Endometrioz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 032
Səs ver:
(səs: 1)
Endometrioz nədir?
Normada endometri (uşaqlığın daxili qişası) uşaqlıqda yerləşir və onun boşluğunu örtür. Endometri boşluq daxilindən kənarda aşkar edildikdə, endometriozdan söhbət gedə bilər. Qəribədir ki, bu sirli toxuma (endometri) ən gözlənilməz yerlərdə (uşaqlıq borusunda, yumurtalıqlarda, sidik kisəsində, düz bağırsaqda, uşaqlıq boynunda, qarın boşluğunda və hətta burun və gözlərdə də) aşkar oluna bilir.
Uşaqlıq boynunun endometriozu nədir?
Normada endometri uşaqlıq boşluğunun daxili qatı olmaqla onu örtür. Bəzən endometri uşaqlığın orta qatında (əzələ qarı və ya miometri) yaranır. Bu da elə məhz uşaqlığın endometriozudur. Uşaqlığın endometriozunun başqa adı adenomiozdur. Saytımızda adenomioza həsr olunmuş xüsusi məqalə var.
Endometrioz niyə yaranır?
Endometriozun yaranma səbəbləri məlum deyil. Bəzi alimlər endometrinin aybaşı zamanı uşaqlıqdan uşaqlıq borularına, yumurtalıqlara və qarın boşluğuna "atılması”ndan bəhs edir. Digərləri hesab edirlər ki, hər şeyin təqsirkarı irsiyyət və bətndaxili inkişafdakı pozğunluqlardır (yəni qız artıq endometriozla dünyaya gəlmiş olur). Üçüncüləri isə iddia edirlər ki, endometriozun əsas səbəbi orqanizmdə hormonal disbalansdır. Endometriozun yaranmasını və hər bir konkret halda xəstəliyin inkişafını izah edən vahid nəzəriyyə hələ ki, yoxdur.
Endometriozun simptomları necə olur?
Endometrioz heç də həmişə özünü büruzə vermir və qadınların 1/3-də ümumiyyətlə heç bir simptom yaratmır. Çox vaxt qadın bu xəstəliyi yalnız hamiləliyi planlaşdırarkən sonsuzluqla üzləşdikdə, aşkar edir.
Lakin aşağıdakı hallarda Sizdə endometrioza şübhə yarana bilər:
Qeyri-mütəmadi və uzun sürən (7-10 gün) aybaşı. Adətən ilk bir neçə gündə və son bir neçə gündə aybaşı əvəzinə sürtüklü qanlı ifrazatlar qeydə alına bilər.
Sizdə tez-tez menstrual tsiklin ortasında sürtüklü qanlı ifrazatlar olur.
Aybaşı vaxtı və/və ya onun başlamasına bir qədər qalmış Siz qarnınızın aşağı hissəsində və ya kürəyinizin aşağı hissəsində güclü ağrılar hiss edirsiniz.
Seks və ya fiziki çalışmalar zamanı Siz qarnınızın aşağı hissəsində ağrılar hiss edirsiniz.
Aybaşı vaxtı Sizin nəcisinizdə qan olur.
Defekasiya və ya sidik ifrazı zamanı Siz ağrı hiss edirsiniz
Yumurtalıqların endometriozu nədir?
Yumurtalıqların endometriozu bir və ya hər iki yumurtalıq nahiyəsində endometri ocaqlarıdır. Yumurtalıqların endometriozunun yaranma səbəbləri məlum deyil. Bu xəstəlik simptomsuz cərəyan edə və ya qarnınızın aşağı hissəsində (soldan və ya sağdan) küt ağrılarla təzahür edə bilər. Yumurtalıqların endometriozu zamanı çox vaxt aybaşı qeyri-mütəmadi olur, menstrual tsiklin ortasında qanlı ifrazatlar ola bilir. Yumurtalıqların endometriozu sonsuzluğun səbəbi ola bilir. Bu xəstəlik yumurtalıqların USM-də asanlıqla aşkar olunur. Yumurtalıqların endometriozunun müalicəsində hormonal dərmanlardan istifadə olunur və ya əməliyyat (laparoskopiya) aparılır.
Yumurtalıqların endometriod kistası nədir?
Yumurtalıqların endometriozunda qanlı laxtalardan (bu kistanın möhtəviyyatının tünd-palıdı olması üzündən onu tez-tez şokolad kistası da adlandırırlar) ibarət olan endometriom kistası yarana bilir. Bu cür kista bir qayda olaraq təsadüfən USM zamanı aşkar edilir. Kistaların ölçüsü böyük olduqda, Siz seks və ya fiziki çalışmalar zamanı küt sızlayan ağrılar hissə edə bilərsiniz. Endometriomanı yalnız cərrahi yolla (kistanın laparoskopiyanın köməyi ilə götürülməsi) müalicə etmək olar.
Uşaqlıq borularının endometriozu nədir?
Endometri sahələri uşaqlıq boruları nayihəsində yerləşdikdə, uşaqlıq borularının endometriozundan söhbət gedə bilər. Endometriozun bu forması çox vaxt sonsuzluğa səbəb olur. Uşaqlıq borularının endometriozu uzun müddət simptomsuz cərəyan edə bilir və qadın bu xəstəlikdən yalnız hamiləliyi planlaşdırdığı zaman xəbərdar olur. Uşaqlıq borularının endometriozu çox vaxt aybaşı və ya seks zamanı qarında ağrılarla özünü göstərə bilir. Uşaqlıq borularının endometriozunun diaqnozunu yalnız əməliyyat (laparoskopiya) zamanı qoymaq mümkündür. Adətən əməliyyat zamanı cərrah lüzumsuz yerdə yerləşən endometri sahələrini götürür. Əməliyyatdan bir neçə ay keçdikdən sonra qadın artıq hamiləliyi planlaşdıra bilər.
Uşaqlıq boynunun endometriozu nədir?
Endometri uşaqlıq boşluğunda yerləşməyib uşaqlıq boynunun selikli qişasına "toxunaraq” onun hüdudlarından kənara çıxırsa, onda söhbət uşaqlıq boynunun endometriozundan gedir. Bu xəstəlik çox vaxt seks zamanı və ya seksdən sonra sürtüklü palıdı ifrazatların yaranmasına səbəb olur. Endometriozun bu formasını aşkar etmək asandır, çünki ginekoloq adi ginekoloji baxış zamanı güzcüdə dəyişiklikləri aşkar edə bilir. Uşaqlıq boynunun endometriozunu uşaqlıq boynunun eroziyası ilə çaşdırmaq olur. Buna görə də diaqnozu dəqiqləşdirmək üçün qinekoloq uşaqlıq boynundan mikroskopda tədqiq etmək üçün qaşıntı götürür. Uşaqlıq boynunun endometriozu da spermatazoidlərin uşaqlıq yolundan uşaqlığa keçidini bağlamaqla sonsuzluğun səbəbi ola bilir. Uşaqlıq boynunun endometriozunun müalicəsi uşaqlıq boynunun eroziyasının müalicəsində olduğu kimi, adətən "yandırma” ilə həyata keçirilir. Əslində isə uşaqlıq boynu nayihəsində arzuolunmaz endometriləri parçalamaq üçün bir neçə metodika (lazerin, duru azotun, radiodalğaların və s. köməyi ilə) mövcuddur.
Retroservikal endometrioz nədir?
Retroservikal endometrioz zamanı endometri toxumalarının sahələri qarın boşluğunda, uşaqlıq boynu ilə düz bağırsaq arasında yerləşməklə uşaqlıq boynundan arxada böyüyür. Endometriozun bu forması digərlərindən daha tez-tez qarnın aşağı hissəsində və sakrum sümüyü nayihəsində ağrılara səbəb olur. Ağrılar küt, sızlayıcı ola və defekasiya vaxtı (çünki düz bağırsaq yaxınlığındadır) və aybaşına az qalmış güclənə bilir. Çox vaxt ağrılar seks vaxtı da yarana bilir.
Endometrioz sonsuzluq deməkdirmi?
Xəstəliyin çox vaxt sonsuzluqla bağlı müayinə keçən qadınlarda aşkar edilməsinə baxmayaraq, endometrioz mayalanma ilə bağlı problemlərə heç də həmişə səbəb olmur. Endometriozdan əziyyət çəkən qadınların 60%-i müalicəsiz də hamilə qala və hamiləliyi daşıya bilir.
Endometrioz zamanı hamilə qalmaq olarmı?
Şübhəsiz, olar. Sizin halda endometrioz hətta sonsuzluğa gətirib çıxarsa belə, müalicə və köməkçi reproduktiv texnologiyalar hamilə qalmaqda köməklik edər.
Endometrioz niyə sonsuzluğa səbəb olur?
Bu suala birmənalı cavab yoxdur. Cinsi orqanların fəaliyyətinin pozulmasına gətirib çıxaran parlaq ifadəli endometriozda sonsuzluğun səbəbi aydın olsa da, xəstəliyin kiçik (yüngül) forması olan qadınlarda sonsuzluğu izah etmək kifayət qədər çətindir. Endometrioz zamanı sonsuzluğun ən ümumi səbəblərindən biri bitişmələrdir. Bitişmələr bərk birləşdirici toxumadan təşkil olunan və möhkəm hörümçək toruna bənzəyən kəndirlərdir. Bu tor yumurtalıqları hər tərəfdən əhatə edə və ovulyasiya vaxtı yumurta hüceyrəsinə çıxmaq imkan verməyə və ya uşaqlıq borularını dartmaqla onlarda keçidi poza bilir. Bitişmələr hətta endometriozdan tam müalicə olunduqdan sonra da qala bilir və onlardan yalnız əməliyyatın köməyi ilə yaxa qurtarmaq olur.
Bitişmələrin olub-olmadığını necə müəyyən etməli?
Bitişmələrin olub-olmadığını bilmək üçün bir neçə üsul var.
Birinci üsul kiçik çanaq orqanlarının USM-dir. Bu, o qədər də yaxşı üsul deyil, çünki həkimə yalnız bitişmələrin dolayı əlamətlərini (yumurtalıqların uşaqlığa nisbətdə qeyri-normal vəziyyətini, yumurtalıqların kapsulasının qalınlaşmasını) görmək imkanı verir. Bəzən isə heç bu da mümkün olmur.
Ikinci metod histerosalpinqoqrafiyadır. Bu, uşaqlıq borularının keçiriciyini müəyyən etməyə imkan verir. Uşaqlıq boruları keçirici deyildirsə, onda müalicəsiz hamiləlik mümkün deyil. Histerosalpinqoqrafiya yumurtalıqlar nayihəsində bitişmələrin olub-olmadığını göstərə bilmir. Buna görə də bu da universal diaqnostika metodu deyil.
Bitişmələrin aşkarlanmasına və müalicəsində 100% nəticə verən metod laparoskopiya adlanan əməliyyatdır. Laparoskopiya zamanı cərrah cinsi orqanlarına baxış edir və hamiləliyə mane olan yumurtalıqlar nayihəsində və ya uşaqlıq borularında bitişmələrin olub-olmadığını müəyyən edə bilir. Bu cür bitişmələr aşkarlandıqda, onlar dərhal kəsilir və daxili orqanların normal fəaliyyəti bərpa olunur.
Hormonal dərmanlar hamilə qalmağa köməklik edərmi?
Bu fakt hələ sübuta yetirilməyib. Hormonlardan endometriozun özünün müalicəsində geniş istifadə olunsa da, bu xəstəlik zamanı sonsuzluğa heç bir təsir göstərə bilməz. Qərb mütəxəssislərinin müasir tövsiyələri ondan xəbər verir ki, hormonların köməyi ilə ovulyasiyaya təzyiq göstərilməsi gələcəkdə hamiləlik ehtimalını yüksəltmir. Buna baxmayaraq hormonal müalicə endometrioz zamanı yaranan ağrıları götürmək və endometriozun ocaqlarının ölçülərini azaltmaq imkanı verir.
Əməliyyat hamilə qalmaqda köməklik edərmi?
Tədqiqatların nəticələrindən bəlli olur ki, əməliyyat endometrioz zamanı yaranan sonsuzluğun müalicəsində səmərəli vasitədir. Endometrioz zamanı əməliyyatın məqsədi endometri ocaqlarının "yandırılması” və bitişmələrin (onlar olduqda) aradan qaldırılmasıdır. Endometrioz nəticəsində daxili orqanlar (bağırsaq, sidik kisəsi və b.) zədələnmişdirsə, onda əməliyyat zamanı bu orqanların funksiyalarının bərpa edilməsi üçün mümkün olan hər şey edilir. Əksər ginekoloqlar öz təcrübəsindən bilirlər ki, endometrioz nə qədər ağır gedişli olsa, əməliyyatdan sonra qadının hamilə qalmaq ehtimalı da bir o qədər yüksək olar. Bu faktın izahı hələlik yoxdur. Yumurtalıqların endometriozu və yumurtalıqların endometrioid kistası zamanı da əməliyyat hamiləlik şansını artırmaq imkanı verir.
 Əməliyyat kömək etmədisə, onda necə?
Əməliyyatdan sonra hamiləlik yenə də baş verməzsə, onda köməkçi reproduktiv texnologiyalar (ekstrakorporal mayalanma) haqqında düşünmək olar. Çütlükdə sonsuzluğun bir neçə mümkün səbəbləri olduqda (məsələn, ərin spermatazoidləri hərəkətsizdirsə), bu da yaxşı variantdır.
Endometrioz olan qadınlarda uşaqsalma riski yüksəkdirmi?
Yox, bu, belə deyil. Tədqiqatlar bu ehtimalı təsdiqləmədi. Endometriozun olması uşaqsalma riskini artırmır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 032
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri