Van Qoq-Kədər əbədi olaraq davam edəcək

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 023
Səs ver:
(səs: 0)
Van Qoq əsərlərinin gözəlliyi, emosionallığı və parlaq rənglərilə məşhur post-impressionist (fəlsəfi incəsənət yönümlü) rəssamdır. O, həyatı boyu psixi xəstəliklərlə, yoxsulluqla mübarizə aparmış və sağlığında tanınmamışdı.
Bəs sağ ikən qədir-qiyməti bilinməyən Van Qoqu anidən məşhurlaşdıran nə oldu?
Bir rəssam kimi Van Qoqun tanınmasında təkcə tablolarının yox, həyatında baş verən hadisələrin, xüsusilə də, 1888-ci ildə yaşadıqlarının böyük rolu olub.
1888-ci ilin dekabr ayında Vinsent həyatını qəhvə içib çörək yeməklə keçirirdi və özünü çox xəstə hiss edirdi. Tezliklə səhhəti ilə yanaşı, psixoloji sağlamlığı da sıradan çıxmağa başlayır (onsuz da çox yaxşı vəziyyətdə deyildi). Bu ərəfələrdə onun turpentin və rəsm boyalarını yediyi deyilir.

Van Qoqun məşhur qulağı ilə bağlı versiyalar
Qardaşının maddi çətinlik çəkdiyini bilən Teo, Pol Qoqenə pul göndərir və Vinsentə göz-qulaq olmasını xahiş edir (həmin vaxt Teo artıq evli idi deyə özü qardaşına tez-tez baş çəkə bilmirdi). Dekabr ayında Qoqen Vinsentin yanına gedir. Bir gecə Pol çölə çıxır, Vinsent də onu təqib edir. Qoqen ona tərəf çevriləndə Vinsentin əlində ülgüc görür. Bir neçə saat sonra Van fahişəxanaya, Raşel adlı həyat qadının yanına yollanır. Qanlı əllərilə qulağını Raşelə uzadır və ona “bunu ehtiyatla saxla” deyir. Bu hadisədən sonra o, çoxlu qan itirdiyi və ağrıdan qıc olduğu üçün xəstəxanaya yatırılır. Bu versiyaya görə, guya, Van Qoqun qulağını sevdiyi qadına – Raşelə sevgisini sübut etmək üçün kəsdiyi ehtimal olunur.
İkinci versiyaya görə, hadisə Fransanın Arl şəhərində 1888-ci il, dekabrın 23-də – bir bazar gecəsində baş verib. Öz portretini çəkmək üçün güzgünün qarşısında əyləşən rəssam üz cizgilərini kağıza köçürəndə sağ qulağının baş və üz simmetriyasını pozduğunu görüb və belə bir dəhşətli üsula əl atıb: həmin qulağı dibindən kəsib.
Həyatı boyu ruhi, psixoloji problemlərlə mübarizə aparan biri üçün bu, o qədər də qeyri-adi hərəkət deyildi. Psixoloqlar da yaradıcı insanlarda belə halların mümkünlüyünü təsdiqləyirlər. Onların fikrincə, yaradıcılıq prosesi zamanı hədsiz özünəqapanma sonda belə aqressiv hərəkətlərə gətirib çıxarır.
Van Qoqun qulağını onunla bir evdə yaşayan yaxın dostu, digər məşhur fransız rəssamı, post-impressionist Pol Qoqenlə bir münaqişə vaxtı itirdiyi versiyası da mövcuddur. Hamburq Universitetinin əməkdaşları Hans Kaufman və Rita Vildeqansın araşdırmalara görə, rəssamın qulağını özü yox, elə Pol Qoqen kəsib. Səbəb isə hər iki rəssamın Raşel adlı eyni qadını sevməsi olub.
Bir digər versiyada isə dahi rəssamın qardaşına çox düşkün olduğu və məhz, qardaşını evlənməkdən vaz keçirmək məqsədi ilə qulağının yalnız sırğalıq hissəsini kəsdiyi söylənilir.
Lakin araşdırmaçılar onun ruhi xəstəliyini nəzərə alaraq, daha çox ikinci versiyanın üzərində dayanırlar. Rəssamin ömrünün son illərində ruhi xəstəlikdən əziyyət çəkdiyini nəzərə alsaq, bu versiyanın həqiqiliyinə şübhə qalmır.

Qulağın necə kəsilməsilə bağlı versiyalara nəzər saldıq, bəs görəsən, Vinsent qulağını tam kəsib, yoxsa kiçik bir hissəsini?
Qulağı kəsildikdən 2 həftə sonra
Dostu Pol Qoqenin və qardaşı Teonun həyat yoldaşı Jonun polislərə verdiyi məlumatda Van Qoqun qulağının yalnız bir hissəsinin kəsildiyi deyilirdi. Mətbuatda isə rəssamın, qulağının yalnız alt hissəsini kəsdiyi haqda məlumatlar yayılmışdı.
Hələ də bəziləri qulağın bir hissəsinin, bəziləri də sadəcə qulaq məməsinin kəsildiyini iddia edirlər. İki yüz ilə yaxın davam edən bu mübahisə ilə bağlı Amsterdamda yerləşən Van Qoq Muzeyinin tədqiqatçılarından biri – Luis van Tilborqun da açıqlaması var.
İngilis yazıçı Bernadet Mörfi “Van Qoqun qulağı” adlı kitabını yazarkən apardığı araşdırmalar nəticəsində məşhur rəssamın sadəcə qulaq məməsinin (sırğalıq) qaldığı qənaətinə gəlib.
Belə ki, Mörfi 1934-cü ildə rəssamın bioqrafiyasını yazan amerikalı yazıçı İ. Stounun Van Qoqu müalicə edən doktor Feliks Reylə görüşdüyünü öyrənir və kəsik qulağa dair bütün detalların yazıldığı saralmış köhnə kağız parçasının illərdir Stounun arxivində olduğunu üzə çıxarır. İrvinq Stounun “Van Qoqun qulağındakı yara necə idi? Çəkə bilərsinizmi” sualına cavab olaraq doktor Rey bir resept kağızına o günün tarixini qeyd edib, kəsik qulağı göstərən rəsm çəkibmiş. Doktor Feliks Rey Stouna verdiyi kağıza bir də aşağıdakı sözləri yazıbmış: “Məndən istədiyiniz məlumatı həvəslə verirəm. Zavallı dostum Van Qoqun layiq olduğu şöhrəti dilə gətirməyiniz ümidi ilə”.
Araşdırmaçı Van Tilborq, Niderland kanalına verdiyi müsahibədə “Vinsentin nələr yaşadığını və beynindən nələr keçdiyini hələ də bilmirik. Bu qulaq o böyük dahinin yaşadıqlarının sadəcə bir hissəsidir” deyib.

Van Qoq həyatı…
Van Qoqun doğumu da yaşamı və ölümü kimi sirli və mistik epizodlarla doludur. 1852-ci il martın 30-da Niderlandın Qrot-Zündert şəhərciyində protestant keşişin oğlu Teodor Van Qoqun ailəsində ilk uşaq ölü doğulur. Körpəyə babasının adını verib (Vinsent) dəfn edirlər. Düz bir il sonra, 1853-cü il martın 30-da Anna Kornelia Karbet və Teodor van Qoqun ailəsində ikinci uşaq dünyaya gəlir. Özü də ölü doğulmuş Vinsentlə eyni tarixdə, hətta eyni saatda… Həm babasının, həm də dünyaya ölü gəlmiş böyük qardaşının xatirəsini yaşatmaq üçün ikinci uşağın da adını Vinsent qoyurlar. Beləliklə, Van Qoqun başdaşı hələ o, doğulmamışdan hazır olur. Sanki bu daş onun gələcək həyatının necə miskin olacağının xəbərçisi idi. Həmin başdaşı ilə Vinsentin melanxoliyasının, depressivliyinin təməli qoyulur. Ailəsiylə çox da isti münasibəti olmayan Vinsent atası və anası arasındakı hörmətə, sevgiyə həmişə dərin rəğbət bəsləyirdi. O deyirdi: “Digər mövzularda nə düşünsəm də, fərq etmir, atamla anamın evliliyi örnək götürülməli bir evlilik idi” .
Vinsent fiziki görünüş və xarakter baxımından daha çox anasına oxşayırdı, o, iradəsini, enerjisini və sarsılmaz gücünü anasından almışdı. Hər iki valideyni sarışın olsa da, Vinsent kürən idi; orta boyu, geniş çiyinləri onun güclü və möhkəm olduğu təəssüratını yaradırdı. Bunu anasının sözləri təsdiqləyir, Vincentdən başqa uşaqların heç biri fiziki baxımdan belə güclü deyildi.
Vinsentin atası keşişliklə yanaşı, sənət əsərlərinin satışı ilə məşğul olurdu, anası isə həvəskar rəssam idi, rəssamın incəsənətlə ilk tanışlığı da, məhz, belə başlamışdı.
Vinsentin doğumundan 4 il sonra onun həm maddi, həm də mənəvi güc mənbəyi olan tək insan – qardaşı Teo Van Qoq dünyaya gəlir. Vinsentin başqa bacı və qardaşları da vardı, lakin o, Teodan başqa heç kimi sevə bilmir, digər doğmalarına qarşı ömrü boyu soyuq olur. O, ailəsində yalnız Teoya dəyər verirdi, Teo onun dünyası olmuşdu.
Vinsent uşaqlıqda oyunlar oynamağı sevən, enerjili oğlan olsa da, məktəbə getdikdən sonra dəyişməyə başlayır, tamamilə depressiv, özünəqapalı və soyuq birinə çevrilir. Heç bir uşaqla oynamaz, hər zaman fikirli və dalğın olardı. Onunla təkcə Teo dil tapmağı bacarırdı, ömrünün sonuna qədər də Vinsentə hər cür yardım etmişdi. Vinsent qardaşını o qədər çox istəyirdi ki, hətta Teo evlənəndə bunu Vinsentə deməkdən çəkinmişdi. Bilirdi ki, qardaşı sarsılacaq. Ki, Teo yanılmır, həqiqətən də, sevimli qardaşının evlənməyi Vinsenti çox sarsıdır.
Ailəsi maddi problemlər yaşadığından 15 yaşı olanda Vinsent məktəbi atıb işləməyə məcbur qalır. Əmisinin “Kornelis” adlı incəsənət qalereyasında işləyəndə fransız, alman və ingilis dillərini ana dili kimi mükəmməl öyrənir.
1873-cü ilin iyun ayında isə Vinsent Qrupil qalereyasının London filialına göndərilir. Londonda yaşadığı müddətdə o, ingilis mədəniyyətinə aşiq olur, boş vaxtlarını oradakı qalereyaları gəzməklə keçirir, Çarlz Dikkenz və Corc Elliotun pərəstişkarına çevrilir.
Vinsentin Londondakı karyerası ev sahibəsinin qızına aşiq olması və ondan rədd cavabı alması ilə bitir. Rədd cavabı alan Vinsent çox sarsılır, Bibliyadan başqa bütün kitablarını tullayır. Qalereyaya gələn insanlara bu “dəyərsiz” əsərləri almamalarını deyir və… işdən qovulur.
Van Qoqun eşq həyatı çox kədərli olub. Dul qalmış əmisi qızı Keytə vurulmuşdu və ondan da rədd cavabı almışdı. Daha sonra Haaqaya köçmüş, orda əyyaş həyat qadını Klasina Maria Hoornikə aşiq olmuşdu.
Bir müddət rəssamla sevgi macərası yaşayan Klasina həm də ona modellik edirdi. Klasina əvvəlki həyat tərzinə qayıdanda bu, Van Qoqu tamamilə ruhdan salır. Üstəlik ailəsi onu, Klasinadan ayrılmayınca, Haaqanı tərk etməyincə pul göndərməməklə hədələyirdi.
1882-ci ilin sentyabrında Van Qoq Hollandiyanın Drent şəhərinə yollanır, altı həftə ərzində bölgəni gəzə-gəzə şəhərin mənzərəsini, insanlarını çəkir.
Vinsent həyatı boyu çox peşə dəyişdirmişdi, hətta bir müddət keşiş də işləmişdi. O, dindar ailədə böyüsə də, teologiyanı öyrənib keşiş olandan sonra din xadimlərinə qarşı münasibəti dəyişir və kilsədən uzaqlaşır. Keşişlikdən əvvəl isə Londonda, Parisdə və Hollandiyada komisyonçu işləyib.

O, yalnız 1880-ci illərdən sonra rəssamlığa olan marağının ötəri bir həvəs olmadığını dərk edir.
1880-ci ildə Van Qoq Brüsselə gəlir və orda “Travaux des champs” (Jan-Fransua Millet) və “Cours de dessin” (Şarl Bargue) kitablarından rəssamlıq sənətinin sirlərini öyrənməyə başlayır.
Yaradıcılığa yeni addım atdığı vaxtlarda Vinsent daha çox sosial mövzulu əsərlər çəkirdi. Bu əsərlərində o, aşağı təbəqənin problemlərini, onların məişət həyatının çətinliklərini realist janrda canlandırırdı. “Kəndli qadın” və “Kartofyeyənlər” bu qəbildən olan əsərlərdəndir.
Daha sonra o, Fransaya köçür. Həmin vaxt Fransa rəssamlığın inkişaf etdiyi ölkələrdən biri idi, müxtəlif rəssamlıq cərəyanları arasında mübarizə gedirdi və impressionizm, tədricən, qalib gəlirdi. Van Qoqun da impressionist rəssam olduğunu göz önünə gətirdiyimiz zaman nə qədər doğru seçim etdiyini görürük. O, Fransaya gələndən sonra impressionist tərzdə əsərlər çəkərək məşhurlaşmışdı. Van Qoqun tablolarının başlıca cəlbedici xüsusiyyəti ehtiraslılıq, parlaqlıq və emosionallıq idi. Vinsent Fransaya köçdükdən sonra özünü çox inkişaf etdirmişdi. O, rəssam yoldaşlarını tənqid edir, özünə olunan tənqidlərdən dərs çıxarırdı. Bəlkə də ən çox bu xüsusiyyəti onun bu qədər inkişaf etməsinə səbəb olmuşdu. Məhz buna görə, Van Qoq yaradıcılığının Fransa dövrü “Gerçəkliyin dramatik dərki” dövrü adlanır.
Rəssamın həmin dövrə aid rəsmləri arasında “Doktor Qaşenin portreti” xüsusilə seçilir.
Bütün həyatı və yaradıcılığı əzab-əziyyətlə keçən dahi rəssamı yaşamı boyunca hər kəs avara, işəyaramaz və dəli hesab edib. Bəzi mənbələrdə xüsusilə də anasının onu ələ saldığı və ruhən əzab verdiyi qeyd edilir. “Anası onun işlərinə lağ edib gülər, əsərlərini soyuducuya atardı. Ömrünün son və ən məhsuldar illərində belə ətrafındakı hər kəs, hətta anası belə gülərək ona işgəncə edərdilər”. Bu vəziyyət rəssamın ölümünə qədər davam edir. Yalnız bir neçə insan Vinsentin sağlığında onun nə qədər böyük və istedadlı olduğunun fərqinə varır. Lakin onların sayı çox az idi: qardaşı Teo, həkimi Pol Qaşet və dostu Pol Qoqen. Xüsusilə, xəstəxananın baş həkimi, həvəskar rəssam doktor Qaşe Teodan sonra onun sənətini sağ ikən yüksək qiymətləndirən nadir insanlardan biri olur, Van Qoqun əsərlərinin ən böyük izləyicisinə çevrilir.

Əsərləri
Vinsent Van Qoq 2100-dən çox tablonun müəllifidir. Onlardan 860-ı yağlı, 1300-dən çoxu isə sulu boya ilə çəkilib. Rəsm əsərlərinin çoxu dünyanın ən bahalı tabloları arasında yer alır. “İrises”(“Süsənlər”) tablosu 53,9 milyon dollara, “Doktor Pol Qaşe” isə 82,5 milyon dollar məbləğində rekord qiymətə satılıb. Van Qoq “Ulduzlu Gecə” əsərini 1889-cu ildə Sen-Remidə (Fransa) sığınacaqda olarkən, ölümündən 1 il əvvəl çəkmişdi. “Bu səhər gündoğumundan öncə uzun müddət pəncərəmdən kəndə baxdım. Səmada yalnız böyük, parlaq dan ulduzu vardı, başqa heç nə…” – rəssam tablonun necə ərsəyə gəldiyini qardaşı Teoya yazdığı məktubda bu cür təsvir etmişdi.
Hafizə, duyğu, müşahidə və təxəyyülün harmoniyasından yaranmış əsərdə çox təsirli və cazibəli gecə səması, əsas planda həyat və ölüm arasındakı körpünü təmsil etdiyi düşünülən, böyük alova bənzər bir sərv ağacı və yatmış kənd kətan üzərində yağlı boya ilə mükəmməl şəkildə təsvir olunub. Bu tablo hal-hazırda Nyu-Yorkda Modern İncəsənət muzeyində sərgilənir.
Yağlı boya ilə kətan üzərində təsvir olunmuş sapsarı günəbaxanlar (“Günəbaxanlar” silsiləsi) hazırda London, Amsterdam, Tokyo, Münhen və Filadelfiya muzeylərində sərgilənir.

1889-cu ildə, Fransanın Sen-Remi şəhərindəki sığınacaqda yaşayanda Van Qoq sığınacağın bağçasındakı bitkilərdən, çiçəklərdən ilhamlanaraq “Süsənlər” tablosunu çəkməyə başlayır. Tənqidçilər bu əsəri yüksək qiymətləndirir, yapon taxta naxışlarından təsirlənərək çəkildiyini yazırlar (Van Qoq bir müddət yapon incəsənətilə də maraqlanıb).

Tablonun ilk sahibi və Van Qoqun ilk dəstəkçilərindən biri olan fransız tənqidçi Oktav Mirbeau demişdi: “O, çiçəklərin möhtəşəm təbiətini necə də mükəmməl anlayıb!”

Rəssam “doktor Qaşe” əsərini 1890-cı ildə – ölümündən 2 ay əvvəl çəkib. Əsər hal-hazırda Frankfurt-Mayn muzeyində saxlanılır. 82.5 milyon dollara satılmış “Doktor Qaşenin portreti” əsərinin qəhrəmanı ömrünün son aylarında rəssamın qayğısına qalan həkim həkim Pol Qaşedir (Paul Gachet). Rəsmdə həkimin ümidsiz və yorğun gözlərlə bizə baxan obrazını görürük. Bəlkə də Qaşe ümidsizcəsinə xəstəsi Vinsentə baxırdı, onun ümidsizliyi bir növ onu Vinsentə bağlayırdı. Son aylarını 62 yaşlı psixiatrla keçirən Van Qoq bu portreti onunla ruhən bənzər olduqlarını düşündüyünə görə çəkmişdi.
10 il ərzində Van Qoq 43-dən çox tablo və rəsmdə öz portretini də çəkmişdi. O, bacısına yazdığı məktubda bu haqda deyirdi: “Bir fotoqrafın çəkə biləcəyindən daha dərin bir bənzərlik axtarıram”.
“İnsanlar deyir, mən də buna inanmaq arzusundayam ki, özünü tanımaq çox çətindir. Ama özünü çəkə bilmək də heç asan deyil. Rembrandt tərəfindən çəkilən portretlər təbiət mənzərəsindən daha artıq bir şey idi. Daha çox vəhy (və ya kəşf) kimi.” (Qardaşı Teoya yazdığı məktubundan)
Vinsentin avtoportretləri Vaşinqton, Paris, Nyu-York və Amstredam olmaqla, dünyanın bir çox muzeylərində sərgilənir.
Van Qoq dünyanın ən məhsuldar rəssamlarından biri olsa da, yaşamı boyunca ancaq bir əsərini sata bilmişdi. Yəqin, elə buna görə, “Arlın qırmızı üzümlükləri” adlı tablonun satışı Vinset üçün böyük hadisəyə çevrilmişdi. Aldığı pulla Paris yaxınlığındakı psixiatrik xəstəxanaya yatan Vinsent iki ay ərzində 80-dən artıq rəsm çəkmişdi. Ömrü boyu qardaşına möhtac yaşayan və həmişə korluq çəkən Van Qoqun bütün əsərləri indi bir sərvət dəyərindədir. Ədalətsiz dünya…

Van Qoqun ölüm yatağında dediyi son cümləsi
“Kədər əbədi olaraq davam edəcək…”

Vinsentin ölümü də başdan ayağa müəmmadır. İntihardır, yoxsa intihar adı verilmiş cinayətdir, hələ də bilinmir. Araşdırmaçıların əsas versiyasına görə, həyatının son illərində gərgin iş rejimi, hədsiz maddi problemlər rəssamın tez-tez stress keçirməsinə, depressiyaya düşməsinə gətirib çıxarır. Son illərini Arl, Sen-Remi və Auvers-sur-Oise kimi şəhərlərin ruhi xəstəxanalarında keçirən rəssam 1890-cı il 29 iyulda 37 yaşında Auversdə intihar edir. Ölüm ayağında qardaşı Teo onun yanında olur və ondan bu sözləri eşidir: “La tristesse durera toujours”.
Van Qoqun ölümü ilə bağlı bir başqa versiya da onun özünü tüfənglə qətlə yetirməsidir. Həmin versiyaya görə, rəssam ruhi xəstəxanada müalicə olunarkən yaxınlıqdakı taxıl zəmilərini kətan üzərinə köçürmək qərarına gəlib. Etüd qovluğunu, boyasını, fırçasını da götürüb taxıl zəmilərinin olduğu sahəyə yollanıb. Orda gəzərkən təsadüfən güllə ilə doldurulmuş tüfəng tapıb. Sonra əsəbini cilovlaya bilməyib və özünü vurub. Düzdür, Van Qoq bir neçə gün sağ qalıb, amma onu həyata qaytarmaq mümkün olmayıb.
1890-cı ildə rəssamın intihar cəhdi nəticəsində qanaxmadan öldüyü rəsmi olaraq təsdiqlənib. O, sinəsinə atəş açıb. Bununla belə, sağ qalaraq öz ayağı ilə xəstəxanaya gəlsə də, hadisədən 29 saat sonra vəfat edib.
2011-ci ildə amerikalı sənətşünaslar Stiven Nayf və Qreqori Uayt Smit hadisə ilə bağlı başqa bir versiya irəli sürüblər. Onların versiyasına görə, bu vaxta qədər bilinənin əksinə olaraq, Van Qoq, çox güman ki, fransalı iki yeniyetmə – Rene Sekretan və Qaston tərəfindən qətlə yetirilib. Tədqiqatçıların dediyinə görə, hadisədən bir neçə gün əvvəl rəssam çoxlu boya sifariş edibmiş və heç də intihar haqqında düşünmürmüş.
Tarixçi Con Reval hadisələrin bu versiyasını 1930-cu illərdə Auversə səfər edərkən qələmə alıb və aşkar olunan digər təfərrüatlar da bu nəzəriyyənin doğruluğuna dəlalət edir. Reval qeyd edib ki, Van Qoqu vuran iki qardaş onun ruhi pozuntularından xəbərdar idilər, rəssamı daima ələ salır, onu əsəbləşdirmək üçün boya qutusuna ilan qoyur, qəhvəsinə duz atır, işləyərkən ağzında tutduğu fırçalara acı istiot vurur, hər fürsətdə onu qıcıqlandırırlarmış. Onsuz da rəssamdan zəhlələri gedən gənclər necəsə ona atəş açıblar.

Tarixçi deyir ki, oğlanların əlində açılan tapança defektli imiş və güllə təsadüfən açılıb. Van Qoq isə günahı öz üzərinə götürüb və olaya intihar adı verib. Oğlanlar qaçıb, o özü isə sürünərək xəstəxanaya gedib.
Ölümündən sonra Van Qoqun cibindən tapılan yazılı kağızın intihar məktubu yox, qardaşı Teoya ünvanladığı məktubun qaralaması olduğu bildirilir. Orada gələcək üçün planlar yazıldığını deyən bioqraflar, həmçinin rəssamın tapançasının olmadığını, günlük ehtiyaclarını ödəmək üçün belə qardaşı Teodan yardım alan, maddi baxımdan ondan asılı olan Van Qoqun silah ala bilməsinin imkansızlığını və ümumiyyətlə, hər hansı silahın tapılması barədə heç bir xəbər verilmədiyini də qeyd edirlər.
Amerikanın məşhur kriminalist ekspertlərindən olan Di Mayo da sənətşünaslara kömək etmək və rəssamın ölümü ilə bağlı tədqiqat aparmaq qərarına gəlib. Məhkəmə ekspertizası və patoloji anatomiya üzrə mütəxəssis Di Mayo dahi rəssamın ölümünün intihar yox, qətl olduğu fərziyyəsini dəstəkləyən sübutlar təqdim edib.
İnsanın özünün bədənin bu nahiyəsinə atəş açmasının mümkünsüz olduğunu, atəş açandan sonra rəssamın əlində mütləq barıt ləkəsinin qalmalı olduğunu deyən ekspert, belə ləkəyə rast gəlinmədiyini söyləyib.
Onun ölümündən sonra məşhur fransız rəssamı Kamil Pissarro oğluna yazırdı: “Mən əvvəldən bilirdim ki, Van Qoq ya dəli olacaq, ya da hamımızı xeyli qabaqlayacaq… Lakin hər ikisini edəcəyi ağlıma da gəlməzdi”.
Vinsent van-Qoqun ölümünə bir il qalmış (1889-1890) Teoya yazdığı son məktublar (O, 1873-1890-cı illərdə Teoya 600-dən çox məktub yazıb):

“Əziz qardaşım, gəl unutmayaq ki, kiçik və həyəcanlı şeylər, əslində, həyatımızın əsas idarəçiləridir. Heç fərqinə belə varmadan hər zaman onları dinləyirik. Bu günədək etdiyim və bundan sonra edəcəyim səhvlərə görə özümü toplamağım mənə çox çətin gəlsə də, unutmaq lazım deyil ki, nə qarşılaşdığımız çətinliklər, nə depressiyalar, nə də ağıl və yaxşı niyyət bizim bələdçilərimiz deyil. Qoruyucularımız heç deyil.
Sən də bilməlisən ki, ağır məsuliyyətləri gözə almaq lazımdırsa, ən yaxşısı, bir-birimizlə çox da məşğul olmamalıyıq. Çünki gənc yaşlarımızda sənətkar həyatı haqqında öyrəndiyimiz şeylərdən çox uzaq yaşamağımız bizi bir tale yolunda birləşdirir və istənilən halda qardaşlıq bağlarımızı daha da sağlamlaşdırır. Şəraitlərimiz də bir-birinə çox oxşardır. Burda da Parisdə olduğu kimi yeməklərin içindən həşəratlar çıxır. Yəqin, sən də orda eyni şeyləri fikirləşirsən. Bu, o qədər də önəmli deyil, amma yenə də olsa, adama bir az inam qazandırır.
Ona görə də deyirəm ki, ata olmağını bizim köhnə həyatımızın bir insanı kimi qarşıla. Bil ki, böyük şəhərlərin parıltısı, gurultusu, çən-dumanı, depressiyası içində olsaq belə, keçmiş günlərə hər zaman sevgi ilə bağlıyıq.
Demək istəyirəm ki, özünü mühacir, yad, kasıb bir adam bil. Ata olmağını da elə qəbul et. Kasıb adamın baxışları ilə vətənin həqiqi varlığına söykən. Həqiqi kimliyini hiss edə bilmirsənsə, həmin hiss içində hər gün bir az da zəifləyirsə, xatirələrinə söykən. Axır-əvvəl alın yazımız gerçəkləşəcək. Amma bu gün mənə ən çox başqa şey qəribə gəlir: Parisdə səninlə avara-avara gəzdiyimiz günlərin sevincini, qayğısızlığını unudub bugünkü sıxıntılarımızı ciddiyə alsaq, bu, bir az ikiüzlülük olar.

Bəli, burda arabir yeməkdən həşərat çıxsa da, sənin həyatını bölüşdüyün bir qadının, uşağın olmasına elə sevinirəm ki…
Həmişə ağlımıza gələnə inanmaq məsələsində Volterin bizi tamamilə sərbəst qoymaması xeyirlidir”

(Tarixsiz)
“Dünən baş nəzarətçinin portretinə başladım. Bəlkə, arvadının da portretini çəkərəm. Xəstəxanadan bir neçə addım aralıda bir həyət evində yaşayırlar.
Üzü çox qəribədir. Yəqin, Leqrosun yaşlı ispan əsilzadəsi portretini xatırlayırsan. Onun çox yaxşı üz quruluşu var. Adam ona çox bənzəyir. Vəba epidemiyaları vaxtı Marsel xəstəxanasında olub. İnsanların əzab içində ölmələrinə şahidlik edib. Ona görə üzündən özünəqapalı bir ifadə oxunur. İstər-istəməz adamın ağlına Qizonun fiquru gəlir. Çünki bir az fərq olsa da, ümumilikdə, ikisinin də üzündə eyni hava var.
Ancaq bu adam xalqın içindən biridir, daha sadə insandır. Nə isə, əgər bunu bacara bilsəm, Qizonun yenisini də hazırlayaram.
Axır ki, “Oraqçı”nı da bitirdim. Bu rəsm sənin evindən asmaq istəyəcəyin bir rəsm olub, məncə. Deyəsən, bu, ölümün bir simvoludur, böyük təbiət kitabında ölüm necə təsvir olunubsa, elə. Ancaq mən onun haradasa bir az gülərüzlü olmağını istədim. Rəsm başdan aşağı sarıdır. Yalnız bir sıra bənövşəyi təpələr var. Tamamilə sarı və ya sarımtıldır. Qəribədir, bilirəm. Belə görmüş olmağım qəribədir. Bunun üçün bir xəstəxana hücrəsinin dəmir barmaqlıqları arasından baxmaq lazımdır…
Qırx ildə ilk dəfə içimdə bir ümid doğub. Bilirsən, nə istəyirəm? Mənim üçün təbiət nə ifadə edirsə, sənin üçün də ailənin eyni şeyi ifadə etməsini istəyirəm.
Yəni mən, torpağı, çəməni, sarı buğda zəmilərini, kəndlini necə sevirəmsə, sənin də lazım olduğu zaman həm insanlara inanmağa, işləməyə, təsəlli tapmağa, həm də özün-özünü tamamilə yenidən yaratmağa elə bir güc əldə etməyini istəyirəm.”

(Tarixsiz)
“Fikir ver, indiki dövrdə öz əsərləri ilə ortalığa çıxmayıb, başqalarının işlərini yenidən işləyən və yayan adamlar var. Kitab tərcümə edənlər, yaxud qravür hazırlayanlar kimi, məsələn, Vernet kimi, Lerat kimi və s. Onu demək istəyirəm ki, mən sürət çıxarmaqdan çəkinmirəm.
İtaliyaya gedib Cotto di Bondonenin əsərlərinin sürətini çıxarmağı çox istəyərdim. Digər primitiv rəssamlar arasında o, çox başqadır. Primitiv olmasa, Ejen Delakrua kimi modern bir rəssam sayılardı. Primitiv rəssamların əsərlərini çox görməmişəm, amma Cotto aralarında ən yaxşısıdır.
Onore Domenin “İçki düşkünləri” və Reqaminin “Zindan” qravürləri əsasında yağlı boya rəsmləri çəkmək istəyirəm.
Hələlik Millenin əsərləri üzərində işləyirəm. Yəni işləməyə hələlik xeyli mövzum var. Yarı məhbus olsam da, uzun müddət işləməyə mövzu tapa bilərəm.
İmpressionistlərin rəng sahəsində açdıqları cığır daha da inkişaf edəcək, amma bunun keçmişlə bir bağlantısı var. Bu, bir çoxlarının gözündən qaçır. Mən çalışacağam ki, impressionistlərlə digər rəssamlar arasında kəskin bir fərq olmadığını göstərim.
İndiki yüzillikdə Delakrua, Jan Lui Ernest Mesone kimi rəssamların olmasını böyük xoşbəxtlik hesab edirəm.
Jan Lui Ernest Mesoneni bəzi rəssamlar qədər sevməsək də, “Oxuyanlar”, “Dayanacaq” və bir neçə başqa əsərlərinə deyiləcək heç nə yoxdur. Bunlar yaxşı əsərlərdir. Əlavə söz ola bilməz. Ona görə də onun hərbi mövzuda işlədiyi əsərlərini, tarla rəsmləri qədər sevmirik deyə, bir kənara qoya bilmərik.

12 fevral 1890
Albert Orenin yazısı özümü boşluğa buraxıb reallıqlardan daha da uzaqlaşmaq və Adolf Montiçellinin bəzi rəsmlərində olduğu kimi rənglərlə bir növ musiqi yaratmağa girişməyim üçün mənə kömək, dəstək ola bilərdi. Ancaq reallıq mənim gözümdə elə dəyərli, reallığı əks etdirmək mənim üçün elə çəkicidir ki, rənglərlə musiqiçi olmaq yerinə pinəçi olmaq mənə daha yaxşı fikir kimi gəlir.
Həm də nə olur-olsun, realist olmaq məni hələ də ürküdən xəstəliyə qarşı mübarizə aparmaqda bir növ silah rolunu oynaya bilər.”

May 1890
“Parkdakı təzə çəmənliyin iki rəsmini çəkdim. Biri çox sadədir. Təxminən, tələsik çəkilmiş bir eskiz…
Bənövşəyi, çəhrayı bir şam ağacı gövdəsi, sonra da ağ çiçəklərlə, yabanı çobanyastığı çiçəkləri ilə bəzədilmiş bir çəmənlik… Lap dibdə, tablonun ən üstündə xırda bir gül fidanı və daha bir neçə ağac gövdəsi var. Mən də nə vaxtsa orada olacağam. Əminəm ki, işləmə həvəsi məni tamamilə ağuşuna alacaq və başqa hər şeyə qarşı tamamilə hissiyyatsız qalıb, eyni zamanda daxili xoşbəxtliyimi yaşayacağam.
O zaman da özümü tamamilə boşluğa buraxacağam. Amma, təbii ki, fikirləşmədən deyil, ola bilmə ehtimalı olduğu halda olmayan şeylər üstündə çox dayanıb şikayətlənmədən… Deyirlər ki, rəsmdən nəsə axtarmamalı, gözləməməli, mükəmməl əsər, xoş söhbət, dadlı yemək və daha çox xoşbəxtlik istəməməliyik. Təbii ki, bir az parlaq olan şeyləri də buraya qatırıq. Bəlkə də, dedikləri doğrudur. Hətta xəstəliyi də bu yolla aldadıb başını qata bilərik.”

29 iyul (son məktubu)

“Əziz qardaşım,
Gözəl məktub və içindən çıxan 50 franka görə çox təşəkkür edirəm. Madam, hər şey yaxşıdır, elə ən vacibi də odur və daha lazımsız mövzuların üstündə dayanmağa dəyməz. Baş-başa oturub iş danışmağa gəldikdə isə, yəqin ki, o gün hələ çox uzaqdır. Ümid edirəm ki, həmkarın olan bəylər sənə yaxşı münasibət göstərirlər.
Evindəki rahatlıqla bağlı məni inandırmağa ehtiyac yoxdur. Mənfi tərəflərini gördüyüm kimi, müsbət tərəflərini də görə bildiyimi düşünürəm. O ki qaldı binanın dördüncü mərtəbəsində uşaq böyütməyinə, Co (Coanna) qədər sənin üçün də əziyyət olduğunu bilirəm, mən də eyni fikirdəyəm. Ən önəmli məsələdə hər şey yolundadırsa, mən niyə lazımsız məsələlər üçün israrçı olmalıyam? Daha sakit beyinlə danışmaq fürsəti üçün, deyəsən, çox zaman keçməlidir. Bu an deyə biləcəyim tək şey budur. Ki, mən bunun bəlli bir dəhşət hissi ilə fərqinə vardım və bunu gizlətmədim. Ancaq deyə biləcəyim tək şey budur.
Digər rəssamlar nə düşünürlərsə, düşünsünlər. Onlar instinktlərinə uyaraq günlük alış-verişdən uzaq qalırlar. Düzü, rəsmlərimizi müzakirə etməkdən başqa əlacımız da yoxdur.
İndiyə kimi dəfələrlə təkrarladığım bir sözü bir daha deyirəm. Sən sadəcə satıcı deyilsən, sən mənim vasitəmlə bir çox rəsm əsərlərinin yaradılmasında bilavasitə iştirak etmisən və bu rəsmlər xaosun içində belə öz hüzurlarını qoruyacaqlar.
Nəhayət, gəlib bura çatdıq. Bu dəqiqə içində olduğum nisbi depressiya anında sənə deyə biləcəyim söz də məhz budur. Bəli, hal-hazırda ölmüş sənətçilərlə yaşayan sənətçilərin rəsmlərini satan satıcılar arasında vəziyyət çox gərgindir.
Mənim işləməyim həyatımı təhlükəyə atır. Üstəlik, bu işdə beynimin yarısını əritmişəm. Yaxşı ki, sən, mənim bildiyim qədərilə, insan satıcıları arasında deyilsən və məncə, həqiqətən, humanist davranaraq tərəf tuta bilərsən, amma nə faydası?”

Məqaləmin əvvəlində (hətta hər yerində) də qeyd etdiyim kimi, çox müəmmalı və mistik taleyi olan Vinsentin qardaşı Teonu da bu mistika təqib edib. Vinsentin ölümündən sonra Teo ruhi sarsıntı keçirib. Qardaşlar bir-birinə o qədər bağlı idilər ki, Teo bu itkiyə tab gətirə bilmirdi. Sifilis xəstəsi olan Teonun xəstəliyi Vinsentin ölümü ilə daha da ağırlaşır. Əsəb pozğunluğu keçirən Teodor öncə işini itirir, sonra isə ruhi-əsəb dispanserinə yatırılır. Həyat yoldaşı onu Hollandiyaya aparır.
Vinsentin ölümündən sonra Teonun anasına yazdığı məktub: “İnsan nə qədər kədərləndiyini yaza bilməz, ya da təsəlli tapa bilməz. Bu kədər yaşadığım müddətcə davam edəcək və bu müddətdə onu heç vaxt unutmayacağam. Həyat, yaşamaq onun üçün çox ağır bir yük kimi idi; amma indi, həmişə olduğu kimi (öləndən sonra hamı haqda müsbət sözlər deyilir deyə), hamı istedadlarına görə təriflər edir … Oh Ana! o mənim öz, doğma qardaşım idi!”
Vinsentin ölümündən 6 ay sonra Teodor van Qoq da 33 yaşında iflicdən dünyasını dəyişir. Həyatları boyunca bir-birindən ayrılmayan qardaşlar, ancaq 23 ildən sonra “qovuşa” bilirlər. Hər ikisinin nəşini dəfn olunduqları yerdən çıxarıb yanaşı basdırırlar.

Van Qoqun irsi
Teonun həyat yoldaşı Coanna Vinsentin ölümündən sonra bacardığı qədər bütün tablolarını toplamağa çalışıb. Ancaq axtarışlar zamanı fərqinə varır ki, onun işlərinin çoxusu itib, anası tərəfindən atılıb.
1901-ci il martın 17-də Van Qoqun 71 tablosu Parisdə sərgilənir, bu sərgi ilə onun şöhrəti inanılmaz dərəcədə artır. Anası, Vinsentin incəsənət dahisi kimi məşhurlaşdığını görəcək qədər uzun yaşayır. Bu gün Vinsent van Qoq bəşər tarixinin ən möhtəşəm rəssamlarından biri hesab olunur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 023
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri