə olunmasının elə bir effekti olmur.

Müalicə üsulları
Retroqrad sklerizasiaya – bu zaman həkim qasıq venasını punksiya edir və damar daxilinə kateter daxil edir və kontrast maddənin yeridilməsi ilə Vena testicularis-in təsvirini alır və onu sklerozlaşdırır.

Anteqrad sklerizasiya (Tauber üsulu) -  bu zaman həkim xayalığın yuxarı sərhəddində kiçik bir kəsikdən genişlənmiş venanı əldə edir və konrast maddəsi ilə  Vena testicularis-in təsvirini alır və onu obliterasiya edir. Bu prosedura narkozsuz da həyata keçirilə bilər.

Varikoselenin daha geniş yayılmış müalicə üsulu açıq cərrahi əməliyyatdır. Açıq cərrahi əməliyyatın iki əsas növü var. Birinci növ  əməliyyat Vena testicularis-in kəsilmə səviyyəsindən aslı olaraq bir neçə variasiyada həyata keçirilir (İvanisseviç, Marmar, Paloma və s.). Cərrahi əməliyyat zamanı sol qasıqüstü nahiyədə kiçik  bir kəsikdən periton arxası sahədə vena testicularis tapılır və kəsilir. Digər əməliyyat növlərində vena testicularis kəsilmələ yanaşı genişlənmiş venalar maksimal olaraq  kəsilib çıxarılır. Bəzi əməliyyat növlərində xaya arteriyası da kəsilir. Tədqiatlar göstərir ki, vena ilə birlikdə arteriyanın kəsilməsi yalnız venanın kəsilməsi əməliyyatı ilə müqayisədə elə də geri qalmır. Bu növ əməliyyatların çatışmayan cəhəti əməliyyatdan sonra residiv hallarının tez-tez rast gəlinməsi və xaraktercə qeyri-fizioloji olmasıdır.

İkinci növ açıq cərrahi əməliyyat xayanın mikrocərrahi revaskulyarizasiyasıdır. Bu əməliyyatın üstünlüyü odur ki, daha fizioljidir və əməliyyatdan dərhal sonra xayaların normal qan dövranı bərpa olunur. Varikoz genişlənmiş damarlar tam olaraq çıxarılır və sonradan onların bəziləri bərpa olunur. Amma bu əməliyyat növü çox mürəkkəb olmaqla yanaşı, xəstənin xəstəxanada qalma müddəti uzundur.

Son dövrlər varikoselenin müalicəsində laparoskopik üsuldan da tez-tez istifadə olunur. Laparoskopik yolla vena testicularis daxili qasıq həlqəsində tapılır və kliplə bağlanır.

Müalicənin hansı ağırlaşmaları ola bilər 
Tədqiatlar göstərir ki, tətbiq edilən müalicə üsulları 90%-dən çox hallarda effektiv olur. Əməliyyatdan sonra xayalıqda zəif şişkinlik əmələ gəlir ki, bu da asanlıqla aradan qalxır. Bəzi xəstələrdə hidrosele (xaya qişaları arasına suyun yığılması) Bundan əlavə bütün cərrahi əməliyyatlarda ola biləcək ağırlaşmalar (qanaxma, emboliya, peritonun, sidik axarının və ya toxum daşıyıcı borunun zədələnməsi və s.) rast gəlinə bilər. Müalicənin ən arzuolunmaz ağırlaşması xayanın əməliyyatdan sonrakı dövrdə atrofiyalaşmasıdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 007
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri