Azərbaycanda qadınlar niyə polis ola bilmir?

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 7 838
Səs ver:
(səs: 2)
Bu gün azərbaycanlı xanımlarının çoxu çörəkpulu qazanmaq üçün müxtəlif sahələrdə çalışırlar. Əvvəllər kişi sənəti bildiyimiz sürücülükdə, benzindoldurma məntəqəsində artıq qadınlar da işləyir. Bəs polis qadınlar? Polis kimi şərəfli, çətin sənəti seçən çox az sayda xanımımızsa, gözə dəymir. Polis qadınlarımız arxa planda, daha çox katiblik, dəftərxana kimi dar çərçivədə xidmət göstərirlər. Bunun səbəblərini az-çox bilirik. Son zamanlar Azərbaycanda zorakılıq, xüsusən qadınlara qarşı edilən təzyiqlər, qətllər qadın polislərinin fəaliyyətə keçməsini zəruriləşdirir. İctimaiyyət də son dövrdə artmış məişət zorakılığıyla mübarizədə qadın polisinin rolunu önə çəkir. Qadınlarımızın polis peşəsinə həvəsinə və ya hazırda polis adını daşıyanların üzə çıxıb “biz də varıq” deməsinə çox ehtiyacımız var. “Qafqazinfo” bu ehtiyacla reallıq arasındakı münasibəti araşdırıb.

Azərbaycanın qadın polisləri haradadırlar?
Ölkədə daxili işlər orqanlarında işləyən qadınların sayı təxminən 3,5%-i əhatə edir. Bu say çox aşağı göstərici olsa belə, onların da fəaliyyəti dar çərçivəylə bitir. Qadın polislərimiz ən çox pasport qeydiyyatı idarələrində, eləcə də arxa planda informasiya texnologiyalarına cavabdehlik daşıyırlar. Niyə biz polis qadınlarımızın fəallığını yolda, hər hansı etiraz aksiyalarında, yaxud polis idarələrində görmürük? Daxili İşlər nazirliyinin Polis Akademiyasının əməkdaşı, təqaüddə olan polis işçisi Məmməd müəllimə görə, ildən-ildə polis peşəsinə qızlarımızın da həvəs göstərdiyini müşahidə etmək olar. “Bəli, bizim polis xanımlarımız daha çox arxa planda çalışırlar. Bu da insanların bu sənəti daha çox kişi peşəsi kimi görməsindən irəli gəlir. Hazırda Polis Akademiyasında hər kursda 1-2 könüllü şəkildə bu peşəyə yiyələnmək istəyən qızlarımız təhsil alır. Kənardan bu say az görünə bilər. Bu təbiidir. Ailələr bu sənətin çətinliyini dərk edərək qızlarının polis olmasıyla razılaşmırlar. Bütün bunlara baxmayaraq, bu gün 102 xidmətində, azyazlı uşaqlar və yeniyetmələrin təlim-tərbiyyəsi ilə məşul olan idarələrdə daha çox xanım polislərimiz çalışırlar. Bundan başqa polis orqanlarında çox təcrübəli, tanınmış müstəntiq xanımlarımız fəaliyyət göstərirlər. Gəncənin pasport qeydiyatı idarəsinin rəhbəri Rəna xanım da seçilən polis xidməti əməkdaşlarındandır. Polis xanımların post-patrul xidmətində işləməsi ilə heç razı deyiləm. Yaxud Çevik Polis Alayında da xidmət göstərən qadınlar yoxdur, heç ola da bilməz. Çünki bu sahələr sırf kişi cinsinin bacaracağı xidmət formalarıdır.”

Qadın polisi zorakılığa məruz qalan həmcinslərinə sirdaş ola bilər
Qadın polisi daha çox harada gərəyimiz ola bilər? Müstəqil ekspertlərin fikrincə, hər hansı cinayəti işləmiş qadın polis idarəsinə gətirildikdə onun mütləq qadın polisi tərəfindən yoxlanılması( üzərində hər hansı əşyanın olub-olmamasını) gərəkdir. Amma bizdə müvafiq idarələrdə qadın polislərinin olmaması artıq cinayətkar olsa belə, həmin qadının hüququnun pozulmasına gətirib çıxarır. Yaxud kütləvi aksiyalar zamanı kişi polislərinin qadın nümayişçilərlə kopud davranışı( onları sürüməsi kimi) da qadın polislərin zəruriliyindən xəbər verir. Ən əsas zərurət isə son vaxtlar artan ailədaxili münaqişələrdə qadınların çarəsiz qalması, polis orqanlarına müraciət etməkdə cəsarətsiz davranmalarıdır. Hüquqşünas Elmira xanımın fikrincə, çox vaxt boşanmalarda kişilərin qadınlarını yersiz döyməsi, kobud davranışı səbəb kimi gətirilir. “Bəzən bu vəziyyət şişirdilir. Bəzən isə polis orqanlarına müraciət edən xanımın vəziyyəti tam öyrənilmir. Kişi polislər qadını ərini şikayət etməkdə qınayırlar, “ailədə belə şey ola bilər, düzələr” təsəllisi ilə yola salırlar. Nəticə isə çox halda ürəkaçan olmur. Qadın daha böyük zorakılıqla qarşılaşır, hətta ona həyat yoldaşı tərəfindən xəsarət də yetirilir. Bu halda hüquq-mühafizə orqanları gec qalsa da, məsələyə artıq daha ciddi yanaşmağa başlayırlar. Halbuki bu məsələdə qadın polislərinin fəallığı önə çəkilsə, məsələyə onların prizmasından baxılsa, nəticə cinayət işinə qədər gedıb çıxmaz.”
Həqiqətən də, bizim cəmiyyətdə əri tərəfindən döyülən qadın ətrafdan çəkinərək dözməyi üstün tutur. Polisə müraciət edən qadının evində hörməti də ola bilməz. Axı o həyat yoldaşından başqa bir kişiyə(polisə) şikayət edib. Bəzən özündə cəsarət tapan qadın da evinə qayıtmaqdan çəkinir, onun ərindən qorxusu ikiqat artır.
İllərdir, “Təmiz Dünya” Qadınlara Hüquqi Yardım İctimai Birliyi Azərbaycanda qadın polislərinin fəallığının artırılması təkliflərini irəli sürür. Təşkilatın rəhbəri Mehriban Zeynalova bu məsələylə bağlı dəfələrlə ali orqanlara müraciətlər edib.

Təşkilat özü bir neçə dəfə bu məsələylə bağlı sorğu-araşdırmalar da keçirib. Sonuncu dəfə “Qafqazinfo”nun jurnalistinin anası ilə birgə atası tərəfindən öldürülməsi təşkilatın fəallığını bir az da artırıb. Mehriban xanımın fikrincə, son vaxtlar artmaqda olan qadınlara qarşı zorakılıq halları qadın polisinin sayının artırılması məsələsini bir daha gündəmə gətirdi. “Qadın polis ailədaxili münaqişələrə nüfuz etmək haqqını əldə edə bilər, vaxtında baş verə biləcək hər hansı neqativ halların qarşısınını alar. Qadınlarımız öz problemlərini öz həmcinslərinə daha yaxşı izah edər.” Xatırladaq ki, təşkilatın məlumatına görə, bu ilin on bir ayında 30 qadın məişət zorakılığı nəticəsində öldürülüb. Bu qətllərin çoxu həyat yoldaşları tərəfindən törədilib.
Bu arada qeyd edim ki, 2010-cu ilin 22 iyununda “Azərbaycan Respublikasının Məişət Zorakılığının qarşısının alınması haqqında”Qanunu qəbul olunub. Bu qanunda nə polisin, nə də qadın polislərin fəalliğı önə çəkilib. Hüquq müdafiəçiləri qanunun yenidən işlənilməsinə ehtiyac olduğunu bildirirlər. Ən azı burada qadın polisinin fəaliyyəti qeyd olunmalıdır.

1999-cu ildən qüvvədə olan “Polis haqqında” Qanunda isə qadın polislərinin fəallığına hər hansı məhdudiyyətlər qoyulmayıb.
Polis olmaq üçün qadın nələrı qurban verməlidir?
Kiçik sorğudan məlum olur ki, elə qadınlarımızın çox hissəsi polis peşəsinə kişi sənəti kimi baxırlar. Respodentlərin fikrincə, qadın bu sənəti seçdikdə, çox qurbanlar verməlidir. Ən əvvəl bir qadın kimi bəzənmək, qadın kimi görünmək istəklərindən məhrum qalır. Polis olmaq artıq kişilərlə çiyin-çiyinə işləmək, bir az da “kişi” xüsusiyyətlərinə malik olmaq deməkdir. Qadın polislərin iş rejimi ağır olur, ailəsi işindən sonra gəlməli olur, bəzən həyatı risk daşıyır. Bir sözlə, qəbul edək ki, qadınların bu sənəti seçmək istəyi çox cüzidir. Hələ ailə, valideynlərin də qız övladlarının bu peşəyə yiyələnməsində maneələr meydana çıxır.
Bu səbəbdən bir qisim ekspertlər internat evlərində yaşayan qızların polis peşəsinə yiyələnməsinin məqsədəuyğun olacağını təklif edirlər. Bunun üçün də yenə də ümumilikdə təbliğat işi düzgün qurulmalıdır. Onu da qeyd edim ki, 2010-cu ildə Milli Məclis qadın polislərin sosial hüquqlarının artırılması məqsədiylə “Vergi”Məcəlləsində dəyişikliklər etmişdi. Daxili İşlər Nazirliyində işləyən qadınların fəallığının artırılmasına yönəldilmiş yeni müddəalarda ailəli xanım polislərə analıq məzuniyyəti müddətində güzəştlər verilir.

Dünya təcrübəsində də qadın polislər bu sahənin ağırlığını qəbul edərək bu peşəyə yiyələnirlər. Qadın polisin ciddi, sadə olması mütləqdir. Qadın polis saçını rəngləyə, açıq şəkildə qoya bilməz, kosmetikadan, zinyət əşyalarından istifadəsi qadağandır. İşin ciddiliyi də bunu tələb edir. Polis qadın hardasa bu cinsdən olduğunu unutmalı, yalnız işi barədə düşünməlidir.

İranın çadralı polis qadınları kişilərdən geri qalmır
Dünya ölkələrində polis sənətinə həm kişi, həm də qadın peşəsi kimi normal baxırlar. Misal üçün, İran kimi şəriət qaydalarını üstün tutan ölkədə qadın polis dəstələri daim fəallığını qoruyur, insidentlərdə, hər hansı tədbirlərdə onları görmək adi haldır. Hətta bu qadınlar çətin, əlverişsiz geyimdə-çadrada olsalar belə çevik hərəkətləri, fiziki hazırlığı ilə kişilərlə bərabər səviyyədədirlər. İranda qadın polis taboru var. İranlı polis qadınlar daha çox Tehranda çəmləşib. Bu əxlaq polisləri iranlı qadınların geyiminə, davranışına nəzarət edirlər. Almaniyada, İngiltərədə, ABŞ-da qadın polisi cinayət axtarışı şöbələrində kişilərlə birgə çalışırlar. Bu il İngiltərə Daxili İşlər Nazirliyi islami dəyərlərə hörmət əlaməti olaraq məscidə daxil olan polis qadınlara xüsusi hicablı geyimlər də hazırlayıb. Dünyada ən çox polis qadınlar ABŞ-da fəaliyyət göstərirlər.

Türkiyədə qadınlardan ibarət xüsusi cevik polis dəstələri var. Hətta 1996-1997-ci illərdə Türkiyənin Daxili İşlər Naziri Akgenar Maral adlı qadın olub.
2000-ci ildən etibarən Hindistan, Pakistan, Koreya, Çində də qadın polislərinin fəallığı artırılıb.
Rusiyanın hüquq-mühafizə orqanlarında da çox sayda qadın polis işləyir. Ən məşhur polis qadını isə 2002-ci ilin “Dünya Gözəli” Oksana Fyodorovadır. Milis mayoru Oksana həmişə sənətinin birinci gəldiyini deyir.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 7 838
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri