Bəqərə - İnək Surəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 585
Səs ver:
(səs: 2)
1Əlif, Lam, Mim.
2Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.
3O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.
4O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar,
5Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.
6(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.
7Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!
8İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və qiyamət gününə iman gətirdik", -deyirlər.
9Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.
10Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!
11Onlara : "Yer üzündə (küfr və günah işlədərək, möminləri aldadaraq) fəsad törətməyin!” -dedikdə: "Bizim işimiz ancaq yaxşılıq etməkdir”, -deyə cavab verirlər.
12Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.
13Onlara: ”Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman (öz aralarında): "Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?” -deyə cavab verirlər. (Ey möminlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər.
14Onlar möminlərlə qarşılaşdıqları zaman: "Biz də (sizin kimi) iman gətirdik”, -deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: "Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”, -deyirlər.
15(Belə əməllərin müqabilində) Allah da onlara (dünya və axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində saxlayar).
16Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar.
17Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər.
18Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər.
19Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri (Öz elmi, qüdrəti ilə) ehtiva edəndir (Onun əlindən əsla qaçıb qurtara bilməzlər).
20İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın (onları kor etsin). (Şimşək) onlara işıq verdiyi zaman (onun şüası ilə) yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə (olduqları yerdə) dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.
21Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)
22O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!
23Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!
24Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!
25(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”, -deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar.
26Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: "Allah bu məsəllə nə demək istəyir?” -deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.
27O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!
28Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.
29Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!
30(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): "Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) " Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.
31(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (isimlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: "(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!”- dedi.
32Onlar: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər.
33(Sonra) O: "Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara bildir!”- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): "Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” – buyurdu.
34(Ya Peyğəmbər!) Biz mələklərə: "Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.
35(Sonra) Biz (Adəmə) dedik: "Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.
36(Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): "Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”, -dedik.
37(Nəhayət) Adəm rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.
38Biz (onlara) dedik: "Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar”.
39Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar.
40Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!
41Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!
42Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin!
43(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!
44Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?
45(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.
46Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna qayıdacaqlarını bilirlər.
47Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və sizi (vaxtilə əcdadınızı) bütün aləmlərdən (başqa insanlardan) üstün tutduğumu yadınıza salın!
48Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!
49(Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Firon əhli sizə (babalarınıza) ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən ötrü) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.
50(Yadınıza salın ki) Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq etdik.
51(Bir daha) xatirənizə gətirin ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx gecəlik vədə vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu özünüzə (tanrı) qəbul etdiniz və (bu hərəkətinizlə Allahdan başqasına ibadət etməklə) zalım oldunuz (özünüzə zülm etdiniz).
52Sonra da (tövbə etdiyinizə görə) sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.
53(Yadınıza salın!) Biz Musaya kitab (Tövrat) və (haqq ilə batili bir-birindən fərqləndirən) Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz.
54O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: "Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! "- demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır.
55(Və yadınıza salın ki) siz: "Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq”,- dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu.
56Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik.
57(Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: "Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.
58Xatırlayın ki, (Tih səhrasından çıxandan sonra ) sizə: "Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından (Allaha) səcdə edən halda "hittə!” ("bizi bağışla!”) söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını (mükafatını) artıracağıq”, -demişdik.
59(Özlərinə) zülm edənlər onlara deyilən (əmr olunan) sözü başqası ilə dəyişdirdilər ("bizi bağışla” mənasında işlədilən "hittə” sözünə gülərək onu "buğda” mənasında olan "hintə” sözü ilə əvəz etdilər). Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik.
60Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: "Əsanı daşa vur!” –dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara: ) "Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!” (söylədik).
61Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): "Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz. (Musa da cavabında : ) "Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” – demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi.
62İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.
63(Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə qaldırdığımızı xatırlayın! (Biz: ) "Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz” - (deyə əmr etmişdik).
64Bundan sonra siz (əhdinizdən) döndünüz (əvvəlcə əməl etdiyiniz Tövrata sonra əməl etmədiniz). Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi (tövbə etmək üçün möhlət verilməsəydi), əlbəttə, (böyük) zərər çəkənlərdən olardınız.
65Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü (Davud zamanında şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: "(Zəlil və) həqir meymunlar olun!” – dedik.
66Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.
67Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: "Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: "Bizi məsxərəyəmi qoyursan?” – dedilər”. (Musa da: ) Allah Özü məni cahil olmaqdan saxlasın!” – dedi.
68Onlar dedilər: "Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o (inək) nə cür olmalıdır?” (Musa: ) "Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!” –dedi.
69Onlar dedilər: "Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: "(Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur”, dedi.
70Onlar (yenə) söylədilər: "Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi tapar və bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq”.
71(Musa) dedi: "(Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir”. (Bu zaman) onlar: "İndi işi həqiqətə gətirib çıxartdın”, -dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.
72Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə çıxarmaq məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır!
73Belə olduqda Biz: "(Kəsilmiş inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə) vurun!” – dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə Öz möcüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.
74Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!
75(Ey möminlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.
76(Bu münafiqlər) iman gətirənlərlə görüşdükləri zaman: "İman gətirdik”,- deyirlər. Xəlvətdə olduqları vaxtda isə biri digərinə: "Allahın (Tövratda) sizə bildirdiyi şeyi (müsəlmanlara) xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi ?” – söyləyirlər.
77Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!
78Onların (yəhudilərdən) bəziləri də avamdırlar (bisavaddırlar), kitabı (Tövratı) bilməzlər. Uyduqları yalnız (bir sıra) boş arzulardır (xam xəyallardır). Onlar ancaq zənnə qapılırlar.
79Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: "Bu, Allah tərəfindəndir!” - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!
80Onlar (yəhudilər): "Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər. (Ya Rəsulum!) Onlara söylə: "Siz Allahdan belə bir vəd almısınızmı? (Əgər belədirsə) Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?”
81Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.
82İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.
83Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz.
84Xatırlayın ki, yenə bir zaman sizinlə: "Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz.
85(Ey yəhudilər!) Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə (tayfaya) zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Məgər, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.
86Onlar (yəhudilər) axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar.
87(Ey İsrail övladı!) Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar möcüzələr (dəlillər) bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə və ya ismi-əzəmlə) qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey (əmr, buyuruq) gətirən peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz (Zəkəriyya və ya Yəhya kimi).
88(Yəhudilər Quranı anlamaq və qəbul etmək barəsində) dedilər: "Bizim qəlblərimiz örtülüdür (pərdəlidir)”. (Lakin bu heç də belə deyildir). Əksinə, Allah onlara küfrlərinə görə lənət eləmişdir. Buna görə də onların ancaq az bir hissəsi (İbn Səlam və yoldaşları kimi) iman gətirər.
89Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə (Muhəmməddən qabaq) kafirlərə (ərəb müşriklərinə) qələbə çalmaq üçün ("Tövratda adı çəkilən axirüzzəman peyğəmbər gəlib bizə yardım edəydi!” - deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə, (paxıllıq edib) ona inanmadılar. Allah kafirlərə lənət eləsin!
90Allahın Öz qullarından istədiyi şəxsə lütf etməsinə (peyğəmbərlik verməsinə) həsəd aparmaq, Onun göndərdiyini (Quranı) inkar etməklə (yəhudilərin) vicdanlarını satmaları nə qədər də pisdir! Bununla onlar (özlərinə qarşı) Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!
91Onlara: "Allahın nazil etdiklərinə (İncilə və Qurana) inanın!” – deyildikdə, onlar: "Biz özümüzə göndərilənə (Tövrata) inanırıq”, -deyərək, ondan başqasını (sonrakını) inkar edirlər. Halbuki o (sonra göndərilən Quran) onların əllərində olanı (Tövratı) təsdiq edən bir həqiqətdir. (Ya Rəsulum!) Onlara söylə: "Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”
92Musa sizə açıq-aydın dəlillər (möcüzələr) gətirmişdi. Siz isə onun ardınca (Musa Tur dağına getdikdən sonra) buzova sitayiş edərək (özünüzə) zülm etdiniz.
93Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış və: "Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) eşidin!” (demişdik). Onlar (sizin ata-babalarınız) isə: "Eşitdik və (o hökmlərə) qarşı çıxdıq (əməl etmədik)!” – dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. (Ya Rəsulum!) Onlara de: "Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!”
94(Ya Rəsulum!) Sən onlara (yəhudilərə) de. ”Əgər (sizin iddianıza görə) Allah yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm istəyin!” (Çünki Cənnətin yalnız özünə aid olduğunu iddia edən kimsə ona qovuşmağa səbəb olan ölümü mütləq arzulayar).
95(Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır!
96Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!
97(Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Quranı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir.
98Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir.
99(Ya Rəsulum!) Biz sənə (ehkamı bildirən, halal və haramı ayıran) açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər.
100(Yəhudilər) hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Onların, bəlkə də, çoxu (Tövrata) inanmır.
101Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.
102(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!
103Əgər onlar (Qurana və Peyğəmbərə) iman gətirib pis əməllərdən (sehrə uymaqdan) çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Kaş ki, bunu dərk edəydilər.
104Ey iman gətirənlər! "Raina” deməyin (bu söz ərəb dilində "bizi qoru”, "bizdə gözün olsun”, "bizə bax”, "bizi gözlə”, "bizə qayğı və ehtiram göstər”, mənalarında işləndiyi halda, ibrani dilində yuxarıdakı mənalarla yanaşı, "bizə çobanlıq et”, "bizim çobanımız”; "ay səfeh” mənalarında da işlədilir. Yəhudilər həmin sözdən Peyğəmbərə qarşı bir istehza vasitəsi kimi istifadə edirdilər), "unzurna” söyləyin! (Allahın hökmünü) eşidin! Kafirləri şiddətli əzab gözləyir.
105(Ey möminlər!) Nə əhli-kitabdan olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məxsus (bəxş) edər. Allah böyük mərhəmət (nemət) sahibidir!
106Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!
107Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!
108(Ey Məkkə əhli!) Yoxsa siz də bundan əvvəl Musa sorğu-suala çəkildiyi kimi Peyğəmbərinizi (Muhəmmədi) sorğu-suala çəkmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, həqiqətən, doğru yoldan azmışdır.
109(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!
110Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!
111(Yəhudilər və xaçpərəstlər) dedilər: "Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: "Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!”
112(Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
113Yəhudilər dedilər: "Xaçpərəstlər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər”. Xaçpərəstlər də: "Yəhudilər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər ", -söylədilər. Halbuki onların hər ikisi kitab (Tövrat və İncil) oxuyur. (Kitab əhli olmayan və yazıb-oxumaq) bilməyənlər də onlar kimi danışdılar. Allah onların aralarındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!
114Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!
115Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!
116(Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: "Allah (Özü üçün) övlad götürmüşdür”. Allah pak və müqəddəsdir (bu sözlərin Ona heç bir aidiyyəti yoxdur. O, bütün eyib və nöqsanlardan xalidir). Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!
117Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: "Ol !” –deyər, o da (fövrən) olar.
118(Müşriklərdən olan) cahillər dedilər: "Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi!” Onlardan əvvəl gələnlər (yəhudilər və xaçpərəstlər) də buna bənzər sözlər demişdilər. Onların qəlbləri biri-birinə bənzəyir. Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi (dəlillərimizi) açıqcasına göstərdik.
119(Ya Rəsulum!) Biz səni (möminlərə) haqq ilə (Quranla) müjdə verməyə və (kafirləri) qorxutmağa göndərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan.
120(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: "Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.
121Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə zərər yetirənlərdir.
122Ey İsrail övladı! Sizə verdiyim nemətimi və sizi (əcdadınızı) aləmlər üzərinə (bütün ümmətlərə) üstün etdiyimi xatırlayın!
123Qorxun elə bir gündən ki, (o gün) heç kəs heç kəsin işinə yarıya bilməz (heç kəs heç kəs üçün bir şey ödəyə bilməz), heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz!
124(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) "Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə: ) "Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında: ) "(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu.
125(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də: ) "İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!” - (dedik). İbrahimə və İsmailə də: "Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! – deyə tövsiyə etdik.
126Yadına sal ki, İbrahim ; "Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!”- deyə dua etdikdə, O (Allah) : "Kafir olanlara da bir qədər (ömürləri boyu) ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora (Cəhənnəm) nə fəna bir yerdir!” – deyə buyurdu.
127Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər.
128(İbrahim və İsmail dedilər: ) "Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!”
129(Onlar yenə dedilər: ) "Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən”.
130(Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmək üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır.
131Rəbbi İbrahimə : "(Əmrimə) təslim ol!” – dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!” – deyə cavab vermişdi.
132İbrahim və (sonra da) Yəqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi) : "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!”
133(Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?” – deyə oğlanlarından soruşduğu zaman, onlar: "Sənin Allahına və ataların – İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)!”- dedilər.
134Onlar (İbrahim, Yəqub və onlara tabe olanlar) bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz.
135(Yəhudilər və xaçpərəstlər müsəlmanlara: ) "Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!” - deyirlər. (Ya Rəsulum!) Sən de: "Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi.
136(Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin: "Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”
137(Ey möminlər!) Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər (imandan) üz döndərərlərsə, (sizə qarşı) ədavət bəsləmiş olarlar. (Ya Rəsulum! Belə olduqda sən onların düşmənçiliyindən qorxma!) Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.
138(Ey möminlər, deyin: ) "(Biz) Allahın dinini (rəngini qəbul etdik). (Dini) Allahın dinindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik”.
139(Ya Rəsulum! Kitab əhlinə de: ) "Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!”
140Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun övladının (nəslinin) yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.
141Onlar (İbrahim, Yəqub və övladı) bir ümmət (camaat) idilər ki, keçib getdilər, onların qazandıqları (əməllər) özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz.
142(Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: "(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?” (Ya Rəsulum! Onların cavabında) de: "Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər”.
143(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.
144(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.
145(Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!
146Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.
147(Ya Rəsulum!) Haqq sənin Rəbbindədir, buna heç vaxt şübhə edənlərdən olma!
148Hər kəsin (hər ümmətin) üz tutduğu bir qibləsi vardır. (Ey müsəlmanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi (qiyamətdə) bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!
149(Ya Rəsulum!) Hər hansı bir yerə getdikdə, (namaz vaxtı) üzünü Məscidülhərama (Kəbəyə) tərəf çevir! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir.
150(Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, (özlərinə) zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız.
151Həmçinin (nemətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Quranı), hikməti (şəriəti, halalla haramı) və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.
152Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!
153Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur).
154Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.
155Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!
156O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.
157Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!
158(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir.
159Kitabda (Tövratda) insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar.
160Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!
161Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!
162Onlar həmişəlik lənət içərisində qalarlar. (Qiyamətdə) onların əzabı əskilməz və üzlərinə də baxılmaz (üzrləri qəbul olunmaz).
163Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir.
164Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır.
165İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər.
166O zaman tabe olunmuşlar (bütpərəstlərin rəisləri) tabe olanlardan (bütpərəstlərdən) uzaqlaşacaq, (onların hamısı qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır.
167O zaman (bütpərəstlərə) tabe olanlar: "Əgər bir də (dünyaya) qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq”, - deyərlər. Beləcə (qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən (peşmançılıqdan) ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər.
168Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir.
169O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər.
170Onlara (bütpərəstlərə) : "Allahın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)
171Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa bir şey anlamayanlara (heyvanlara) bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.
172Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!
173O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 2 585
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri