Qadın
Ola bilsin, sizdə elə bir hiss olsun ki,
sanki qarnınızın altından ayaqlarınıza doğru cərəyan keçir. Buna səbəb
dölün çanağın dərinliyinə enməsi və bu zaman sinir gövdəsinə
toxunmasıdır.
Biz doğum prosesi ilə tanışlığa kifayət qədər vaxt
sərf etmişik. İndi gəlin daha bir məsələni – doğum palatasında ailə
üzvlərinin iştirakını müzakirə edək.
Xarici ölkələrdə buna hər
yerdə rastlamaq olar. Ər doğumqabağı palatada qadının yanında olur ki,
bu da qadına böyük mənəvi dəstək olur. Yanında doğma adamın olması
düşüncəsi xeyirli təsir göstərir, hələ onu demirik ki, fərasətli ərlər
qadınlarının ağrısını azaltmaq üçün düzgün nəfəs almağı anladırlar.
Bəziləri bir az da irəliyə gedərək, qovulma mərhələsində iştirak edir,
həkim və mamanın rəhbərliyi ilə massaj edir, qrelka və ya buz paketləri
qoyur, doğulan uşağı əllərinə alır, göbəyini bağlayır və kəsirlər. Yeri
gəlmişkən, göbəkbağının ağrı sinir ucları olmur, ona görə də göbək
kəsilərkən nə uşaq, nə də zahı qadın ağrı hiss etmirlər (hansımız
bərbərin əli altında ufuldayırıq?).
Xarici ölkələrdə ərin doğuşda
iştirakı könüllülük və hazırlılıq əsasında təmin edilir. Bu möhtəşəm və
sehrli hadisədə soyuqqanlılığı saxlamaq hər kişiyə müyəssər olmur. Buna
görə də kimsə qalibiyyətli sonluğa qədər qadının yanında dura bilmirsə,
qəbahətli sayılmaz. Əgər atanın iştirakı qadınının əlindən tutub,
gözlərinə baxıb və onu sözlə sakitləşdirməklə bitibsə, inanın o, böyük
iş görmüşdür!
Uşaqların doğuşda iştirakı bir başqa məsələdir.
Bəzi valideynlər və mütəxəsisslər bunu o zaman xeyirli sayırlar ki,
uşaqlar burada diskomfort hiss etmirlər.
Uşaqların iştirakı və
necə davrana biləcəkləri ehtimalı qabaqcadan müzakirə olunur və müsbət
qərar verilərsə, uşaqlar da xüsusi hazırlıq sinfi keçməlidirlər.
Bizdə
məsələ konkret doğumayardım müəssisələrinin iş xüsusiyyətinə bağlıdır.
Hər halda, ərinizin doğuşda iştirak edib – etməyəcəyi və konkret olaraq
onun iştirakının nədən ibarət olacağı əvvəlcədən həkimlə müzakirə
edilməlidir. Əmin olun ki, əriniz vəziyyəti real təsəvvür edir və bu
məsələdə illüziyaya qapılmır.
Gələcək uşaq
Körpənin çəkidə gündəlik artımı 28-30 qramdır və intensiv olaraq ana bətnindən kənarda həyata keçirilir.
Yeri gəlmişkən, ad seçmisiniz? Əgər seçməmisinizsə, tələsin!