Cərrahi kəsik yırtıqları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 335
Səs ver:
(səs: 1)
Cərrahi kəsik yırtıqları, adından göründüyü kimi, əvvəllər aparılmış abdominal cərrahi müdaxilə üçün edilmiş cərrahi kəsiyin zonasında yaranır. Yırtıqlar əsasən laporatomiyadan sonra fassiya toxumalarının sağalmaması və bağlanmaması səbəbindən baş verir.
Etiologiya — Yaranın təbii sağalması prosesini ləngidən və ya qarşısını alan hər hansı bir vəziyyət cərrahi yara kəsiyinin yırtığına səbəb ola bilər. Bu cür vəziyyətlərə infeksiya, köklük, siqaret çəkmə, müxtəlif dərman preparatları, o cümlədən, immunsupressiv dərmanlar, yarada artıq dartınma, zəif qidalanma, yaranın bağlanması texnikasının düzgün tətbiq edilməməsi və birləşdirici toxuma xəstəlikləri daxildir. Təxirəsalınmaz cərrahi müdaxilələr cərrahi yara yırtıqlarının yaranması riskini artırmış olur.

Araşdırmalardan bəllidir ki, aparılan bütün abdominal kəsiklərin 10-15%-da cərrahi yara yırtıqları yarana bilər. Əməliyyatdan sonrakı dövrdə yara infeksiyasına qazanmış xəstələrin 23%-da cərrahi yara yırtığı əmələ gəlir. Bu cür yırtıqlar istənilən növ abdominal divar kəsiyindən sonra baş verə bilər. Lakin, cərrahi kəsik yarası yırtıqları daha çox orta xətt kəsiklərindən sonra əmələ gəlir. Abdominal yaranın aralanması cərrahi kəsik yarası yırtığına səbəb olur. Yaranın kənarlarının aralanmasına səbəb olan faktorlara xəstənin yaşının çox olması (70 yaşdan yuxarı şəxslərdə daha çox rast gəlinir), kişi cinsi, xroniki ağ ciyər xəstəliyi, assit, sarılıq, anemiya, təcili cərrahi müdaxilə, öskürək, cərrahi müdaxilənin növü və yara infeksiyası aiddir.
Cərrahi kəsik yarası yırtıqları həddən artıq böyük ölçülərdə ola bilər. Bu cür qiqant ventral (abdominal) yırtıqlarda çox zaman nazik və ya yoğun bağırsağın xeyli hissəsi də yerləşə bilir. Ən son mərhələdə, cərrahi kəsik yarası yırtığı o dərəcədə böyük ola bilər ki, qarın boşluğu orqanları artıq bütovlükdə yırtıq kisəsində yerləşə bilər.

Cərrahi kəsik yırtıqları daha çox erkən postoperativ dövrdə inkişaf edir. Buna görə də, düşünülür ki, cərrahi kəsik yırtıqlarının əmələ gəlməsində yerli faktorlar - infeksiya, yarada dartınma və cərrahi yaranın bağlanması texnikası - xüsusi rola malikdir. Lakin, yırtıqlar həm də cərrahi müdaxilədən 10 il sonra da yarana bilər. Bir çox hallarda onlar əvvəllər müəyyən edilməmiş kiçik yırtıqlardan irəli gəlir.
Yuxarı abdominal kəsiklər zamanı yırtıqların əmələ gəlmə ehtimalı daha çox olur. Aşağı abdominal kəsiklərdən sonra isə yırtıqlar az hallarda əmələ gəlir. Kiçik randomizə olunmuş tədqiqat zamanı abdominal aorta anevrizmasının cərrahi müalicəsi məqsədilə aparılan köndələn və vertikal abdominal kəsiklərdən sonra cərrahi kəsik yırtıqlarının əmələ gəlməsi ehtimalı öyrənilmişdir. Cərrahi kəsikdən sonra 4 il ərzində aparılmış müşahidədən məlum olmuşdur ki, köndələn cərrahi kəsikdən sonra yırtıqlar daha az hallarda əmələ gəlir. Lakin, vertikal kəsiklərdən sonra cərrahi kəsik yırtıqlarının yaranması ehtimalı daha yüksək olur.
Postoperativ ventral yırtıqlar paramedian, qabırğaaltı, MkBurne, Pfannensteyl və yanlarda (cinahlarda) aparılmış kəsiklərdən sonra da əmələ gələ bilər. Laparoskopik portlarda da abdominal divar fassiyasının defekti səbəbindən yırtıqlar əmələ gələ bilər.

Klinika — Cərrahi kəsik yırtığı olan xəstələr adətən qarın divarında olan və cərrahi çapığın dərinliyindən yaranan qabarıqlıqdan şikayətlənir. Bu xəstələrin bir qismində müxtəlif dərəcəli diskomfort, digərlərində isə kosmetik cəhətdən narahatlılığa səbəb ola bilər. Simptomlar adətən öskürək və ya gücənmə zamanı daha da pisləşir. Buna səbəb isə öskürək və gücənmə zamanı yırtığın tərkibi abdominal divarda olan defektdən çıxmış olur.
Bəzi hallarda isə xəstələr cərrahi kəsik yırtığında inkarserasiya olunmuş bağırsaq ilmələri səbəbindən bağırsaq obstruksiyası klinikası ilə müraciət edir. İri ventral yırtıqlarda isə yırtıq sahəsində olan dəridə işemik əlamətlər və ya yırtıq tərkibinin təzyiqi nəticəsində nekroz müşahidə edilə bilər. Bəzən isə bu dəridə xoranın əmələ gəlməsinə səbəb ola bilər.

Kliniki müayinə zamanı yırtıq adətən asan müəyyən edilir. Hətta bir çox hallarda fassiyada olan defektin hüdudları da müəyyən oluna bilər. Bütün hallarda abdominal divar bütün uzunluqda palpasiya və inspeksiya olunmalıdır, çünki cərrahi kəsik yırtığı olduqda həmin xəstədə çoxsaylı yırtıqlar müşahidə edilə bilər. Bu cür çoxsaylı yırtıqlar görünüşünə görə "İsveçrə pendiri yırtıqları" adlanır. Kök olan xəstədə bir çox hallarda cərrahi kəsik yırtığının müəyyən edilməsi xeyli çətinləşmiş olur. Buna görə də, kök xəstələrdə yırtıq kisəsinin tərkibini müəyyənləşdirmək üçün kompüter tomoqrafiyasının aparılması zəruridir.

Cərrahi müdaxilə üçün göstərişlər - Qasıq yırtıqlarından fərqli olaraq (asimptomatik qasıq yırtıqlarının bərpası tələb olunmur və onların müşahidəsi kifayət edir), əksər cərrahi kəsik yırtıqları bərpa olunmalıdır.

Aşağıdakı faktorlardan hər hansısı müşahidə edildikdə, cərrahi müdaxilə nəzərdən keçirilməlidir:

Simptomatik olduqda
İnkarserasiya (yerinə salınmayan yırtıq) ehtimalı olduqda
Gündəlik həyat fəaliyyətini çətinləşdirdikdə
Hətta kiçik ölçüdə olan cərrahi kəsik yırtığı inkarserasiya və ya yerinə salınmayan yırtığa çevrilə bilər və buna görə də onların da cərrahi yolla bərpası təmin edilməlidir. İnkarserasiya potensialı (yəni yerinə salınmayan yırtığa çevrilmə riski) az olan yırtıqlara yuxarı abdominal yırtıqlar, diametri 1 sm-dən az olan yırtıqlar və 7-8 sm-dən böyük olan yırtıqlar (bu cür böyük yırtıqlarda bağırsaq ilmələri məhdudiyyətsiz yırtıq kisəsinə daxil olub çıxa bilir və buna görə də inkarserasiya ehtimalı az olur) aiddir.

Cərrahi kəsik yırtıqları ilə bağlı cərrahi bərpanın aparılmasına əks göstərişlər digər planlı cərrahi müdaxilələrdə olduğu kimidir. Qeyri-stabil olan və ya digər xəstəliklər səbəbindən yüksək risk qrupuna aid olan xəstələrdə hernioplastika həkim göstərişinə əsasən təxirə salına bilər.

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 335
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri