Vəhy nədir?

Müəllif: Narın Yağış
Şərhlər: 3
Baxılıb: 2 809
Səs ver:
(səs: 2)
1. Vəhyi-müstəqim (birbaşa)
2. Qeyri-müstəqim vəhy
"Vəhyin” ən çox işləndiyi yer haqqında, yəni peyğəmbərlərə olunan vəhy barəsində danışacağıq. "Vəhy” və bu mənada olan sözlər Quranda peyğəmbərlərin barəsində 70-ə yaxın yerdə istifadə olunmuşdur. Bu kəlmə başqa yerlərdə çox az işlədilibdir. Buna əsasən də Əllamə Təbatəbai (rahmətullahi ələyh) buyurur: "Dini ədəbə görə gərək "vəhy” kəlməsini ənbiyadan başqa yerlərdə işlətməyək”.
Vəhy – başqa bir aləmlə (qeyb aləmi) rabitə olduğuna görə adi insanlar üçün adi yollarla mümkün deyil. "Vəhy” – bir növ asimani (qeyri maddi) danışıqdır. Hiss və fikir yolu ilə dərk olunmur. Bəlkə, başqa bir dərk və şuurdur ki, Allahın istəyi ilə bəzi adamlarda vücuda gəlir və qeybi dəsturlar (hiss və əqlin dəxaləti olmadan) ilahi təlimlərin vasitəsi ilə həmən adamlara çatdırılır.
Başqa bir ibarətlə vəhyi belə tərif etmək yaxşı olardı: "Vəhyin həqiqəti təkcə peyğəmbərlərə məlumdur. Ona görə ki, ancaq onlar vəhyin müxatəbi olublar. Vəhy bir növ asimani təkəllümdür (danışıq – red.). Onu hiss və əql yolu ilə dərk etmək mümkün deyildir və xüsusi şuur tələb edir. Bu da Allahın iradəsi ilə seçilmiş adamlarda olur. Onlar da qeybi bəyənatları hüzuri elm* ilə əldə edir, ona uyğun olaraq vəzifələrinə əməl edir.
Peyğəmbərlərin zamanında Allahçılıqda, həqiqətlə, bəşərin şərafət və ləyaqəti ilə, insanların ali qanunlara tabe olub, o qanunlar vasitəsi ilə şərəflənməyi ilə müxalif olub, həmişə bəşəriyyəti cəhalət zülmətində, rəzalətdə saxlamaq istəyənlər vəhyin dediyimiz kimi ağır bir məfhum olduğunu dərk edə bilməyib cürbəcür bəhanələr gətirirdilər. Həzrət Peyğəmbərə (s) cünun, sehrbaz adı qoymaqla, ya "əgər Allah istəsəydi mələk nazil edərdi” deməklə camaatı bu həqiqətdən uzaqlaşdırırdılar.
Bu gün, modern bir cahiliyyət dövründə o vaxtda olan müşrik və kafirlərin həqiqətin qarşısında çıxartdıqları aldadıcı, çirkin fikirlərin təsirdən düşdüyü bir gündə, modern müşriklər yeni-yeni çirkin fikirlər yürüdürlər ki, o zamanda olan həqiqət müxaliflərinin yolunu davam etdirsinlər. İnsanları ali qanunlardan, vəhy şərbətindən binəsib edib müasir cəhalət zəncirlərinə bağlasınlar. Əlbətdə bu barədə geniş söhbəti yazımızın sonunda qeyd etməyi nəzərdə tutmuşuq. Amma, yeri gəlmişkən bu məqsədimizi nəzərə çatdırmaq yaxşı olar.
Qayıdaq mövzumuza. Allah ilə peyğəmbərlər arasında olan qeybi rabitə ki, ona "vəhy” deyilir, üç yol ilə mümkündür. Buna Quran ayəsi dəlalət edir: "Hec bir bəşərlə Allah-Təala vəhy yolundan, ya hicab arxasindan ünsiyyət və ya elçi göndərmək yolundan başqa bir yolla söhbət etməyib”. (Şura-51).
و ما كان لبشر ان يكلمه الله الا وحيا او من ورا ئ حجاب او يرسل رسولا فيحى باذنه ما يشاء
Bu ayədə insanla Allahın rabitəsinin üç yolla olduğu bildirilir. Birinci, vəhy - vasitəsiz və müstəqim bir rabitə, ikincisi hicab arxasından, üçüncüsü isə, elçi ki, burada hər iki yerdə mələk vasitədir.
Başqa bir sözlə desək, üç qism vəhy aşağıdakılardan ibarətdir:
1. Allah-Təala ilə xəlq arasında vasitəsiz olaraq vücuda gələn rabitə,
2. Hicab arxasından eşidilən söhbət. Necə ki, həzrəti Musa dağda o səsi eşidərdi,
3. Allah tərəfindən mələk nazil olub bəşərə ilahi danışığı çatdırır.
Vəhyi-müstəqim (birbaşa vəhy)
Vəhyin ən çətin növü birbaşa olan vəhydir. Bu vaxt peyğəmbər (s) bütün vücudu ilə vasitə olmadan "məbdə” ilə əlaqəyə girirdi. Bu işin nə dərəcədə çətin olması bizim üçün çətin dərk olunan bir məsələdir. Amma Quran ayələrinin və islam hədislərinin verdiyi açıqlamalarla bu məsələ bir az yüngülləşir.
Həzrət Peyğəmbər (s)-in fövqəladə və quvvətli bir ruhiyyəyə malik olmasına baxmayaraq, o həzrətin bu vəhyi çətinliklə qəbul etməsi "müstəqim vəhyin” çətin və əzəmətli olduğunu göstərir.
Əminül-İslam Təbərisi "Müzəmmil” surəsinin 5-ci ayəsinin təfsirində Haris ibni Hişamın vasitəsilə Həzrət Peyğəmbər (s)-dən bir hədis nəql edibdir. Həzrət Peyğəmbər (s) Hişamın "vəhy sizə necə nazil olur?” sualının cavabında buyurur: "Bəzən zəng səsi kimi nazil olur. Bu vəhyin ən ağır növüdür ki, mənə nazil olur. Mən çox yoruluram. Ona qulaq asarkən əzbərləyirəm”.
Abdullah ibni Ömər deyir: Peyğəmbərdən (s) vəhyi necə hiss etməyindən soruşdum. O Həzrət (s) cavabında buyurur: "Zəng səsləri eşidirəm. Bu vaxt sakit qalıram. Hər dəfə bu formada vəhy qəbul edəndə az qalır canım vücudumdam xaric olsun."
Ayişədən nəql olunur: çox soyuq bir gündə o Həzrətə (s) vəhy nazil oldu. Vəhy tamam olandan sonra o Həzrətin (s) alnından tər axırdı.
Bəzi tarix kitablarında başqa halətlər də nəql ediblər: Vəhydən sonra soyuq su ilə yuyunardı, rəngi qızarar, ya göyərərdi. Bəzən o qədər ağır olardı ki, Həzrətin (s) mindiyi heyvan hərəkət edə bilməzdi. Bəzən də baş ağrısına düçar olardı.
Bu deyilənləri "Müzəmmil” surəsinin 5-ci ayəsi də təsdiq edir: "Həqiqətən biz tezliklə sənə ağır bir danışıq çatdıracağıq”.
انا سنلقى عليك قولا ثقيلا
Qeyri-müstəqim vəhy
"Şüəra” surəsinin 192 – 194-cü ayələrində Allah-Təala buyurur: "Həqiqətən bu (Quran) aləmlərin Rəbbinin vəhyidir. Onu Ruhul-Əmin sənin ürəyinə nazil edibdir ki, nəsihət edənlərdən olasan.
نزل به الروح الامين وانه لتنزيل رب العالمين
Bu ayədə ürəkdən məqsəd insani nəfsdir ki, idraka malikdir və insanın bütün hiss və iradəsi ona bağlıdır. Ayə bununla (qəlb kəlməsini işlətməklə) zahiri qüdrətin vəhyi almaqda dəxalətinin olmadığını bildirir.
Başqa bir sözlə desək Həzrət Peyğəmbər (s), bütün vücudu ilə bu vəhyi qəbul etmişdir. Əgər belə olmasaydı, yəni zahiri əzaların vəhyi almaqda dəxaləti olsaydı, onda peyğəmbər olmayanlar da vəhyi ala bilərdilər.
Vasitəli vəhydə (qeyri-müstəqim vəhy) Cabrail bəzən bəşər surətində Peyğəmbərə (s) nazil olurdu. İmam Sadiq (ə)-dan bu barədə olan bir hədisdə belə nəql olunur: "Cəbrail Peyğəmbərin (s) hüzuruna gələndə bəndələr kimi əyləşərdi və icazəsiz daxil olmazdı”.
كان جبرئيل اذا اتى النبى قعد بين يديه قعدة العبد و كان لا يدخل حتى يستاذنه
Bu hədis Həzrət Peyğəmbər (s)-in Cabrail qarşısında əzəmətini göstərir. Buna görə də bu forma vəhy almaq Həzrət Peyğəmbərə (s) çətin bir iş deyildi.
Bəzən də Cabrail Peyğəmbərə (s) Dəhyət ibni Xəlifə Kəlbinin surətində nazil olurdu.
Bəzi ayələrdən məlum olur ki, Cəbrailin "əmini-vəhy” olmasına baxmayaraq ayə nazil olan zaman, o, bir dəstə mələyin vasitəsi ilə müşayət olunardı.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 809
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri