Mastopatiya... Sizə tanış gəlir? - Qadınlar OXUSUN

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 2 087
Səs ver:
(səs: 0)
Hə, əziz xanımlar. Bilməyiniz vacibdir ki, mastopatiya çoxsəbəbli xəstəlik olmaqla yanaşı genetik və etioloji faktorlarla, həmçinin qadınların yaşayış tərzi ilə əlaqədardır. Cəmiyyət inkişaf etdikcə qadınların daha çox sosiallaşması, karyera dalınca düşməsi, gənc yaşda ailə qurmağa meylinin azalması bu xəstəliyə təkan verən amillərdəndir - desək, bunu mübaliğə saymayın. Bilin ki, zəmanəmizdə süd vəzi xəstəliklərinin artması bilavasitə doğuşların sayının az olması ilə, gecikmiş doğuşlarla, abortlarla əlaqədardır.

Mastopatiya əsasən əsəbləri zəif olan qadınlarda rast gəlinir. Ona görə də, bəzən həkimlər bu xəstəliyi “histerik şiş” adlandırırlar. Ümumi qənaət belədir ki, bu xəstəliyin əmələ gəlməsini əksər hallarda stresslər, nevroz, depressiya tətikləyir. Uzunmüddətli psixoloji stress də mastopatiyanın əsas risk faktorlarındandır.

Yadda saxlayın ki, yaşı 40-ı ötmüş xanımların orqanizmində endokrin sistemin müqavimətini azaldan hormonal dəyişikliklər baş verir. Amma onu da nəzərə alın ki, qeyri-müntəzəm cinsi həyat da qadın orqanizmində hormonal balansı pozur. Müasir dövrdə bir çox qadınlarımız taleyin gərdişindən normal qadın həyatı yaşaya bilmirlər. Bu da orqanizmə mənfi təsir göstərir və müəyyən fəsadların yaranmasına səbəb olur. Nəticədə cürbəcür xəstəliklər meydana gəlir. Praktika göstərir ki, qadının yalnızlığı, davamlı ailə münasibətlərinin olmaması süd vəzilərində patoloji proseslərin inkişafına təkan verir. Ona görə də, tək yaşamağa məcbur qalmış qadınlar sağlamlıqlarına daha diqqətli yanaşmalıdırlar.

Müxtəlif ölkələrdə fəaliyyət göstərən alimlər və həkimlər bu sahədə çoxsaylı tədqiqatlar aparıblar. Nəticədə isbat olunub ki, mastopatiya və süd vəzi xərçəngindən əziyyət çəkənlər əsasən qeyri-normal həyat tərzi keçirən, yəni tək yaşayan xanımlardır. Bu mənada, İtaliyada aparılmış maraqlı bir tədqiqatın nəticələrini xatırlatmaq yerinə düşür: ölkənin qadın monastrlarında kütləvi tədqiqatlar aparılıb və... məlum olub ki, uşaq doğmayan və normal cinsi həyat yaşamayan qadınlarda süd vəzi ilə bağlı problemlər normal həyat tərzi keçirən qadınlara nisbətən xeyli çoxdur.

Deməli, müntəzəm cinsi əlaqə, müsbət hamiləlik, körpəni uzun müddət əmizdirmək qadın gözəlliyinin əsas atributlarından olan döşlərin xəstələnməsinin qarşısını almaq üçün yaxşı profilaktikadır. Bu şərtlərə əməl edə bilən qadınlar arxayın ola bilərlər ki, yaşlarına müvafiq normal həyat tərzi yaşamaları eyni zamanda mastopatiyanın erkən mərhələdə müalicəsi üçün ən yaxşı yoldur. Çünki qadın kimi normal həyat tərzi yaşayan şəxsdə süd vəzinin toxuması cavanlaşır və xırda kistalar təbii yolla sorulur.

Amma... bir məqamı da vurğulamağımız vacibdir. Xanımlar, normal cinsi həyatınızın olması yaxşı haldır, ancaq bu sizi arxayın salmasın. Digər şərtlərə əməl olunmadıqda təkbaşına bu amil sizi süd vəzi xəstəliklərindən sığortalaya bilməz. Niyə? İndi biləcəksiniz. Deyək ki, ailəlisiniz, əriniz yanınızdadır, planlaşdırdığınız sayda uşaqlarınız var. Daha uşaq istəmirsiniz. Amma hamiləlikdən yayınmaq mümkün olmur. Siz də məcburən vaxtaşırı aborta gedirsiniz. Bilin ki, hamiləliyin süni yolla pozulması süd vəzilərində patoloji proseslərin inkişafını sürətləndirir. 3 dəfə və daha artıq tibbi abort keçirən qadında mastopatiyanın inkişaf etmə riski 7,2 dəfə çoxalır. Abort süd vəzindəki proliferativ prosesləri dayandırır (yəni hamiləliklə əlaqədar olaraq süd axarlarının genişlənməsi, axarlarda südün toplanması kimi təbii proseslər süni yolla dayandırılır) və toxuma geri inkişafa məruz qalır. Bu reqressiv dəyişikliklər qeyri-bərabər baş verir, ona görə də döşdə patoloji proses inkişafa başlayır.

Demək olar ki, bütün tədqiqatçılar qadının birinci və sonrakı doğuşlarının hansı yaş dövründə baş verməsinə xüsusi diqqət yetirirlər. Belə ki, 25 yaşına qədər 2 uşaq doğmuş qadınlarda mastopatiyanın əmələ gəlmə riski 1 uşağı olan qadınlardan azdır.

Mastopatiyadan qorunmaq istəyirsinizsə, yemək-içməyinizə də diqqət edəcəksiniz. Çünki bu patologiyanın qida ilə əlaqəsinin olduğu daha bir isbat edilmiş hipotezdir (ehtimaldır). Əlbəttə, qida ləzzətli olmalıdır. Ancaq heyvan mənşəli yağlardan, qızardılmış və hisə verilmiş məhsullardan, qəhvə və şirniyyatdan çox istifadə etmək doğru deyil. Bu məhsulların həddindən çox istifadəsi maddələr mübadiləsinin pozulması ilə nəticələnir ki, bu da orqanizmdə ciddi disbalans yaradır, yəni balansı pozur. Yadda saxlayın ki, gündəlik qida rasionumuza ekoloji təmiz məhsullar, vitaminlə zəngin olan qidalar (xüsusilə beta-karotin və vitamin C) daxil etməliyik.

Hər yaşda gözəl olmağa can atan Azərbaycan xanımları bəzən artıq çəkidən özlərini qoruya bilmirlər. Bunun ziyanı barədə çox eşitmisiniz. Ancaq aranızda köklüyün mastopatiyaya da təsir etdiyini bilən az tapılar. Unutmayın ki, piy toxuması orqanizmə hava, su, qida ilə daxil olan toksik birləşmələri tutub saxlamaq qabiliyyətinə malik olduğundan artıq çəki süd vəzilərində patoloji proseslər əmələ gətirir. Həmçinin piy toxumasında süd vəzilərinə spesifik təsir edən estrogenlərin toplanması nəticəsində hormonal tarazlıq pozulur.

Orqanizmin daxili mühit faktorlarından piylənmə, şəkərli diabet və arterial hipertenziya da mastopatiyanın əmələ gəlməsində müəyyən rol oynaya bilər. Məlumdur ki, bunlardan hər üçünün bir xəstədə olması mastopatiya və SVX-nin əmələ gəlmə riskini 3 dəfə artırır. Yumurtalıqların iltihabi xəstəlikləri də cinsi hormonların əmələ gəlmə prosesini pozur.

Əgər el arasında deyildiyi kimi, “zob”unuz varsa, bu da risk faktoru ola bilər. Çünki bir sıra qadınlarda mastopatiyanın yaranmasına qalxanabənzər vəzin xəstəliyi təkan verir. Yəni bu vəzin hipofunksiyası (endokrin vəzilərinin funksiyasının zəifləməsi) zamanı mastopatiyanın yaranma riski 3,8 dəfə çoxalır. Həmçinin qaraciyər, öd yolları və öd kisəsinin də xəstəlikləri mastopatiyanın yaranmasına təsir edə bilir. Məlumdur ki, qaraciyər orqanizmdə estrogenlərin parçalanmasında çox vacib rol oynayır. O xəstələndiyi halda orqanın bu qabiliyyəti zəifləyir, bəzən hətta itir ki, nəticədə hormonun (estrogenin) orqanizmdə miqdarı artır.

Bunu da unutmayın ki, süd vəzinin travmaları, hətta mikrotravmalar belə ciddi ağırlaşmalara səbəb ola bilər. Məsələn, metroda və avtobuslarda sıxılmalar, evdə və ya yolda təsadüfən dirsəklə, yaxud çanta ilə vurulan zərbələr və s.

İndi isə dediklərimizi ümumiləşdirək. Xanımlar, diqqət edin görək, aşağıdakı əlamətlər sizə tanış gəlir? Bu hallar sizin həyatınızda da var?

-Doğmayıb, yaxud cəmi 1 uşağı varsa;

-İrsən ana xətti ilə belə problemlərlə qarşılaşdıqda;

- Uşaq əmizdirməyib, yaxud az əmizdiribsə;

- Müntəzəm cinsi həyatı yoxdursa;

- Tez-tez stresslərə məruz qalırsa;

- Mənfi ekoloji şəraitdə yaşayırsa;

- Piylənmə, şəkərli diabet, yumurtalıqların iltihabi xəstəlikləri, qalxanabənzər vəzin və qaraciyərin xəstəlikləri varsa;

-Alkoqol və siqaret istifadə edirsə;

-Süd vəziləri hətta cüzi travmaya məruz qalıbsa.

Əgər sadaladığımız əlamət və amillər sizə tanış gəlirsə, deməli, mastopatiya olmaq ehtimalınız yüksəkdir. Xəstəlikdən qorunmağın ən yaxşı yolu onu önləmək olduğu üçün bu əlamətlərə diqqət yetirin. Bilin ki, onlar çox vaxt mürəkkəb qarşılıqlı əlaqədə olmaqla, mənfi fon yaradırlar. Bacardıqca özünüzü qoruyun. Hər insan ilk növbədə özü özünün həkimi olmalıdır. Amma iş işdən keçib, xəstələnmisinizsə, qorxmayın və özünüzü üzməyin. Hər dərdin bir çarəsi var. Sizin də şəfa tapmaq şanslarınız yüksəkdir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 087
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri