Bunlardan birincisi - imtinadır. İmam Hüseyn (ə) Mədin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 120
Səs ver:
(səs: 1)
Məhərrəm-səfər əyyamında yaşayırıq. Bəhsimiz Aşura hərəkatının, Aşura məktəbinin ali hədəfi və bu ali hədəfin həyata keçirilməsi üçün baş verən, böyük məktəbin içərisində olan aparıcı mövzular və xətlərdir. Ötən bəhsimizdə qeyd etdik ki, Aşura hərəkatının və Aşura məktəbinin ali, strateji, əsas hədəfi - dinin əhyası, İslamın diri saxlanmasıdır. Bu məktəbdə hansı hissəyə, hansı çalara nəzər salsaq, bunu unutmamalıyıq. Bilməliyik ki, bütün bu baş verənlərin bir ali hədəfi olub - İslamı din olaraq diri saxlamaq.

Kərbəla məktəbi qatlardan ibarətdir
Aşuraşünaslar buyururlar ki, Kərbəla məktəbi xüsusi bir məktəbdir. Aşura elə bir fenomendir ki, özünəməxsus cəhətləri var. Dərin bir məktəbdir. Çoxmövzulu, çoxmahiyyətli, çoxqatlı bir fenomendir. Bu cür fenomenləri, nümunələri öyrənmək üçün ali hədəfə aparan xətlərə diqqət etmək lazımdır. Ötən bəhsimizdə bunu da qeyd etdik ki, bu hərəkatın içərisində ən azı dörd aparıcı xətti göstərmək olar. Bunlardan birincisi - imtinadır. İmam Hüseyn (ə) Mədinədə Yezidin (lən) beyət təklifinə imtina edir. Bu imtina ilə dinin əhyası arasında ciddi bir bağlantı var. Bizlər bu gün Aşuranı yaşadarkən baxmalıyıq görək, bu məktəbdən imtina dərsini götürə bilirik, ya yox?

Bir var ki, tarixə gedək və tarixdən danışaq, deyək ki, Əba Əbdillah (ə) imtina etdi və bununla da mövzu bitsin. Bir də var deyək ki, biz bu gün Əba Əbdillah (ə) kimi imtina etməyi bacarırıq, ya yox? Nəfsi istəklərimizin müqabilində, şeytanın (lən) vəsvəsələri müqabilində, toplumun sırıdığı bayağı məsələlərin müqabilində, Allaha aparmayan hər bir mövzunun müqabilində imtina etməyi bacarırıqmı? Bunu düşünsək, o zaman Aşuranı günümüzdə yaşatmaqla dini əhya etmiş olarıq.

Yaxşıya dəvət və fəsadla mübarizə
Aşura hərəkatının müxtəlif zamanlarında müşahidə edilən ikinci mühüm xətt - doğru işlərə dəvət və pis işlərdən çəkindirmədir. Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmə Mədinədən başlayaraq Məkkəyə qədər, Məkkədən Kufəyə qədər davam edir. Kərbəla hekayələrinin hamısında başdan-sona qədər yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmə hiss edəcəyik. Həzrət İmam Hüseyn (ə) öz hərəkatının qayələrindən biri kimi də bunu bəyan edir.
Üçüncü xətt - ümmətin islahı və fəsadla mübarizədir. Ümmət bir neçə on ilə gəlib bir vəziyyətə çatıb ki, öz İslami kimliyini itirib, fəsad topluma daxil olub. İndi bir zaman gəlib çatıb ki, Əba Əbdillah (ə) bu məktəbi yaşatmaqla ümməti islah baxımından sığortalayacaq. Bizim bütün bu hərəkat boyu aparıcı bir xətt olaraq müşahidə etdiyimiz məsələ - kufəlilərin dəvəti və İmam Hüseynin (ə) üzərinə düşən imamət missiyasını yerinə yetirməsidir. Kufəlilər minlərlə məktub yazaraq Əba Əbdillahı (ə) dəvət edir və İmam Hüseynin (ə) üzərinə bir İlahi İmam olaraq vəzifə gəlir. İlahi vilayəti əməli surətdə yaşatmaq və ədalətli hökumət qurmaq missiyası bu məktublardan sonra Əba Əbdillahın (ə) üzərinə gəlir. Allah o Həzrəti (ə) təyin edib, İmam (ə) öz vəzifəsinə hazırdır, toplum da əgər buna can atırsa, İmamın (ə) üzərində buna doğru cəhd etmək üçün bir məsuliyyət yaranır. Bu da Kərbəla məktəbinin aparıcı xətlərindəndir.

Beyətin cavabı
Yeni bəhsimiz bu aparıcı xətlərdən birincisi - imtina ilə bağlıdır. Həzrət İmam Hüseyn (ə) Mədinədə Yezidin (lən) beyətini qəbul etmir, bu beyətdən imtina edir. Bunu anlamaq üçün bir neçə il öncəyə nəzər salaq. Müaviyyə (lən) tam fərqində idi ki, Əba Əbdillahdan (ə) beyət almaq mümkün olan bir məsələ deyil. Bu xüsusda tapşırıqları da olmuşdu. Amma, hadisələr o cür inkişaf edir ki, Yeziddə (lən) və onun ətrafındakılarda belə təəssürat yaranır ki, onlar özləri üçün ən son maneələrini də həll edə biləcəklər. Bu qədər həddi aşırlar ki, Həzrət İmam Hüseyndən (ə) beyət almaq üçün nümayəndələrini göndərirlər. Həzrət İmam Hüseyn (ə) Yezidə (lən) beyət etməkdən imtina edir. Bu imtinanın bir neçə ciddi əsası, bir neçə köklü mövzusu var.

Sülalənin qeyri-legitimliyi və Yezidin (lən) şəxsi göstəriciləri
Birinci məsələ Əməvi sülaləsi ilə bağlı olan məsələdir. Əgər Həzrət İmam Hüseyn (ə) Yezidə (lən) beyət etsəydi, Əməvi sülaləsinin qeyri-legitim, qeyri-məşru hakimiyyətini təsdiqləmiş olacaqdı. Yüz iyirmi dörd min peyğəmbər (ə) gəlib, vəzifələri yerlə göyün arasında bağlantını təmin etmək olub. Zamanında hər bir Allah bəndəsi nəbilərin (ə) xidmətinə gəlib, onlara bağlanaraq, yerlə göyün bağlantısına qoşulmuş olublar. Sonunda Həzərt Peyğəmbər (s) sonuncu həccində müsəlmanlara müraciət edir və Allahın əmrini çatdırır. Qurani-Kərimdə də bu buyuruşlar keçir.

Qədir-Xum mövzusunu hər kəs çox gözəl bilir. İslam Peyğəmbəri (s) elan edir ki, onun vəfatı ilə yerlə göyün bağlantısını təmin edən imamət yekunlaşmır, davam edir. Əhli-beytin (ə) xətti ilə, Həzrət Əli (ə) vilayəti ilə bu xətt davam edir. Bunun elanından sonra İslam din olaraq kamala çatır, nemətlər tamamlanır, İslam din olaraq bəyənilmiş hala gəlib çatır.
Əməvi sülaləsi və beyətdən imtina ilə bağlı iki nöqtə var. Birincisi budur ki, Yezidin (lən) ümumiyyətlə İslam toplumunun başında dayanmağa şəxsi, fərd olaraq ləyaqəti yoxdur. Yezid (lən) həm batini, həm zahiri baxımından İslama dəxli olmayan adamdır. Bu, məsələnin bir tərəfidir. Bu, məsələnin mahiyyətinin bir fraqmental hissəsidir.

Məsələ daha dərindir. İmam Hüseynin (ə) zamanın İmamı kimi yerlə göyün bağlantısını təmin etmək məsuliyyəti var. Bu sülalənin beyətini qəbul etməklə, əslində o, öz İlahi məsuliyyətini həyata keçirməmiş olar. Əməvi sülaləsinin İslam ümmətinin başında durmaq üçün heç bir əsası yoxdur. Deməli, bu imtinanın bir tərəfi ümumilikdə etiqad mövzusudur. Bir tərəfdə İlahi vilayət var, digər tərəfdə müxtəlif hoqqabazlıqlar edərək, ümmətin başına keçmək istəyən bir sülalə var. Əməvi sülaləsi üçün İslam ümməti, İslam hakimiyyəti bir vasitədir ki, dünya ilə bağlı öz hədəflərini həyata keçirsinlər. Deməli, mühüm birinci məsələ budur ki, əgər İmam Hüseyn (ə) beyət etsəydi, Əməvi sülaləsinin qeyri-legitim hakimiyyətini təsdiq etmiş olardı. Həm Əməvi sülaləsi baxımından bu, mümkünsüz idi, həm də bu mövzu üçün Yezidin (lən) fərdi ləyaqəti yox idi.

Əgər Əba Əbdillah (ə) beyət etsəydi, İslamın "Fatihə”si verilərdi
İkinci mühüm məsələ budur ki, əgər Həzrət İmam Hüseyn (ə) bu beyəti qəbul etsəydi, İslam dini din olaraq sıradan çıxardı. İmamın (ə) buyuruşlarında da biz bu məsələyə rast gəlirik. Bu beyətlə İslamın "Fatihə”si verilərdi. İmam Hüseyn (ə) kimi birisi Yezid (lən) kimi birisinə beyət edəndə yerlə göyün bağlantısının yekunu gəlib çıxar. Nəticədə İslam dini, İlahi din olaraq yekununa çatardı. Təbii ki, İmam Hüseyn (ə) üçün bu, mümkün olan bir məsələ deyil. Hərəkat boyu bu və ya digər məqamlarda buna işarələr olunur.

Üçüncü mühüm məsələ - camaatın yolunu azmasıdır. Peyğəmbərlər (ə) və İmamlar (ə) - bəşəriyyət üçün bir nümunələrdir. Onların davranışı bir nümunədir. Onların hərəkətləri bir nümunədir. Həzrət İmam Hüseyn (ə) - toplum üçün bir nümunədir. Bu amil də imtinanı zəruri edir. Həzrət İmam Hüseynin (ə) Yezidin (lən) beyətindən imtinası ortaya böyük bir nümunə qoyur. Bu davranış da bir nümunəvi davranışdır. Bu da beyəti mümkünsüz edən məsələlərdəndir.

Dördüncü mühüm məsələ - zülmü və zalımı qəbul etməməkdir. Yezidin (lən) beyətini qəbul etmək - zülmü və zalımı qəbul etmək deməkdir. Həzrət İmam Hüseyn (ə) üçün bu da mümkünsüz olan məsələdir.

Aşura - Qədir-Xumun davamı kimi
Deməli, birinci olaraq dedik ki, imtina ona görədir ki, əgər beyət edilsəydi, Əməvi sülaləsi haqqı çatmadığı, qeyri-legitim olan hakimiyyətini leqallaşdırmış olardı. Həzrət İmam Hüseyn (ə) öz imtinası ilə İlahi vilayətin bəyanını edir və Qiyamət gününə qədər İlahi vilayətin davam edəcəyini və Zəmanə Sahibinin (ə.f) zühuruna qədər bunun davam etdirilməsini əməli halda bir daha bəyan edir. Bu mənada Aşura - Qədir-Xumun davamıdır. Aşura - dinin kamala çatmasının sığortalanmasıdır, nemətlərin tamamlanmasının sığortalanmasıdır, İslamın Allah tərəfindən bəyənilmiş halda qalmasının sığortalanmasıdır.
İkinci qeyd etdik ki, Yezidə (ə) beyət o demək olardı ki, artıq bir dənə də olsun İslam adına mənəvi mərkəz qalmayıb. Yəni, İslamın yaşanmasının sona çatması deməkdir. İmam (ə) bundan imtina edir. Nəticə bu olur ki, həqiqi İslam, Peyğəmbərimizin (s) gətirdiyi İslam, Əhli-beytin (ə) yaşatdığı İslam Qiyamət gününə qədər sığortalanır və əsrlər boyu yaşanır, Zəmanə Sahibi (ə.f) gəlib əməli halda onu həyata keçirəcək, inşəallah.

İmam Hüseyn (ə) öz məktəbi ilə nümunə qoyur
İmam Hüseyn (ə) öz imtinası ilə həm də ortaya nümunə qoyur. İmam (ə) sanki bu imtinası ilə iman əhlinə müraciət edərək deyir: "Ey iman əhli, həyatınızın müxtəlif səhnələrində, müxtəlif vəziyyətlərində, müxtəlif durumlarında mənfiliyə, eybəcərliyə, sizi Allahdan uzaqlaşdıran məsələlərə ”hə" deməyin, imtina etməyi bacarın".

Əgər bilmək istəyiriksə Aşurada harada olardıq, gərək içimizə nəzər salaq. Əgər içimizdə nəfslər halımızı üstələyibsə, Allah etməsin Aşurada yezidilərlə olardıq. Əgər daxilimizdə ağıl və mütəali ruhiyyə halımızı üstələyibsə və əməllərimizi müəyyənləşdirirsə - deməli, Əba Əbdillahın (ə) yanında olardıq. Ona görə də daxilimizə nəzər salaq. Aşuranı günümüzə gətirək. Fərdi həyatımızda hansı məsələlər digərlərini üstələyir? Nəfslərimiz, instinktlərimiz, meyllərimiz bizim halımızı müəyyən edirmi?

Bu imtina hər mənada bəşəriyyət üçün nümunədir. Hətta canımızı qurban vermək lazımdırsa belə, gərək nəfsdən imtina edə bilək. Aşura bizlərə bunu öyrədir. Tövhid şüarı olan "Lə iləhə illəllah” - əslinə imtinanın bəyanıdır. "Allahdan başqa heç bir pərəstişə, ibadətə layiq varlıq yoxdur” deyən insan, əslində şeytanlardan imtina edir. Aşura - "Lə iləhə illəllah”ın əməli şəkildə yaşadılmasıdır. İmam Hüseyn (ə) - insanlara imtina etməyi öyrədən bir nümunədir. İmam Hüseyn (ə) Aşura qiyamı ilə həm də zülmə və zalıma qarşı çıxır. Bununla Həzrət (ə) Qiyamətə qədər azadəlik ruhiyyəsini qoruyub saxlayır.

Təbii ki, bu məktəbin, bu əzadarlıqların, minbərlərin, rövzələrin, mərsiyələrin bütün mahiyyəti - dini-imanı diri saxlamaqdır. Əgər bu olacaqsa, din diri qalacaq. Hətta birilərinə bəzən elə gələcək ki, dini sıradan çıxara biliblər. Amma heç vaxt belə ola bilməz. Çünki, bu məktəbin cövhərində, zatında, ruhiyyəsində oyanış var.

Kərbəlada Həzrət Rüqəyyə (s.ə) səhnəsi
İnsanların həyatlarında ən böyük nemətlərdən biri övladdır. Uşaq arzusu ilə valideyinlər yaşayır, körpə ana bətnində inkişaf edir və dünyaya gəlir. Sonra yavaş-yavaş inkişaf edir, hər addımına, hərəkətinə, yeniliyinə valideynlər diqqət edirlər. Uşaq böyüyür, oturur, durur, addım atır, əvvəl bir söz, sonra bir neçə söz deyir. Üç yaşa çatır. Üç yaş - çox önəmli bir yaşdır...

Bu bəhsimizdə İmam Hüseynin (ə) balaca qızı Həzrət Rüqəyyə (s.ə) ilə bağlı bir neçə mətləbə toxunmaq istərdik. Üç yaş - çox önəmli yaşdır. Bu yaşda olan uşağın beyni artıq ciddi inkişaflara çatır, duyum, zövq hissi inkişaf edir, qavraması artır. Kənar aləmi bütöv halda dərk etmək imkanları yaranır. Emosional baxımından fövqəl dərəcədə imkanlar yaranır. Uşaqda yavaş-yavaş fiziki dərkdən əlavə, obrazlı inkişaf başlayır. Uşaq artır öz "mən”ini dərk edir. Dərk edir ki, o var, ailənin bir üzvüdür.

Xanım Rüqəyyə (s.ə) - Kərbəla məktəbinin iştirakçılarından biridir. Xanım Rüqəyyə (s.ə) üç yaşında idi. Əsir idi o kiçik xanım, yezidlər (lən) atasını şəhid edib, onu əsir götürmüşdülər. Gecə yarısıdır, uşaqdır, atasını istəyir, atasını çağırır. Yezidin (lən) əmrilə uşağa atasının kəsilmiş başını gətirirlər. Uşağı kəsik başla sakitləşdirməzlər. Uşaqdır, yuxusu gəlmir, ağlayır, atasını istəyir. Yəqin, kəsik başı ona verəndə, onu qucaqlayar. Xanım (s.ə) ədəb məktəbu görüb, kəsik başı ayaqlarının üzərinə qoymaz. Kəsik başı bağrına basır, üzündən-gözündən öpür. Uşaq atasına nə deyər? Yəqin ki, "Atacan, səni istəyirəm” deyər. "Anam görür, bibim Zeynəb (s.ə) görür, bacım Səkinə (s.ə) görür ki, mən daha bu gecə yana-yana əriyirəm, atacan, mən səni istəyirəm”, - deyər Xanım Rüqəyyə (s.ə). Və elə oradaca - Şamın xarabalığında, Yezid (lən) sarayının yaxınlığında Xanım Rüqəyyə (s.ə) üç yaşında bu həyatla vidalaşır...

Allahım, bizləri hidayət yolunda sabitqədəm et! Məhərrəm-Səfər əyyamında qəsavət basmış qəlblərimizin sağalmasını nəsib et!
Allahım, bizlərə İmam Hüseyni (ə) dərk etməyi nəsib et!
Allahım! Bizlərə İmam Hüseyn (ə) məktəbində olan imtina dərsini həyatda əmələn yaşatmağı nəsib et! Amin!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 120
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri