Oqtay Sadıqzadə | Ruhu rənglər dünyasında yaşayan rəssam

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 005
Səs ver:
(səs: 0)
Rəssamlıq sənətini seçən insanlar adətən özləri də qəribə xarakterli olurlar. Rənglər kimi onların da təbiəti müxtəlif çalarlıdır. Bu insanlar zəngin daxili aləmə, həssas qəlbə və bir də sərt xarakterə malik olurlar. Hər dəfə rənglərin çoxçalarlı dünyasına səyahət edəndə orada özlərini tapır, hisslərinə, duyğularına hakim kəsilən rənglərdən möcüzələr yaradırlar. Bu, sadəcə, ilahi bir vergidir. Elə Xalq rəssamı Oqtay Sadıqzadə də təbiətən rəssam doğulmuşdu, yaşadığı aləmin gözəlliyini, xalqın qüdrətli sənətkarlarının portretlərini rənglərin dili ilə canlandırmaq onun sənət dünyasında özünəməxsus yer tutur.
Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri — yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib.Oqtay Sadıqzadə
1946-cı ildə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə oranı qrafika ixtisası üzrə bitirib.
Təhsilini başa vurduqdan sonra Bakıda «Azərnəşr” nəşriyyatında bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Onore de Balzakın, Viktor Hüqonun, İvan Turgenevin, Maksim Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və digər söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb.
Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutub.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Milli Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev-muzeylərinin tərtibatında rəssamın əsərlərinə xüsusi yer verilib. Rəssamın Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət rəsmlər qalereyası milli mədəniyyətimizə dərin hörmət aşılamaqla yanaşı, nadir kolorit bütövlüyü və səlisliyi ilə səciyyələnib.
Onun obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən „Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları” tablosu və „Hüseyn Cavidin aləmi” triptixi məhz bu qəbildəndir.
Oqtay Sadıqzadənin 2000-ci ildə işlədiyi akademik Zərifə xanım Əliyevanın portretində kompozisiya və kolorit son dərəcə bütöv və yığcamdır. Həmsöhbətinə diqqətlə baxan, təbii və sərbəst vəziyyətdə durmuş bu qadının ağlının gücü, sifətindən nur yağan, səmimiyyətlə gülümsəyən parlaq baxışlı zərif siması bunu deməyə əsas verir ki, bu portret Oqtay Sadıqzadənin yaradıcılığında ən canlı əsərlərdən biridir.

O.Sadıqzadə H.Cavidin ev muzeyi üçün işə mürəkkəb, həm də ciddi hisslərlə başlamışdı. Bir tərəfdən bu mövzu onu cəlb edirdi, digər tərəfdən yarım əsr davam edən, çətinliklə unudulan köhnə yaranın közünü təzədən qopartmaq — atası, anası, qardaşı, H.Cavid və 1937-ci il repressiyaya məruz qalmış atasının digər dostlarının dərdini yada salmaq çox ağır idi. Ancaq ailənin keçmiş dostu, H.Cavidin qızı Turan xanımın xahişi və oğulluq borcu üstün gəldi və o işə başladı. Milli təhlükəsizlik Nazirliyində arxiv işləri ilə, 1937-ci ildə NKVD-də çəkilmiş fotoşəkillərlə tanış oldu. H.Cavidin, arvadı Müşkinaz xanımın portretləri, “1937-ci il repressiyasının qurbanları» adlı tablo, həmçinin «Hüseyn Cavidin aləmi» triptixi yaradıldı. Bu əsərlər hazırda dahi dramaturqun ev muzeyinin girişini bəzəyir.
Rəssam bu triptixə, əsərlərinə dərindən bələd olduğu və qiymətləndirdiyi Hüseyn Cavidə, onun yaradıcılığının yüksək romantizminə və simvolik mənasına məhəbbətini ifadə edən ruh yüksəkliyi ilə yanaşmış, necə deyərlər, bu böyük işə canını qoymuşdur.
Təxminən həmin vaxtlarda O.Sadıqzadə «Nizami Gəncəvi və dünya mədəniyyəti» adlı monumental silsilə əsərləri üçün material toplamağa başlayır. Bu əsərləri Nizami adına Ədəbiyyat Muzeyi mərkəzi salonunun əsas divarında asılacaq ekspozisiya üçün sifariş vermişdi. Divarın böyük sahəsi rəssamın öz mülahizəsinə görə doldurulmalı idi. Oqtay Sadıqzadə xeyli fikirləşəndən sonra beş böyük tablo işləmək qərarına gəlir. Ortada böyük (235x130), onun sağ və sol tərəflərində hərəsində nisbətən kiçik (220x100) iki tablo. Rəssam böyük hazırlıq işləri görür, Nizaminin dövrü, o dövrün memarlığı, incəsənəti, geyimləri barədə çoxlu material toplayırdı. Bu monumental əsərlərdə Antik və İntibah dövrlərindən başlamış XX əsrə qədərki dahi filosofların, musiqiçilərin, şairlərin, rəssamların 43 fiquru Nizamini əhatə edir. Nizaminin, onun çoxsaylı azərbaycanlı, şərqli, avropalı xələflərinin və sələflərinin gözəl obrazlarında humanizm ideyalarının varisliyi, bütün bəşəri mədəniyyətinin bir — birinə bağlı olan vəhdətliyi, həmçinin Nizaminin əsərlərinin dahiliyi və ölməzliyi, bu əsərlərin Şərqin və Qərbin qabaqcıl mütəfəkkirlərinə böyük təsiri və onun keçmişin nailiyyətlərinə hörmətlə yanaşması verilmişdir. Bu çox mürəkkəb və məsuliyyətli işə Oqtay Sadıqzadə 6 ildən çox vaxt sərf etdi və nəhayət, 1999-cu ildə əsərlərin təqdimatı oldu.
Ekspozisiyanın mərkəzindəki iri tablo silsilənin adını daşıyır: «Nizami Gəncəvi və dünya mədəniyyəti». Onun yanındakılar «Antik filosoflar», «Nizaminin sələfləri», «Nizaminin xələfləri» və «Nizami və Avropa mədəniyyəti» adlanır.
Antik və orta əsrlər dövründəki Azərbaycan miniatur məktəbinin yüksək ideallarına sədaqətlə yanaşan Oqtay Sadıqzadə ideyaca dərin humanistik əsərlərin canlı obrazlarında bəşəriyyətin dünyanın gözəlliyi və harmonikliyi barədə çoxdankı arzusunu təcəssüm etdirmək istəyirdi.
«Nizami Gəncəvi və dünya mədəniyyəti» silsiləsi Oqtay Sadıqzadə yaradıcılığının ən yüksək nailiyyətlərindən biridir. Bunu humanizmə, gözəlliyə, ümumbəşəri mədəniyyətə himn adlandırmaq olar.
Oqtay Sadıqzadənin Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, fəxri fərmanlar və mükafatlarla təltif edilmişdir. O, 1977-ci ildə Azərbaycan "Əməkdar incəsənət xadimi" fəxri adına, 1992-ci ildə Azərbaycan «Xalq rəssamı» adına layiq görülmüşdür. 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən Oqtay Sadıqzadəyə müstəqil Azərbaycanın "Şöhrət" ordeni verilmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli təsviri sənətə verdiyi misilsiz töhfələrə görə Oqtay Sadıqzadəni "Şərəf" ordeni ilə təltif etmişdir.

2000-ci ildə Oqtay Sadıqzadə Azərbaycan Rəssamlıq Akademiyasında müəllimlik fəaliyyətinə başlamışdır.
2011-ci ildə Milli İncəsənət Muzeyində sənətkarın 90 illik yubileyi ilə əlaqədar təşkil olunan sərgi akademik sənət sevənlər üçün, sözün əsl mənasında, bir hədiyyə olmuşdur. Bu sərgi rəssamın yaradıcılığının panoramasını,onun həm rəngkarlıq, həm də qrafika sahəsində maraq və nailliyyətlərinin çox əlamətdar bir tamlığını nümayiş etdirmişdir. Sərgidə müxtəlif muzey və fondlardan toplanmış 45 əsər sərgilənmişdir. Rəssamın etirafına görə bu sərginin açılışı günü onun həyatında ən həyəcanlı, xoşbəxt günlərdən biri olmuş, sənətkar üçün yeni yaradıcılıq axtarışlarına xidmət edən qüvvətli amilə çevrilmişdir. Bu da çox sevindirici bir haldır, çünki insan nəsə yaradırsa, demək o hələ də cavandır və incəsənətin ali məqsədi olan gözəlliyə xidmət etməkdədir.
Bu il mayın 27-də Prezident İlham Əliyev tərəfindən Oqtay Sadıqzadəyə Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respubkikasının Dövlət mükafatı təqdim edilmişdir. Böyük sənətkarı bu ali mükafat münasibətilə ürəkdən təbrik edirik.
Sənətkarın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində nümayiş etdirilib, Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.
Azərbaycanda müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Oqtay Sadıqzadənin böyük xidmətləri var. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə o, özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr edib.
Oqtay Sadıqzadənin yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssamın müstəqil respublikamızın ali mükafatları olan "Şərəf” və "Şöhrət” ordenləri ilə təltif edilməsi onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın parlaq ifadəsidir. O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.
Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də Bakı şəhərində vəfat edib.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 005
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri