Qadının hüquqları niyə tez-tez pozulur?

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 370
Səs ver:
(səs: 0)
Qadin-böyük qüvvədir. Zənnimizcə, bu ifadə dünyanın istənilən guşəsində bir aksiom tələbi kimi qəbul edilir. Hər bir cəmiyyətdə qadın fenomeninin rolu və onun cəmiyyətə verdiyi tövhə danılmaz bir həqiqətdir.

İlk növbədə qadın - gələcəyin təminatçıları olan övladlar dünyaya gətirir və onların böyüyüb boya-başa çatmasında əlindən gələn səyləri edir. Buna görə də, cəmiyyətin əsas qurucu qüvvəsi elə məhz qadınlardır. Lakin təəssüflər olsun ki, cəmiyyətdə bir çox insanlar qadınların bu gücünü heçə sayaraq onlara qarşı müxtəlif zor tətbiq edirlər, onların uğurlarına qeyri-ciddi yanaşıb, zəif bir cinsin nümayəndəsi sayıb qadınların cəmiyyətdə rolunun məhdudlaşdırılmasının lehinə çıxırlar. Çox acınacaqlı bir haldır ki, belə zorakılıqların sayı getdikcə artmaqdadır. Qadınların hüquqlarının tapdanması hazırki dövrümüzdə tez-tez rast gəlinən haldır, onların şəxsiyyətinin alçaldılması, qadınların bir çox hallarda özlərinin hüquq və azadlıqlarından xəbərdar olmaması kimi hallar neqativ nəticələrə gətirib çıxarır. Bu da nəticədə, gender bərabərsizliyidir ki, bunun da mənası qadın və kişi hüquqlarının bərabərsizliyi anlamına gəlir.

Hazırda, cəmiyyətdə tez-tez rast gəldiyimiz bu problemləri həll etmək üçün müxtəlif təşkilatlar, qadın birlikləri fəaliyyətdədir. Bunlar sırasında 1998-ci ildə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sözügedən istiqamətdə fəaliyyət göstərən aparıcı dövlət qurumudur. Bu komitə də qadınlara qarşı zorakılığın tətbiq edilməsinin azaldılması istiqamətində bir çox addımlar atmış və layihələr hazırlamışdır. Komitənin fəaliyyət istiqamətlərindən biri də, məişət zorakılığı problemlərinin araşdırılması və onun qarşısının alınmasıdır. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutmuşdur. Bu Qanunun qəbul olunmasında ölkənin Birinci Xanımı, millət vəkili Mehriban Əliyevanın müstəsna rolu bütün ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən xüsusi qeyd olunur. Qanunun məqsədi qadınlara qarşı hər hansı zorakılıq hallarının qarşısının alınması və zorakılıq qurbanlarına psixoloji, tibbi, hüquqi yardımın göstərilməsidir.

Qadınlarımızın ölkəmizin inkişaf etməsində çox böyük rolu var. Hazırda, cəmiyyətimizdə həm özəl, həm də dövlət strukturlarında müxtəlif vəzifələri tutan qadınlara rast gəlmək olar. Milli Məclisdə 125 deputatın 21-nin məhz zərif cinsin nümayəndəsinin olması da təsadüfi deyil.

Ölkəmiz 1992-ci il avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də “Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında” 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız Həyat” Regional Məlumatlandırma Kampaniyasına, 2001-2002 –ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına, eləcə də 01 aprel 2008-ci ildə Avrasiya qadınlarının əməkdaşlığı üzrə qrupun yaradılması haqqında Protokola qoşulmuşdur.

Azərbaycan dövləti bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bununla yanaşı, ölkə daxilində qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edilib. Bunlardan məsələn: Azərbaycan Respublikasının Ali Qanunu olan Konstitusiyada gender bərabərliyi haqqında maddə, “Gender (Kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunları, eləcə də, Ailə Məcəlləsi və Cinayət Məcəlləsinə bu istiqamətdə edilən dəyişikləri misal çəkmək olar.

Azərbaycan Respublikasının Ali Qanunu olan Konstitusiyanın 25.2-ci maddəsinə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, Qanunun 2.0.2-ci maddəsində, gender bərabərliyi dedikdə qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyətini özündə ehtiva edir.

Erkən nikah, onun törədə biləcəyi fəsadları göz qabağındadır. Bununla bağlı qanunvericiliyə bu sahədə dəyişikliklər edilmişdir. Ailə Məcəlləsində qadınlar üçün nikah yaşı 1 yaş artırılaraq 18 yaş qəbul edilmişdir.

Həmçinin AR Cinayət Məcəlləsinə də dəyişiklik edilərək “Qadını nikaha daxil olmağa məcbur etmə” (176-1.) maddəsi qəbul olunmuşdur.

Həmin maddəyə görə qadını nikaha daxil olmağa məcbur etmə - iki min manatdan üç min manatadək cərimə və ya iki il müddətinədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (176-1.1.)

Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə – üç min manatdan dörd min manatadək cərimə və ya dörd il müddətinədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

(176-1.2.)

Qadın hüquqlarına dair maarifləndirici işlərin aparılması üçün ictimaiyyətin diqqətini cəlb etmək lazımdır və bunun üçün müxtəlif aksiyalar da keçirmək mümkündür. Lakin bu aksiyalar davamlı olmalı, insanlara problemin daha düzgün dərk etdirilməsinə xidmət etməlidir. Bundan əlavə, sosial çarxların hazırlanması və KİV-lərdə bu məlumatların daha ətraflı işıqlandırılması da zəruri məsələlərdəndir.

Qanunvericiliyin mövcud olmasına, müvafiq dövlət qurumlarının fəaliyyət göstərməsinə baxmayaraq, bu istiqamətdə vətəndaş cəmiyyətinin rolu böyükdür. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün səylərini birləşdirməlidir. Əhalinin müxtəlif yaş qrupları arasında, orta və orta ixtisas məktəblərinin, yuxarı sinif şagirdləri və tələbələri, eləcə də, ali təhsil müəssisələrinin tələbələri arasında bu məsələ ilə əlaqədar məlumatlandırıcı və maarifləndirici tədbirlərin keçirilməsi vacibdir. Həmçinin bu problemə dair filmlərin çəkilib televiziya ekranlarında, internet saytlarında verilməsi də yaxşı olardı.

Qumru Eyvazova
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 370
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri