Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi (1369-cu
il, Şamaxı - 1417-ci il, Hələb) — Azərbaycan şairi, mütəfəkkir.
"İmaməddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış,
dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı
öyrənmişdir.
Nəsiminin
həyatı haqqında geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun
adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər
olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada, Təbrizdə,Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər.
Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şerlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur. İslamdan sonrakı
dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada
çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şer və musiqi məclisləri
fəaliyyət göstərirdi, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi.
Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqani Şirvaninin əmisi - alim və həkimKafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.
Nəsimi dövrünün görkəmli ariflərindən müvafiq elmlərdən təhsil aldıqdan sonra hürufiFəzlullah Nəiminin xidmətinə
girmiş, onun tərbiyə və təlimlərindən bəhrələnmişdir. Səfərlərinin
hamısında özünün şeyx mürşidi Nəimi ilə yol yoldaşı olmuş və onun qızı
ilə evlənmişdir.[2]
Şairin
əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı
universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala
bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslamın və xristianlığın əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki,Azərbaycan, fars və ərəb dillərində eyni
dərəcədə gözəl şerlər yaza bilirdi. Onun azərbaycanca şerlərinin dili
həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeri nümunələri olan bayatılara çox yaxındır.
Nəsiminin
poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim
və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini, Nizamini, Fələkini,Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərmək olar.
Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsiminin edamı haqqında İbn əl-İmad Hənbəli yazır:
"O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı,
bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi,
boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi".
Nəsimi öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş
əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o
zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına
gəldikdə, Nəiminin əsərlərində o artıq işlənib hazırlanmışdı.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna Nəsiminin adı verilmişdir.
Yaradıcılığı
Nəsimi
dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə
edir. Bəzən şair şerlərini yalnız xitab və ifadəli təkrarlar üzərində
qurur. Məsələn:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam.
Gövhər-i lâ-məkan mənəm, kövn ü məkana sığmazam.
Filosof-şairin
poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları
arasında populyarlıq qazanır. Həllac Mənsurla birlikdə onun adı öz
əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun
əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan
şairlər onu təqlid edirlər. Nəsiminin şerlərini xalq arasında avazla
oxumaq və onun hürufi ideyalarını təbliğ etmək üstündə bir çoxları
əzablara qatlaşır, hətta canlarından da keçirlər.
Yaradıcılığının
ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır
və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirir. Bu mərhələdə
şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə
yazır. Lakin X əsrin sufi İran filosof-şairi Hüseyn Həllac Mənsurun təlimi
Nəsiminin ruhuna daha yaxın idi. İlk dəfə məhz o demişdi ki, "Mən
allaham!" Bu cür küfr sayılan fikirlərinə görə Həllac Mənsur daim
təqiblərə məruz qalmış və nəhayət, öz ömrünü dar ağacında başa vurmuşdu.
Əqidəsi uğrunda bu cür fədakarlıq göstərməyə hazır olan Nəsimi də
Mənsura heyran kəsilmiş və öz əsərlərində onu tərənnüm etmişdi.
Maraqlıdır ki, şair hürufi təlimini qəbul etdikdən sonra da Həllaca
vurğunluğundan qalmamışdı. Bu sözləri müəyyən mənada Nəsiminin uzun
müddət sadiq qaldığı sufi fəlsəfəsi haqda da söyləmək olar. Bununla
əlaqədar olaraq, Zümrüd Quluzadə yazır:
"Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu
yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-allah dayanır.
İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona
qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah
sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız
bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər." Daha sonra oxuyuruq:
"Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz
olunur. Bu, hər şeydən öncə şairin panteist görüşlərindəki dəyişiklikdə
əks olunur. Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, hərf,
ağıl dayanmağa başlayır. Bu zamandan etibarən Nəsimi fəlsəfədə Nəiminin
yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir.
Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı
təlimin eynilə təkrarı deyil."
Qeyd
etmək lazımdır ki, Nəsiminin divanı Azərbaycanda 1972-ci ildə Həmid
Məhəmmədzadə tərəfindən çap olunmuş və İranda da bir dəfə "Gecə
qaranlığında Simurq" adıyla Seyid Əli Salehinin təşəbbüsü, 1968-ci ildə
Hüseyn Ahi, 1980-ci ildə Foruği nəşriyyatı vasitəsi və 1972-ci ildə isə
Nəşri Nei tərəfindən Cəlal Pendərinin səyi ilə çap edilmişdir.