Azərbaycan Dahiləri - Səfiəddin Urməvi

Şərhlər: 1
Baxılıb: 2105
Səs ver:
(səs: 1)
Səfiəddin Urməvi
(1216-1294)
Orta əsr Şərqində ən böyük musiqiçi və musiqişünasın kim olması barədə sual ortaya çıxanda, şübhəsiz, Səfiəddin Urməvinin adı çəkilir. Onun ud çalmaq məharəti haqqında müsəlman Şərqində rəvayətlər danışılırdı. Musiqi nəzəriyyəsini öyrəndikdən sonra Şərq musiqi yazılış sistemini yaradan Səfiəddin onu özünün “Kitan-əl Ədvar” əsərində təsvir etmişdir. XIII əsrdə Qütbəddin Şirazi, XIV əsrdə Əbdülqadir Marağayi və Məhəmməd əl-Curcani, XV əsrdə Əbdürrəhman Cami onun yaratdığı sistemi açan əsərlər yaratmışdır. Urməvinin əsərini türk dilində XV əsrdə Şükrullah Əhmədoğlu tərcümə etmişdir. Sonralar o, fransız dilində tərcümə olunmuşdur. Azərbaycan tarixinə Səfiəddin Urməvi Şərq musiqi sistemini yaratmış musiqişünas, musiqi nəzəriyyəsinin bilicisi, bəstəkar, mahir ifaçı və pedoqoq kimi daxil olmuşdur.

Səfiəddin Əbdülmömin ibn Yusif Urməvi 1216-cı ildə Azərbaycanın qədim mədəniyyət mərkəzi Urmiya şəhərində anadan olmuşdur. O dövrdə bu şəhər Azərbaycan Atabəyləri dövlətinin tərkibində idi. Elm və mədəniyyətin inkişafına daim diqqət yetirən dövlət başçılarının səyləri nəticəsində şəhərdə çoxlu məktəb və mədrəsə fəaliyyət göstərirdi.

İlkin təhsilini Urmiyada alan Səfiəddin burada da mədrəsəyə gedir və mədrəsədə oxuduğu dövrdə musiqinin əsasları ilə tanış olur. Burada o, bir neçə musiqi alətində çalmağı öyrənir. Lakin onun ən çox sevdiyi alət ud idi. Urmiyada mədrəsədə təhsilini bitirdikdən sonra Urməvi Bağdada köçərək bu şəhərdə təhsilini davam etdirmək qərarına gəlir. O dövrdə bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi sayılan Bağdad şəhərində müsəlman dünyasının ən görkəmli şəxsiyyətləri fəaliyyət göstərir və buranın mədrəsələri ən yüksəksəviyyəli mədrəsə- universitet hesab olunurdu.

Bağdada gələn Səfiəddin dövrün ən məşhur universiteti sayılan Müstənsəriyyə universitetində təhsilini davam etdirir. Burada oxumaqla bərabər, o, xəttatlıqla da məşğul olur. Qısa müddət ərzində mahir xəttat kimi tanınan Səfiəddin müsəlman dünyasının mənəvi lideri, Bağdad xilafətinin dövlət başçısı xəlifə əl- Müstəsimin saray katibliyinə dəvət alır və burada çalışmağa başlayır. Əmək

fəaliyyətinə katib kimi başlayan Səfiəddin özünü təkcə mahir xəttat kimi deyil, həm də olduqca təmiz və ürəyiaçıq insan kimi göstərir. Katiblikdə pillə-pillə yüksələn Səfiəddin əvvəlcə dövlətin baş xəttatı, sonra isə saray kitabxanasının rəisi vəzifəsinə təyin edilir. Bu, olduqca məsuliyyətli bir vəzifə idi, çünki kitabxana rəisi katiblərin, xəttatların fəaliyyətinə nəzarət etməli, üstəlik, aydınlıq tələb edilən məsələlərə dair dövlət rəhbərinə qısa və eyni zamanda ətraflı rəy vermək üçün kifayət qədər bilikli olmalı idi. Saray işləri ilə bərabər, o, musiqi ilə məşğuliyyətini davam etdirirdi. İmkan düşdükcə udda məşq edən Səfiəddin təkcə yaxın dostlarına sirrini açmışdı. Dostlarından biri, Bağdadın məşhur xanəndəsi Lizax xan məşqlər zamanı öz mahnılarını Səfiəddin Urməvinin müşayiəti ilə oxuyurdu. Onun sarayda çıxış etmək təklifini Səfiəddin qəbul etmir və özünün peşəkar musiqiçi olmadığını bildirirdi. Bununla bərabər, Səfiəddin bir neçə məşhur şeirə mahnı bəstələmişdi ki, onları da Lizax xan məmnuniyyətlə ifa edirdi. Xəlifə qarşısında çıxışlarının birində o, gözlənilmədən Səfiəddinin mahnılarından birini oxuyur. Xəlifə təəccüblə bu gözəl musiqini heç vaxt eşitmədiyini bildirir və onun müəllifi ilə maraqlandıqda xanəndə Səfiəddini göstərir. Bundan sonra xəlifə Səfiəddinin daim saray konsertlərində çıxış etməsini xahiş edir.

Əksər tədbirlərdə ud ifaçısı kimi çıxış edən Səfiəddin Urməvinin ud çalmaq qabiliyyətindən Bağdadda rəvayətlər danışılırdı. Rəvayətlərin birinə görə, 40 gün susuz qalmış dəvə su hovuzundan su içməyə başlayanda Səfiəddinin ud çaldığını eşitmiş və su içməyini dayandırmışdır. Hər dəfə musiqi dayananda dəvə su içir, musiqi səslənəndə isə diqqətlə qulaq asırdı. Musiqi bitəndən sonra dəvənin gözləri yaşarmışdır. Digər bir rəvayətə görə, bir dəfə bağda Səfiəddin şagirdlərinə ud çalmağı öyrədəndə budaqların birinə bülbül qonur və başlayır ud ifasına qulaq asmağa. İfa o dərəcədə onun xoşuna gəlir ki, bülbül qonur Səfiəddinin yanına və onun müşayiəti ilə öz quş dilində mahnısını ifa edir.

Çoxsaylı tələbələri olan Səfiəddin qısa müddət ərzində kamil müəllim kimi məşhurlaşır. Dövrün bir çox musiqişünasları onun tələbələri olmuşlar. XIII əsrin sonu - XIV əsrin əvvəllərində fəaliyyət göstərmiş görkəmli Azərbaycan musiqişünası Əbdulqədir Marağayi özünün "Maqasidul-Alxan" əsərində yazırdı ki, ondan başqa Səfiəddin Urməvinin tələbələri arasında məşhur musiqiçilər Şəmsəddin Suxravərdi, Əli Sitan, Həsən Zəfər, Xisaməddin Qutluq Buğa və başqaları vardır.

Səfiəddin Urməvi iki yeni musiqi aləti icad etmişdi ki, onlar da udun təkmilləşdirilmiş variantları idi. "Muzxa" musiqi aləti tetraqonal formada söyüd ağacından düzəldilmiş gövdə və üzərinə taxılmış 81 simdən ibarət idi. Sırf muğam ifaları üçün nəzərdə tutulmuş "Muğani" musiqi aləti müasir rübaba bənzəyirdi, lakin onun gövdəsi böyük idi, özü də şaftalı ağacından düzəldilməli idi. Alətin 33 simi var idi.

Səfiəddin Urməvinin ən böyük elmi işi 1252-ci ildə tamamladığı "Kitab əl-ədvar" adlanan musiqi traktatıdır. Ərəb dilində yazılmış kitab 15 fəsildən ibarətdir. Musiqi nəzəriyyəsi problemlərinin işıqlandırılmasına həsr olunmuş əsər Şərqdə musiqi aləmində əsl inqilaba səbəb oldu. Tədqiqatçı alim Henri Corc Farmerin fikrincə, Şərq musiqisinin sistemini məhz Səfiəddin Urməvi və məhz bu əsərində yaradıb. XIX əsrin ortalarınadək bütün ərəb, fars, türk dünyasının musiqişünas müəllifləri onun davamçıları olaraq Urməvinin yaratdığı sistemi tətbiq edirdilər. Kitab dəfələrlə köçürüldüyündən onun nüsxələrinə dünyanın bütün yerlərində rast gəlmək olar. Ən zəngin tərtib edilmiş əlyazmaları London, İstanbul, Sankt-Peterburq və Nyu-Yorkun muzey və kitabxanalarında saxlanılır.

Kitabın birinci fəsillərində müəllif Şərq musiqisinin qanunlarından xəbər verir, qısa tarixçəsini açıqlayır. Kitabın 9-cu fəslində Səfiəddin Urməvi muğamlar barəsində müfəssəl məlumat verir. O, 12 muğamın adını çəkir və onları təsvir edir. Bunların sırasında "Üşşaq", "Nəva", "Əbu Saliq" (Busaliq), "Rast", "İraqi", "İsfahani", "Zirefkənd", "Bozorg", "Zəngulə", "Rəhvi", "Hüseyni", "Hicaz" muğamları xüsusi qeyd olunur. Əsərin 11 və 12-ci fəsilləri uda həsr olunub.

Əsərin 15-ci fəsli musiqinin notlar vasitəsilə yazılmasına həsr olunub və kitabın ən vacib və orijinal fəslidir. Səfiəddin Urməvi Şərq musiqisinin, ilk növbədə muğamların xüsusiyyətlərini nəzərə alaraq hərf-rəqəm notlar sistemini təklif etmişdir. Əbcəd ərəb hərfləri sisteminin tətbiq edilməsi musiqinin səsinin yüksəkliyini və uzunluğunu göstərir. Bu məqsədlə həmçinin müəyyən işarələrdən də istifadə edilir.

Müasir Qərb musiqi yazılış sistemi 1,5 tondan aşağı olan səsləri yazmağa imkan vermir və muğamın açıq duyulmayan, "gizli" səslərini ifa etməyə imkan vermir. Urməvinin sistemi isə buna imkan verirdi və məhz buna görə XIX əsrin sonunadək tətbiq edilirdi. Sonralar Şərq musiqişünaslarının Qərb üslublu musiqi məktəblərində təhsil alması Urməvinin sisteminin unudulmasına gətirib çıxardı. Tədqiqatçıların fikrincə, Qərb not sistemi ilə yazılmış muğam Urməvinin sistemi ilə yazılmış muğamdan ayrı cür səslənir. 1258-ci ildə monqol sərkərdəsi Hülakü xanın türk-monqol ordusu Bağdadı ağır döyüşdən sonra tutur, əsir düşən xəlifə və onun ailə üzvləri edam olunur. Şəhər məhəllə-məhəllə talan edilir. Səfiəddin Urməvinin yaşadığı məhəllə monqol qoşunları tərəfindən mühasirəyə alınanda o, məhəllənin ağsaqqalı kimi monqol dəstəsinin qarşısına çıxır, onların dəstə başçısını evinə dəvət edərək sadə əhalinin günahsız olduğunu sübut etməyə çalışır. Monqol dəstə başçısı müvafiq əmr aldığından dəstəsini çəkə bilməyəcəyini bildirir və Səfiəddin Urməvini saraya aparır. Hülakü xana məsələni danışan musiqişünas məhəllənin əhalisinin qırğından qurtarmasına nail olur. Xana onun mahir musiqişünas olması barədə məlumat verirlər və Urməvi yenidən saraya aparılaraq

Hülakü xan üçün udda çalır. Ziya adlı xanəndəni müşayiət edir. Musiqişünas Hülakünün sarayına qəbul edilir.

Hülakü xanın vəziri, məşhur tarixçi Əlaəddin Cuveyninin qardaşı Şəmsəddin Cuveyni Səfiəddin Urməviyə himayədarlıq etmişdir. Musiqişünas Şəmsəddinin iki oğluna musiqi təhsili vermişdir. Hər iki şagirdi məşhur musiqişünas olmuşdur: böyük qardaş Şərəfəddinin "Risalitsa Şərəfi" musiqi nəzəriyyəsi əsəri sonralar bütün Şərqdə yayılmışdır.

Lakin Cüveynilər Bağdadı tərk edəndə himayəsiz qalan musiqişünas fəzilət içində yaşayır və 1294-cü ildə borclular üçün həbsxanaya atılaraq orada vəfat edir
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2105
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri