Azərbaycan Dahiləri: Seyid Əzim Şirvani

Şərhlər: 4
Baxılıb: 4 062
Səs ver:
(səs: 2)
Lirik və satirik Azərbaycan şerini zənginləşdirmiş, yaradıcılığı ilə Azərbaycan şerinin inkişafına təsir göstərmiş, öz dövrünün məşhur şairlərindən olan Seyid Əzim Şirvani bir çox əsərlərin müəllifidir. Onun yazdığı satirik şerlər dövrün Azərbaycan cəmiyyətinə xas olan mənfi cəhətləri qamçılayır. Onların bədii təsir qüvvəsi o dərəcədə böyük idi ki, insanlar şerləri əzbər öyrənirdilər. Klassik Azərbaycan poeziyası və XIX əsrin I yarısında ədəbi məktəb halında formalaşan tənqidi realizm ənənələrindən bəhrələnən Seyid Əzim təkcə şair kimi deyil, maarifpərvər ziyalı, yeni üsulla tədris prosesini quran, məktəbi öz hesabına açan, Azərbaycan tarixi və Azərbaycan ədəbiyyatı tarixinə aid, həmçinin milli ruhda yazılmış dərslik tərtib edən şəxsiyyət kimi xalqın yaddaşında qalmışdır.
Azərbaycan tarixinə Seyid Əzim Şirvani görkəmli şair və maarif xadimi, üsuli-cədid məktəblərindən birinin yaradıcısı, Azərbaycan ədəbiyyatı tarixində yazılmış sonuncu təzkirənin müəllifi kimi daxil olmuşdur.

1835-ci ildə Şamaxıda anadan olmuşdur. 7 yaşında ikən atası Seyid Məhəmməd vəfat etmiş və Seyid Əzim ana tərəfdən babası Molla Hüseynin yanına, Dağıstanın Yaqsay kəndinə getmişdir. Bu dövrdə Cənubi Dağıstan Azərbaycanla sıx əlaqədə olmuş, bir çox Azərbaycan ziyalıları orada fəaliyyət göstərmiş, dağıstanlı uşaqlar Azərbaycan təhsil ocaqlarında savada yiyələnmişlər. Dağıstanda yaşayan hər bir xalqın öz fərqli dili olmuşdur. Onlar bir-birləri ilə ünsiyyət vasitəsi kimi isə Azərbaycan dilindən istifadə etmişlər. Bu cəhətə Qafqazda olmuş rus şairi M.Y. Lermontov da diqqət yetirmiş və Qafqazda işlədilən Azərbaycan dilini Avropada ünsiyyət vasitəsi kimi işlədilən fransız dili ilə müqayisə etmişdir.

Seyid Əzim ilk təhsilini babasının yanında almış, Yaqsay kəndində məktəbdə oxumuşdur. O, ərəb və fars dillərini mükəmməl öyrənmiş, həmçinin Dağıstan dillərindən bir neçəsinə yiyələnmişdir.

1853-cü ildə Seyid Əzim Şamaxıya qayıtmışdır. O, təhsilini davam etdirmək məqsədi ilə 1855-ci ildə Bağdada getmişdir. Burada dini təhsil aldıqdan sonra müsəlman ölkələrinə səyahətə çıxmışdır. Seyid Əzim Dəməşq (o dövrdə Şam adlanırdı) və Qahirədə (Misir ərazisi) olmuş, bir çox alim və şairlərlə görüşmüşdür. Müsəlman ölkələrindəki vəziyyəti öz gözləri ilə görən, onların problemlərini ilk növbədə savadsızlıq və elmi-texniki geriliklə bağlayan Seyid Əzim Qərb mədəniyyətinə də kor-koranə üstünlük vermirdi. Onun fikrincə, Qərbin texniki nailiyyətləri və Şərqin (ilk növbədə islam ölkələrinin) mənəvi dəyərləri birləşdirilməli və Şərq ölkələrini tərəqqiyə aparmalıdır. Təhsili bu istiqamətdə quran məktəblər o dövrdə üsuli-cədid (yeni üsul) məktəbləri adlanırdı. Seyid Əzim 1869-cu ildə Şamaxıda öz hesabına yeni üsul məktəbi açır. Məktəbdə təhsil ən yeni, mütərəqqi üsullarla aparılırdı. Cismani cəzalar qadağan idi. Dövrün tələblərinə cavab verən elmlər öyrədilirdi. Qeyd etmək lazımdır ki, sonralar Azərbaycanın görkəmli ədibləri olmuş Mirzə Ələkbər Sabir və Sultanməcid Qənizadə bu məktəbdə təhsil almışdılar. 1877-ci ildə Seyid Əzim Şirvani Azərbaycan dilində "Uşaqların baharı" adlı dərslik tərtib edir. Dərslikdə uşaqlara vətənlərinə məhəbbət hissi aşılanır, onlara öz tarixləri və mədəni irsindən qürur duymaq, vətəninə layiqli övlad olmaq ideyaları təlqin edilirdi. Lakin kitab çar senzurasından keçmədi. Çar senzorları dərslikdə olan Azərbaycanlılarda milli qürur hissinin oyadılması ideyasını təhlükəli hesab etdilər. Nəticədə dərslik qadağan edildi, onun nəşrinə heç bir şərtlə icazə verilmədi.

Seyid Əzim məktəbini idarə edib, orada dərs deməklə yanaşı, Azərbaycanın dövri mətbuatında silsilə məqalələrlə çıxış edirdi. Bu məqalələr "Əkinçi" qəzeti, həmçinin "Ziya" və "Kəşkül" qəzetlərində çap olunurdu. Məqalələrində o, cəhalətdən qurtarmaq üçün təhsilə diqqətin yetirilməsini, savadsızlığın ləğvini tələb edir, sosial ədalətsizliyə, istər çar məmurlarının, istər də yerli ağaların haqsızlıqlarına qarşı çıxırdı.
Öz vətəninin tarixi ilə yaxından tanış olan, onu təbliğ etməyə çalışan Seyid Əzim Şirvani 1887-ci ildə "Tarixi-Şirvannamə" adlı tarixi əsərini yazır. lakin bu əsərin də çapına icazə verilmir.

Seyid Əzim Şirvani 1885-ci ildə tərtib etdiyi "Təzkirə"sində görkəmli Azərbaycan şairlərinin əsərlərini toplamışdır. O burada 270-dən çox şairin qısa tərcümeyi-halını və əsərlərindən nümunələr vermişdir. Kitabda Xaqani Şirvani, Fələki Şirvani, Zülfüqar Şirvani, Bədr Şirvani, Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və b.-nın ədəbi irsi barəsində müfəssəl məlumat vardır.

Seyid Əzim Şirvani bədii yaradıcılığa hələ 1855-ci ildən başlamış, Azərbaycan və fars dillərində şeirlər yazmışdır. Klassik Azərbaycan poeziyası və XIX əsrin I yarısında ədəbi məktəb halında formalaşan tənqidi realizm ənənələrindən bəhrələnən Seyid Əzim poeziyası ilə Azərbaycan şerini daha da zənginləşdirmişdir. Onun lirik şeirlərində (qəzəl, qəsidə, tərkibbənd, müxəmməs, müsəddəs, müstəzad, rübai, qitə) məhəbbət, həyat eşqi tərənnüm olunur. Lakin onun satirik şeirləri xalq arasında daha populyar idi.

Satirik şeirlərində Seyid Əzim həm mülkədarları, həm də çar məmurlarını ifşa etmişdir. Onun "Əkinçinin hadisəsi", "Padşah və əkinçi", "Şamaxı bəyləri", "Şirvan qazıları və divan polislərinin bəzi əhvalatı haqqında müxəmməs", "Şamaxının yeni bəyləri haqqında həcv", "Şamaxının vəziyyətindən şikayət" və s. şeirlərini əhali böyük həvəslə əzbərləyirdi. Şair bu cür şeirlərində özünəməxsus satirik dildə zəhmət adamlarının hüquqlarını müdafiə edir, hökumət idarələrində kök salmış rüşvətxorluq, özbaşınalıq və s. yaramazlıqları qamçılayırdı.

Özü ruhani olsa da, Seyid Əzim Şirvani ruhani adına xələl gətirənləri tənqid edirdi. Onun yaradıcılığında bu cür mənfur ruhaniliyin ifşası xüsusi yer tutur. "Müctəhidin təhsildən qayıtması", "Köpəyə ehsan", "Allaha rüşvət", "Yerdəkilərin göyə şikayətə getmələri" və s. şeirlərində o öz xeyrini güdən, dinin tələbələrindən xəbəri olmayan, islama zidd hərəkət edən "ruhaniləri" və onların əməllərini pisləyirdi.

Seyid Əzim Şirvani müsbət insani keyfiyyətləri təbliğ edən şeirlər də yazırdı. "Müəllimə hörmət”, "Oğluma", "Möhsünə cavab", "Fəqih ilə oğlu" şeirlərində şair tərəqqiyə düşmən olan, lakin bununla belə, özlərini "ziyalı" adlandıranlara, mövhumat və cəhalətə gülürdü. Seyid Əzim "Həsən bəy Məlikov Zərdabiyə", "Əkinçi" qəzetinə yardım üçün", "Ziya" qəzetinə" və s. şeirlərində maarif və mədəniyyəti təbliğ edir, əsl ziyalıların vətənə necə böyük xeyir verdiyini vurğulayırdı.

Seyid Əzim Şirvaninin ictimai-əxlaqi görüşlərini əks etdirən mənzum hekayə və öyüdləri, nağıl və təmsilləri də dövrümüzə qədər gəlib çatmışdır. "Böyük loğmanın hadisəsi", "Oğru və fəqir", "Ulağını itirmiş bir kişi", "Dilənçi tacir", "Zahidin nağılı", "Xoruz və çaqqal", "Qaz və durna", "Aslan və qarışqa", "Dəvə və balası", "Aslan və iki öküz" və s. əsərlərində müəllif dostluq, mərdlik, nəzakət, təvazökarlığı təbliğ edir, tənbəllik, tüfeylilik, avaraçılıq və s. naqis sifətləri pisləyir.

Seyid Əzim Şirvani Füzulidən sonra Azərbaycan poeziyasında qəzəl janrının on böyük yaradıcılarından biridir.
Yaradıcılığı Azərbaycan şerinin inkişafına güclü təsir göstərmiş Seyid Əzim Şirvani 1888-ci ildə Şamaxıda vəfat etmiş və doğma şəhərinin yaxınlığındakı qəbiristanlıqda dəfn olunmuşdur.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 062
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri