Fəxr etdiyimiz HƏMVƏTƏNLƏR - FİKRƏT ƏMİROV

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 217
Səs ver:
(səs: 0)
Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində tanınmış bəstəkar, müğənni və tarzən, Mir Möhsün Nəvvabın (1833-1918) musiqi məclislərinin təsiri ilə formalaşmış Məşədi Cəmilin (1875-1928) ailəsində anadan olmuşdur. Məşədi Cəmil Azərbaycanda, İranda, Türkiyədə, Gürcüstanda ifaçı-musiqiçi, sonralar isə müəllim kimi məşhur idi. O, ilk dəfə doğma şəhərində musiqi məktəbi təşkil etmiş, daha sonra həmin məktəbin rəhbəri olmuşdur. Təbiidir ki, atası gələcək bəstəkarın tərbiyəsinə və musiqi qabiliyyətinin inkişafına böyük təsir göstərmişdir.O, musiqini, ədəbiyyatı, tarixi çox sevirdi. Artıq 10 yaşında olarkən tarda gözəl ifa edirdi, konsertlər verirdi. Xalq mahnılarına məhəbbət onun şəxsiyyət və dahi bəstəkar kimi yetişməsinə böyük təsir göstərib. Fikrət Əmirov ilk musiqi təhsilini Kirovabad (Gəncə) musiqi məktəbində almışdır. Oranı bitirdikdən sonra, o, Bakıya köçüb, orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfində oxuyub. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına, professor B.İ. Zeydmanın bəstəkarlıq sinfinə daxil olmuşdur.

Konservatoriyadakı təhsil illərində professor Zeydmanın rəhbərliyi ilə musiqinin incəliklərinə yiyələnir. Eyni zamanda ölməz Üzeyir Hacıbəyovun yaradıcılığı ilə dərindən tanış olur. Özünün yazdığı kimi, onun yaradıcılığına həm də məşhur bəstəkar Çaykovskinin böyük təsiri olmuşdur. “Bu əsəri yazdığım, yaratdığım müddətdə mən öz üzərimdə iki dahi bəstəkarın təsirini açıq-aydın hiss edirdim:Üzeyir bəy və Çaykovski. Məhz Üzeyir Hacıbəyovun xalq musiqisindən qidalanan mükəmməl operalarını, onun insani xüsusiyyətlərini, Çaykovskinin yaradıcılığını dərindən dərk edərək mən öz operamda (söhbət “Sevil” operasından gedir) bu iki başlanğıcın qovuşmasına nail oldum.

Fikrət Əmirov Dövlət Konservatoriyasında təhsil aldığı illərdə artıq yaxşı bəstəkar kimi tanınmışdı; “Ürək çalanlar” (M.S. Ordubadi), və “Gözün aydın” (M. Əlizadə) operettalarına musiqi bəstələmiş, fortepiano əsərləri, variasiyalar yazmışdı.

Böyük Vətən müharibəsi Fikrət Əmirovun təhsilini yarımçıq qoyur; bir çox incəsənət xadimləri kimi o da döyüşən orduya gedir. O, Varonej cəbhəsində vuruşur. 1943-cü ildə müharibədə kontuziya aldığı üçün ordudan tərxis olunub Bakıya qayıdır, 1944-cü ildə konservatoriyada təhsilini davam etdirir və 1948-ci ildə oranı bitirir. Fikrət Əmirovun bundan sonrakı həyatı, yaradıcılığının böyük bir hissəsi musiqi mədəniyyətimizin inkişafına, onun daha da şöhrətlənməsinə həsr olunur. Fikrət Əmirov uzun illər respublikanın teatrları ilə daim əlaqə saxlamış, C. Cabbarlının, M. Hüseynin, S. Vurğunun, İ. Qasımovun və başqa dramaturqların pyeslərinə musiqi yazmışdır.

Yaşadığı illərdə Fikrət Əmirov bir çox mükafatlara və fəxri adlara layiq görülmüşdür bunlardan SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, SSR EA müxbir üzvü. O, SSRİ və Azərbaycan SSR Bəstəkarlar İttifaqı İdarə Heyətlərinin katibi, SSRİ Ali Sovetinin deputatı olmuşdur. F. Əmirov bir neçə il Azərbaycan opera və Balet teatrına rəhbərlik etmişdir. Milli musiqi sənəti qarşısındakı böyük xidmətlərə görə ona Lenin ordeni kimi yüksək mükafat verilmişdir.

Fikrət Əmirov 1947-ci ildə “Nizami” simfoniyasını, 1948-ci ildə “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarını yazır. Bu simfonik muğamlara görə o, SSRİ Dövlət mükafatına layiq görülür. Fikrət Əmirov 1984-cü il fevral ayının 20-də Bakı şəhərində vəfat etmişdir.

Yaradıcılığı
Simfonik yaradıcılığı
F. Әmirovun simfonik әsәrlәri sayca və әhәmiyyәtinә görә onun yaradıcılığının mühüm hissәsini tәşkil edir. Bәstәkarın məzmun, janr vә xarakter etibarilә müxtәlif olan bu әsәrlәrindә onun fәrdi, özünәmәxsus üslubu aydın şәkildә özünü göstәrir. Simfonik yaradıcılıqda F. Әmirovun tarixi xidmәti ondadır ki, o, milli folklor musiqisinin bәdii formalarını Avropa tәfәkkür prinsiplәri ilә üzvi surәtdә әlaqәlәndirməyә sәy göstәrmiş vә bir çox halda buna nail olmuşdur.
F. Әmirovun ilk simfonik әsәrlәri – Nizaminin xatirәsinә hәsr edilmiş “Poema” vә “Böyük Vәtәn müharibәsi qәhrәmanlarının xatirәsinә” әsәri müәllifin epik, lirik-dramatik obrazlılığa meylini vә onun melodik ifadәlilik baxımından böyük istedadını aşkar etmişdir.

Simli orkestr üçün yazılmış “Nizami” simfoniyası F. Әmirovun görkәmli әsәrlәrindәn biridir. Bәstәkarın yaradıcılığında Nizami poeziyasına maraq hәlә gәnc yaşlarında meydana gәlmişdir. Şairin poeziyası fәlsәfi ideyaların dәrinliyi, zәngin obrazlılığı, mәnәvi zәrifliyi, lirik hisslәrin çoxcәhәtliliyi ilә onun diqqәtini cәlb etmişdi. F. Әmirov 1941-ci ildә konservatoriyada oxuyan vaxtlarda böyük şairin xatirәsinә hәsr etdiyi simfonik poemasını, 1943-cü ildә “Gülüm” qәzәl-romansını, 1947-ci ildә isә simli orkestr üçün “Nizaminin xatirәsinә” simfoniyasını yazmışdır. B. M. Qorodinskinin fikrincә, “Nizaminin xatirәsinә” simfoniyası bu qәbildәn olan gözәl әsәrlәrdәn biridir. Simfoniyadakı son dәrәcә zәriflik, ifadә incәliyi, sәslәnmә sәmimiliyi kamera-instrumental musiqinin impressionist zәrifliyi ilә assosiasiyalar doğurur vә sanki impressionizm ruhunda çәkilmiş şәkli xatırladır. Özünә qarşı son dәrәcә tәlәbkar olan bәstәkar simfoniya üzәrindә dәfәlәrlә işlәmiş, onun ikinci vә üçüncü redaksiyalarını yaratmışdır. Ümumittifaq radio vә televiziyası Böyük simfonik orkestrinin dirijoru, RSFSR-in xalq artisti Kennadi Rojdestvenski yazmışdır: “Simfoniya yeni müәllif redaksiyasında daha da tәkmillәşmişdir: lirik boyalar daha yumşaq vә incә, faciәli epizodlar daha aydın vә ciddi olmuşdur. Әsәr zahiri tәmtәrağı, tembr muxtәlifliyi ilә deyil (o, çox sadә vә ciddi yazılmışdır, bütün yük simli alәtlәrin üzәrinә düşür), bәdii obrazlar alәminә meyli, insan taleyi üzәrindә dәrin fikrә dalması ilә rәğbәt qazanır”. Mәşhur bәstәkar R. Şedrin isә öz tәәssüratını belә ifadә etmişdir: “Mәn bu әsәri onun dәrin fәlsәfiliyinә, mürәkkәb psixoloji obrazlar alәminә, hәzin ciddiliyinә vә incә melodik gözәlliyinә görә çox sevirәm...”
“Nizaminin xatirәsinә” hәsr edilmiş simfoniya böyük şairin anadan olmasının 800 illiyi münasibәtlә yazılmışdır.

Simfoniyada Nizaminin ümumilәşmiş obrazı yaradılmışdır. Bәstәkar şarin obrazına ehtiramla yanaşır vә ona xüsusi münasibәt bәslәyir ki, bu da әsәrә sәmimilik, incәlik, gәnclik tәravәti, lirik hәrarәt vә romantik ruh verir. Eyni zamanda simfoniya özunün fәlsәfi mәnası vә lakonik ifadә tәrzi ilә diqqәti cәlb edir. Bu cәhәt son illәrdә yazılmış bir çox әsәrlәrin musiqisinә xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görә dә musiqidә ifadә olunan gizli hisslәr, düşüncәlәr, әhvalatlar da tәbii qavranılır. Simfoniya dörd hissәdәn ibarәtdir. Simfoniyanın birinci hissәsi müqәddimә ilә başlayır. Skertsodan ibarәt olan ikinci hissә dinlәyicinin diqqәtini zәrif valsın yaratdığı işıqlı, qayğısız atmosferә cәlb edir.
Bu hissәnin ilhamlı, poetik musiqisi xüsusi sәrbәstliyi ilә diqqәti cәlb edir. Azәrbaycanda vals janrını simfoniyaya (özü dә belә yüksәk poetik sәviyyәdә) ilk dәfә F. Әmirov daxil etmişdir.

Üçüncü hissә dәrin lirik düşüncәlәrdәn ibarәtdir. Nizaminin qәzәlindәn epiqraf kimi götürülmüş misralar bu hissәnin әsas mәnasını açır. Belәliklә dә bu hissәdә könüllәri fәth edәn, poetik, ülvi mәhәbbәt, fәdakarlıq, dәrin obrazlı fikir tәcәssüm etdirilir. Dördüncü hissәdә simfoniyanın әvvәlki hissәlәrindәn birinci (işlәnmә) hissәsinin başlanğıcından, musiqiyә ümumilәşdirici xarakter verәrәk bütün silsilәdә xüsusi bütövlük, vәhdәt yaradan ikinci hissәnin müqәddimәsindәn alınmış mövzular yenidәn sәslәnir. Son hissәnin geniş dinamiklәşdirilmiş kodası Nizami mövzusu әsasında şairin dahiliyinin tәsdiqi kimi verilir.

1963-cü ildә simfoniya Hans Roxnerin idarәsi ilә Leypsiq radiosu simfonik orkestri tәrәfindәn böyük müvәffәqiyyәtlә ifa edilmişdir. 1964-cü ildә F. Әmirov simfoniyanın yeni redaksiyasını işlәmiş vә әsәr hәmin ildә Moskvada, daha sonra Londonda sәslәnmişdir. Londonda F. Әmirovun “Nizami” simfoniyası ilә yanaşı, D. Şostakoviçin VIII simfoniyası vә S. Prokofyevin fortepiano ilә orkestr üçün 3-cü konserti dә ifa edilmişdir

F. Әmirovun simfonik muğamları professional şifaha ənənə formasını bәstәkar yaradıcılırı sahәsindә hәyata keçirmәk yolunda mühüm mәrhәlә olmuşdur.

İki tip musiqi tәfәkkürünün – xalq (muğam) ilә Avropa musiqisinin sintezi kimi meydana gәlәn simfonik muğamlar eyni zamanda, milli simfonizmi dünya incәsәnәtinin geniş meydanına çıxarmışdır. Bir-birinә zidd musiqi sistemlәrinin tam bәdii sintezinә nail olan F. Әmirov o vaxta qәdәr mәlum olmayan daha bir janr üslubunu әmәli cәhәtdәn tәsdiq etdi. F. Әmirovun simfonik muğamları ümumavropa simfonizminin tәsiri altında ənənəvi milli formalardan “ayrılaraq” özünәmәxsus üslub vә konstruktiv xüsusiyyәtlәri olan obrazlı-dramaturji konsepsiyaya malik müstәqil janr әmәlә gәtirir.

Q. Qarayev F. Әmirovun simfonik muğamları haqqında yazmışdır: “F. Әmirovun yaradıcılıq işinin mәziyyәti ondadır ki, o, xalq dühasının әsrlәrlә yaratdığı bütün xüsusiyyәtlәri saxlamaqla bәrabәr, muğamlara yeni mәzmun verә bilmişdir. Ölmәz musiqi poemaları onun tәfsirindә yeni şәkildә sәslәnir. Әmirov öz vәzifәsini dәrindәn dәrk edәrәk zәngin mәzmunlu, xәlqi dilli, orijinal formalı simfonik әsәrlәr yaratmışdır.


“Disk” (Fransa) musiqi jurnalı yazmışdır: “Şur” muğamında musiqi sәnətinin bütün әsl böyük әsәrlәrinә xas әzәmәt vә hәqiqәt vardır.
Belә gözәl partituraların yaradılmasında F. Әmirovun simfonik orkestrdәki, demәk olar, bütün çalğı alәtlәrinin solo çalmaq prinsipini tәtbiq etmәsi mühüm rol oynamışdır. Bunun sayәsindә muğamlar, bir növ, orkestr üçün özünәmәxsus konsert әhәmiyyәtini kәsb edir.

Balet yaradıcılığı
"MIN BIR GECƏ"
Fikrət Əmirov "Min bir gecə" nağıllarının mövzusuna elə bir zamanda müraciət etmişdir ki, artıq dünya dinləyiciləri Rimski-Korsakovun "Şəhrizadə"si kimi dahiyanə simfonik süitası ilə tanış idilər. Tanınmış musiqişünas Pavel Xuçuanın sözləri ilə desək, bu süjetə müraciət etmək istəyən bəstəkardan "böyük yaradıcılıq cəsarəti, yüksək peşəkarlıq, ustalıq və zəngin Şərq musiqisinin incə təbii hisslərinə malik olmaq tələb edilirdi".

"Min bir gecə" baleti aydın ideya fəlsəfi konsepsiyaya malik bir sənət əsəridir. Bəstəkar, quruluşçu baletmeyster Azərbaycanın əməkdar incəsənət xadimi Dövlət mükafatı laureatı Nailə Nəzirova və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun birgə yaradıcılıq səyi, bütün komponentlərlə vəhdət təşkil edən çox gözəl bir sənət əsərinin yaranması ilə nəticələnmişdir. Bir daha qeyd etmək lazımdır ki, bu yaradıcılıq ittifaqı F. Əmirovun "Nəsimi", "Xəzəri fəth edənlər" baletlərində də çox uğurlu olmuşdur. Azərbaycanın tanınmış dramaturqları Maqsud və Rüstəm İbrahimbəyovlar N. Nəzirova ilə birgə maraqlı inkişaf xəttinə malik bir libretto yaratmışlar.

"Bir dəfə şahlardan biri - gənc və əzəmətli Şəhriyar öz sevimli arvadı ilə vidalaşıb ova gedir. Gözlənilmədən saraya qayıdan şah arvadını qulun ağuşunda görür. Aldanmış ər, alçaldılmış hökmdar bu rüsvayçılıqdan donub qalmış şahidlərin gözləri qarşısında arvadına divan tutur və bütün gənc qadınları edam etmək kimi dəhşətli bir fərman verir. Nahaq yerə ölümə məhkum olunmuş qadınların yalvarışları hiddətli şahın qəzəbini söndürmür. Budur, qəzəb dünyasına - gözəllik və müdriklik daxil olur; bu Şəhrizaddır. Bu zaman sanki möcüzə baş verir. Şəhriyarın qəddar ürəyində məhəbbət hissləri oyanmağa başlayır. Ancaq o, sevsə belə, qərarını dəyişmir - Şəhrizadı ölüm gözləyir. Ağlın qəzəblə, məhəbbətin nifrətlə mübarizəsi başlayır. Şəhriyar birdən-birə təslim olmaq istəmir. Əvvəlki məhəbbət və xeyirxahlığa inamı yenidən əldə etmək üçün o, Şəhrizadın əsrarəngiz nağıllar dünyasına daxil olub min bir gecə keçirir".

Baletdə nağılların, süjetlərin, personajların sayı nağıllarda olduğundan azdır. Onlardan yalnız ekspozisiya, başlanğıc, final və üç nağıl - "Sindbad və sehrli Ruh quşu", "Ələddin və gözəl Budur" və "Əlibaba və qırx quldur" librettoya daxil edilmişdir. Bu miniatürlərin hər biri sərbəst nağıl olmaqla bərabər bəstəkara xas böyük ustalıqla monolit bir əsər şəklində təqdim olunmuşdur. Bunun nəticəsində arasıkəsilməyən vahid dramaturji xətt yaranmışdır. Şəhrizadın söylədiyi nağıllar, onun musiqi mövzusu bu üç kiçik baleti birləşdirməyə kömək edir. Əsərdə həqiqətə, səmimiyyətə, ülvi məhəbbətə inamım itirən zalım hökmdara qarşı Şəhrizadın ağlı və nəcibliyi qarşı-qarşıya qoyulmuş xeyir və şərin mübarizəsi və xeyir qüvvələrinin qələbəsi göstərilmişdir.

Vibrafonun, arfanın, ksilofonun yüksək registrlərində birgə səslənməsindən yaranan büllur çalarlar dinləyicini Şərq nağılları aləminin möcüzəsinə qərq edir. Belə bir sehrdən sonra sopranoda əsərin əsas leytobrazlarından biri, məhəbbət mövzusunun daşıyıcısı olan vokalizin səslənməsi gözlənilməz olur. Bununla da bəstə-kar "Bayatı-Şiraz" simfonik muğamında nəzərdə tutduğu xətti davam etdirərək baletə solo səslə (soprano) xorun (soprano və altolar) səslənməsini daxil edir: gərgin səslənən xor qadın oxşamasıyla qarışır, vokaliz müqəddimədə və qəhrəmanların qarşılaşdığı ilk səhnədə səslənir (onu da qeyd etmək lazımdır ki, bəstəkar baletə daxil etdiyi vokal partiyanı SSR xalq artisti, Dövlət mükafatı laureatı Fidan Qasımova üçün yazmışdır). F. Əmirov xalq musiqisinə əsaslanaraq folklor xəzinəsindən, onun intonasiya-ritm sistemindən, janr-obraz quruluşundan özünəməxsus tərzdə böyük ustalıqla istifadə etmişdir.

Tamaşaya Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı Nazim Rzayev dirijorluq etmişdir.

Balet 1979-cu ildə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulduqdan sonra tezliklə Moskva, Leninqrad, Tbilisi, Qorki, Novosibirsk, Dnepropetrovsk və keçmiş SSRİ-nin bir çox şəhərlərinin səhnələrində göstərilmişdir.
1980-ci il noyabrın 7-də "Min bir gecə" tamaşasının müəllifləri bəstəkar Fikrət Əmirov, baletmeyster Nailə Nəzirova, dirijor Nazim Rzayev, rəssam Toğrul Nərimanbəyov və baş rolların ifaçıları SSRİ Dövlət mükafatına layiq görülmüşlər.

Kamera-Vokal yaradıcılığı
Bәstәkarın parlaq, emosional-gümrah tәrzli melodiyasının ürәyәyatımlılığı kamera-vokal lirikası sahәsindә daha dolğun meydana çıxmışdır.
Demәk olar ki, vokal lirikası F. Әmirov üçün, bir növ, yaradıcılıq laboratoriyası olmuşdur. Bu laboratoriyada onun yaradıcılığı üçün səciyyәvi olan obrazlar, mövzu, faktura tipi, harmonik dil işlәnmişdir. Tәsadufi deyil ki, bәstәkarın bir çox mahnıları ilə opera-dramatik vә instrumental yaradıcılığı arasında bilavasitә sıx oxşarlıq var.
Bәstәkar üç romans vә müxtәlif janrda iyirmi beşdәn artıq mahnı yazmışdır. Onların içәrisindә “Koreyalının andı” (sözlәri S. Rüstәmindir) qәhrәmanlıq-vәtәnpәrvәrlik mahnısını, “İki sahil” (sözlәri N. Dorizonundur) romansını, tenor vә baritonla simfonik orkestr üçun A. S. Puşkinin sözlәrinә yazılmış “Qış yolu” duetini vә Z. Cabbarzadәnin sözlәrinә bәstәlәnmiş uşaq mahnılarını göstәrmәk olar.“Gülum”, “Gülәrәm gülsәn” mahnıları; “Kor әrәbin mahnısı” yüksәk lirikanın parlaq ifadәsidir. Hәmin mahnılar әslindә iki janrın – mahnı vә romans nümunәlәrinin birlәşdirilmәsindәn ibarәtdir.

F. Әmirovun hәlә ilk romansları intonasiya-melodik materialın böyük ehtiyatı vә dürüst seçilmәsi ilә diqqәti cәlb edirdi. Buna misal olaraq M. Y. Lermontovun sözlәrinә yazılmış “Ulduz” romansını göstәrmək olar. Hәmin romans haqlı olaraq böyük şairin sözlәrinә Azәrbaycan bәstәkarlarının yazdığı әn ifadәli romanslardan biri kimi qiymәtlәndirilir. Lermontovun poeziyası F. Әmirovun yaradıcılığında fәrdi, özunәmәxsus tәrzdә tәcәssum olunaraq milli ahәnglә bәzәnmişdir.F. Әmirovun vokal miniatürlәrinin müәyyən qrupunu Vətəni tәrәnnüm edәn lirik mahnılar tәşkil edir. Tәrәnnüm “Azәrbaycan” mahnısında daha sәmimi vә dolğun ifadә edilmişdir.F. Әmirovun lirik mahnıları içәrisindә “Gülüm” qәzәlini xüsusi qeyd etmәk lazımdır. Tәmkinli vә incә lirizmlә qeyd olunan mahnının ifadәli formasındakı çox şey Nizami şerinin әsasını tәşkil edәn qәzәlin poetik forması ilә dә barlıdır.

Ü. Hacıbәyovun qәzәl ənənəlәrini davam etdirәn F. Әmirov bu janrı özünəmәxsus tәrzdә dәrk etmiş, onu öz ifadә manerası ilә daha da zәnginlәşdirmişdir. Belәliklә dә Nizaminin qәzәli F. Әmirovun vokal-qәzәlindә Ü. Hacıbәyovun qәzәllәrindәn fәrqli olaraq, beytlәrә ayrılan mahnı formasında çox tәmkinli, mülayim, təhkiyәli lirika ilә verilmişdir.

F. Әmirov Azәrbaycan xalq sәnәtinin mahir bilicilәrindәn biri idi. O, çoxlu xalq mahnısını da nota köçürmüş vә işlәmişdir. Onun yaradıcılığı Azәrbaycan musiqi sәnәtindә yeniliyi vә özünәmәxsus milli ahәngliliyi ilә seçilir. Görkәmli Ü. Hacıbәyovun ənənəlәrini ustalıqla davam etdirmiş böyük sәnәtkar F. Әmirovun әsәrlәri öz әlvanlığı, orijinallığı vә xәlqiliyi ilә Azәrbaycan musiqi xәzinәsini zәnginlәşdirmişdir.

Müəllif: Mirzəyeva Günay
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 217
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri