Qadın hüquqları, müasirlik və Azərbaycan reallığı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 187
Səs ver:
(səs: 0)
Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür.

Ümumiyyətlə qeyd edilməlidir ki, Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrumkən 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilirdi.

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb.

1992-ci ildə Azərbaycan BMT və ATƏT- in, 2001-ci ildə isə Avropa Şurasının üzvü olduqdan sonra isə bu təşkilatların hər birinin tərkibində olan gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturlaın hər biri ilə sıx əməkdaşlıq etməyə başlayıb.

Bütün bunlara baxmayaraq, ölkədə qadın hüquqları ilə bağlı problemlər hələ də qalmaqdadır. “Məişət zorakılığı”, “gender bərabərsizliyi”, “qadınların ictimai-siyasi sferalarda az yer tutması” və s. kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir.

Ümumiyyətlə, beynəlxalq təşkilatların hesabatlarında da bu faktorlar öz əksini tapır. Məsələn, 2006-cı ildən gender bərabərsizliyi hesabatını hazırlayan Dünya İqtisadi Forumunun illik nəticələrinə görə, Azərbaycan 5 ildə bu istiqamətdə geriləyib. Belə ki, Azərbaycan sözügedən təşkilatın 2007-ci il hesabatında 59-cu yerdə idisə, 2008-ci ildə 61-ci, 2009-cu ildə 89-cu, 2010-cu ildə 100-cü yerə düşüb. 2011-ci ildə ilk dəfə olaraq 100-cü yerdən 91-ci yerə qalxıb.

Problemlərin miqyası respublikada ərazilərə görə dəyişir. Şəhərlərə nisbətən rayon və kəndlərimizdə qadınların hüquqları daha çox pozulur.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvi, millət vəkili Elmira Axundovanın sözlərinə görə, Azərbaycan qadınlarının hüquqlarının qorunmasına dair qanunvericilik bazası yaradılıb və tam həcmdə fəaliyyət göstərir. Lakin o da hesab edir ki, xüsusən rayon və kənd yerlərində qadınların hüquqi maarifləndirməsi sahəsində xeyli işləri görülməlidir.

“Nəzəriyyədə bizdə bu istiqamətdə hər şey yüksək səviyyədə ola bilər, amma düşünürəm ki, təcrübədə maarifləndirmə işlərinə böyük ehtiyac var. Mən bu istiqamətdə KİV-lərin və QHT-lərin öz fəaliyyətlərini artırmalarını istərdim”.

Qeyd etməliyik ki, bu gün ölkədə fəaliyyət göstərən QHT-lərin əksəriyyəti qadın, gender problemləri üzrə fəaliyyət göstərir və onların da əksəriyyətinin başçısı qadındır. Onlar hər zaman qadınların öz hüquqlarını bilməsi, onların buna uyğun hərəkət etmələri üçün müxtəlif seminarlar təşkil edirlər.

“Bizdə QHT-lərin böyük əksəriyyətini qadınlar idarə edir. İstərdim ki, onlar öz fəaliyyətlərində qadın hüquqlarının qorunması məsələlərini prioritet məsələyə çevirsinlər, müvafiq layihələri həyata keçirsinlər və bu tədbirlər daha çox rayon və kənd yerlərində görülsün” - deyə Elmira Axundova vurğulayıb.

Azərbaycan sivil ölkədir, bura sərt qadağalar, gərəksiz qanunlar yoxdur. Dövlət hər iki cinsə - qadın və kişiyə eyni gözlə baxır. Bəzən deyirlər ki, bu ölkədə qadınlar insan yerinə qoyulmur, haqları tapdanır. Ancaq “Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı bu fikirlə razılaşmadığını bildirib.

“Mən də qadınam, mənim haqqımı niyə tapdamırlar? Niyə kimsə mənə “sən qadınsan, buna haqqın yoxdur” deyə bilmir? Qadınlar haqqını bilməsə də, bu ölkədə onların haqqı qorunur.

Ən adi bir misal: Əmək Məcəlləsinin 125-ci maddəsinə görə, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü ödənişli məzuniyyət verilir, amma övladı doğulan ataya problemləri ilə məşğul olmaq, ailəsinə zaman ayırmaq üçün cəmi 14 gün izin verilir, amma ödənişsiz. Yəni, Azərbaycanda atalıq məzuniyyəti yoxdur. O zaman kişilər də desin ki “bu ölkədə mənim haqqım tapdanır”. Bu sadə bir misal idi, demək istəyirəm ki, qadın daha öncəliklidir. Yetər ki haqqını-hüququnu bilsin”.

QHT sədri bu problemlərlə bağlı onlara çoxlu şikayətlərin daxil olduğunu vurğulayıb.

“Problemləri olan yüzlərlə qadınımız var, amma demək olar ki, əksəriyyəti bu barədə bilgisizdir və biz də bundan çox rahatsız oluruq. Məsələn, abort hallarından şikayətlər daha çox olur. Qadınlar həyat yoldaşı və ya ailəsi tərəfindən aborta məcbur edilir. Bunun səbəbi də doğulacaq körpənin qız olması ilə bağlı olur. Çox qadın bilmir ki, onun öz razılığı olmadan və ya həyatı təhlükəsi olmasa, bətnindəki körpəni heç kimi ondan ala bilməz. Yəni, qadınlar savadlı olsa, hüquqlarını bilsə bu kimi hallarla mübarizə edə bilərlər”.

Cəmiyyətin özəyini möhkəm ailələr təşkil edir. Möhkəm ailənin təməlində isə qadın dayanır. Cəmiyyətin hər bir fərdini o dünyaya gətirir, ona edilən zorakılıq cəmiyyətin təməlini sarsıdır.

Lalə Mehralının sözlərinə görə, ifrat dini dövlətləri çıxmaq şərti ilə bütün dünyada, o cümlədən Azərbaycanda da qadın hüquqları müəyyən dərəcədə qorunur.

Dünya İqtisadi Forumunun 2011-ci il hesabatına əsasən qanunvericilər, rəsmi vəzifəlilər arasında da qadınlar Azərbaycanda azdır. Azərbaycan 117-ci yerdədir.

Peşəkar və texniki işçilər arasında qadınların payı isə Azərbaycanda yüksəkdir. Azərbaycan dünyada 33-cü yerdədir.

Qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2000-ci il martın 6-da «Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında»fərman verib. Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması,

Statistika Komitəsinə qadınlar haqqında geniş məlumatların hazırlanması və yayılması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini əsas tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər irəli sürülməsi kimi tapşırıqlar verilib. Bu fərmandan sonra nazirlik, komitə və icra hakimiyyəti başçılarına qadınların rəhbər vəzifələrə irəli çəkilməsi tapşırılıb.

Lakin, bu sahədə olan normativ hüquqi aktların mövcudluğuna və aparılan işlərə baxmayaraq, hələ də qadınlar hakimiyyət orqanlarında və rəhbər vəzifələrdə az təmsil olunurlar.
31 nazirlik, dövlət komitə və komissiyasında yalnız bir qadın dövlət qurumunun (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova), bir nəfər də dövlət komissiyasının (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə) sədridir. Siyasi partiyalardan isə birinin rəhbəri qadındır (Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət). Bu sırada Milli Məclisin sədr müavini Bahar Muradovanın, parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın, Prezident Adminstrasiyasında Hümanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin də adını çəkə bilərik.
2002-ci ildə Azərbaycanda ilk İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) də (Elmira Süleymanova) qadın seçilib.
Milli Məclisdə təmsil olunan 125 deputatdan 20-si qadındır.

Deputat Elmira Axundova hesab edir ki, ölkədə qadınların rolu cəmiyyətdə kifayət qədər yüksəkdir.

“İctimai fəallıq müşahidə olunur. QHT-lərə nəzər salsaq, görərik ki, onların 50 faizdən çoxuna rəhbərliyi qadınlar həyata keçirirlər. Eyni zamanda hal-hazırda cəmiyyətdə kifayət qədər qadın jurnalist, siyasi xadim, deputatlar var və bu say ildən-ilə artır. Sözün düzü, bu istiqamətdə böyük problem görmürəm. Halbuki, bəzi hallarda bizim kişilərimiz qadınların ictimai və siyasi aktivliyinə bir qədər qısqanclıqla yanaşırlar. Bu sindromu da tədricən aradan qaldırmaq lazımdır”.

Bu gün Azərbaycanda ən ciddi məsələlərdən biri də ailədə qadınlara qarşı zorakılıqların tətbiq edilməsi və onların əksəriyyətinin çox zaman gizli qalmasıdır. Bildiyimiz kimi, menatlitetimizdən irəli gələn səbəblərə görə Azərbaycan qadını ailədə məruz qaldığı zorakılığı açmır və bu da ölkənin hazırlanan statistik nəticələrində faktların kənarda qalmasına səbəb olur.

Ailədə zorakılığın aradan qaldırılması üçün hüquqi tədbirlər görülməli, ictimai qınaq olmalı, profilaktik (maarifləndirmə) işləri həyata keçirilməlidir. Müəllimlər, ziyalılar, qadın siyasətçilər qadın zorakılığı adlanan bu bəlanın aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilərlər.

E.Axundova bildirib ki, onlar deputat olaraq ailədə qadınlara qarşı zorakılığın aradan qaldırmaq üçün ilk addım atıb, öz borclarını yerinə yetiriblər.

“Yeri gəlmişkən, bu yaxın aylarda qəbul edilən bir qanun dəyişikliyini yada salaq. Erkən nikaha məcbur etməyə görə cərimə tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub ki, bununla da qanunvericilik sərtləşdirilib.

Düşünürəm ki, bundan sonra hüquq mühafizə orqanları, QHT-lər, ictimai təşkilatlar öz işlərini görməlidirlər.

Bu məsələdə ən əsas məsələlərdən biri cəmiyyətdə belə hallara qarşı dözümsüzlük mühitinin formalaşdırılmasıdır. Belə hallara münasibətdə hüquq mühafizə orqanları, qonşular, qohumlar “ailə məsələsi” deyib, səssiz qalmağa üstünlük verirlər. Və nəticədə ailədaxili cinayətlər ortaya çıxır. Düşünürəm ki, belə zorakılığa qarşı cəmiyyətin özündə bir etiraz abu-havası formalaşdırılmalıdır”.

Qadın hüquqları ilə bağlı danışarkən çox zaman modern dəyərlərə istinad olunur, müasir qanunlar göz önünə gətirilir. Ümumiyyətlə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan bir sıra beynəlxalq konvensiyaların üzvidir. Lakin o konvensiyalarda qeyd olunanlar çox zaman ölkənin real həyatı ilə uyğun gəlmir. Bunlara uyğun hərəkət edəndə isə “milli mentalitet” məsələsi ortaya atılır.

Hər coğrafiyanın özünəməxsus yaşam tərzi, qayda-qanunları var və həmin coğrafiyanın insanları məhz o yaşam tərzinə adaptasiya olub. Bir yerdə yaxşı görünən qayda, başqa yerdə gülünc qarşılana bilər.

Millət vəkilinin fikrincə, biz hər zaman müasirliyin, müasirləşmənin tərəfdarı olmuşuq. Təəssüf ki, cəmiyyətimizdə müasirləşmə dedikdə tamam başqa şeylər başa düşülür.

“Biz əlbəttə ki, qadınların təhsil, geyim, əylənmə hüququnu dəstəkləyirik. Amma məncə bu müasirlik milli mentalitetlə ziddiyyətə girməməlidir”.

Müasirlik ictimai yerlərdə, əhali arasında eybəcər şəkildə geyinib eybəcər hərəkətlər etmək deyil. Məsələn, bir də görürsən ki, hər hansı qız bir əlində siqaret, digər əlində içki, yarıçılpaq geyimdə insanların arasında gəzir.

“Bir misal da gətirim, məsələn bir sıra Avropa və dünya dövlətlərində eyni cinsin nümayəndələrinə nikaha girməyə qanuni şəkildə icazə verilir. Bu müasirlik hesab olunursa, mən belə müasirliyin əleyhinəyəm.

Mən müasirlik dedikdə xanımlarımızın müasir təhsilə, elmi biliklərə, gözəl ixtisasa yiyələnməsində, cəmiyyətdə özünə layiqli və ləyaqətli yer tutmasında görürəm. Məsələn, bu yaxındalarda gömrük sistemində bir xanım general rütbəsinə layiq görüldü. Mən müasirlik buna deyərəm. Müasir olmaq istəyirsənsə, vətənpərvər ol: polisdə, orduda xidmət et, ikinci dünya müharibəsində olduğu kimi, hərbi aviasiyada qulluq etməklə düşmənə qarşı səmada vuruş” deyə deputat vurğulayıb.

E.Axundova düşünür ki, bizim ən üstün cəhətimiz milli dəyərlərimizi və mentalitetimizi qoruyub saxlamaqla yanaşı, müasirliyi əldə edə bilmə bacarığımızdır.

Qadın gözəlliyin harmoniyasıdır. Odur ki, qadınlarımız müasirliklə milli mentaliteti özlərində harmoniya şəklində yaşada bilərlər.

Aytən ƏLİYEVA
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 187
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri