“Lap məni sevgili kimi saxlasınlar, ancaq...”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 213
Səs ver:
(səs: 0)
Onu çoxdan, hələ tələbə olan vaxtlardan tanıyırdım. Azərbaycan nəşriyyatında tanış olmuşduq. O, hansısa qəzetə oxuduğu universitetdən təcrübəyə göndərilmişdi. Eyni mərtəbədə işlədiyimizdən tez-tez qarşılaşardıq. Diqqət çəkən görünüşü vardı, elə xasiyyəti də pis deyildi. Demək olmazdı ki, onunla yaxın dost idik, amma münasibətlərimiz salam-əleyk, hal-əhval tutmaqla da kifayətlənmirdi. İş sonunda evlərinə qədər apardığım da olmuşdu. Həmişə də səmimi söhbət edərdik.
 
Hə, unutmamış onu da deyim ki, bu qarayanız, suyuşirin qız istiqanlı olduğu qədər də istedadlı idi. Arada şeir yazırdı və yazdığı şeirlərə fikrimi soruşurdu. Bizi ədəbiyyata bağlılığımız da dost edə bilərdi.
 
Adı Töhfə olan bu tələbə qız sanki təcrübəyə gəldiyi qəzet redaksiyasına bir töhfə kimi gətirilmişdi. Təcrübə sonu yoxa çıxdı. Redaksiyaya gəlmədi, zəng vurmadı, axtarmadı və sözsüz ki, axtarılmadı da...
 
Amma bir müddət sonra yaşadığı əraziyə yaxın bir yerdə təsadüfi görüşümüz oldu. Niyə görünmədiyini, hansı redaksiyada işlədiyini soruşdum.
 
- Qəzet işi mənlik deyil, - dedi.
 
Əlavə də etdi ki, nişanlanıb, ərə gedəcəyi oğlan onun işləməsini istəmir:
 
- Məktəbi isə qurtarmağıma icazə verdi. Bir ilim qalıb, dedim, qoy qurtarım, əziyyətim hədər olmasın.
 
Sonra da dil boğaza qoymadan gələcək həyat yoldaşından bəhs etdi:
 
- Nişanlım anamın yaxın qohumudur. Mən ona əvvəllər dayı deyirdim. Düz 12 yaş məndən böyükdür. Rusiyada yaşayıb, ailəsi də olub. İndi ağıllanıb, qayıdıb ki, özümüzünkülərdən biri ilə ailə qursun, oğul-uşaq, ev-eşik sahibi olsun. Anamla məsləhətləşib, ailə qurmaq istədiyini  deyib.
 
- Anan da deyib ki, qız mənim evimdə, hara çöllərə düşürsən...
 
- Yox. Anam da qohum-əqrəbanın qarıyıb evdə qalmış, ərə gedib bəxtı gətirməyən dul qalan qızlarını yada salıb, bir-bir sadalayıb, şəkillərini göstərib. Bu isə hamıya dodaq büzüb. Əlini mənim şəklimin üstünə qoyub, məni bəyəndiyini deyib.
 
- Yaş fərqiniz çoxdur axı, - deməyimi elə bil çoxdan gözləyirmiş, əlüstü dilləndi:
 
- 35 yaşı var. Mənim də əsil ərə gedən vaxtımdır. İnan, anam mənə onun fikrini deyəndən sonra ona dayı kimi yox, bir kişi kimi, ər kimi baxdım və hiss etdim ki, o məni, mən yetimi xoşbəxt edə bilər. Yaşı çoxdur, düzdür, amma həyatı başa düşür, təcrübəsi var, yoxsa indi kimə ərə gedəsən - tanımaya, bilməzə. Görmüşəm də... Elə Nəşriyyatda olanda fikir verdim, nəvəsi olan kişilər, atam yaşında olanlar adamın ardınca görməmiş kimi baxırdı, indi yaxşı kişi tapmaq asan deyil. Yaxşıları da çoxdan aparıblar, gecikmişik.

Töhfə bunları sevinə-sevinə, gözlərindəki sevinc selini ətrafa yaz yağışı kimi səpələyə-səpələyə mənə danışmışdı o zaman. Və mənim onun gələcək ərinə paxıllığım tutmuşdu. Əvvəllər olduğu kimi, ona yenə də yaxından diqqətlə fikir vermişdim: Yaraşıqlı idi, gözəl idi, sinəsi, ayaqları hər kəsi yoldan çıxara biləcək qədər diqqətçəkən idi. Amma mən heç vaxt ona pis gözlə baxmamışdım və baxmazdım da. Yuxarıda dediklərim isə əslində ona verdiyim dəyər idi. Ona maraq məndə heç zaman olmamışdı. Mən onun ailə sahibi olmasına, ana olmasına sevinə bilərdim ancaq. Doğrusu, onun gələcək əri haqda belə danışması nədənsə ürəyimcə olmadı. Rusiyada yüz oyundan çıxıb, başı əhlət daşına dəyəndən sonra qohumunun qızına evlənmək istəməsinə xoş baxmadım. Mən Töhfəyə, "o səni xoşbəxt edə bilməz” də demədim. Onun məndən gözlədiyi sözləri dedim:
 
- Allah xoşbəxt eləsin.
 
Bu günlərdə "Neftçilər” metrosuna yaxın yerdə Töhfə ilə yenə qarşılaşdıq. Salam verdi, adımı çəkdi, tanımadın? - soruşdu. Tanıdım. 10 ildən artıq vaxt keçmişdi. İndi onun qadın olaraq ən gözəl və yaraşıqlı vaxtları olmalıydı. Yenə də mehriban idi. Amma sifətində də, baxışlarında da, qulaqlarının yanından üzüaşağı sallanan qara saçlarındakı nazik ağ cığırlarda da bir kədər vardı, elə bil. Hal-əhval tutduq. Günün axırı idi, yorğun sifətinə baxdım:
 
- Ay qız, sən axı Rusiyada olmalı idin, bir az da dəyişmisən, - əslində çox dəyişmişdi, - oğul uşaq basıb yəqin səni, - zarafatla dedim.
 
- Yox, Rusiyaya gedə bilmədik. Uşağım da olmadı. Əvəzində bədbəxt olduq, çöllərdə qaldıq, - dedi.
 
Ərini yox, anasını soruşdum. Əlindəki dərman dolu sellofan paketi göstərdi:
 
- Anam yaxşı deyil, öləcək. Bu dərmanlar onu müalicə etmir, ağrılarını azaldır, - yazıq səslə əlavə etdi.
 
Artıq onun ailə dramı mənə bəlli olurdu. Yazığım gəldi. İşsiz olduğunu da yaxın bildiyi adama necə danışarlarsa, elə o cür də mənə danışdı:
 
- Satıcı kimi işə düzəlmişdim. "Nargilə” tərəfdə paltar mağazası idi. Çıxdım işdən.
 
- Niyə ki, evinizə yaxın idi.
 
- Yox, biz orda yaşamırıq. O ev yoxdur, satmışdıq. İşdə isə tab gətirə bilmədim, 12 saat ayaq üstə durmaq olardı? Həm də maaş az idi. Bir yandan da Allah mənə bəxt vermədi, tale vermədi, bir az gözəgəlimli bədən verdi, o da başıma bəla oldu, mağazanın müdiri məni həm belə işlətmək istədi, həm də elə, - əlinin əvvəl içini, sonra da çölünü göstərdi, bu mağaza müdirinin ona olan münasibətinə işarə idi. - Dözmədim. Qovdu işdən.
 
Töhfə ilə söhbətimizi başqa vaxta saxladıq. Həm o tələsirdi, həm də mənim vaxtım az idi.
 
İki gündən sonrakı görüşümüzdə tamam fərqli görünürdü.

- Qız, cavanlaşdın ki sən, o gün səni qaramat basmışdı, - zarafatım xoşuna gəldi. Özümü tərifləmək olmasın, mən qadınlarla dil tapa bilirəm axı. Zarafatıma eynən mənim kimi cavab verdi:

- Bildim ki, məni harasa dəvət edəcəksən, sənin yanında yaraşıqlı, şık geyinmiş xanım olmalıdır axı. Saçımı düzəltdirdim, özümə əl buladım. Yazıq anam, gördüm yataqdan mənə tərəf boylanır, dedim nədir, ay arvad, görüşə gedirəm də, inanırsan, sevindi, arvad.
 
Töhfə nə qədər özünü şən göstərmək istəsə də, alınmırdı. Gözlərinin altındakı nəzərəçarpan qırışlar onun iztirablarının xətt yazısıydı, elə bil. Onunla xiyaban boyu var-gəl edərək söhbət etdik, harasa dəvət etməyimi heç özü də istəmədi:
 
- Elə-belə, sözgəlişi dedim, bayaq ki, harasa dəvət edərsən, indi onsuz da hər şey qanı qiymətinədir, gəzişək bir az. Belə yaxşıdır. Yadırğamışam qoşa gəzməyə, adamlar tanış olduqları qadını qapalı yerə dəvət etməkdən sevinirlər.
 
- Sənin ogünkü durumun məni doğrudan-doğruya narahat etdi. Nə oldu sizə? Niyə bura, "Neftçilər”ə köçdünüz, axı eviniz pis yerdə deyildi, ərin necə oldu?
 
Sualları ona görə ard-arda düzdüm ki, Töhfə hələ də narahat idi, seçimini özü etsin, nədən, haradan istəsə, oradan da danışsın.
 
Danışdı.
 
- Yadına gəlir də, mənim nişanlım, anamın qohumu, mənim dayı dediyim adam, sənin indi ərin deyə soruşduğun?
 
- Hə, elə onu soruşuram, sən onu çox istədiyini deyirdin.
 
- Deyirdim, kaş onu Əzrail istəyəydi, mən yox, o biqeyrət bizi düzlərdə qoydu...
 
Ətrafa baxdı, ağacların sıx olan yerinə çəkildi, məni də yanına çağırdı, siqaret istədi. Verdim və tələsik:
 
- Danış, necə oldu axı, o sənin qohumun idi, sən də təhsilli xanım, eviniz vardı, anan da işləyirdi, bu vəziyyətə düşdünüz?
 
Töhfə susmadı, ah da çəkmədi, sanki çoxdan məşq edibmiş kimi siqaretdən bir-iki qullab vurub atdı və başladı başına gələn hadisəni, özünün acınacaqlı taleyini danışmağa:
 
- Anamın qohumu anama məni bəyəndiyini, məni xoşbəxt edə biləcəyini demişdi, inandırmışdı ona dediklərini. Anam da məni inandırdı ki, bundan yaxşı seçim ola bilməz. Dünyanın hər yerində olub, edəcəyi oğraşlıqları edib, gözləri toxdur, indi təmiz ailə istəyir. İstəyir ki, özünə bab olan birini tapsın, nə olsun ki yaşı çoxdur. Yaraşıqlı oğlandır, insanlarla münasibət qurmağı bacarır, mədənidir...
 
Birdən danışığına ara verdi, istehza ilə anasının təhrini çıxartdı:
 
- Oğlan ha, o oğraşın böyüyü imiş. Mədəniyyətsizin də yekəsi... Nə isə, mənim də ürəyim atlandı, elə bil onu gözləyirmişəm. Özün görmüşdün ki, ardımca nə qədər baxanlar vardı, görüşdüyüm, söhbət edib sınaqdan çıxardıqlarım da az olmamışdı. Hər birində nəsə çatmırdı. Anam da qorxurdu, yetirənə vermək istəmirdi məni. Tanımaq istəyirdi məni verəcəyi adamı və bunu da özünün adamı bildi. Bizim kimimiz vardı ki? Anam və mən. Bütün qohumlar Gürcüstanda, Rusiyada. Bakıda yetim kimi idik. Atam anamı qoyub getmişdi, heç mənim üzümü də görməmişdi. O, bədbəxtin qızı da bir adam tapıb ərə gedə bilməmişdi. Məni məktəbə qoyana kimi iki kişi ilə yaşamışdı, onlarda anamdan doyub getmişdilər arvadlarının, uşaqlarının yanına. Hamı mənim biqeyrət atam deyildi ki, cavan arvadını qarnı burnunda qoyub gedəydi. Anama şər atıbmış ki, qarnındakı məndən deyil, xəstəxananın baş həkimindəndir. Hə bax, anamın gözü qorxmuşdu, istəmirdi mən də onun taleyini yaşayam. Tibb bacısı idi axı anam, yaxşı pulu vardı, evimiz də içi dolu... yaxşı pul qazanırmış da. Atam da ona görə şübhələnib ki, baş həkimlə arasında nəsə olarmış.
 
- Nə bilirsən, bəlkə atan elə düz şübhələnib?
 
- Hardaydı anamda o bəxt, baş həkimlə... Nə bilim, anam axı çox gözəl olub. Nə isə, bu adam mənə elçi düşdü, anam məni yola gətirdi, razılaşdım. İndi anam ölüm ayağındadır, amma mən ona qarğış etmirəm, onu acılamıram ki, məni bədbəxt edib. Yox, mənim könlüm olmasaydı, anam ha desin, getməzdim. Günah məndə oldu.
 
- Bəs toya heç dəvət də etmədin.
 
- Nə toy, Allah kəsəydi o toyu, necə ki, sonra kəsdi... Bir-iki qohum-əqrəba tapıldı, elə bizim evdə qonaqlıq oldu, yedik içdik, şənləndik. Mənim də tələbə yoldaşlarım gəlmişdi. Məni çox istəyən biri vardı, yadına gələr bəlkə də, nəşriyyata da gəlirdi, onu da dəvət etmişdim. Elə toyda imkan tapıb dedi ki, gec deyil, istəyirsən elə indicə qaçırdım səni. Dedim, axmaqsan? Amma yaman romantik hadisə olardı ha, qəzetlər yazacaqdı... Kaş qaçıraydı məni, atsaydı da bu qədər ağrımazdım. Ona haqq qazandırardım məni sonradan atsaydı. Ər qucağına girdiyi vaxtda başqasına qoşulub qaçanı atmaq olar da. Heç anam da məni görəndə özünü günahkar bilməzdi, mən də anamın qohumlarının nakişi olduqlarını bilməzdim.
 
- Sən ona çox bağlı idin, danışmışdın axı mənə.
 
- Hə, o yaxşı idi axı əvvəllər. Heç sonralar da kobud olmadı, nə etdisə, bizim razılığımızla etdi. Evliliyimizin ilk günlərində hər şey ürəyimiz istəyən kimi oldu. Bilirsən toy necə qurtardı?
 
- Hardan bilim axı..
 
- Deyim də... qonaqlar dağılışdı. Anam qonşuda gecələdi, mən öz evimdən öz evimə gəlin köçdüm. Bu otaqdan o biri otağa.  O, elə yaxşı idi ki... Bir müddət yeyib yatdı, məni universitetə aparıb gətirdi. Qızlar həsədimi çəkdilər, yaraşıqlı idi axı vurğun vurmuş. Bir dəfə anama dedi ki, iş qurmaq istəyirəm, utanıram, sən gətirirsən, mən yeyib yatıram. Pul lazımdır, olsa, yaxşı iş quraram. Pul isə o dediyi qədər yox idi. Anam xahiş etdi, dostları ona iş düzəltdi. Bir-iki ay işlədi, yox, bu mənlik deyil, biznes qurmaq gərəkdir, dedi. Pul lazım idi. Pul isə yoxdur. Axırı çıxış yolunu özü tapdı. Evi sataq, həyət evi alaq, qalan pula isə Çindən mal gətirim, yer götürüm sataq. Axırı anam razılaşdı. Mən istəmədim. Amma nə edim, tək anam bizi dolandıra bilməzdi. Evi satdıq. Amma o... pulu götürüb aradan çıxdı.
 
Addımlarımızı yavaşıtdıq, sonra dayandıq. O, hansı ümidlərlə ailə qurmağa razı olmuşdu, bəs niyə belə oldu? Bu sualları verə bilmədim. Özü danışdı:
 
- Bir-iki aydan sonra onun qadın hesabına yaşadığının əminliyi oldu məndə. Anama dedim ki, bu axı heç sənin dediyin adam deyil. "Ver yeyim, ört yatımdır” bununku. Anam dedi, özümüzünküdür, bizə sahib çıxar. Son vaxtlar isə içkili olurdu. Səbəbini soruşduqda, "işsizliyin dərdindən içirəm”, - deyirdi. Axırda da belə. Evi satdıq, kirayə ev tutduq. Başladıq ev axtarmağa. Hər evə bir mız qoyurdu. Sonra dedi ki, Binə Ticarət Mərkəzində yer götürmək istəyir. Birlikdə getdik. Yer götürdük, behin də verdik. Anama dedi ki, qoy bir-iki dəfə Çinə gedim-gəlim, pulumuzun üstünə daha çox pul gəlsin. Sonra ev alarıq. Razılaşmaya bilmədik. O, hazırlıq işlərini gördü və o gedən getdi.
 
- Hara getdi, Çinə?
 
- Yox, Rusiyadadı. Anam onun yerini tapdı, pulu geri ala bilmirik. İndi ümumiyyətlə ondan soraq yoxdur. Kirayələrdə qalırıq. Anam xəstələndi, ciyərləri əldən çıxıb, ayaqları şişib. Heç yerdə işləmir. Qeydiyyatımız da yoxdur. Mən işə düzəldim. Hər yerdə də məni işə götürənlər sevgi elan etdi, başqa cür işləmək olmurdu. İşlədiyim yerdə başqa qadınlar, qızlar da vardı, məndən gözəli də, açıq-saçıq geyinəni də. Amma onlara heç "padxod” etmirdilər, mənə ilişirdilər. Kimsəm yox idi axı, işə düzələndə faciəmi dilə gətirirdim, yazıqları gəlsin, işə götürsünlər deyə. Götürürdülər, istəkləri baş tutmurdu, hansısa bəhanə ilə məni işdən çıxarırdılar. Mən ali təhsilliyəm. O vaxt jurnalistikanı seçdim, bunu da bacarmadım. İş gəzirəm, lap kafedə olsun. İşləyərəm. Lap sevgililəri kimi saxlasınlar, razıyam, amma işləyim, anamı yaşada bilim heç olmasa...
 
Töhfəyə zəng gəldi, telefona baxıb kənara çəkildi. Kimləsə pıçıltı ilə danışdı, vaxtının olmadığını dedi, sabah gündüz zəng etməsini istədi.
 
Danışıqdan sonra iyrənirmiş kimi telefona baxdı və dedi:
 
- Bu adam da anamın yerlisidir. Anam ona ağız açıb, mənim üçün iş xahiş edib. O isə neçə dəfədir hər gün axşam saat 7-dən sonra zəng vurur ki, gəl görüşək, işlə bağlı danışaq... Niyə axı, axşamlar gedib aşpaz, qabyuyan da olsa, işləyərəm.
 
Birdən çox ciddi halda soruşdu:
 
- Məni gəmidə işə düzəldə bilərsən? Axı sənin orda tanışların var... Anam öləndən sonra da gəmidə qalaram, pul yığaram ev alaram, orda yaxşıdır maaş yəqin ki...
 
- Düzəldə bilərəm, - dedim. Gərək rəhbərliklə danışım, aşpaza ehtiyac vardı...
 
...Töhfənin sənədlərini artıq dənizçilik idarələrindən birinin kadrlar şöbəsi qəbul edib...(axar.az)
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 213
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri