Hər orta yaşlı qadından ikincisi stressli inkontinensiyadan əziyyət çəkir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 245
Səs ver:
(səs: 0)
Hər orta yaşlı qadından ikincisi stressli inkontinensiyadan əziyyət çəkir. Xəstəlik öskürək, gülmə və ya hansısa bir sərt hərəkət zamanı sidiyi saxlaya bilməməklə müşayiət olunur. Hazırda bu xəstəliyə tez-tez rast gəlinir.

Qadınla.Com bildirir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının cərrahı, mama-ginekoloqu Nigar Allahverdiyeva bu barədə universitetin mətbuat xidmətinə məlumat verib.

- Problemin yaranma səbəbləri nələrdir?

- Bunu sosial problem olaraq da qiymətləndirmək olar. Belə ki, xəstəlik gündəlik həyatda çox çətinliklər yaradır. Lakin bu, əsasən anatomik, anadangəlmə uretranın (sidik kanalının) uzunluğundan irəli gələ və ya funksional çatışmazlıq səbəbindən də yarana bilər.

Xəstəliyin yaranmasının ən əsas səbəbləri travmatik doğuşlar, alınan ağır zədələrdir. Bu səbəbdən xəstəliyə əsasən ağır işdə çalışan xanımlarda daha çox rast gəlinir. Travmatik faktordan başqa ağır çəki, klimakterik dövr və hormonal çatışmazlıq da xəstəliyin yaranma səbəblərindəndir.

- Xəstəliyin diaqnozu hansı üsulla təsdiqlənir? Bu halın müvəqqəti, orqanizmdə baş verən hansısa proseslə bağlı və ya müalicəsiz keçib gedəcəyi mümkündürmü?

- Xəstəliyin diaqnozunun qoyulmasına fərdi yanaşılır. Biz əsasən pasiyentin şikayətlərinə əsaslanaraq xəstəliyin olub-olmadığını dəqiqləşdiririk. Bu hal adətən 45-50 yaşından sonra müşahidə edilir. Lakin çanaq dibi əzələlərində travma, defekt yaşamış qadınlarda bu problemə gənc yaşlarda da rast gəlinir. Xəstəlikdən şübhələnildikdə xəstə müayinə olunur və asan bir test aparılır. Bundan əlavə, xəstə urodinamik və ya digər ağır travmalar olduqda KT və MRT müayinələrindən keçirilir.

- Xəstəliyin müalicə yolları hansılardır?

- Müalicənin hansı üsulla aparılması problemin funksional və ya anatomik olmasından asılıdır. Funksional pozulmalar (hiperaktiv sidik kisəsi) zamanı əməliyyata ehtiyac olmur və bir neçə ay ərzində monoterapiya, yəni cəmi bir həb qəbul etməklə problem aradan qalxır. Lakin anatomik qüsur aşkarlandıqda cərrahi üsula müraciət edilir. Əməliyyat zamanı öncə anatomik quruluş bərpa olunur ki, buna uşaqlıq yolunun sallanmasının aradan qaldırılması və çanaq dibinin möhkəmləndirilməsi aiddir. Rekonstruktiv əməliyyatdan sonra sidik kanalının alt hissəsinə tor şəkillik "meş" adlanan spesifik ilgək qoyulur. Hazırda bütün dünyada bu metoddan istifadə olunur. Bu əməliyyat qarın boşluğu açılmadan aparılır və 99 faiz hallarda uşaqlıq yolu vasitəsilə icra olunur. İlgək qoyulduqdan sonra sidik kanalının anatomiyası bərpa edilərək bu problem həll olunur. 30-40 dəqiqə davam edən əməliyyat narkozsuz və yerli anesteziya ilə aparılır.

- Xəstəlikdən qorunmağın nə kimi profilaktik tədbirləri var?

- Fikrimcə, yetişkən vaxtda analar qızlarına əzələlərini bərkitməyi öyrətməlidirlər. Qadınlarda kişilərə nisbətən qarındaxili təzyiq daha yüksək olur və çanaq dibinin anatomiyasını nəzərə alsaq, qadın orqanizmi 5 kilodan artıq yükü qaldırmağa qadir deyil. Bu zaman əzələlərin elastikliyi pozulur. Bu səbəbdən uşaq vaxtlarından qızları çanaq dibini bərkidən idmana alışdırmaq lazımdır. Bunlar sırasında üzgüçülük, aerobika, fitnesi qeyd etmək olar. İkinci profilaktik tədbir mümkün qədər ağır çəkidən qaçmaqdır. Nəhayət, doğuş üçün yaxşı həkim seçilməli, doğuşdan əvvəl idmanla məşğul olmaq lazımdır. Bundan əlavə 50 yaşdan sonra klimakterik dövrdə mütəmadi olaraq ginekoloqa müraciət etmək, düzgün qidalanmaq vacibdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 245
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri