Azərbaycan Dahiləri: Hüseyn xan Naxçıvanski

Şərhlər: 2
Baxılıb: 2 491
Səs ver:
(səs: 0)
Azərbaycanlı sərkərdələr arasında Hüseyn xan Naxçıvanski xüsusi yer tutur. Tam süvari general rütbəsinə layiq görülmüş yeganə azərbaycanlı zabit Hüseyn xan Naxçıvanskinin adı çox sürətli süvari reydləri ilə məşhurlaşmışdır. İmperiyanın hərbi orden və medallarına, o cümlədən ən yüksək “Müqəddəs Georgi” ordeninin 4-cü və 3-cü dərəcələrinə, dövlət təltif nişanları sırasında ən yüksək ordenlərdən “Aleksandr Nevski” ordeninə layiq görülən, imperator ailəsi ilə qohum olan Hüseyn xan rus- yapon və I Dünya müharibələrinin qəhrəmanıdır. Onun tabeliyi altında gələcəkdə məşhur fin marşalı Karl Qustov Monnerheym, məşhur Polşa sərkərdəsi general Anders vuruşmuş, Qafqaz müsəlmanlarından təşkil edilən və “Vəhşi diviziya” adı ilə tanınan süvari hissə fəaliyyət göstərmişdir. Şöhrəti bütün Rusiyanı dolaşan A.Brusilov, Y.Barsukov, M.Draqomirov, Y.Alekseyev kimi generallar onun ordu heyətindəki, müharibədəki döyüş xidmətlərini yüksək qiymətləndirmişlər.

Azərbaycan tarixinə Hüseyn xan Naxçıvanski görkəmli hərbi xadim kimi daxil olmuşdur.

Hüseyn xan Naxçıvanski 1863-cü il iyunun 28-də zadəgan ailəsində anadan olub. Atası Kəlbalı xan oğlunu hərbçi görmək istədiyindən Hüseyn xanı 1876-cı ildə imperatorun himayəsində olan və Rusiyanın ən mötəbər zadəgan nəsillərinin oğullarının təhsil aldığı Peterburqdakı Paj korpusuna oxumağa göndərir. İmperator II Aleksandr Hüseynin atasının rus ordusunun generalı, "Müqəddəs Georgi" ordeninin kavaleri olmasını nəzərə alaraq oğlanın bu məktəbdə oxumağına etiraz etmir.

Hüseyn xan Paj korpusunu 1883-cü ildə əla qiymətlərlə bitirir və Peterburqda yerləşən 1-ci qvardiya süvari diviziyasının leyb-qvardiya süvari alayına təyinat alır. 1898-ci ilə qədər alayda xidmət edən rotmistr Hüseyn xan eskadron komandiri vəzifəsində Qafqaz hərbi dairəsinə göndərilir. Şimali Qafqazda süvari hissələrdə xidmətdə olan Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi verilir.

1904-cü ildə rus - yapon müharibəsinə Naxçıvanski 2-ci Dağıstan süvari alayının komandiri vəzifəsində yollanmışdı. Alayda bir çox azərbaycanlı xidmət edirdi: podyasavul şahzadə Feyzulla Mirzə Qacar, ştabs-kapitan Gəray bəy Vəkilov, xorunji Əbdürrəhman Qurbanov, xorunji Cəmaləddin Musayev və b. çox keçmir ki, alayın sürətli süvari reydləri haqqında bütün cəbhələrdə danışmağa başlayırlar, Hüseyn xan isə bacarıqlı süvari komandiri kimi tanınır. Landun-Qou döyüşü onu daha da məşhurlaşdırır. Həmin döyüş səhnəsi rəssam V.Mazurovskinin rəsmində öz əksini tapmışdır (hazırda Moskvadakı Rusiya Dövlət Müzeyində saxlanılır).

Rusiya ordusunda Hüseyn xan daha çox "Xan Naxıçevanski" kimi tanınmışdır. Rus-yapon müharibəsi qurtardıqdan sonra polkovnik Hüseyn xan leyb-qvardiya süvari hissələrinə təyinat alır, 1906-cı ilin əvvəlində isə Tiflisdə yerləşən 17-ci Nijeqorod draqun alayının komandiri təyin olunur. İmperator öz oğlunu da bu alayın döyüşçüsü sıralarına göndərmişdi. Alayın döyüş hazırlığının yüksək səviyyədə olmasına görə Hüseyn xana fligel-adyutant vəzifəsi verilir. Bu vəzifə imperatorun şəxsi yavərlərinə verilirdi. Daha sonra fligel-adyutant polkovnik Hüseyn xan Naxçıvanski leyb-qvardiya süvari alayının komandiri təyin edilir.

1907-ci ildə Hüseyn xanın rütbəsi artırılır: o, general-mayor olur. I Dünya müharibəsi ərəfəsində Hüseyn xan 2-ci süvari diviziyasının komandiri təyin edilmiş, ona general-leytenant rütbəsi verilmişdi.

Müharibə başlananda o, üç qvardiya süvari diviziyadan ibarət süvari birləşmənin komandanı təyin olunur. Qafqaz müsəlmanlarından təşkil edilmiş və "Vəhşi diviziya" kimi tanınan diviziya və polyaklardan təşkil olunmuş süvari diviziya da ona tabe edilir. Hüseyn xanın rəhbərliyi altında alay komandiri Karl Qustav Mannerheym (gələcəkdə məşhur fin marşalı), polyak diviziyasının komandiri Anders (gələcəkdə məşhur Polşa sərkərdəsi) və başqaları vuruşurdu. O, 1914-cü ilin avqustunda Şərqi Prussiyaya yürüşdə iştirak etmişdir. Məşhur Qumbinen döyüşləri, Kraupişken şəhərinin ətrafında gedən döyüşlərdə, Samsonov və Rennekampfın korpuslarının mühasirədən çıxarılmasında Hüseyn xanın süvarilərinin çox böyük rolu olmuşdur. Şöhrəti bütün Rusiyanı dolaşan A.Brusilov, Y.Barsukov, M.Draqomirov, Y.Alekseyev kimi generallar onun müharibədəki döyüş xidmətlərini yüksək qiymətləndirmişlər.

Hüseyn xan Naxçıvanskini müasirləri sərt, nüfuzlu bir general kimi təsvir edirlər. K.Adaridi yazırdı: "Xan Naxçıvanskinin ali hərbi təhsili olmasa da, rəhbərliyin əmrlərini həmişə dəqiqliklə yerinə yetirən igid şəxsiyyət olmuşdur. Bilavasitə özünə tabe olan diviziya komandirlərinə sərbəstlik verdiyinə görə həmin komandirlər öz hərbi hissələri üçün yaxşı döyüş şəraiti yaradırdılar. Onun tabeliyində olan ən yaxşı döyüşkən qvardiya alayları özlərinə xüsusi qayğı və münasibət tələb etdiklərindən general Xan Naxçıvanskiyə bu qvardiyalara komandanlıq etmək o qədər də asan deyildi. General Xan Naxçıvanski qabiliyyəi hesabına şəxsi mənafe güdmədən süvari birləşmələrinə məharətlə komandanlıq edirdi". Hüseyn xanın sərkərdəlik qabiliyyətini Karl Mannerheym "Memuarlarım" kitabında əks etdirmişdir.

I Dünya müharibəsi cəbhələrində göstərdiyi sərkərdəlik məharətinə görə Hüseyn xan Naxçıvanskiyə 1916-cı ildə tam süvari qoşun generalı rütbəsi və general-adyutant adı verilir. "Kaspi" qəzeti o zaman iftixarla yazırdı: "Qafqaz Ordusunun Baş Komandanının sərəncamında olan qvardiya süvarisi general- adyutant, general-leytenant həmyerlimiz Hüseyn xan Naxçıvanskiyə tam süvari generalı rütbəsi verilib".

Hüseyn xan Rusiyanın ən yüksək orden və medalları ilə təltif edilib: "Müqəddəs Aleksandr", "Müqəddəs Georgi" ordeninin 3-cü və 4-cü dərəcələri, "Ağ qartal", "Müqəddəs Vladimir", "Müqəddəs Anna", "Müqəddəs Stanislav" ordenlərinin bütün dərəcələri, üzərində "İgidliyə görə" yazılmış qızıl silah, Bolqarıstanın "Döyüş xidmətlərinə görə", zabitlərə məxsus "Rumın Ulduzu" ilə, İranın "Şire-Xurşid" ordeninin 2-ci və 4-cü dərəcələri ilə.

Dövrün şahidləri yazırlar ki, inqilab baş verəndə sədaqət andına sadiq qalan generalımız son günlərədək çar ailəsi ilə olmuşdur. Müasir rus tədqiqatçısı F.Nesterov "İllərin əlaqəsi" (1984) tarixi-publisistik əsərində əlahəzrətin sadiq generalları sırasında artilleriya generalı N.İ.İvanovun, general qraf Kellerin və general Xan Naxçıvanskinin adlarını fəxrlə çəkir. O yazır ki, "çar hakimiyyətdən imtina edəndə belə, bu əsilzadə generallar əlahəzrətə teleqramla müraciət edərək bildirdilər ki, biz andımıza sadiq qalacağıq. İmperator uzun illər boyu bu əsilzadə generallara inanmaqda zərrəcə səhv etməmişdi".

Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanski 1919-cu ildə Petroqradda bolşeviklər tərəfindən güllələnib və Aleksandr Nevski monastırının qəbiristanlığında dəfn olunub. Hüseyn xanın həyat yoldaşı knyaginya Sofiya Nikolayevna Taube Danimarka kralı və eyni zamanda III Aleksandrın arvadının qohumu idi. Atalarının ölümündən sonra iki oğlu Avropaya mühacirətə getmişdir. Nəvəsi Corc Naxçıvanski ABŞ-da, digər nəvəsi Mariya Naxçıvanskaya Misirdə yaşayır.

Tədqiqatçı Ş.Nəzirlinin qənaətinə görə, ümumiyyətlə, Kəngərli nəslindən olan Naxçıvanskilər ailəsi Azərbaycana beş general vermişlər: general-mayor Ehsan xan, general-mayor Kəlbalı xan, tam süvari generalı İsmayıl xan, tam süvari generalı Hüseyn xan, general-mayor Cəmşid xan Naxçıvanskilər. Bu nəsildən olan yüzlərcə zabit çar Rusiyası ordusunda xidmət etmişdir, onlardan bir çoxu Azərbaycan Milli Ordusunun formalaşmasında yaxından iştirak etmişdilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri