Gözəl
və sağlam görünmək üçün vitamin şərtdir. Çünki vitamin çatışmazlığı
orqanizmin zəifləməsinə, xroniki xəstəliklərin yaranmasına, tez
qocalmaya gətirib çıxarda bilər. Gözəl və gənc qalmaq orqanizmdən daha
düzgün qayğı və qidalanma tələb edir.
A VİTAMİNİ
Sümükləri,
dişləri, toxumaları, dəri və sümük toxumasını gücləndirən A vitamini
əsl antioksidant anbarıdır. Xroniki xəstəlik riskini azaldır, görmə
qabiliyyətini yaxşılaşdırır, yaşlanma əlamətlərini ləngidir və immunitet
sistemini gücləndirir.
Yerkökü,
balqabaq, ərik, pomidor, qarpız, gül kələmi, kahı, şaftalı, qırmızı
bibər, ispanaq, yumurta, süd, qovun və ciyər A vitamini ehtiva edir.
B2 VİTAMİNİ
Bədənə
enerji verir, immuniteti gücləndirir, stresi azaldır, maddələr
mübadiləsini yaxşılaşdırır. Boğaz ağrılarını azaldır, ağız yaralarını
sağaldır, saç quruluğunu aradan qaldırır.
İçalat, süd məhsulları, tərəvəz, yumurta, soya lobyası, badam, fındıq, göbələk və taxıllar B2 vitamini ilə zəngindir.
B6 VİTAMİNİ
İmmunitet
sistemi üçün çox əhəmiyyətlidir. Hormon istehsalına təsir edərək
stress, depressiya, ürək xəstəlikləri ilə mübarizə aparır, yaddaş
zəifliyini aradan qaldırır. Eyni zamanda qanda şəkərin səviyyəsini
tarazlayır. Ürəkbulanmadan əziyyət çəkən hamilələrə də yaxşı təsir edir.
Orqanizmdə sözügedən vitaminin çatışmazlığı qan azlığı ilə nəticələnir.
Taxıllar, avokado, banan, ət, lobya, balıq, yulaf, fındıq, tum və quru meyvələrin tərkibində B6 vitamini var.
B7 VİTAMİNİ
Biotin
kimi da tanınan B7 vitamini hüceyrə yenilənməsi və yağ turşusunun
sintezi üçün lazımdır. Tər vəzilərinə, saçlara və dərinin vəziyyətinə
nəzarət edir. Saç uzanmasına kömək edir, dırnaqları qidalandırır. Sümük
inkişafı və sümük iliyi üçün əhəmiyyətlidir, xolesterin səviyyəsini
tarazlaşdırır.
B7
vitamini balıq, kartof, badam, yerkökü, banan, yemiş, sarı rəngli
meyvələr, tərəvəzlər, mərci, bolqar bibəri, yumurta sarısı, soya
lobyası, yulaf, süd məhsulları və fındıqda olur.
B9 VİTAMİNİ
Fol
turşusu da deyilən B9 vitamini infarkt riskini azaldır. Yüksək təzyiq,
depressiya, xərçəng və yaddaş zəifliyinə müsbət təsir edir. Bu vitamin
zehni inkişaf, hamilələrdə dölün inkişafı üçün vacibdir. Tərəvəzlər,
portağal suyu, qulançar, qarpız, qovun, çiyələk, paxla, lobya və
yumurtanın tərkibində B9 vitamini var.
B12 VİTAMİNİ
Maddələr
mübadiləsi və hüceyrə yenilənməsi prosesi üçün əhəmiyyətli olan B12
vitamini, ürək xəstəliklərinin, yaddaş zəifliyinin və qan azlığının
qarşısını alır. Həmçinin depressiya əleyhinə, sinir sisteminin
müalicəsində istifadə edilir. Süd məhsulları, yumurta, balıq, ət və
taxıllar B12 ehtiva edən başlıca məhsullardır.
C VİTAMİNİ
Hüceyrələri
yeniləyən, xərçəng və ürək xəstəlikləri riskini azaldan C vitamini,
eyni zamanda qırmızı qan hüceyrələrinin yaranmasında mühüm rol oynayır.
Brokkoli, qreypfrut, kivi, portağal, bibər, kartof, çiyələk, kələm və pomidor C vitamini ilə zəngindir.
D VİTAMİNİ
D
vitamininin əsas funksiyası sümükləri gücləndirməkdir. Skleroz, oynaq
ağrıları və bir çox xərçəng növünün yaranma riskini azaldır.
Menstruasiya dövründə simptomları azaldır. Gün ərzində 30 dəqiqə günəş
işığında qalmaq orqanizmi ehtiyacı olduğu D vitaminini ilə təmin edir.
Açıq dərili insanlar üçün 10-15 dəqiqə də kifayətdir. Yağlı balıq, süd
məhsulları, ciyər, yumurtada da D vitamini var.
E VİTAMİNİ
E
vitamini, sadəcə güclü antioksidant deyil, eyni zamanda immunitet
sistemini gücləndirən, saç və dəriyə qulluq üçün də ən effektli
vasitədir. E vitamini, qırışlar və digər yaşlanma əlamətləri ilə
mübarizə aparmaqda böyük rol oynayır. Dəyərli E vitamini yağı
orqanizmdəki sərbəst radikalların təsirini azaldır. Qocalma prosesini
ləngidən E vitamini dəri xərçəngindən də qoruyur. Ürək xəstəlikləri,
katarakt, yaddaş zəifliyi və bəzi xərçəng növlərinin qarşısını alır.
Buğda toxumu, fındıq, badam, ispanaq, marqarin, qarğıdalı, balıq yağı,
fıstıq əzməsi E vitamini ehtiva edən qidalardandır.
K VİTAMİNİ
Sümükləri
gücləndirir, qanın laxtalanmasına kömək edir və ürək xəstəlikləri
riskini azaldır. Tam taxıllı yeməklər, yaşıl yarpaqlı tərəvəzlər, soya
lobyası yağı və balıq yağı K vitamini ehtiva edən başlıca qidalardır.