Əlincəqala

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 496
Səs ver:
(səs: 1)
ƏLINCƏQALA – Naxçıvan Muxtar Respublikasında qala. Culfa rayonunda, Əlincəçayın sağ sahilində və eyniadlı dağın zirvəsindədir. Qədim mənbələrdə "Erincaq”, "Erincik”, "Alancik”, "Alınca”, "Alancuq” və s. kimi qeyd olunur. Əlincəqalanın adını tədqiqatçılar qədim türk dilində "düzənlik” mənasında işlədilən "alan” sözü ilə bağlayırlar. Bu, qalanın yerləşdiyi sahənin kiçik meydançaya bənzəməsi ilə əlaqədardır. Ispan diplomatı, Kastiliya kralı III Enrikonun 1403–06 -cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincəqalanı belə təsvir etmişdir: "Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir”. Xalq etimologiyasına görə isə, qalanın adı "Əlincək”, yəni "əlini çək” kimi yozulur. Bu da qalanın alınmazlığı, məğlubedilməzliyi ilə bağlıdır. Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqr. 2 min il bundan əvvələ aid edirlər. "Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. Əlincəqala özünəməxsus təbiəti olan bu yerlərin əzəmətinin, mübarizliyinin rəmzidir. Qala, hər şeydən əvvəl özünün qeyri-adi görünüşü ilə insanı heyrətə gətirir. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qalanın qədim bəndi ətraf kəndlərdən gətirilmiş iri daşlardan və bişmiş kərpicdən hörülmüşdür. Şimal yamacda yarımdairəvi bürcləri olan üç divarın, qərb yamacda isə səkkiz divarın xarabalıqları qalmışdır. Əlincəqala əsasən üç geniş sahədən (şimal, şimal-qərb və cənub-qərb) ibarətdir; şimal sahəsindən şimal-qərb və cənub-qərb sahələrinə qalxmaq üçün daş pillələr qoyulmuşdur. Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Qalanın kiçik şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları nəzərə çarpır. Qala rəislərinin və iri feodalların yaşamış olduğu bu sahə "şah taxtı” adlanır. Əlincəqalada feodallara məxsus gözəl saray və binaların qalıqları hələ XIX əsrə aid ədəbiyyatda təsvir olunmuşdur. Qalada vaxtilə ilxı və mal-qara saxlamaq, 600-ə qədər döyüşçünü öz atı və başqa hərbi sursatı ilə birlikdə yerləşdirmək mümkün idi. Qala ərazisindən tapılmış yüksək keyfiyyətli seladon saxsı qab parçası nəzəri cəlb edir. Tədqiqatçılara görə seladon qablar Azərbaycana Böyük Ipək yolu vasitəsilə Çindən gətirilirdi. Azərbaycan atabəyləri–Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi. Naxçıvan hakimi Zahidə xatının iqamətgahı və Eldənizlərin xəzinəsi Əlincəqalada yerləşirdi. 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Manqburnının Azərbaycana hücumu zamanı Eldəniz hökmdarı Özbək (1210–25) Əlincəqalaya sığınmış və burada döyüşlərin birində öldürülmüşdür. Əlincəqala XIII-XIV əsrlərdə Hülakuların, XIV əsrin 2-ci yarısında Cəlairilərin hakimiyyəti altında olmuşdur. Hakimlərindən Sultan Tahirin, kutvallarından (qala rəisi) Uztəmurun (1343), Xacə Cövhərin (1390), əmir Altunun (1390), Seyid Əlinin, Hacı Salehin və Əhməd Oğulşayinin (1401) adları bəllidir. XIV əsrin 80–90-cı illərində Əlincəqala Azərbəycan xalqının Teymura qarşı mübarizəsinin əsas istinadgahına çevrilmiş və 14 il mərdliklə müdafiə olunmuşdur. Teymur 1386–1401-ci illərdə Əlincəqalaya 4 dəfə yürüş etmişdir. 1387–92-ci illərdə Əlincəqala müdafiəçiləri Teymurun Azərbaycanda olmamasından istifadə edərək, 4 dəfə Təbrizə hücum etmiş və bunların üçündə (1388, 1390, 1391) şəhəri tuta bilmişlər. 1393-ci ildə Teymurun 40000-lik qoşunu Əlincəqalaya hücum edir. Bu zaman qala müdafiəçilərinin bir dəstəsi, gizlincə Altunun başçılığı ilə qaladan çıxmışdı. Onlar geri döndükdə qala qapılarının Teymurun qoşunu tərəfindən tutulduğunu görüb onlara hücum edirlər. Düzgün strateji mövqe tutan Altun və cəngavərləri teymurilərə böyük tələfat verir, 4 tümən (on minlik) əmirinin ikisi öldürülür və müdafiəçilər qalaya daxil ola bilirlər. 1397 -ci ildə Şəki və gürcü qoşun birləşmələri Əlincəqalaya hücum edir və teymuri sərkərdəsi Sultan Səncəri məğlubiyyətə uğradaraq Sultan Tahiri mühasirədən çıxarıb Bağdada göndərirlər. Qalanın müdafiəsinə bir müddət Seyid Əli, Hacı Saleh və 3 gürcü aznauru (sərkərdəsi) başçılıq edir. Əlincəqala Teymuru çox narahat edirdi. O, 1399-cu ildə Hindistandan Səmərqəndə qayıdarkən yolda Təbrizdən gəlmiş qasiddən Azərbaycanda və xüsusilə Əlincəqaladakı vəziyyət barədə məlumat alır və Səmərqəndə çatandan cəmi 4 ay sonra təcili buraya yollanır. Əlincəqalaya 5–6 əmirin başçılığı ilə qoşun hissələri göndərilir. Qala öz daxilində yaranmış münaqişə nəticəsində başsız qaldığından təslim olur. Onun kutvalı Əhməd Oğulşayi tutularaq Teymurun hüzuruna aparılır və öldürülür. Teymur qalanı seyr edir və onun möhtəşəmliyinə heyran qalır. Teymurun ölümündən (1405) sonra Əlincəqala yenidən Cəlairilərin, sonralar isə Qaraqoyunluların hakimiyyətinə keçdi. Qardaşı Cahanşahla hakimiyyət uğrunda mübarizə aparan Qaraqoyunlu hökmdarı Isgəndər Əlincəqalaya sığınmışdı. Isgəndər oğlu Qubad Mirzə tərəfindən öldürüldükdən sonra Cahanşah Əlincəqalanı ələ keçirdi. Bir müddət Ağqoyunluların, sonralar isə Səfəvilərin hakimiyyətində olan Əlincəqala feodal çəkişmələri və müharibələr nəticəsində dağıldı.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 496
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri