Bizim qızlar neçə yaşında və necə oğlanla ailə qurmaq istəyir?

Müəllif: emis
Şərhlər: 5
Baxılıb: 5 706
Səs ver:
(səs: 1)
"Olaylar" qəzeti yazır ki, bəzən uşaqlar balaca ikən belə, analar "oğluma filankəsin qızını alacam” deyir, qızları üçün isə necə bir kürəkən istədiklərini fikirləşirlər.

Çünki bizdə qız uşağı evdə ucadan danışmamalı, ona deyilənlərlə razılaşmalı, böyüklərin yanında çox danışmamalıdır, ailə də kimi məsləhət görürsə, onunla ailə qurmalıdır. Hətta bizim "qız köçəri quşdur” kimi deyimlərimiz də var. Yəni qız dünyaya gələn kimi ailə onun evdən köçəcəyi günə hazırlıq görür. Qız orta məktəbi bitirib təhsilini davam etdirmirsə, onun bir yolu var, o da ailə qurmaq. Əlbəttə, çox zaman həmin qızların ailənin nə demək olduğu ilə bağlı düşüncələri tam formalaşmamış olur, yeni mühitə uyğunlaşmaqda çətinlik çəkirlər. Statistika Komitəsinin 2009-cu ilə olan hesablamalarına görə, 18 yaşadək ailə quran qızların sayı 5380, 18-24 yaş arası 50 535, 24-34 yaşlıların 17 622, 35-dən yuxarı yaşlıların isə 4485 nəfəri ailə qurub. Göründüyü kimi ən yüksək göstərici 18-24 yaş arasındadır. Çünki bu yaş dövründə insan hər şeyi daha yaxşı düşünüb məsələlərə daha açıq gözlə yanaşır. Əlbəttə, 18 yaşdan aşağı ailə quran qızların da sayı heç də az deyil.  

Biz də şəhərimizin qızları arasında sorğu keçirdik. Onlar neçə yaşda və necə biri ilə ailə qurmaq istəyirlər? Qeyd edim ki, sorğu iştirakçıları 18-30 yaş arası xanımlardır.

Ən yaxşı 23-24 yaşdır
Sorğu iştirakçılarının ümumi qənaəti belə oldu ki, qızların ailə qurması üçün 23-24 ən uğurlu yaşdır. Onların əksəriyyətinin fikrincə, öncə təhsil, iş, sonra ailə olmalıdır.

Ailənin möhkəmliyi üçün sevgini hər şeydən önəmli hesab edən 19 yaşlı Flora: "23 yaşda ailə qurmaq istərdim. Maddi imkanı mənimkinə uyğun olan biri olmalıdır. Həmçinin oğlanın ailəsi də yaxşı olmalıdır”.

27-28 yaşlı oğlanla ailə qurmaq istəyən Nigar deyir: "Qızlar üçün 21-23, oğlanlar üçün isə 27-30 yaş normaldır. Mən də 22-23 yaşımda ailə qurmaq istəyirəm. Ailə quracağım oğlan imanlı olmalı, ata-anasına hörmət etməlidir ki, mənim valideynlərimə də eyni hörməti göstərsin. Ailənin möhkəmliyi üçün isə, sevgi önəmlidir. Çünki sevgi yoxdursa, məsələn, biri xəstə olanda digəri ona laqeyd yanaşacaq”.

27 yaşlı Nərgiz hesab edir ki: "Qızlar 22, oğlanlar isə 25 yaşdan sonra ailə haqqında düşünməlidirlər, çünki yaş az olanda adi problemi belə həll edə bilmirlər və boşanmaların sayı artır. Mənim üçün oğlanın ali təhsilli olması vacibdir. Çünki təhsilli insan hər şeyə başqa cür yanaşır, dünyagörüşü artır. Bir də xasiyyətimiz uyğun gəlməlidir. Ailənin uzun ömürlü olması üçün qarşılıqlı sevgi mütləqdir”.

Sevgini hər şeydən önəmli hesab edən Lalə isə 25 yaşda ailə qurmaq istəyir: "Çünki universiteti bitirib işləməliyəm, heç kimə möhtac olmamalıyam. Qarşı tərəfdən də eyni şeyləri gözləyirəm, mütləq ali təhsilli olmalıdır. Yalnız bu günü üçün yaşamamalı, sabahını da düşünməlidir. Ailənin davamlı olması üçün isə bütün bunlarla yanaşı sevginin olması vacibdir. Çünki insan sevdiyi biri üçün bütün əzablara qatlaşır”.

Ən əsası hörmətdir
"Məni 19-20 yaşımda çox adam istədi, amma mən razı olmadım, çünki bu yaşda ailə qurmağın tərəfdarı deyiləm” deyən 27 yaşlı Səbinə: "Qız üçün öncə təhsil olmalıdır, hər yaşda ailə qurmaq olar, amma yaş bir az keçəndən sonra problemlər təhsil almağa mane ola bilir. Mən nişanlıyam, ailə quracağım oğlanı seçərkən əsas xasiyyətimizin uyğun olmasına fikir verdim. Çünki fikirlərimiz uyğun gəlməli, mən onu, o məni qane etməlidir. Ailənin möhkəm olmasında bir az sevgi, bir az maddiyyat, ən əsası isə hörmət olmaldır.”

Ən azı, 23-24 yaşda ailə qurmağı normal hesab edən 20 yaşlı Ruhiyyə: "Ailə quracağım şəxs ilk növbədə imanlı olmalıdır. Mənə qadağa və məhdudiyyətlər qoymamalıdır. Ailənin uzunmüddətli olması üçün həm sevgi, həm də maddi imkan normal olmalıdır. Ən önəmli isə hər iki tərərfin həm bir-birinə, həm də ailələrinə olan hörmətidir”.

Pulun var, gələrəm...
 
Sorğu iştirakçılarıdan bəzisi sadəcə sevginin ailə üçün yetərli olmadığını düşünür.

Ali təhsilli oğlanlara üstünlük verən 20 yaşlı Şəbnəm deyir: "23-24 yaşında ailə qurmaq istərdim. Ailə quracağım insan ağıllı, ciddi olmalıdır. Evi, maşını, normal işi olmalıdır.”

18 yaşlı Arzu da işin maddiyyat tərəfinə daha çox önəm verənlərdəndir: "İlk növbədə ali təhsil alıb, normal işim olandan sonra ailə qurmaq istəyirəm. 22-23 yaş normal ola bilər. Oğlanın gözəlliyi önəmli deyil, ağıllı, özünə güvənən biri olsun. Sevgi olmalıdır, amma sevgi qarın doyurmur. Sabah uşaq xəstələndi, onu həkimə aparmağa pulu olmayacaqsa, nəyə lazım o sevgi.”

20 yaşlı Aygün: "Özüm ali təhsilli olduğuma görə, həyat yoldaşım da elə olmalıdır. Ən azı 22-23 yaşında ailə qurmaq istəyirəm. Valideynlərinə hörmət edən biri olmalıdır. Normal qazancı, işi, evi mütləq olmalıdır, maşın olmasa da olar.”

Maddi imkanın olması yaxşıdır. Amma pulu var deyə də bir oğlanla ailə qurmaq heç də normal düşüncə deyil. Tanışlarımdan biri oğlanın imkanı var deyə 18 yaşında qızının həmin oğlanla ailə qurmasına razı olmuşdu. Düzdür, oğlanın bir neçə evi, maşını, yaxşı işi var, amma qız o ailədə heç də xoşbəxt deyil.

Bir az da fərqli düşünənlər

"Tez ailə quranda ailə həyatına daha tez adaptasiya olmaq olur” deyən Gülnarə: "23-24 yaşında özü işləyib pul qazanan qızlar çox zaman ailəyə ehtiyac duymurlar. Maaşı yüksək olan qadınlar isə ailədə hökmranlıq edirlər. Ona görə də gec evlənməyin tərəfdarı deyiləm. Düşüncəsi mənim düşüncəmə uyğun gəlməlidir. Mənim yaşam tərzimə qarışmamalı, məni olduğum kimi qəbul etməlidır. Ailənin nə maddiyyat, nə də sevgi üzərində qurulmasının tərəfdarı deyiləm. Hər iki tərəf bu məsələyə ağılla yanaşmalıdır”.

28 yaşlı Sevinc: " 20-21 yaşım olanda düşünürdüm ki, işim olsun, yaxşı karyera qurum, sonra ailə haqda düşünərəm. İndi hamısı var, amma özümə uyğun birini tapmıram. Düşünürəm ki, bu yaşımda ailə quracağım oğlanın maaşı mənimkindən daha yüksək, həmçinin evi, maşını, olmalıdır”.

"Həmişə deyirdim ki, ən azı, 23 yaşda ailə quracam, bəlkə də daha gec, öncə təhsilim, işim, karyeram olmaldır. Amma 21 yaşım var, 1 ay sonra da toyum olacaq. Düzdür, təhsil alıram, ancaq işi bir müddət təxirə saldım. Xasiyyətimə, özümə uyğun biri ilə rastlaşdım, ona görə də ailə qururam. Önəmli olan da budur, özünə uyğun birini tapmaq”.

18 yaşlı Nərmin isə az yaşda ailə qurmağın tərəfdarı olmasa da deyir: "Az yaşda ailə qurmaq yaxşı deyil, amma bəzən ailədə elə problem yaranır ki, düşünürəm ailə qursam, bu problemlərdən canım qurtarar”.

Əslində Nərminin bu düşüncəsi bu gün bəzi qızlarda da var, amma ailə qurmaq xilas yolu ola bilməz. Heç kim insanı öz ailəsindən, valideynlərindən daha çox sevə bilməz...

Sorğulardan da göründüyü kimi, bizim qızlar ilk növbədə ağıllı, təhsilli biri ilə ailə qurmaq istəyirlər. Ümid edirəm ki, onlar bu dediklərini həyatlarında da tətbiq edib, istədikləri kimi bir ailə həyatı qurarlar.

Bəs, siz neçə yaşda və necə biri ilə ailə qurmaq istəyirsiz?
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 706
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri