Alimentlə bağlı bilmədikləriniz...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 558
Səs ver:
(səs: 0)
- Azərbaycanda uşağa görə nə qədər aliment verilməlidir?

- Uşağa görə alimentin məbləği aliment ödəməli şəxsin özünün aliment ödəmək vəzifəsinə olan münasibətindən asılıdır: Əgər şəxs alimenti könüllü ödəmək istəyirsə, bu zaman valideynlər Ailə Məcəlləsinin 75.3-cü maddəsinə uyğun olaraq aliment ödənilməsi barədə Saziş imzalaya və həmin Sazişdə ödəniləcək alimentin məbləğini müəyyən edə bilərlər. Bu zaman yetkinlik yaşına çatmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notarial qaydada təsdiq olunur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Bu halda alimentin məbləği aliment ödəməli şəxsin gəlirinin olub olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə qaydasında uşaqlar üçün onların valideynlərindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və başqa gəlirlərin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən valideynlərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəmdirsə, qazancı xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, aliment tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Praktikada bu məbləğ ən azı, adətən, hər il üçün qanunla təsdiq edilən uşaqlar üçün yaşayış minimumu miqdarında müəyyən olunur ki, 2014-cü il üzrə bu məbləğ 103 manatdır.

- Əgər valideynlərin hər ikisi uşağından imtina edibsə, bu zaman həm ana, həm ata uşağa aliment verməlidir?

- Uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Ailə Məcəlləsinin 75.5-ci maddəsinə uyğun olaraq valideynlər arasında uşaq üçün aliment ödənilməsi barədə saziş olmadıqda, valideynlər uşaqları saxlamadıqda və alimentin ödənilməsi barədə məhkəməyə müraciət edilmədikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları valideynlərə qarşı məhkəmədə iddia qaldıra bilər. Bu zaman valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Valideyn himayəsindən məhrum olmuş və tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir. Göstərilən müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin dövriyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50 faizi uşağın adına bankda açılan hesaba köçürülür.

- Aliment ödəyən tərəf nə zaman aliment ödəməkdən imtina edə bilər? Yoxsa bu mümkün deyil?

- Aliment ödənilməsi barədə saziş varsa onun icrasından imtinaya yol verilmir. Aliment məhkəmə qaydasında təyin olunubsa onun ödənilməsindən imtina valideynlik hüququndan məhrum edilmək üçün əsas olmaqla yanaşı həm də məhkəmənin aktını icra etməməyə görə cinayət məsuliyyətinə səbəb olur.

- Ailə Məcəlləsinin 82-ci maddəsində qeyd olunur ki, “əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur”. Azərbaycanda bu təcrübə var?

- Praktikada çox nadir hallarda rast gəlinir.

- Keçmiş ər-arvad bir-birinə qarşı hansı aliment tələb edə bilərlər? Qanun bu barədə nə deyir?

Ailə məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq keçmiş ər və ya arvad öz aralarında aliment ödənilməsi barədə saziş imzalaya bilərlər. Belə Saziş olmadıqda aşağıdakı şəxslərin nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququ vardır: - hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; - sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); - nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); - ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Aliment alan keçmiş ər və ya arvadın maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda və ya əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir.

Yazı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəklədiyi "Qızılbaş" GMİB-nin "Gənclər arasında ailə hüquqlarının təbliği" layihəsi ilə bağlı yayımlanır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 558
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri