Gəlinlik, yoxsa kəfən?

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 3 639
Səs ver:
(səs: 0)
Erkən ərə verilən qızlar arasında intihar edənlər də var
Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində qızların erkən yaşda zorla ərə verilməsi adət halını alıb. Lakin yeniyetmələrin taleyinə görə kimsə məsuliyyət daşımır. Hətta bu məcburiyyətlər yeniyetmələri ölüm həddinə çatdırsa belə...
Gürcüstan hökumətin bu sahədə qanuna etdiyi ən son dəyişiklik də buna səbəb olan şəxsləri məsuliyyətə cəlb etmir.
"Balam heç xəyallarından, arzularından danışmazdı. Axı 14 yaşda nə arzu, nə xəyal?! Balam xəyallar qurmağa macal tapmamış getdi bu dünyadan. Onu ərə getməyə məcbur etmirdik, sadəcə söhbət gedirdi. Toy çalınmırdı, nişan taxılmamışdı... Mən balamı gəlin görə bilmədim, kəfən geyindi. Belə gözəl bala da ölərdimi?!”
Ülviyyə (ad şərtidir) Gürcüstanın Telavi rayonunun Qaracala kəndinin IX sinif şagirdi, uzun hörüklü bir məktəbli qız idi. Ailəsinin onu erkən, 14 yaşında ərə vermək istəməsi hələ barəsində planlar qurmağa macal tapmadığı gələcəyinə son qoydu. Ailə qurmağa etiraz edən Ülviyyə 2014-cü ilin iyulunda evlərindəki tüfənglə özünü güllələdi...
Gürcüstanda erkən evlilik hallarına əsasən etnik və dini azlıqların yaşadığı regionlarda daha çox təsadüf olunur. Etnik azərbaycanlılar yaşayan bölgələrdə isə qızların erkən yaşda ərə verilməsi adı hal sayılır. Onların bəziləri öz razılığı ilə, bəziləri isə adət-ənənəyə və ya valideynlərinin qərarına boyun əyib erkən yaşda gəlin olurlar. Amma bu adət heç də hər zaman ailələrə sevinc gətirmir. Məsələn, Qaracala kəndindən olan daha bir IX sinif şagirdi 2012-ci ildə ailəsinin evlilik tələbinə qarşı çıxmaq üçün özünü öldürmək yolunu seçib.
BMT-nin Əhali Fondunun hesabatına əsasən, son illər Gürcüstanda qadınların 17 faizdən çoxu 18-dən aşağı yaşda ailə qurub. Bununla da Gürcüstan erkən nikahların sayına görə Şərqi Avropa ölkələri arasında ikinci yerdədir. Rəsmi statistikaya əsasən, 2014-cü ildə tək 16-19 yaşlı 4 min qız ailə qurub. Həmçinin ötən il 1527, yəni hər günə orta hesabla 4 yeniyetmə qız ana olub.
Gürcüstanın Azərbaycanlı Qadınlar İttifaqının sədri Leyla Süleymanovanın sözlərinə görə, azərbaycanlılar yaşayan bölgələrdə ailə quran qızların 70 faizini erkən yaşda ərə gedənlər təşkil edir. Onun sözlərinə görə, təşkilat olaraq məktəblərdə və ailələrdə erkən evliliyin qızların həm psixoloji, həm də sağlamlıq durumuna hansı zərbələr vurması haqda söhbətlər aparırlar:
"Amma təəssüflər olsun ki, erkən nikah və ailədaxili zorakılıq faktları azərbaycanlılar yaşayan bölgələrdə hələ də çox yüksəkdir. Cəmiyyətdə belə bir rəy formalaşıb ki, sanki 18 yaşını keçən qız evlənmək üçün gecikib. Bu səbəbdən də ailələri onları erkən yaşda ərə verəndə əksər vaxtı bununla razılaşırlar”.
Ailəsi ilə razılaşmayanların isə bəzən aqibəti Ülviyyənin hekayəsində olduğu kimi faciəli sonlanır. Ülviyyənin nənəsi Sünbül xanım danışır ki, özü də 14 yaşından ərə gedib. Deyir, belə gənc yaşda ailə qurmağa könlü olmasa da, elin adətinə qarşı çıxa bilməyib:
"Mənim heç nədən xəbərim olmadı, bir də dedilər ki, bəs "həri”ni vermişik, payızda toyundu. Bizim həddimiz nə idi ki, ərə getmək istəmədiyimizi dilə gətirək? Odur ki, heç etiraz etmək barədə düşünmürdük. Hər ailədə belə idi, qız 13-14 yaşı oldu, ərə verilməli idi. Yoldaşım evin böyüyü idi, 14 nəfərlik külfəti olan ailəyə baxmışam. Uşaq canımı xəstə salmışam. İndi düşünürəm tez getmək bir şey deyil. Amma adətimiz belədi. Mən o nəvəmi öz tanıdığıma, bildiyimə verməsəydim, başqası qaçırdacaqdı. Olan bizə oldu, daha günahkar axtarmağın nə yeri?!”
Söhbətə qarışan Ülviyyənin anası deyir ki, böyük qızını hətta daha tez, 13 yaşında ərə verib:
"Artıq qızımın iki uşağı var. Ailəsiylə də çox xoşbəxtdi. Mən nə bilərdim ki, Ülviyyə belə edəcək? Mən onun xoşbəxt olmasını istəyirdim”.
Gürcüstan Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2011-2013-cü illər ərzində 15 yaşadək olan 7 min 367 qız təhsildən ayrılıb. Qaracala kənd orta məktəbinin direktoru Elza Aşurova isə deyir ki, kənddə ailələrin qızlarını təhsildən ayırıb ərə verilmələrinin səbəblərindən biri də qaçırılma hallarının olmasıdı:
"Qız böyüyüb doqquzuncu sinifə çatar-çatmaz artıq məktəbdə davamiyyəti zəifləyir. Çünki ailələr qızlarının qaçırılacağından ehtiyat edirlər. Bu səbəbdən də qızların erkən yaşda ərə verilməsində həm də oğluna gənc qız alan və ya qaçıran ailələr məsuliyyət daşıyırlar. Son illər bu sahədə ciddi tədbirlər görülməyə başladığından qızqaçırma halları bir qədər azalıb. Biz Dövlət Sosial Agentliyi ilə çalışırıq. Davamiyyət zəifləyən kimi agentliyin işçiləri ailələrə gedib, onlarla söhbətlər aparır. Amma təəssüf ki, tək bu söhbətlər kifayət deyil”. 

Dövlət Sosial Agentliyindən də bildirirlər ki, onların səlahiyyətləri yalnız ailələrlə danışıqlar aparmağa imkan verir. Qurumda hesab edirlər ki, daha ciddi nəticələr əldə etmək üçün qızını erkən yaşda ərə verən və eləcə də qız qaçıran ailələrə qarşı sərt cəzalar tətbiq olmalıdır.
Ötən il Gürcüstanın Cinayət Məcəlləsinin 1501-ci maddəsinə edilən dəyişikliyə əsasən qeydə alınmamış nikahlar da daxil olmaqla azyaşlı ilə məcburi evliliyə görə 4 ildən artıq həbs cəzası müəyyən olunub. Qaraçala kəndindəki hər iki qızın hadisəsi ilə bağlı Telavi rayon Prokurorluğundan isə bildirdilər ki, cinayət işi açılsa da, məsuliyyətə cəlb edilən olmayıb:
"Hər iki hadisə üzrə özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. Lakin hər hansısa toy hazırlığı olmadığından valideynlərin təqibi öz isbatını tapmayıb”.
Gürcüstanda Mülki Məcəlləyə əsasən, minimum nikah yaşı 18-dir. Bununla belə, qanunvericilik bəzi istisna hallarını də nəzərdə tutur. 2015-ci ilin dekabrınadək 16-18 arası yaşda qızlar valideynlərinin razılığı ilə rəsmi ailə qura bilərdilər. Parlamentin Ombudsmanın təklifi ilə məcəlləyə etdiyi dəyişiklikdən sonra 17-18 yaşarası qızların nikahı yalnız məhkəmənin qərarı ilə reallaşa bilər. Bu isə nikah qeydiyyatı üçün hamiləlik və ya körpənin dünyaya gəlməsi kimi zəruri hallar yaranarsa mümkündür.
Gürcüstan baş nazirinin insan haqları və gender bərabərliyi məsələləri üzrə müşaviri Sofia Japaridze bildirir ki, 2015-ci ilin sentyabrından erkən evlilik məsələsi ilə bağlı hədəf qrupu yaradılıb və bura 20-dən çox dövlət qurumu, beynəlxalq və yerli təşkilatlar daxildir:
"Hədəf qrupunun vəzifələrindən biri də erkən evliliyin qarşısının alınması tədbirləri də daxil olmaqla, düzgün ünvanlanmış dövlət strategiyası və fəaliyyət planının xəritəsinin çəkilməsidir. Qrup həmçinin bu məqsədlə reallaşdırılmalı olan zəruri müdaxilə və tədbirləri müəyyən etməlidir. Eyni zamanda qrup erkən evlilik praktikasi və bu fenomenin nəticələrinin araşdırılması zərurətini gündəmə gətirir”.
Gürcüstan Vətəndaş İnteqrasiyası Fondunun sədri Zaur Xəlilov hesab edir ki, erkən evliliklə bağlı sərt tədbirlər görülməyincə, əhali ilə profilaktik söhbətlərin ciddi nəticəsi olmayacaq:
"Bu sahədə sərt qanunlar mütləqdir. Məsələn, Qaracaladakı hadisədə hər iki qızın valideynləri məsuliyyətə cəlb edilmədi. Onlara maddi və ya şərti cəza da verilmədi. Onlar məsuliyyətə cəlb edilsə idi, bütün kənd bundan dərsini alardı. Axı bu, şagirdlərin ölüm həddinə çatdırılması idi. Bu cür faciələrə rəğmən məktəblilərin ərə verilməsi davam etməkdədir”.
Ülviyyənin anası isə hesab edir ki, övladının ölümündə cəmiyyətin də təqsiri var:
"Məni yox, cəmiyyəti qınayın. Mənim qədər cəmiyyət də günahkardır. Ülviyyəni 4 nəfər istəyirdi. Ailələrdən ikisi xəbər göndərirdi ki, qızı verməsəz, qaçırdacağıq. Belə vəziyyətə düşməsəydik, qızımızı tələsik ərə vermək də istəməzdik. Mən də indi bala həsrətilə yanmazdım, qızım yanımda olardı, soyuq torpaqda yox”.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 639
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri