Başgicəllənməsi zamanı insanda onu əhatə edən əşyaların onun ətrafında
fırlanması və ya öz bədənin fırlanması hissi yaranır. Buna tibbdə
"həqiqi baçgicəllənmə" (vertiqo) deyilir. Bəzən insanlar digər
simptomları hiss etdikdə (zəiflik, gözlərin qaralması, halsızlıq və s.)
onları səhvən başgicəllənməsi kimi anlayırlar. Lakin bu belə deyil.
Həqiqi başgicəllənmə tez-tez təkrarlanırsa, bu bir sıra pozulma və
xəstəliklərin əlaməti ola bilər. Bu halda mütləq həkimə müraciət etmək
lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda
terapevt xəstəni digər həkimlərin (LOR, nevropatoloq, nevroloq, ortoped
və s.) müayinələrinə göndərə bilər.
Beləliklə, tez-tez təkrarlanan başgicəllənmə bu kimi hallarda meydana çıxa bilər:
- vestibulyar (bədənin müvazinətini nizama salan mərkəz) sinirlərin iltihabı,
- daxili qulağın iltihabı (eşitmə qabiliyyətinin azalması, qulaqdan hər hansı ifrazatların gəlməsi ilə müşayiət olunur),
- baş beyini şişləri (güclü baş ağrıları, ürəkbulanması, qusma ilə müşayiət olunur),
- miqren (baş ağrısı, ürəkbulanması, qusma, qulaqlarda küy və s. kimi simptomlarla müşayiət olunur),
- Menyer xəstəliyi (bu xəstəlik güclü başgicəllənmələri tutmaları, bir
qulaqda eşitmə qabiliyyətinin azalması, ürəkbulanması, qusma ilə
müşayiət olunur),
- baş və boyun travmaları (xüsusilə avtomobil qəzalardan sonra),
- boyun osteoxondrozu (başgicəllənməsindən əlavə xəstə boyun nahiyyəsində ağrılar və hərəkətliliyin pozulmasını hiss edir),
- beyin qan dövranı pozulması, insult. Bu halda başgicəllənməsi
uzunsürən olur (hətta bir neçə gün ərzində davam edə bilər), xəstədə
qollarda və ayaqlarda keyimə hissi, nitqin pozulması (xəstə hətta öz
adını aydın deyə bilmir) və s. ağır simptomlar meydana çıxır. Dərhal
"təcili yardım" çağırmaq və xəstəni xərəkdə xəstəxanaya çatdırmaq
lazımdır.
Lakin onu da nəzərinizə çatdıraq ki, əksər hallarda həqiqi
başgicəllənməsinin səbəbi travma və ya infeksiyanın nəticəsində insanın
vestibulyar apparatında olan pozulmalardır. Belə başgicəllənmələri
insanın həyatı üçün ciddi təhlükə yaratmır. Lakin insan daha diqqətli
olmalıdır ki, başgicəllənməsi tutması zamanı yıxılmasın və travma
almasın. Başgicəllənməsinin bu formasını nevropatoloqlar müalicə edir.
Hamiləlik zamanı qadın orqanizmində ciddi dəyşikliklər baş verir ki,
bunun nəticəsində qadında tez-tez başgicəllənmələri ola bilər. Adətən
bunun səbəbi hamilə qadınların qanında qlükozanın səviyyəsinin və ya qan
təzyiqinin aşağı düşməsidir. Əgər başgicəllənməsi hamilə qadında
tez-tez təkrarlanırsa, bu haqda mütləq qadına nəzarət edən ginekoloqa
məlumat vermək lazımdır. Belə başgicəllənməsi fizioloji sayılır (yəni
xəstəliyin simptomu sayılmır). Hamiləlik başa çatdıqda belə fizioloji
başgicəllənməsi də artıq təkrarlanmır.
Hamiləlikdən əlavə fizioloji başgicəllənməsi bu kimi hallarda ola bilər:
- İnsan böyük auditoriya qarşısında çıxış etdikdə, qəfildən sevindikdə
və ya əksinə kədərləndikdə, onun qanında adrenalin hormonu çoxalır ki,
nəticədə başgicəllənməsi inkişaf edə bilər.
- Nəqliyyatda getdikdə (xüsusilə su nəqliyyatında), karuseldə yelləndikdə insan başğıcəllənməsi hiss edə bilər.
- Balanslaşdırmamış pəhrizlər də başgicəllənməsinə səbəb olur. Bu zaman
insanın orqanizmi az miqdarda qlükoza alır ki, beyin "ac qalır" və bunun
nəticəsində insanda başgicəllənməsi inkişaf edir.
- Çoxlu miqdarda siqaretlərin çəkilməsi, alkoqollu içkilərin və narkotiklərin qəbulu da başgicəllənmələrə səbəb ola bilər.
- Uzun müddət ərzində kompüterdə işləyən insanlarda da başgicəllənmələri
tez-tez olur. Bundan əlavə bu qrup insanlarda baş ağrısı,
ürəkbulanması, tez yorulma, zəiflik əmələ gəlir. Bu xoşagəlməz
simptomlardan qurtulmaq üçün bu insanlar daha az vaxt kompüterdə
işləməli, daha çox açıq havada olmalı, idmanla məşğul olmalıdırlar.
- Bəzi dərmanların qəbulu insanda başgicəllənməsinə səbəb ola bilər. Bu
dərmanların arasında: allergiya əleyhinə preparatlar, bəzi
antibiotiklər, güclü sakitləşdirici preparatlar və s. Əgər hər hansı
preparatın qəbulundan sonra sizdə başgicəllənməsi əmələ gəlibsə, mütləq
bu haqda öz müalicə həkiminizə məlumat verin.