Gözəl Ağstafam haqqında

Müəllif: AYCA
Şərhlər: 3
Baxılıb: 3 045
Səs ver:
(səs: 0)
Ağstafa rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.1593 ci ildə Osmanlı Axıstabad sancağı olmuşdur. Ağstafa rayonu 1939-cu ildə təşkil olunmuşdur, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1990-ci ildə yenidən müstəqil rayon olmuşdur. Respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqazla Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl ön-dağlığında yerləşir. Sahəsi 1503,7 km², əhalisi 60,0 min nəfərdir (01.01.2009). Mərkəzi Ağstafa şəhəridir. 1881-ci ildə tikilmiş Bakı-Tbilisi dəmiryolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri rayonun ərazisindən keçir.

Coğrafiyası
Ağstafa rayonu 24 yanvar 1939-cu ildə Azərbaycan Respublikasının inzibati rayonlarından biri kimi yaradılmışdır. Respublika ərazisinin 1,74 hissəsini təşkil edən Ağstafa rayonun sahəsi 1504 km² –dir. Ağstafa rayonunun ərazisi 4 dekabr 1959-cu ildə Qazax rayonunun tərkibinə qatılmış, 14 aprel 1990-cı ildən yenidən ayrılaraq inzibati rayona çevrilmişdir. Gürcüstan Respublikası, Ermənistan Respublikası, Tovuz və Qazax rayonları ilə həmsərhəddir. Rayonun ərazisi qərbdən Qazax rayonuyla, şərq və cənub-şərqdən Tovuz rayonuyla, Şimal-qərbdən Gürcüstanın Qarayazı (Qardabani), şimaldan Qaraçöp (Saqareco), Şimal-şərqdən Siqnaxi rayonlarıyla, cənubdan Ermənistanın Şəmşəddin (Berd) rayonuyla qonşudur.

Rayonda bir şəhər (Ağstafa), 9 qəsəbə (Vurğun, Poylu, Şəkərli, Ceyrançöl, Saloğlu, Soyuqbulaq, Soyuqbulaqlar, Həzi Aslanov, Qarayazı) və 29 kənd var. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsi ilə idarə olunur.

Rayonun inzibati mərkəzi Ağstafa şəhəridir. 1941-ci ildə şəhər statusu almışdır. Okean səviyyəsindən 300 m hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Ağstafa şəhərinin əhalisi (01.01.2013-ci il tarixə) 12716 nəfərdir. Rayonun Bakı şəhəri ilə arasındakı olan məsafə 450 km-dir.

Ağstafa rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində, Gəncə-Qazax iqtisadi regionunda, Kür çökəkliyi fiziki-coğrafi vilayətində, Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyində yerləşir. Əlverişli təbii-coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir. Rayon ərazisinin 3510 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi Tuqay meşələridir. 9658 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı "Qırmızı kitab"a düşmüş bir sıra bitki və quşlar qorunur.

Rayon Azərbaycanın qərbində, Böyük Qafqaz dağlarının ətəklərində, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Rayonun iqlimi mülayimdir. Azərbaycanın ən böyük çayı olan Kür çayı və Kürün qolu – Ağstafaçay, eləcə də bir neçə kiçik çay bu rayonun ərazisindən axır. Candargöl gölü də bu rayonda yerləşir. Səthi, əsasən, düzənlikdir (Gəncə-Qazax və Qarayazı düzləri), cənub-qərb və şimal-şərq hissələri alçaq dağlıqdır. Tabaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: mişar daşı, bentonit gili, çınqıl, qum, sement xammalı və s. Rayonun ərazisindən Kür çayı keçir. Ağstafa və Həsənsu çaylarının aşağı axınları Ağstafa rayonu ərazisindədir. Yovşanlı-şoran-otulu yarımsəhra və çöl bitkiləri, Kür çayı sahilində Tuqay meşələri vardır. Heyvanları: ayı, canavar, tülkü, çöldonuzu, boz dovşan, çölsiçanı və s. Quşları: qırqovul, turac, kəklik, göyərçin və s. Qarayazı Dövlət qoruğu Ağstafa rayonu ərazisindədir.

Tarixi
Tədqiqatçıların fikrincə Azərbaycanın təbii-coğrafi mühiti, relyefi, ən azı üç milyon il bundan əvvəl formalaşıb və ən qədim insanın yaranması, formalaşması üçün əlverişli şərait olubdur. Ərazidən tapılan qədim paleolit abidələri bu bölgənin insanın əmələ gəlməsi regionlarından olmasını təsdiqləyir. Töyrətəpə, Şomutəpə, Qarğalar təpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar e.ə. VI-V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsini, oturaq həyat tərzinin formalaşmasını və misdən soyuq döymə üsulla müxtəlif əşya və bəzəklərin düzəldiyini aşkar etmişdir. Hazırda rayonun Aşağı Göyçəli kəndi ərazisində neolit-tunc dövrünü əhatə edən Töyrətəpə yaşayış yeri, Dağ Kəsəmən kəndi ərazisində tunc-ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri və qəbiristanlıq (Çoban daşı) kimi dünya əhəmiyyətli abidələr mövcuddur. Rayon ərazisində çoxlu sayda qədim məscidlər var. Bundan başqa Qafqaz Albaniyası kilsəsi kimi tikilmiş Keşiş dağ məbədi də Ağstafada yerləşir.

Ağstafa rayonu inzibati rayon kimi 1939-cu ilin 24 yanvarda təşkil olunmuş, 1959-cu il 4 dekabrda ləğv edilib Qazax rayonuna birləşdirilmişdir. 1990-cı ilin aprelindən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qazax rayonundan ayrılaraq yenidən rayon statusu almışdır. Ağstafa rayonu bir şəhər, doqquz qəsəbə və iyirmi doqquz kənddən ibarətdir. 1990-cı ildə Ağstafa rayonu inzibati vahid kimi Qazax rayonunun tərkibindən ayrıldıqdan sonra yaşayış məntəqələrinin bir neçəsinin adı dəyişdirilmişdir. Uzun illər Sovet dövrünün partiya xadimlərinin adını daşıyan və Sovet hakimiyyətini tərənnüm edən yaşayış məntəqələrinin adları yeni adlarla əvəz olunmuşdur. Belə ki, Kalininkənd, Yenikənd, Marsovka, Oraq-Çəkic, V.İ.Lenin adına qəsəbə kimi yer adları dəyişdirilərək, xalqın inkişaf tarixinə və mədəniyyətinə uyğun adlarla əvəz olunmuşdur:

Kalininkənd – Vurğun qəsəbəsi adı ilə (1990-cı il),
Kirovkənd – Həsənsu kəndi adı ilə (1990-cı il),
Yenikənd – Aşağı Kəsəmən kəndi adı ilə (1990-cı il),
Marksovka – Xətai kəndi adı ilə (1992-ci il)),
Oraq-Çəkic – Qaçaq Kərəm kəndi adlandırılmış,
V.İ.Lenin adına qəsəbə Böyük Kəsik kəndi ilə birləşdirilmişdir.
2004-cü ildə rayonun inzibati bölgüsündə dəyişiklik edilərək yeni yaşayış məntəqələri qeydiyyata alınmışdır. Uzun illər Xutor adlanan yaşayış məntəqəsi Ağgöl adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.

Abidələri
Rayon ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr var. Onların arasında [Aşağı Kəsəmən] kəndindəki Töyrətəpə adlı, tunc dövrünə aid insan məskəni və Dağ Kəsəmən kəndində tunc dövrünün sonu – dəmir dövrünün əvvəlinə aid Çobandaşlı adlı məskən dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir.

Bu cür abidələrlə rayonun başqa yerlərində da rast gəlmək olar. Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (daş dövrü), tunc və dəmir dövrlərinə aid Durnatəpə, Böyüktəpə, Şiş Quzeyi Piri və orta əsrlərə aid Haca Dağ Piri adlı abidələr, Ağstafa şəhərinin yaxınlığında tunc və dəmir dövrlərinə aid Cantəpə, Yastıtpə qədim yaşayış yerləri.Aşağı Kəsəmən, Tatlı, Yuxarı Göycəli, Həsənsu kəndlərini də qeyd etməliyik.

Arxeoloji qazıntılar zamanı bu ərazidə tapılmış küpələr, boyunbağılar, kasalar, vazalar, müxtəlif məişət əşyaları yerli diyarşünaslıq muzeyində saxlanır. Memarlıq abidələri xüsusi maraq doğurur: XVII əsrə aid qüllə, Qıraq Kəsəmən kəndində XIX əsrə aid məscidlər, Kolxəlfəli, Qarahəsən, Dağ Kəsəmən və başqa kəndlərdə XIX əsrdə tikilmiş məscidlər və s.

Tarixi və memarlıq abidələrinin siyahısı

Daş dövrünə aid olan abidələr:
Paleolit düşərgəsi yaşayış yeri (paleolit) – Köçəsgər kəndi
Açıq paleolit düşərgəsi (paleolit) – Tatlı kəndi
Töyrətəpə yaşayış yeri (neolit – tunc dövrü) – Aşağı Kəsəmən kəndi
I Şomutəpə yaşayış yeri (neolit) – Ağstafa şəhəri
Qarğalar təpəsi yaşayış yeri (neolit) – Qırılı kəndi
Arzamastəpə yaşayış yeri (neolit) – Vurğun qəsəbəsi
Molla Nağı təpəsi (daş dövrü – eneolit) – Köçəsgər kəndi
Kiçik təpə yaşayış yeri (daş, eneolit və tunc) – Aşağı Kəsəmən kəndi
Çəpiş təpəsi yaşayış yeri (eneolit – tunc) – Həsənsu çayının ətrafı
Çinlitəpə yaşayış yeri (eneolit) – Tatlı kəndi
Tunc dövrünə aid olan abidələr:

Qədim yaşayış yeri və qəbiristanlıq (çoban daşı) (tunc – ilk dəmir dövrü) – Dağkəsəmən kəndi
Cantəpə yaşayış yeri (tunc) – Ağstafa şəhəri
Sarı qaznaq qəbiristanlığı (tunc) – Köçəsgər kəndi
Alcaqtəpə yaşayış yeri (tunc-dəmir) – Tatlı kəndi
Alcaqtəpə yaşayış yeri (tunc) – Tatlı kəndi
Qabaqtəpə yaşayı yeri (tunc-dəmir) – Pirili kəndi
Yastıtəpə yaşayış yeri (son tunc) – Ağstafa şəhəri
Durnatəpə yaşayış yeri (son tunc – ilk dəmir) – Köçəsgər kəndi
Böyüktəpə yaşayış yeri (son tunc – ilk dəmir) – Köçəsgər kəndi
Hasarlıtəpə yaşayış yeri (son tunc – dəmir) – Yuxarı Göyçəli kəndi
Sarıtəpə yaşayış yeri (son tunc – dəmir) – Yuxarı Göyçəli kəndi
Qoşatəpə yaşayış yeri (son tunc – dəmir) – Yuxarı Göyçəli kəndi
Hasarlıqala qədim yaşayış yeri (son tunc – dəmir) – Tatlı kəndi
II Şomutəpə yaşayış yeri (tunc – ilk dəmir) – Yuxarı Göyçəli kəndi
Nadir bəy təpəsi yaşayış yeri (son tunc) – Həsənsu kəndi
Ağalıq təpəsi yaşayış yeri (son tunc – ilk dəmir) – Ağstafa-Qazax şosse yolu
Arançı təpəsi yaşayış yeri (son tunc – dəmir) – Ağstafa-Dağkəsəmən yolu
Dəyirmantəpə yaşayış yeri (son tunc – ilk orta əsr) – Dağkəsəmən yolu
Ağtəpə yaşayış yeri (son tunc – antik dövr) – Aşağı Göyçəli kəndi
Maraltəpə yaşayış yeri (son tunc – antik) – Aşağı Göyçəli kəndi
Şiş Quzey piri (dəmir dövrü) – Köçəsgər kəndi
Nekropol (antik dövr) – Pirili kəndi
Orta əsrlərə aid olan abidələr:

Tatlı Alban məbədi (ilk orta əsrlər) – Yuxarı Göyçəli və Tatlı kəndləri arasında
Haça dağ airi tikilisi (orta əsrlər) – Köçəsgər kəndi
Yaşayış yeri (IV-VII əsrlər) – Dağkəsəmən kəndi
Kəhriz (XIX əsr) – Kolxələfli kəndi
Əhalisi[redaktə | əsas redaktə]
Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)
Ağstafa rayonunun əhalisi 01.01.2013-cü il tarixə 82702 min nəfər təşkil edir. Rayon əhalisinin 20435-i şəhərdə, 62267-i kənddə yaşayır. Rayon əhalisinin 40711-ni kişilər, 41991-ni qadınlar təşkil edir. Rayon əhalisinin milli tərkibində azərbaycanlılarla yanaşı rus, gürcü, kürd türk və digər millətlərin nümayəndələri də vardır. Hazırda məşğul əhalinin sayı 38953 nəfərdir, o cümlədən kənd təsərrüfatı sahəsində 16809 nəfər, sənayedə çalışanların sayı 170 nəfər, tikintidə 218 nəfər, təhsil, mədəniyyətdə 3718 nəfər, səhiyyə, sosial təminatda 1105 nəfər, nəqliyyat-rabitədə 632 nəfər, ticarət və ictimai-iaşədə 927 nəfər, kreditləşmə, maliyyə və sığorta sahəsində 22 nəfər, idarəetmə orqanlarının aparatında 324 nəfər, digər təşkilatlarda 14971 nəfərdir. Məşğul əhalinin 5890 nəfəri dövlət, 33063 nəfəri qeyri dövlət sahələrində çalışanlardır. Ağstafa rayonunda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 94 ailə(302 nəfər) müvəqqəti məskunlaşmışdır. Rayon ərazisində məskunlaşmış qaçqınların ümumi sayı 465 ailə, 1706 nəfərdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri