Məşhur "Sotheby's” hərracında tanınmış azərbaycanlı rəssam, milli mədəniyyətdə nonkonformizmin banilərindən biri Cavad Mircavadovun əsərlərindən ibarət sərgi açılıb.
Londonda ikinci Beynəlxalq "Buta" Azərbaycan İncəsənəti Festivalı çərçivəsində keçirilən sərginin açılış mərasimində Heydər Əliyev fondunun vitse-preizdenti Leyla Əliyeva, Arzu Əliyeva, "Buta" İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev, eləcə də incəsənət mütəxəssisi Fərəh Piriyeva və digər qonaqlar iştirak ediblər.
Sərgi ayın 19-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan incəsənət tarixində müasir istiqamətin banisi kimi tanınan Cavad Mircavadov 1923-cü ildə Bakıda anadan olub. 1949-54-cü illərdə Sankt-Peterburqda yaşayıb, Dövlət Ermitajında fəhlə kimi çalışıb. Onun ilk rəngkarlıq əsəri 1967-ci ilə aid edilir. Cavad Mircavadovun yaradıcılığı formaca müasirliyə, məzmunca milli incəsənətin ənənələrinə əsaslanır. Rəssam 1992-ci il iyunun 24-də Kopenhagen-Moskva qatarında vəfat edib.