Bəxtiyar
Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur.
Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçmüşlər (1934). Burada orta
məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil
almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951).
Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap
etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi
məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk
kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib
çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və
poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi
planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı",
"Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də
fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı"
mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan
Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının
professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000)
seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ
Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin
Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının
üzvü idi (1991).
Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı
kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə
çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali
Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat
seçilmişdir. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur.
Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan"
poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə
gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan
xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə
qoşulmuşdur.
Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri
qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən
çıxarılmadığını bildirir: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu,
ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün
elmi məzuniyyətə göndərdilər).
Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz
qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə
etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da
başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir.
Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet
ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist
kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən
artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir
kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o
cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar,
keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.